M.Qusman: "Xalqın referendumda bildirdiyi fikir demokratiyanın ən yüksək təzahürüdür"

 

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi Azərbaycanda geniş müzakirə edilir.

Rusiyanın tanınmış jurnalisti, beynəlxalq icmalçı, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu məsələ barədə fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşərək demişdir:

- Hesab edirəm ki, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında qanunvericilik təşəbbüslərinin geniş müzakirə edilməsi faktının özü müsbət hadisədir. Bu, ilk növbədə Azərbaycanda gedən demokratik inkişafı, sivil dünyaya xas olan demokratiya səviyyəsini təsdiq edir - ölkənin ali qanunlarına düzəlişlər edilməsi təşəbbüsləri bağlı qapılar arxasında deyil, cəmiyyətlə birlikdə müzakirə olunur.

Konstitusiyada eyni bir şəxsin dalbadal iki müddətdən artıq ölkə prezidenti vəzifəsinə seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan dəyişiklik edilməsi zərurəti haqqında məsələnin müzakirəsinə gəldikdə isə bu işin ölkədə prezident seçkilərindən dərhal sonra başlanması çox vacibdir. Əvvələn, bu seçkilər xalqın Azərbaycan Prezidenti İlham Əliyevə etimadının ən yüksək səviyyədə olduğunu göstərmiş, Azərbaycan cəmiyyətinin sıx birliyini nümayiş etdirmişdir. Azərbaycan cəmiyyətinin ölkədə sabitliyi qoruyub saxlamaq istəyini, onun bu məsələdə maraqlı olmasını başa düşmək çətin deyil. Axı, hamımız şahidik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan çox kəskin sarsıntılarla, mürəkkəb problemlərlə, o cümlədən hələ də həll edilməmiş Qarabağ münaqişəsi ilə üzləşmişdir. Azərbaycan müstəqilliyini bərpa edəndən az sonra dövlətçiliyin özü təhlükə altında idi və əgər ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bəlkə də Azərbaycan dövləti bugünkü şəkildə mövcud olmazdı. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini inamla davam etdirərək, Azərbaycanı lider dövlətə çevirdi.

Yaxşı deyiblər ki, demokratiya idarəetmənin iyrənc formasıdır, lakin bəşəriyyət hələ bundan yaxşı şey fikirləşib tapa bilməmişdir. Hakimiyyət müddətinin məhdudlaşdırılması heç də demokratiyanın əsas prinsipi deyil. Demokratiyanın başlıca prinsipi ondan ibarətdir ki, iqtidar qanunlara dürüst riayət etsin, ölkənin liderləri öz xalqının səsini eşitsin və onunla hesablaşsın. Buna görə də liderin hakimiyyətdə nə qədər - iki, yoxsa dörd müddət olması vacib deyil. Əsas odur ki, iqtidarla cəmiyyət daim canlı dialoqda olsun. Məncə, Prezident İlham Əliyev iqtidar ilə cəmiyyət arasında dialoqu çox inamla və açıq aparır. Bu, təkcə onun tez-tez regionlara baş çəkməsində, insanlarla görüşməsində deyil, həm də onda təzahür edir ki, o öz qərarlarında, fərmanlarında cəmiyyətin tələblərinə cavab verir.

Zənnimcə, əgər Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edilsə, bu, xalqın öz Prezidentinə etimadının daha bir inandırıcı sübutu olacaqdır. Demokratiyanın ən ali daşıyıcısı xalq özü, onun fikri, onun mövqeyidir. Xalqın referendumda bildirdiyi fikir isə demokratiyanın ən yüksək təzahürüdür. Yeri gəlmişkən, eyni şəxsin prezident vəzifəsinə dalbadal iki müddətdən artıq seçilməsinə məhdudiyyətin ləğv edilməsi heç də seçkilərin ləğv olunması demək deyildir. Məhdudiyyətin götürülməsi, bəzilərinin təqdim etməyə çalışdıqları kimi, o demək deyildir ki, bu halda indiki Prezident dərhal ölkəyə ömürlük rəhbərlik etmək mandatı alacaqdır. Xeyr, xalq hər dəfə seçkilərdə öz sözünü deyəcəkdir. Zənnimcə, İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə sübut etmişdir ki, o, demokratik əqidəli insan, demokratiya prinsiplərinə hörmət edən Prezidentdir.

- Bu yaxınlarda Rusiya Konstitusiyasına prezidentlik müddətinin və Dövlət Dumasının səlahiyyət müddətinin artırılması haqqında dəyişikliklər qəbul edilmişdir. Bu məsələdə Azərbaycan ilə analogiya aparmaq olarmı?

- Mən burada analogiya aparmazdım, çünki hər bir ölkə öz dövlətinin inkişafı ilə, onun siyasi və iqtisadi həyatında, dünyada vəziyyətlə şərtlənən siyasi qaydalar üzrə yaşayır. Rusiyada prezidentin səlahiyyət müddətinin artırılması haqqında müzakirələr bir neçə ildir ki, davam edir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Konstitusiyaya dəyişikliklər olunmasını Dmitri Medvedev Prezident kimi Federal Məclisə özünün ilk məktubunda təklif etmişdir. Bu düzəliş indiki Prezidentə aid deyildir. Növbəti seçkilərdə nə olacağını bilmirik. Məsələn, Fransada prezidentlik müddətini azaldaraq 7 ildən 5 ilə endirmiş, başqa bir ölkədə isə bu müddəti artırmışlar. Bütün varlığı ilə Azərbaycana sadiq bir insan kimi, hesab edirəm ki, yaxın illərdə Azərbaycanın ən çox sabitliyə ehtiyacı olacaqdır. Sabitlik isə, bir qayda olaraq, hakimiyyətin sabitliyi ilə bağlıdır. Bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Azərbaycanın geosiyasi mövqeyi, dünyanı bürümüş maliyyə böhranı ilə əlaqədar ona sabitlik çox lazımdır. Düzdür, Azərbaycanda sənaye, kənd təsərrüfatı və başqa sahələr uğurla inkişaf edir. Lakin sirr deyil ki, ölkənin iqtisadiyyatının əsas tərkib hissəsi neft sahəsidir. Bu gün neftlə bağlı vəziyyət mürəkkəbdir, neftin qiyməti düşür, bir-iki ildən sonra vəziyyətin necə olacağını heç kəs bilmir. Bu şəraitdə ölkənin yeniləşmə, islahatlar, yeni nailiyyətlər qazanmağa yönəlmiş xəttinin davam etdirilməsi çox vacibdir.

 

Söhbəti yazdı:

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

 

Azərbaycan.-2008.-28 dekabr.-S.3.