Şəkərli diabet XXI əsrin
ən təhlükəli xəstəliklərindəndir
"...İnsanın
sağlamlığını qorumaq, yaxud xəstəni xəstəlikdən
xilas etmək xeyirxah işdir. Bu işin
reallaşdırılması vəzifəsi həkimlərin
üzərinə düşür".
Heydər ƏLİYEV
Hər bir dövlətin əhalisinin sağlamlığı cəmiyyətin ictimai, iqtisadi və mənəvi problemlərinin aynasıdır,- deyirlər. Ona görə də sağlamlıq məfhumunun ictimai mənası dərin və çoxcəhətlidir. Sağlamlıq həm fərdin, həm də cəmiyyətin nemətidir. Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir vəziyyəti hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın, hər kəs sağlam mənəvi və ictimai mühitdə yaşasın. Lakin sürətli inkişaf, qloballaşma prosesləri və onların doğurduğu nəticələr bütün ölkələrdə sosial-iqtisadi inkişafın müsbət meyilləri ilə yanaşı, təhlükəli tərəflərilə də qarşımızda çoxlu problemlər yaradır. Stressiz həyat tərzi, saf su, təmiz qida, ekoloji təhlükəsizliyin təmin olunması, zərərli vərdişlərin qarşısının alınması, əhalinin yüksək əmək qabiliyyəti səviyyəsinə, fəal uzunömürlülüyünə, layiqli yaşayış tərzinə nail olunması, fəsadların qarşısının alınması, demək olar ki, hər gün rastlaşdığımız travmalar və bütün bu kimi hallar xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunmasını və milli genefondun qorunmasını hamımızın, ilk növbədə dövlətin qarşısında prioritet vəzifələr kimi meydana çıxarır. Ona görə də səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir.
Hazırda bütün dünyanı ciddi narahat edən bir çox xəstəliklər mövcuddur ki, onların profilaktikası, yayılmasının qarşısının alınması, müalicəsi beynəlxalq səviyyədə düşünülür, birgə tədbirlər həyata keçirilir, xüsusi qanunlar, dövlət proqramları, layihələr, onların icra mexanizmləri işlənib hazırlanır. Bu baxımdan respublikamızda yaradılan qanunvericilik bazası müsbət hal kimi qeyd olunmalıdır. Qısa müddətdə ölkə başçısının təşəbbüsü ilə ən vacib sahələr üzrə "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı", "Şəkərli diabet üzrə Dövlət Proqramı" hazırlanmış və artıq icrasına başlanılmışdır. Əgər bir vaxtlar səhiyyənin ümumi büdcəsi cəmi 40 milyon manat idisə, ötən il təkcə 9 proqramın icrasına bu qədər vəsait sərf olunmuşdur.
İndi dünyanı təşvişə salan xəstəliklərdən biri şəkərli diabetdir. Bu xəstəlik artıq qlobal problem kimi ortaya çıxmışdır. Bununla əlaqədar beynəlxalq təşkilatların fəallığının artması, səylərin birləşdirilməsi meyli gücləndirilmişdir.
Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlərlə də bağlıdır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə 1991-ci ildən başlayaraq hər il noyabrın 14-də Ümumdünya Diabet Günü - bu xəstəlik haqqında məlumatlandırma kompaniyası kimi qlobal şəkildə qeyd olunur. Onu da bildirək ki, 2006-cı ildə xəstəliklə bağlı ÜST xüsusi bəyannamə qəbul etmiş və həmin sənəddə şəkərli diabet ağır xroniki xəstəlik kimi səciyyələndirilmişdir. 2007-2008-ci illər üçün Ümumdünya Diabet Günü "Heç bir uşaq diabetdən həlak olmamalıdır" şüarı altında keçirilmişdir.
Xəstəliyin bütün dünyada və
respublikamızda hazırkı vəziyyəti, erkən
diaqnostikası, ağırlaşmasının,
yayılmasının qarşısının alınması,
profilaktikası, müalicəsi, reabilitasiyası və bununla
bağlı qanunverici bazanın yaradılması barədə
daha ətraflı məlumat almaq məqsədilə
respublikanın baş endokrinoloqu, Milli Məclisin
deputatı, professor Rafiq Məmmədhəsənov və Milli
Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin
müdiri, professor Adilə Abasova ilə görüşüb
söhbət etdik. Söhbət əsnasında öyrəndik
ki, bu xəstəlik hələ qədim Misirdə mövcud
olub. Lakin onun yaranma səbəbləri XIX əsrin
sonunda alimlərin itlər üzərində apardıqları
eksperimentlər nəticəsində
aşkarlanmışdır. İtin mədəaltı vəzisi
çıxarıldıqdan sonra onda şəkərli diabet
inkişaf etmişdir. 1921-ci ildə Toronto şəhərində
Batinq adlı gənc həkim tələbəsi ilə birlikdə itin mədəaltı vəzisindən
qanda şəkərin miqdarını azaldan maddəni
aşkarlamış və bunu insulin
adlandırmışdı. 1922-ci ilin yanvarında isə şəkərli
diabet xəstəsi ilk dəfə olaraq insulini qəbul
etmiş və bu da onu ölümdən qurtarmışdı.
İki ildən sonra isə portuqaliyalı gənc həkim
başa düşmüşdü ki, şəkərli diabet nəinki
xəstəlikdir, həm də xüsusi həyat tərzidir.
Beləliklə də, dünyada ilk şəkərli diabet xəstələri
üçün məktəb yaranmışdır. Bu gün
diabetin müalicəsində Novo Nordisk şirkəti 85 illik
iş təcrübəsi sahəsində güclü
mövqelərə malikdir. Hələ 1922-ci ildə Kopenhagen
Universitetinin fiziologiya professoru, Nobel mükafatı laureatı
Avqust Kroq və onun həyat yoldaşı tibb elmləri
doktoru, diabetdən əziyyət çəkən Mari Kroq Yel
Universitetinin tədqiqatçılarının dəvəti
ilə ABŞ-a gəlmişdilər. Səyahət
zamanı onlar 1921-ci ildə Toronto Universitetinin tədqiqatçılarının
ixtira etdiyi insulinlə diabetin müalicəsinin
mümkünlüyündən xəbər tutmuşdular.
1922-ci ilin dekabrında A.Kroq Skandinaviyada həyat
üçün zəruri olan insulinin istehsalına və
satışına icazə almışdı. 1923-cü ildə isə o, doktor Hans Kristian
Hagedonla birlikdə Nordisk insulin laboratoriyasını
yaratmışdı. Həmin ilin
martında diabet xəstələri burada hazırlanmış
bu dərmanla müalicə olunmaq imkanı
qazanmışdılar. 1925-ci ildə
Nordiskin keçmiş əməkdaşları Harald və
Torvald Pedersen qardaşları insulin istehsal etmək qərarına
gəlmişdilər. Qardaşlardan biri
mühəndis və istedadlı ixtiraçı, digəri isə
əczaçı idi. Biliklərini birləşdirən
qardaşlar insulin Novo adlı preparat hazırlamış və
xüsusi Novo şpris tətdiq etmişlər ki, xəstələr
bununla özlərinə iynə vura bilsinlər. 1989-cu ildə Novo və Nordisk səylərini birləşdirmək
qərarına gəlmiş və vahid Novo Nordisk A-C şirkətinə
çevrilmişlər. Bu gün şəkərli
diabetin müalicəsində ən yaxşı nəticələrə
nail olmaq şirkətin əsas məqsədidir. Burada diabet xəstəliyinin inkişafının
bütün mərhələlərində qalib gəlmək
yolları axtarılır. Hazırda şirkət diabetin
müalicəsi üçün yeni preparatlar qrupu üzərində
iş aparır və bu sahədə aparıcı rola
malikdir.
Novo Nordiskin tədqiqatları
iştaha davranışın tənzimlənməsinə və
enerjinin xərclənməsinə cavabdeh olan mexanizmlərin
öyrənilməsinə yönəlmişdir.
Şəkərli
diabetin vəziyyəti barədə danışan Rafiq Məmmədhəsənov
öncə bildirdi ki, dünya praktikasında xroniki
qeyri-infeksion xəstəliklərin biotibbi, psixoloji və
sosial-iqtisadi aspektlərinə kompleks yanaşılması
prosesində şəkərli diabet model kimi
götürülmüşdür. Onun geniş miqyasda
artımı əhalinin sağlamlığının
ümumi səviyyəsini azaldır. Məhz
buna görə də ÜST 1992-ci ilə şəkərli
diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi qiymətləndirmişdir.
Onun məlumatına görə, 1985-ci ildə
dünyada 30 milyon şəkərli diabetlə xəstə
insan olduğu halda, bu gün həmin rəqəm artaraq 200
milyona çatmışdır. Hesablamalara
görə, 2025-ci ildən sonra şəkərli diabet xəstələrinin
sayının 380 milyona yaxın olacağı gözlənilir.
Ona görə də şəkərli diabet
ÜST-ün qarşısında duran bir nömrəli
problemdir. Xəstəliyin gecikmiş
ağırlaşmaları nəticəsində ölüm
faizinin yüksək olduğu mütəxəssisləri daha
çox təlaşlandırır. Çünki
indi alimlər tərəfindən müəyyən olunub ki, şəkərli
diabet nəinki endokrin, həm də ürək qan-damar
sistemini zədələyən xəstəlikdir. Hazırda bir nömrəli problem kimi ürək,
qandamar, ikinci yerdə şiş, sonra travmatologiya,
dördüncü yerdə isə şəkərli diabet xəstəliyi
durur. Lakin bu xəstəlik ürək-damar
fəsadları verdiyinə görə, o, artıq birinci
problemlə birləşir. 2005-ci ilin statistikasına
görə, əhalinin ümumi populyasiyası ilə
müqayisədə şəkərli diabetlə xəstə
olanlar arasında ürək-qan-damar
çatışmazlığından ölüm halları
4-5 dəfə, korluq halları 10 dəfə, qanqren və
aşağı ətrafların amputasiyası 50 dəfə,
xroniki böyrək çatışmazlığı 5 dəfə
çoxdur. Diabetin xroniki ağır fəsadlarına
qoyulan maddi vəsait (məsələn, hemodializ) onun
profilaktikasına sərf edilən məbləğdən
qat-qat artıqdır.
Respublikanın
baş endokrinoloqu bildirdi ki, artıq sivil ölkələrdə
bunu elmi iqtisadi baxımdan sübut etdikləri
üçün şəkərli diabetin müalicə və
profilaktikasına xüsusi yer verilir. Əgər il ərzində
HİV/AİDS-dən 250 xəstə həyatla
vidalaşırsa, şəkərli diabetdən 1 milyon 200 min xəstə
dünyasını dəyişir. Strukturuna görə şəkərli
diabet iki tipə ayrılır: gənclərdə, yeniyetmə
və uşaqlarda olan xəstəlik birinci tip diabet adlanır.
Bu, insulindən asılı olan tipdir. Belə xəstələr ömrü boyu insulinlə
müalicəyə möhtacdırlar. Şəkərli
diabetin strukturunda bu tipin xüsusi çəkisi 10-15 faizdir.
Yəni 100 xəstədən 15-də birinci tip olur. 85 faiz isə ikinci tipə aiddir. Bu tip xəstələrə
keçmişdə "yaşlıların diabeti"
deyirdilər. Yəni 40 yaşından sonra
meydana çıxan şəkərli diabetdir ki, onların müalicəsində
insulin tələb olunmur. Belə pasientlərə
yalnız pəhriz və şəkərsalıcı həb
müalicəsi yazılır. R.Məmmədhəsənov
maraqlı müqayisə apararaq qeyd etdi ki, hələ 1922-ci
ildə insulin tətbiq olunana qədər belə xəstələrin
əksəriyyəti şəkərli komada dünyalarını
dəyişirdilər.
Damar fəsadlarından
isə bir, yaxud iki faiz insan həlak, ya da əlil olurdu. Lakin insulin kəşf
olunandan sonra bu faiz nisbəti kəskin şəkildə dəyişdi.
Hazırda şəkərli diabet komasından
dünyasını dəyişənlər 1-2 faiz təşkil
edir. Ürək, qan-damar fəsadlarından
həyatla vidalaşan şəkərli xəstələrin
sayı 60-70 faizə çatıb. Təxminən
bütün dünyada korluğun səbəbinin 25 faizi şəkərli
diabetin payına düşür. Böyrək
çatışmazlığı - diabetik nefropatiya bu xəstəliyin
ağırlaşmalarından biridir. Hazırda
hemodializ qəbul edən insanların böyük əksəriyyəti
şəkərli diabetin fəsadları nəticəsində
meydana çıxmışdır. Bundan
başqa, xəstəlik aşağı ətrafların
qanqrenasını da verə bilir. Beləliklə,
mütəxəssisləri təşvişə salan məqam
şəkərli diabetin damar fəsadları ilə
bağlı ağırlaşmalarının günbəgün
artmasıdır. Azərbaycanda isə
hazırda rəsmi qeydiyyatda 65 min şəkərli diabet xəstəsi
var.
Professor Adilə
Abasova respublikada bu sahədə yaranan qanunvericilik bazası
haqqında danışaraq bildirdi ki, dünyada diabet yalnız
tibbi deyil, həm də ağır sosial-iqtisadi problem
sayıldığı üçün xəstəliyə
düçar olan şəxslər əsasən dövlət
qayğısı ilə əhatə olunurlar. Azərbaycanda
keçmiş sovetlər dövründə belə yardım
mexanizmi işləsə də (diabet xəstələrinə
pulsuz insulin və həblərin verilməsi, onların
vaxtaşırı müayinəsi və s.), ötən əsrin
90-cı illərində bu mexanizm, demək olar ki,
bütünlüklə unuduldu. 2003-cü il
dekabrın 23-də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda
Milli Məclis tərəfindən "Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında" qanun qəbul edildi. Bununla da müstəqillik dövründə bu sahədə
yeni bir mexanizmin əsası qoyuldu. 2004-cü
ilin 12 fevralında qanunun tətbiqinə dair fərman imzalayan
dövlət başçısı həmin sənədlə
Nazirlər Kabinetinə iki ay müddətində diabet xəstələrinə
qayğının mexanizmini əks etdirən xüsusi proqram
hazırlamağı tapşırdı. Həmin
proqram layihəsi bir sıra dəyişikliklərlə 2005-ci
ilin iyununda Nazirlər Kabineti tərəfindən təsdiqləndi.
Bu sənəd şəkərli diabetə
tutulmuş insanlarla bağlı məlumatları əks etdirən
registrin yaranmasından tutmuş onların insulin, həblər
və özünənəzarət vasitələri ilə
dövlət hesabına təminatı, endrokrinoloq-həkim və
orta tibb heyətinin bacarıqlarının
artırılması, ümumtəhsil məktəblərində
xəstə uşaqların təhsilinin təşkilinə qədər
çoxşaxəli istiqamətləri əhatə edir.
Həmin Dövlət Proqramı 2005-ci ildən
fəaliyyətdədir. 2006-cı ildə onun icrasına
6 milyon manat, 2007-ci ildə 12 milyon, bu il isə 19 milyon manat vəsait
ayrılıb. Adilə Abasova onu da qeyd etdi ki, diabet xəstələrinin
illik artım tempi nəzərə alınaraq, proqramın
icrasına hər il əvvəlki illərlə
müqayisədə 15 faiz artıq vəsaitin yönəldilməsi
qərara alınıb. Tibb mütəxəssislərinin
böyük əksəriyyəti proqramın kifayət qədər
təkmil sənəd olduğunu vurğulayırlar. Bu gün şəkərli diabet xəstələrinin
90 faizi şəkər ölçən aparatlarla, test
çubuqları ilə təmin olunmuş, hər bir xəstəyə
kifayət qədər insulin, şəkərsalıcı həblər
verilmişdir. Xəstələrin
müayinəsi də dövlət hesabınadır, onlar ildə
iki dəfə həkimlərin nəzarətindən pulsuz
keçirlər. Bir sözlə, dövlət
bu xəstələrə yardımı tam şəkildə
öz üzərinə götürmüşdür. Bundan başqa, 8 proqram var ki, onların da
hamısının maliyyə dəstəyi dövlət tərəfindən
ödənilir. Ölkə başçısı cənab
İlham Əliyevin tam nəzarəti altında olan bu iş
artıq həllini tapmaq üzrədir.
A.Abasova söhbət əsnasında
bildirdi ki, diabet haqqında Azərbaycanda işləyən
qanun bütün MDB məkanında model qanun kimi qəbul
olunmuşdur: " Bu, nüfuzlu beynəlxalq
qurumlarda təşkil edilən tədbirlərdə də
xüsusi vurğulanır".
Ötən ay
Moskvada Novo Nordisk şirkətinin təşəbbüsü və
maliyyə dəstəyi ilə "Diabetlə mübarizədə
birləşək" mövzusunda beynəlxalq forum
keçirilmişdir. Həmsöhbətlərimiz həmin beynəlxalq
məclisdə respublikamızı təmsil etmiş,
müzakirələrdə fəallıq göstərmiş,
yeni təkliflər irəli sürmüş, təcrübə
mübadiləsi aparmışlar. Burada
Rusiyanın bir çox rayonlarından, MDB dövlətlərindən,
habelə xarici ölkələrdən olan 500-ə yaxın
nümayəndə iştirak etmişdir. Mərasimi
RF-nın səhiyyə və sosial inkişaf naziri Tatyana
Qolikova açmışdır. Respublikanın baş
endokrinoloqu Rafiq Məmmədhəsənov dedi ki, foruma BMT-nin
keçmiş baş katibi Kofi Annan da dəvət
olunmuşdu. İclasın bir hissəsinə o,
sədrlik etmiş və çıxışı
bütün iştirakçılar tərəfindən
böyük maraqla qarşılanmışdır. Çünki Kofi Annanın katibliyi dövründə
səhiyyə sahəsində BMT-nin 4 qətnaməsi - vərəmlə
mübarizə, malyariya, HİV/AİDS və şəkərli
diabetlə mübarizə haqqında qətnamə qəbul
olunmuşdur. 2006-cı ilin dekabrında
BMT-nin şəkərli diabetlə bağlı qəbul etdiyi
qətnamədə xəstəlik təkcə ayrı-ayrı
adamların normal yaşaması üçün deyil, həm
də dövlətlərin və bütün dünya
birliyinin iqtisadi və sosial rifahına ciddi təhlükə
yaradan ağır xroniki xəstəlik kimi
tanınmışdır. Sənəddə
bütün ölkələrə müraciət var ki, şəkərli
diabetin və onun fəsadlarının
qarşısının alınması, müalicəsi və
profilaktikası üzrə milli proqramlar yaradılsın, cəmiyyət
şəkərli diabetin və onun fəsadlarının təhlükəsi
barədə daha çox məlumatlandırılsın.
Forumda şəkərli diabetin müxtəlif
aspektlərinə həsr olunmuş maraqlı məruzələr
edilmişdi. Rusiya Federasiya Şurasının sədri
Sergey Mironov "MDB-nin iştirakçısı olan dövlətlərin
Parlamentlərarası Assambleyası diabet sahəsində
qanunvericilik təşəbbüsləri" mövzusunda
geniş çıxış etmiş və xüsusi
vurğulamışdır ki, şəkərli diabet xəstələrinə
yardım üçün qanunverici baza təkmilləşdirilməli,
o cümlədən diabet haqqında federal qanun qəbul edilməlidir.
Yeni qanunda şəkərli diabetin
profilaktikası və xəstəliyin ilkin diaqnostikasına
yönəlmiş tədbirləri gücləndirmək
lazımdır. A.Abasova bildirdi ki, həmin
forumda MDB dövlətləri içərisindən birinci
olaraq Azərbaycanda bu sahədə qəbul olunmuş qanundan
model qanun kimi istifadə olunması tövsiyə edildi.
Bu fikir Rusiya Endokrinoloqlar - Diabetoloqlar Assosiasiyasının
prezidenti İvan Dedov, RF Dövlət Dumasının
Sağlamlığın mühafizəsi üzrə komitəsinin
sədri Olqa Borzova tərəfindən qətiyyətlə səsləndirildi.
"Bu bizi çox sevindirdi. Digər çıxışçılar bildirdilər
ki, Rusiyada 1996-cı ildən başlayaraq federal məqsədli
şəkərli diabet proqramı çərçivəsində
bir çox işlər görülmüşdür. Strukturlaşdırılmış diabetoloji xidmət
yaradılmışdır ki, onun da əsas koordinasiya müəssisəsi
Federal Diabetoloji Mərkəzdir. Hazırda Rusiyada 70-dən
çox diabetoloji mərkəz, 175 diabetik kabinet, diabetik
retinopatiyanın müalicəsi üçün 130 kabinet,
50-yə yaxın diabet və hamiləlik kabineti təşkil
edilmişdir. Bundan başqa, şəkərli
diabet xəstələrinin dövlət regestri
yaradılmışdır. Müasir
gen-mühəndis insulinləri və qlükemiyanın
özünənəzarət vasitələri işlənmiş,
damar fəsadlarının profilaktikası məqsədilə
xəstələrin diabeti idarəetmə üsullarına yiyələnməsi
üçün 1000-dən çox məktəb fəaliyyətə
başlamışdır. Hazırda Rusiyada 2,8 milyondan çox diabet xəstəsi qeydə
alınmışdır ki, bu da ölkə əhalisinin təqribən
2 faizini təşkil edir." Lakin bütün
bunlarla yanaşı, forum iştirakçıları hesab
etmişlər ki, əsas diqqət ölkədə
qeyri-infeksion diabet epidemiyası təhlükəsinə, habelə
bu xəstəliyin sosial və iqtisadi fəsadlarına yönəlməlidir.
Beynəlxalq forumun nümayəndəsi, Milli Məclisin
deputatı R.Məmmədhəsənov qeyd etdi ki, həmin tədbirdə
xüsusi qətnamə qəbul olundu. "Qətnamədə
Rusiyada bu sferada səmərəli milli siyasətin işlənməsi
və həyata keçirilməsi üçün zəruri tədbirlərin
görülməsi tövsiyə edildi. Hazırda
diabetin əmələ gəlməməsi üçün
birinci növbədə düzgün həyat tərzi
olmalıdır. İnsanların
yaşadığı mühit və sosial faktorlar bu xəstəliyin
yaranması üçün bazis rolunu oynayır. Tələskənlik, stress halları, depressiya, piylənmə,
hərəkətsizlik, əsəb şəkərli diabetə
aparan yoldur. Həmin forumda dinlənilən
məruzələrdə bu xəstəliyin yayılması,
ürək-qan-damar fəsadlarının müalicəsi
prinsipləri, reabilitasiyası, erkən diaqnostikası,
yayılması ilə bağlı aparılan tədqiqatlar barədə
də geniş fikir mübadiləsi aparıldı. Gəlin etiraf edək ki, bu gün müasir insanın
qidalanma tərzi də dəyişmişdir. Şirniyyatdan həddən çox istifadə olunur,
oturaq həyat tərzi keçirənlərin sayı durmadan
artır. Ona görə də mübadilə
pozulur və nəticədə şəkər xəstəliyi
meydana çıxır. Təsəvvür edin ki,
müasir insanların qidasında 80-90 faiz karbohidratlar var. 100
qram ağ çörəyin 51 qramı, qara çörəyin
42 qramı şəkərdir. Keçmişdə
insanlar bir stəkan çayla bir konfet istifadə edirdilərsə,
indi 3-4-ü ilə kifayətlənmirlər".
Son illər Azərbaycanda
şəkərli diabetlə xəstə olan insanlar,
xüsusilə uşaqlar üçün mühüm işlər
görülüb və bu proses davam etməkdədir.
Hazırda Bakı, Şəki, Mingəçevir və
Naxçıvanda endokrinoloji dispanserlər, Gəncə şəhərində
poliklinika şöbəsi olan Endrokrinoloji Xəstəxana, həmçinin
Bakıda respublika Endrokrinoloji Mərkəz fəaliyyət
göstərir. Qeyd edilən müəssisələrlə
yanaşı, şəkərli diabetlə xəstə olanlara
ambulator və stasionar yardım poliklinikaları, tibbi sanitariya
hissələri, mərkəzi rayon xəstəxanalarının
endrokrinoloji kabinetləri və şöbələri tərəfindən
də xidmət göstərilir. Şəkərli
diabet xəstələri üçün
ixtisaslaşdırılmış çarpayıların
ümumi sayı artırılır. Bakı, Sumqayıt,
Şəki və Mingəçevirdə endokrinoloji xidməti
olan tibb müəssisələrində xəstələr
üçün özünənəzarət təlim məktəbləri
mövcuddur.
Son illər bu
sahədə Heydər Əliyev Fondunun fəaliyyəti
xüsusilə təqdirəlayiqdir. Səhiyyə, kimsəsiz
uşaqların sağlamlığının təmin
olunması istiqamətində həyata keçirilən sosial
layihələr içərisində "Diabetli uşaqlara ən
yüksək qayğı" ilə bağlı
reallaşdırılan tədbirlər cəmiyyətdə
böyük rezonansa və rəğbətə səbəb
olmuşdur. Hər il olduğu kimi bu il də Heydər Əliyev
Fondu humanitar aksiya keçirərək 217 şəkərli
diabet xəstəsi olan uşağa birillik pulsuz insulin,
şprislər, qlükometrlər, onların test
çubuqları paylanmışdır. Çox sevindirici haldır
ki, xəstələrə bu diqqət və qayğı
kampaniya şəklində deyil, il ərzində
müntəzəm olaraq göstərilir.
Respublikamızda
şəkərli diabetlə bağlı qeyri-hökumət təşkilatları
da fəaliyyət göstərir. Azərbaycan Diabet
Assosiasiyasının xəttilə (sədri Möminat Ömərova)
hər il beynəlxalq elmi-praktik konfranslar
keçirilir, xəstələrə yardımlar edilir.
Şəkərli
diabet öz ağırlaşmaları ilə hər zaman
qorxuludur və diabetoloqların uğurlarına baxmayaraq, tək
təbabət bu xəstəliyə qalib gələ bilmir. Bunun
üçün xəstələrin özlərinin və ailə
üzvlərinin aktiv iştirakı lazımdır. Təcrübə göstərir ki, həkimlərin
və onların pasientlərinin birgə iştirakı diabetin
müalicəsinin effektivliyini artırır və
ağırlaşmalarının qarşısını
alır. Diabetin idarə olunmasında
insanlara onun mahiyyəti, istifadə olunan dərman
preparatlarının təsiri, pəhriz haqqında əhəmiyyətli
biliklərin verilməsinin çox böyük rolu vardır.
Həmçinin fiziki hərəkətlərin
xəstəliyə müsbət təsiri haqqında təbliğat
gücləndirilməlidir. Onlar özlərini
müxtəlif situasiyalarda aparmaq qaydasını, həkimə
nə vaxt müraciət etmək lazım olduğunu və
müalicədə hansı müstəqil düzəlişlər
etməyi bilməlidirlər. Son illər
şəkərli diabet xəstələrinin kəskin
artımı hipodinamiya, yəni fiziki-əzələ hərəkətinin
azlığı ilə əlaqədardır. Elmi-texniki tərəqqi nəticəsində bir
çox işlərin avtomatlaşdırılması və
mexanikləşdirilməsi qəbul olunan qida ilə alınan
enerjinin sərf olunmasını azaldır ki, bu da piylənmənin
yaranmasına gətirib çıxarır. Yapon alimlərinin tədqiqatları nəticəsində
məlum olub ki, avtomobili olan insanlarda digərlərinə nisbətən
ikinci tip diabetlə xəstələnmə daha çoxdur.
Bu yazını insan sağlamlığının bəşəriyyət üçün vacib amil olduğu ilə başlamışdıq. Ona görə də bu gün hər bir insan, ilk növbədə, özünün layiqli və sağlam həyat tərzini təmin etməlidir. Xəstə insan üçün dünyanın min bir neməti belə bir dəqiqədə heçə enir. Odur ki, sağlamlığınızı qoruyun!
İ.ƏLİYEVA
Azərbaycan.-2008.-28
dekabr.-S.5-7.