Tariximizin solmayan səhifələri
"Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan" qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan" xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir.
Məlum tarixi səbəblər üzündən AXC kimi "Azərbaycan" qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini, əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan" qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu".
Heydər ƏLİYEV
Yarandığı gündən xalqımızın müstəqillik uğrunda mübarizəsinin, Azərbaycan Xalq Cümhuriyyətinin tarix qarşısında heç vaxt unudulmayan xidmətlərini önə çəkən, azadlıq və demokratiya, milli müstəqillik ideyalarının böyük carçısı kimi fəaliyyətə başlayan "Azərbaycan" qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 90 illiyi bir neçə ay bundan əvvəl Gəncədə, Bakı Dövlət Universitetində, eləcə də bütün respublikamızda təntənə ilə qeyd edildi. Ziyalılarımız həmin günlərdə bir daha tariximizin yaddaşına qayıtdı, Xalq Cümhuriyyətinin dövlətimizin və xalqımızın adını daşıyan qəzetin nəşrə başlaması ərəfəsində görülən işlərdən söz açdılar, onun ilk redaktorlarını və əməkdaşlarını xatırladılar. Qəzetin nəşri ölkəmizin qədim şəhərlərindən olan Gəncədə başlamış, burada cümhuriyyət tarixinin bir sıra şanlı səhifələri yazılmış, yaddaşımıza unudulmayan xatirələri həkk etmişdir. Elə buna görə də təsadüfi deyildir ki, yubiley təntənələri Gəncədən başladı. Gəncə Dövlət Universitetində keçirilən yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov yubiley şənliyi təntənəsini açıb qəzetin əməkdaşlarını təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı. Sonra qəzetin Baş redaktoru Bəxtiyar Sadıqov "Azərbaycan"ın dünəni və bu günü, Gəncədə nəşr edilmiş ilk nömrənin tarixi əhəmiyyətindən danışdı. Elmi konfransda bir neçə dəyərli məruzələr dinlənildi. Tədbirin sonunda yubiley iştirakçıları "Azərbaycan" qəzetinin ilk nömrəsinin çap edildiyi binaya xatirə lövhəsi vurdular.
Bu yaxınlarda işıq üzü görən "Azərbaycan" qəzetinin 90 illiyinə həsr edilmiş "Azərbaycan - 90" kitabı Gəncə şənlikləri təəssüratını yenidən yaddaşlara qaytardı.
Yeni nəşr ulu öndər Heydər Əliyevin qəzetin 80 illik yubileyi ilə bağlı "Azərbaycan" qəzetinin kollektivinə" adlı təbrik məktubu ilə açılır. Bundan sonra isə qəzetin 1000-ci nömrəsinin çapdan çıxması ilə bağlı Heydər Əliyevin qəzetin kollektivinə 6 dekabr 1994-cü il tarixli təbriki verilir. Təbrikdə deyilir: "...Müstəqilliyimizə düşmən kəsilmiş daxili və xarici qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün bu gün azğın niyyətlərindən əl çəkmirlər. Məlum oktyabr hadisələri onların mürtəce təbiətini bir daha açıqladı. Amma Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni prezidentini, müstəqil dövlətçiliyini müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici məqamda "Azərbaycan" qəzeti öz sayıqlığını bir an belə itirmədi. "Azərbaycan" qəzetinin 1000-ci sayının çapdan çıxdığı əlamətdar gündə sizi təbrik edir, müstəqil dövlətimizin həyatının işıqlandırılmasında yaradıcı heyətə uğurlar diləyirəm".
Bundan sonra isə kitabda oxucu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin demokratik dövlətin qurulması işində KİV-in getdikcə artan əhəmiyyəti barədəki məşhur sözləri ilə tanış olur:
"Mən öz işimdə mətbuata həmişə dəstək verməyə çalışmışam. Bu gün də bu siyasəti aparıram. Hesab edirəm ki, qəbul edilmiş qərarlar bunun aydın sübutudur. Gələcək fəaliyyətimlə də çalışacağam ki, Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarına öz köməyimi, dəstəyimi verəm. Mən əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işində KİV-in çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır".
Təbriklərdən sonra oxucu kitabda "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovun "Azərbaycan"ın varisi "Azərbaycan" adlı geniş məzmunlu "Ön söz"ü ilə tanış olur. Müəllif burada Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə müxtəsər ekskurs edir. 1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin yaranması ilə bağlı dünyaya məlumat verən İstiqlal Bəyannaməsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün ölkədə demokratik parlament formalaşdırmaq, milli hökuməti təşkil etmək, ölkənin daxili və xarici siyasətini müəyyənləşdirmək, idarəedici struktur yaratmaq kimi mühüm vəzifələrin həyata keçirilməsi üçün görülən tədbirlərdən bəhs edir. Bütün bu kimi problemlərin qısa tarixi müddətdə həyata keçirilməsi üçün vacib olan məsələləri diqqət önünə çəkməkdə, xalqı yeni yaranmış demokratik respublika ətrafında sıx birləşdirməkdə böyük xidmət göstərəcək dövlət qəzetinin yaradılması sahəsində görülən işlərdən söz açır, "Azərbaycan" qəzetinin yaranma tarixi barədə oxuculara geniş məlumat verir. Qəzetin 1918-ci ilin 15 sentyabrında çapdan çıxmış, ilk nömrəsinin tarixi əhəmiyyətindən danışır. Ön sözdə cümhuriyyət tarixinin qısa dövrünün xronologiyası diqqətə çəkilir: "Müstəqillik hər bir xalqın əbədi arzusu olub. Öz taleyini özünün həll etməyin, təbii sərvətlərinə sahib olmağın dəyəri çox yüksəkdir. Ancaq böyük və güclü dövlətlər bu funksiyaları müəyyən üsullarla - bəzən zor, bəzən də siyasətlə "üzərlərinə götürməyə" çalışmışlar. Və çox zaman da məqsədlərinə nail olmuşlar. Məsələn, Azərbaycan xalqının müstəqillik arzusu nə qədər böyük olsa da, o ölkədə zəngin karbohidrogen ehtiyatları çıxdığından, dünyanın güc sahibləri daim onu caynaqlarına keçirməyə çalışmışlar. 28 aprel 1920-ci ildə də belə oldu. Qırmızı imperiyaya məxsus XI Qırmızı ordu "qardaş xalqların könüllü ittifaqı"nın yaradılması adı altında onu Rusiyaya birləşdirdi".
Demokratik respublikanın devrilməsi ilə əlaqədar "Azərbaycan" qəzeti də öz nəşrini dayandırdı. Cümhuriyyət dövrü hadisələrini, eləcə də onun bir sıra liderlərinin, xüsusilə Ceyhun Hacıbəylinin fəaliyyətini yüksək dəyərləndirən müəllif burada maraqlı bir müqayisə aparır - əsrin əvvəllərində əldə edilmiş müstəqilliyin əsrin sonlarında yenidən bərpası dövründə nəşr edilən dövlət qəzetinin xələfi olan "Azərbaycan" qəzetinin "müstəqilliyin daimi, əbədi və sarsılmaz olması üçün mübarizə aparan demokratik qüvvələrin yanında, bu mübarizənin yenilməz komandanı olan ulu öndər Heydər Əliyevlə birlikdə olmasından" böyük qürur hissi keçirdiyini qeyd edir. Cümhuriyyət dövründəki adını yenidən bərpa edib xalqımızın müstəqilliyi uğrunda əsrin sonlarında "Azərbaycan" qəzetinin nəşrə başlaması onun yeni və unudulmaz tarixi xidmətlərindən biri idi. Müəllif haqlı olaraq qəzetin bütün sonrakı dövrlərdə öz mövqeyində qalmasını, hər bir təqvimi tarixə çevrilən ötən illərdə ölkəmizin gündən-günə yüksəlməsini və inkişaf yoluna çıxmasını, demokratiyanın, insan hüquqlarının genişləndirilməsi sahəsində əldə edilən uğurların öz səhifələrində ardıcıl şəkildə əks etdirilməsində qəzet kollektivinin əməyini yüksək dəyərləndirir.
Kitabın "Müstəqilliyimizin rəmzi" adlanan birinci fəsli "Azərbaycan" qəzetinin əsasən nəşr tarixi məsələlərini əhatə edir. Burada İxtiyar Hüseynli və Samir Mustafayevin "Azərbaycan"ın ilk nömrəsinin izi ilə" yazısında qəzetin Gəncədə çap olunmuş sayları ilə yanaşı, yubiley ərəfəsində görülən işlərdən, qəzetin son beş ildə çap edilmiş saylarının elektron versiyasının hazırlanmasından, Gəncədə keçirilən yubiley şənliklərində oxucu marağından, Gəncənin mədəniyyət müəssisələrinin qəzetin 90 illiyinə bəxş etdiyi töhfələrdən, ziyalıların "Azərbaycan"ın dünənki və bugünkü durumuna münasibətlərindən söz açılır. Topluda maraq doğuran yazılardan biri "Gəncədə işıq üzü görən "Azərbaycan" adlanır. Yazıçı-publisist Əhməd İsayevin bu yazısında maraqlı bir tarixi hadisə xatırlanır. Müəllif yazır: "Qəzetin ilk nömrəsi çox əlamətdar bir günə təsadüf edir. 1918-ci il 15 sentyabr! Bu, doğma Bakının rus-erməni birləşmələrindən azad edildiyi tarixi bir gündür. Qəlbləri coşduran, ürəkləri riqqətə gətirən bu müjdəni ilk olaraq "Azərbaycan" qəzeti sevinclə, fərəhlə aləmə yaydı. Qəzetin ən baxımlı yerində oxuyuruq: "Dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: "Bakı şəhəri 15.09.18 saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu. Qafqaz İslam Ordusunun komandanı Tarik Nuri". Elə həmin nömrədə Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyskinin adından Nuru paşaya cavab teleqramı dərc edilib.
Əhməd İsayev daha sonra qəzetdə məqalələrlə çıxış edən Nağı bəy Şeyxzamanlının, Əhməd Cavadın, Nəsib bəy Yusifbəylinin, Adil xan Ziyadxanlının, Hüseyn Bayqaranın, Mirzə Bala Məmmədzadənin və başqalarının qəzet səhifələrində çap edilən bədii, siyasi-publisistik yazıları barədə maraqlı məlumatlar verir. Müəllif "Azərbaycan" qəzetinin bugünkü uğurlarını da yüksək dəyərləndirir. "Azərbaycan" qəzetinin 90 illiyinin qeyd edilməsini mətbuat tariximizin mühüm hadisəsi kimi dəyərləndirir.
"Azərbaycan" stolüstü qəzetimizdir. Biz hər gün onu oxuyur, müstəqil respublikamızda gedən ictimai-siyasi proseslərlə tanış oluruq. Ölkə həyatının ən müxtəlif mərhələlərində "Azərbaycan"ı həmişə sağlam, sabit mövqedə görmüşük. "Azərbaycan" daim obyektivdir, cəsarətlidir və ədalətlidir. Həyatdakı müsbət cəhətləri vaxtında görür, yazır, təbliğ edir. Neqativ hallara da laqeyd qalmır, nöqsanları, qüsurları tənqid atəşinə tutur, vəziyyətin nizamlanması üçün konkret yollar göstərir. Sevimli qəzetimiz olan "Azərbaycan" müstəqil ölkəmizin coşqun inkişafını, onun dünya miqyasında artan nüfuzunu müntəzəm surətdə dolğun, dəqiq işıqlandırır. Bu şərəfli işdə "Azərbaycan"a uğurlar arzulayırıq".
Topluda verilmiş Asif Rüstəmlinin "Azərbaycan" qəzetinin Gəncə dövrü", "Azərbaycan" qəzetinin Bakıya köçməsi" məqalələri, Rəsmiyyə Rzalının "Azərbaycan belə bir dövrdə dünyaya gəldi" yazılarında qəzetin nəşri ilə bağlı bir sıra maraqlı məsələlər diqqət önünə çəkilir. Soraq-məlumat kitabında mətbuat tariximizin tanınmış tədqiqatçıları Bakı Dövlət Universitetinin professorları Şamil Vəliyevin və Alxan Bayramoğlunun "Azərbaycan" qəzetinin nəşr tarixi və qəzetin ayrı-ayrı korrespondensiyaları barədə yeni dəyərli məlumatlarla zəngin məqalələrində də maraqlı faktlar əks olunmuşdur. Bütün bunlar isə qəzetin mahiyyətinin oxucu üçün açılmasına böyük kömək olmaqla yanaşı, onun tarixi xronologiyasını öyrənmək baxımından önəmlidir.
Kitabın ikinci fəsli "Cümhuriyyət dövrünün "Azərbaycan"ı ensiklopedik qəzetdir" adlanır. Burada qəzetin yubileyi ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "dəyirmi masa"nın çox maraqlı materialları verilmişdir. "Dəyirmi masa"da Əflatun Amaşovun, Bəxtiyar Sadıqovun, akademik Ziyad Səmədzadənin, Elçin Şıxlının, Rəşid Məcidin, Akif Aşırlının, Alxan Bayramoğlunun, Cahangir Məmmədlinin, Asif Rüstəmlinin, Qərənfil Quliyevanın, Rəhim Hüseynzadənin və başqalarının qəzetin dünəninə və bügünkü fəaliyyətinə ümumi bir baxış əks olunur, görülən işlər yüksək dəyərləndirilir. Akademik Ziyad Səmədzadə göstərir ki:
- "Azərbaycan" qəzetinin 90 illik yubileyi Azərbaycan xalqı üçün əlamətdar bayramdır... Biz bu gün "Azərbaycan" qəzetinin materiallarını izləməklə respublikanın yaxın 15 ildə keçdiyi inkişaf yolu haqqında dolğun təsəvvürə malik ola bilərik". Bundan sonra isə qəzetin ilk redaktorları - Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Salman Mümtaz, Fərhad Ağazadə barədə ensiklopedik məlumatlar və qəzetin bəzi məqalələrindən nümunələr verilir.
Topluda diqqəti cəlb edən maraqlı yazılardan biri də İradə Əliyevanın "Azərbaycanın ilk qadın jurnalisti" məqaləsidir. Burada xalqımızın görkəmli ziyalı xanımı, şöhrətli pedaqoq və publisist Şəfiqə xanım Əfəndizadənin "Azərbaycan" qəzetində böyük can yanğısı ilə çap etdirdiyi məqalələrdən söz açılır. Müəllif qəzetdə milli-azadlıq hərəkatı, qadın azadlığı, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik islahatlarından bəhs edən yazılarla yanaşı, maarif-mədəniyyət, təhsil məsələləri, qadın hüquqsuzluğuna etirazı, Azərbaycan qadınının cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilməsini arzulayan, bu yolda ardıcıl mübarizənin zəruriliyi ilə bağlı yazıları barədə məlumat verir. Bütün bunlarla yanaşı, müəllif Şəfiqə xanım Əfəndizadənin mənalı və şərəfli həyat yolundan söz açıb onun cəmiyyətdə ziyalılıq uğrunda yorulmaz mübarizəsini xatırladaraq yazır: "Ziyalı təfəkkürünün formalaşmasında üç mühüm amilin - ailə, mühit və cəmiyyətin təsiri danılmazdır. Bu mənada Şəfiqə xanım Əfəndizadənin yüksək təhsil almasında, milli ruhlu ziyalı kimi yetişməsində doğulub boya-başa çatdığı ailənin də mühüm və ciddi təsiri olmuşdur. 1882-ci ildə Gürcüstanın Astxuri kəndində - dövrünün görkəmli pedaqoqu və ziyalısı olan Məmmədəmin Şeyxzadənin ailəsində dünyaya göz açmış Şəfiqə xanım bacısı Səidə ilə birlikdə ilk təhsilini atasından almışdır". Məqalədə bundan sonra onun təhsil illəri, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəal iştirakı barədə maraqlı məlumatlar verilir.
Topluda Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşı M.Teymurovun, qəzetin ilk redaktorları - Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və müəllifləri Salman Mümtazın, Fərhad Ağazadənin, eləcə də Umgülsümün qəzetin nəşrə hazırlanmasındakı xidmətləri barədə ətraflı məlumatlar verilir. Müəllifləri - "Umgülsüm" adlı maraqlı yazıda Seyid Hüseynin istintaqı, məhkəməsi, Qum adasında Xəzərin qoynuna atılması, az sonra onun vəfalı həyat yoldaşı Umgülsümün də Sibirə sürgün edilib, 8 illik zindan həyatını başa vurması, vəfatı əks olunmuşdur. Onun "Azərbaycan" qəzetində çap olunmuş məqalələri, günümüzə gəlib çatmış şeirləri, hekayələri böyük ziyalı xanımın Azərbaycan xalqının xoşbəxt gələcəyinə necə böyük ümid bəslədiyini göstərir.
Toplunun sonrakı hissəsində Qori Müəllimlər Seminariyasının azərbaycanlı tələbələri, onların həyat və fəaliyyəti barədə Rəsmiyyə Rzalının, Qərənfil Dünyamalıqızının qeydləri və verilən fotoşəkillərdə tariximizin yaddan çıxmayan bir sıra ziyalılarının əməyindən xəbər verilir. Burada "Azərbaycan" qəzeti səhifələrində Üzeyir Hacıbəyovun indiyədək bir çox nəşrlərə düşməyən məqalələri öz əksini tapmışdır, Qarabağ və Naxçıvan haqqında yazılarda "Azərbaycan" qəzetinin qısa nəşri dövründə xalqın həyatı üçün nə qədər aktual problemləri önə çəkdiyini bir daha əyani şəkildə nümayiş etdirir.
Kitabın "Azərbaycan" nədən və necə yazır" adlı üçüncü fəslində də maraqlı yazılar toplanmışdır. Bunlar içərisində Nizaməddin Şəmsizadənin, Müşfiq Atakişiyevin, Xalid Niyazovun, Nurlana Əliyevanın, Akif Aşırlının, akademik Hüseyn Əhmədovun, Habil Həmidovun, Elşad Abdullayevin yazılarında "Azərbaycan" qəzetinin səhifələrində günün ən aktual problemlərinə vaxtaşırı toxunulduğu və qəzetin ətrafında görkəmli ziyalılardan - akademik Mahmud Kərimovun, Abel Məhərrəmovun, Əhliman Əmiraslanovun, İsa Həbibbəylinin, professorlardan Seyfəddin Qəndilovun, Əli Həsənovun, İsmayıl Əliyevin, Milli Məclisin deputatlarından Fəttah Heydərov, Əli Əhmədov, Yaqub Mahmudov kimi görkəmli elm və mədəniyyət xadimlərinin olması xüsusi iftixar hissi ilə qeyd edilir. Bu müəlliflərin qəzetin səhifələrindəki yazılarında ölkənin, dövlətin, xalqın və bütün vətəndaşların marağına xidmət edən məsələlər gündəmə gətirilir, bir çox hallarda isə problemlərin həll edilmə yolları öz geniş şərhini, izahını tapır. Xüsusilə yeni tarixi şəraitdə ulu öndər Heydər Əliyevin nəzəri irsi, onun öyrənilmə zərurətinin praktikada tətbiqi, ölkənin qarşısında duran vəzifələr qəzetin daim diqqət mərkəzindədir. "Azərbaycan" qəzeti səhifələrində belə məzmunlu proqram əhəmiyyətli yazılar içərisində görkəmli dövlət xaldimi, akademik Ramiz Mehdiyevin günün aktual problemlərinə həsr edilmiş dərin ictimai-siyasi və fəlsəfi məzmunlu yazılarında ölkə qarşısında duran problemlərin yüksək nəzəri səviyyədə öyrənilməsinin vacibliyi qeyd olunmuşdur. Ümumilikdə isə akademik Ramiz Mehdiyevin qəzet səhifələrində verilən məqalələrində qloballaşma dövründə tarixin yeni nizamının formalaşması, bu mərhələdə Azərbaycan xalqının qarşısında duran bugünkü və sabahkı vəzifələr barədə proqram xarakterli mülahizə və baxışlar Azərbaycanda fəlsəfi fikrin inkişafına mühüm təkan olmaqla Heydər Əliyevin qurduğu milli dövlətçiliyin gələcək perspektivləri, onun uğurlu sabaha səmtlənən yolunun yeni tarixi şəraitdə başlıca inkişaf prinsipləri müəyyənləşdirilir.
Bu məsələlərdən bəhs edən professor S.Qəndilov aşağıdakı fikirlərində tamamilə haqlıdır: "Akademik Ramiz Mehdiyevin əsərləri ilə bağlı "Azərbaycan" qəzetində müxtəlif müəlliflərin dərc edilən rəyləri də çox qiymətlidir. Bu rəyləri çox sanballı alimlər, mütəxəssislər yazıblar. Həmin rəylərin hamısı ilə tanışam. Akademik Ramiz Mehdiyevin əsərləri o rəylərdə çox peşəkarlıqla təhlil edilir və mahiyyəti açılır, geniş oxucu kütləsinə çatdırılır. Bu, "Azərbaycan" qəzetinin fəaliyyətində müsbət məqamlardan biri, gördüyü çox əhəmiyyətli işdir.
Digər tərəfdən, "Azərbaycan" qəzetinin bu istiqamətdə gördüyü işlərdə bir vacib cəhəti də qeyd etmək istəyirəm. "Azərbaycan" qəzetinin səhifələrində Heydər Əliyev haqqında təkcə alimlərin deyil, praktiki işçilərin, onu yaxından tanıyan və təmasda olan adamların yazılarının, xatirələrinin də dərc edilməsi təqdirəlayiq, həm də çox faydalı işdir. Heydər Əliyevlə bağlı istər vaxtilə dövlət təhlükəsizlik orqanlarında, istərsə inzibati orqanlarda işləmiş və tez-tez təmasda olmuş adamların konkret gördükləri işlərə Heydər Əliyevin münasibətilə ilə bağlı yazılar çox əhəmiyyətli və qiymətlidir, gələcək üçün vacib, lazımlı materiallardır.
Xüsusilə də "Azərbaycan" qəzetinin tutduğu prinsipial yaradıcılıq mövqeyi, dərc etdiyi məqalələrin yüksək mahiyyəti ulu öndər Heydər Əliyevin yoxluğunun acısını azaldır".
Bu bölmədə Milli Məclisin sədr müavini Bahar Muradovanın, deputatlardan Əli Əhmədovun, Eldar İbrahimovun, eləcə də Ədalət Vəliyevin və Azay Quliyevin "Azərbaycan" qəzetinin ölkənin iqtisadi-siyasi və mədəni həyatının inkişafına göstərilən dövlət qayğısı, bu sahədə Heydər Əliyevin yorulmaz fəaliyyətinin əsas məsələlərinin yüksək peşəkarlıqla işıqlandırılması xüsusi vurğulanır. "Azərbaycan" qəzeti əməkdaşlarının ziyalılardan aldığı müsahibələr içərisində Ə.Amaşovun qəzetin müasir dövr fəaliyyətində mənəvi-əxlaqi tərbiyə, Elşad Abdullayevin Azərbaycanda hüquqi və demokratik ab-havanın formalaşmasında qəzetin fəaliyyəti təqdir olunur.
Kitabın bu fəslində ölkənin iqtisadi həyatının əksi məsələlərinə qəzet səhifələrində geniş yer verilməsindən də söz açılır. Professor İzzət Rüstəmovun maraqlı bir yazısında isə "Azərbaycan" qəzeti zəmanəmizin görkəmli ictimai-siyasi tribunası hesab edilir.
Kitabın "Sürətli inkişaf və tərəqqi dövrünün salnaməsi" adlanan dördüncü fəsli "Azərbaycan" qəzetinin 90 illiyi ilə əlaqədar Milli Məclisin Sədri Oqtay Əsədovun "Azərbaycan" qəzeinin kollektivinə təbrik məktubu ilə başlayır.
Bundan sonra "Azərbaycan"ın bugünündən, qəzetin şəhid Elgün İsmayılov adına mükafatından, onun laureatlarından, gələcək ümidlər və planlardan, yubiley münasibətilə "Gülüstan" sarayında keçirilən təntənəli mərasimdən söz açılır.
"90 yaşın mübarək" adlanan sonuncu fəsil foto-xatirə nümunələri ilə tamamlanır və tarixin müxtəlif məqamlarını, hadisələrini və eləcə də mətbuat tariximizdə daim yaşayacaq unudulmaz şəxsiyyətlərin xatirəsini bir daha yaddaşa qaytarır.
Bütövlükdə "Azərbaycan-90" kitabı əsrin başlanğıcından XXI yüzilliyə körpü salmaqla xalqımızın azadlıq və demokratiya, yüksək iqtisadi inkişaf uğrunda mübarizəsinin təntənəsini, müstəqilliyimizin daimi, sarsılmaz və əbədilik yolunun solmaz səhifələrini bir daha yaddaşlara həkk edir.
Azad NƏBİYEV,
AMEA-nın müxbir
üzvü, professor
Azərbaycan.-2008.-28 dekabr.-S.6.