Yasamal rayonunda görülən işlər sosial-iqtisadi dirçəlişin əyani ifadəsidir

 

Müstəqil Azərbaycan daha bir ili sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində uğurlu nəticələrlə yola salmağa hazırlaşır. Ölkənin siyasi təqviminin adı böyük hərflərlə yazılmağa layiq hadisələrlə zəngin olması göz qabağındadır. 2008-ci il ölkə tarixində prezident seçkiləri ili kimi yadda qalacaq. Bu il həm də ölkə iqtisadiyyatının yüksək dinamik inkişaf tempinin davamlı xarakter alması ilə xarakterizə olunur. Son beş ildə iqtisadiyyatın bütün sahələrində qazanılan yüksək nailiyyətlər dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqına ləyaqətlə xidmət etməsini bir daha sübut edir. Statistik rəqəmlər də bunu təsdiqləyir. 2003-2008-ci illərdə ölkədə ümumdaxili məhsul istehsalı 2,7 dəfə artmışdır. Adambaşına düşən ümumdaxili məhsulun həcmi 5800 dollara çatmışdır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstərici hesab olunur. 2003-cü ildə dövlət büdcəsinin xərcləri bir milyard 200 milyon dollar idisə, 2008-ci ildə Azərbaycanın icmal büdcəsi 15 milyard dollardan çox olmuşdur. Ölkə başçısının son illər imzaladığı sərəncamlar, kompleks inkişafa xidmət edən dövlət proqramları əhalinin sosial problemlərinin yüksək səviyyədə həllinə istiqamətlənmişdir.

Son illərin iqtisadi uğurları kontekstində Yasamal rayonunda qazanılan nailiyyətlər də fərəh doğurur. Rayonun sənaye müəssisələri, tikinti təşkilatları 2008-ci ili də mühüm nailiyyətlərlə yola salırlar. Başa vurduğumuz ildə rayonda 2151 yeni iş yeri açılmışdır ki, bunlardan 453-ü yeni iş yeridir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi də xeyli artmışdır.

2008-ci ildə ölkəmizin bütün regionlarında və rayonlarında olduğu kimi, Yasamal rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Bu işlərin miqyası bütün yaşayış məhəllələrini, küçə və meydanları, parkları, yaşayış binalarını əhatə etmişdir. Ötən dövrdə rayon ərazisində olan bütün parklarda əsaslı təmir-bərpa və müasir tələblərə cavab verən yenidənqurma işləri aparılmışdır. Hüseyn Cavidin, Məşədi Əzizbəyovun, Mehdi Hüseynzadənin adlarını daşıyan parklar ən müasir görkəmdə sakinlərin istifadəsinə verilmişdir. Hazırda Füzuli və Nərimanov parklarında da bərpa işləri davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev rayonun daxili imkanları hesabına tamamilə yeniləşdirilmiş və paytaxtımıza xüsusi yaraşıq verən parkın, Heydər Əliyev Məktəb-Muzeyinin və rayon icra hakimiyyətinin yeni inzibati binasının istifadəyə verilməsini quruculuq işlərinin zirvəsi hesab etdiyini bildirir:

- Vaxtilə Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsişməsində salınmış uzun müddət baxımsız qalmış 1,7 hektar sahəsi olan park xüsusi layihə əsasında bir il ərzində müasir səviyyədə tamamilə yenidən qurulmuşdur. Yeni park dövlət başçısının Bakı şəhərində parkların xiyabanların əsaslı təmiri yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan guşələrdən biridir. Burada yaradılan fəvvarələr şəlalələr kompleksi, ən hündür yerdə ucaldılan Azərbaycanın dövlət bayrağı parka xüsusi yaraşıq verir. İndi rayon sakinləri tez-tez bu guşəyə gəlir, öz istirahətlərini mənalı keçirirlər.

Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq qoyulmuş, 8,5 min kvadratmetr sahədə çəmənlik salınmış, 3500-dən çox müxtəlif ağac gül kolları əkilmişdir. Əraziyə yüksək keyfiyyətli mərmər döşənmiş, ən müasir işıqlandırma sistemi 20 kvadratmetrlik monitor quraşdırılmışdır. Ətraf binalarda da əsaslı təmir abadlıq işləri görülmüşdür. İbrahim Mehdiyev bildirir ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin parkın açılışı mərasimində iştirak etməsi, yeni istifadəyə verilmiş Heydər Əliyev Məktəb-Muzeyi ilə tanış olması, Yasamal Rayon İcra Hakimiyyəti üçün tikilmiş yeni binada yaradılan şəraitlə maraqlanması rayon sakinlərinin ürəyindən olmuşdur. Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Məktəb-Muzeydə görkəmli dövlət xadiminin həyat fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər eksponatlar nümayiş etdirilir. Eksponatlar ədəbiyyatlarla təmin edilmiş kitabxana, müasir informasiya kommunikasiya texnologiyaları ilə təchiz edilən "dəyirmi masa" otağı, konfrans zalı ulu öndərin həyat yolu siyasi fəaliyyəti ilə bağlı disputların, konfransların, yeni kitabların təqdimetmə mərasimlərinin keçirilməsinə, kinofilmlərin nümayişinə imkan verəcək. Heydər Əliyev Məktəb-Muzeyi "Heydər Əliyev dövlət irsi salnamə", "Kitabxana informasiya" "Muzey" bölmələrindən ibarətdir. Bir sözlə, Məktəb-Muzeydə daim, ən çətin anlarda da xalqına arxalanan, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan, onu parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas edən, beynəlxalq birliyin layiqli üzvləri sırasına çıxaran Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin, siyasi irsinin yetişməkdə olan gənc nəslə aşılanması ulu öndər haqqında bütün bilgilərin təfərrüatı ilə çatdırılması üçün hər cür şərait yaradılmışdır.

Son bir ildə istifadəyə verilən ilin yadigarlarından hesab ediləcək yaraşıqlı imarətlərdən biri rayon icra hakimiyyətinin yeni inzibati binasıdır. Beşmərtəbəli binada icra hakimiyyətinin əməkdaşları üçün hər cür şərait yaradılmışdır. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin binanın açılışına həsr edilmiş mərasim vaxtı əməkdaşların şəraiti ilə maraqlanması, 300 nəfərlik iclas salonunda, zəruri avadanlıqla təchiz edilmiş kabinetlərində, gözləmə xidmət otaqlarında yaradılan şəraitdən razılığını bildirməsi burada çalışanları mənən ruhlandırmış, daha səmərəli fəaliyyət göstərməyə həvəsləndirmişdir.

2008-ci ildə Yasamal rayonu ərazisində aparılan abadlıq işlərinin miqyası olduqca genişdir. Ötən müddətdə 48 məhəllədə yaşıllaşdırma işləri aparılmış, oturacaqlar qoyulmuş, uşaq idman əyləncə meydançaları yaradılmışdır. Küçələr məhəllədaxili yollar təmir edilmiş, binaların giriş qapıları dəyişilmiş, köhnəlmiş dam örtükləri təzələnmişdir. BDU-nun yeni tədris korpusunun istifadəyə verilməsi, Bakı Metropoliteni İdarəsinin inzibati binasının, "Beşmərtəbə" adlanan yaşayış evinin digər inzibati yaşayış binalarının təzə görkəm alması da ilin yaddaqalan yeniliklərindəndir.

Son illər paytaxtımızda aparılan tikinti-quruculuq işləri, yeni körpülərin yol qovşaqlarının istifadəyə verilməsi, müasir hündürmərtəbəli yaşayış evlərinin inzibati binaların ucaldılması paytaxtımıza xüsusi yaraşıq verir. Bakının mərkəzi abad guşələrindən olan Yasamal rayonu da öz gözəlliyi, əhalinin sosial rahatlığı, xoş güzəranı naminə yaradılan şəraiti ilə seçilir. Rayonun icra strukturlarının, mənzil-kommunal təsərrüfatı kollektivlərinin, ictimaiyyətin fəal iştirakı dəstəyi ilə həyata keçirilən radikal tədbirlər nəticəsində küçə meydanlar, məhəllələr görkəmini xeyli dəyişmiş, paytaxtın daha yaraşıqlı simasında özünəməxsus yer tutmuşdur. İndi Yasamalın gecələri gündüz olduğu qədər gözəl, cazibədardır. Binaların fasadlarının işıqlandırılması, park xiyabanlarda yaşlı insanların istirahəti, uşaqların əylənməsi üçün yaradılan şərait əhalinin ürəyincədir.

Əzra Həsənova, təqaüdçü:

- Hər dəfə nəvəmlə Cavid parkını gəzəndə bu gözəlliyi, rahatlığı yaradanları alqışlayır, onlara Allahdan uzun ömür diləyirəm. İndi tez-tez yolumu evimizlə üzbəüzdəki yeni parka salıram. Axşamlar bu guşə xüsusilə gözəl olur. İnanın, ən inkişaf etmiş xarici ölkələrdə bu cür yaraşıqlı, orijinal istirahət guşəsinə rast gəlmək çətindir. Çox əziyyət çəkiblər. Əvvəlki görkəmi gözümün qabağındadır. Pis kökə düşmüş bir ərazi idi. İndi əsl cənnətə döndəriblər.

Günay Qasımova, magistr:

- Biz cavanlar əvvəllər gəzməyə dənizkənarı parka, şəhərin mərkəzindəki Fontanlar bağına gedərdik. İndi öz rayonumuzda əla yerlər var. Cavid parkı olduqca müasir, qəlboxşayan guşədir. Əvvəllər Musabəyov bağı adlanan ərazidə yaradılan parkın misli yoxdur. Burada istirahət etmək, dincəlmək üçün hər cür şərait var. Yasamal Rayon İcra Hakimiyyətinin bu addımını yüksək dəyərləndiririk.

Zilli Rzayev, müharibə əmək veteranı:

- Ölkə başçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda baş verən yeniliklər biz ağsaqqalların da ürəyindəndir. Sağ olsun dövlət rəhbəri, ümummilli lider Heydər Əliyevin daxili xarici siyasətini uğurla davam etdirir, insanların sosial güzəranının yaxşılaşdırılması, daha rahat yaşamaları üçün əlindən gələni əsirgəmir. Biz ona inanır, güvənir, fəaliyyətini dəstəkləyirik. Şəhərimiz indi başdan-başa dəyişib, gözəlləşib, Bir-birinin ardınca istifadəyə verilən park xiyabanlar, sosial obyektlər yalnız sakinlərin firavanlığına hesablanıb. Yasamal rayonunda baş verən yeniliklər məhz ölkə Prezidentinin əhalinin sağlamlığına, rahat problemsiz işləməsinə, yaşamasına xidmət edir. Biz bu diqqəti son vaxtlar rayonumuzda baş verən yeniliklərin timsalında daha aydın görürük.

 

Akif CABBARLI

 

Azərbaycan.-2008.-28 dekabr.-S.4.