Memarlığa diqqət artır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Memarlar İttifaqının illik yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir. Tədbiri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Memarlar İttifaqının sədri Abbas Ələsgərov açaraq iştirakçıları salamladı. Sədrin birinci müavini, memar Elbəy Qasımzadə görülən işlərdən, ilin uğurlarından danışaraq bildirdi ki, hazırda ittifaqın 459 nəfər üzvü var.
Ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə Memarlar İttifaqının binası əsaslı təmir olunmuş, yaradıcılıq üçün bütün lazımi şərait yaradılmışdır. Son bir ildə memarlara dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində onların maddi vəziyyətləri yaxşılaşdırılmışdır. 5 memar "əməkdar memar" adına, üç nəfər isə Prezident təqaüdünə layiq görülmüş, ittifaqın idarə heyətinin qərarı ilə işləməyən memarlar üzvlük haqqı verməkdən azad edilmiş və bir qrup memara maddi yardım göstərilmişdir. Memarlar İttifaqı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Az.MİU) birgə təşəbbüsü ilə "Müstəqillik dövrünün ən yaxşı tikilişi" və "Müstəqillik dövrünün ən yaxşı layihəsi" nominasiyaları üzrə ölkədaxili və beynəlxalq müsabiqələr keçirilmiş, qaliblərə diplom və pul mükafatları verilmişdir. Az.MİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın təşəbbüsü və bilavasitə rəhbərliyilə ilk dəfə olaraq beynəlxalq müsabiqədə bu ali təhsil ocağının 4 tələbəsi böyük uğurla iştirak etmişdir.
E.Qasımzadə qeyd etdi ki, Memarlar İttifaqı tərəfindən ilk dəfə olaraq M.Hüseynov adına xüsusi mükafat - medal, eyni zamanda "Ustad memar" fəxri adı təsis edilmişdir. 2008-ci ildə ilk dəfə olaraq beynəlxalq memarlıq gününün qeyd edilməsi əlamətdar hadisəyə çevrilmişdir. Ümumiyyətlə, Memarlar İttifaqının son bir ildə qazandığı uğurlar əvvəlki illərdən öz kəmiyyət və keyfiyyət göstəriciləri ilə fərqlənmişdir.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdiri Allahverdi Əliyev "Müstəqillik dövrünün ən yaxşı tikilisi" və "Müstəqillik dövrünün ən yaxşı layihəsi" nominasiyalarının keçirilməsi və onların qalibləri haqqında məlumat verərək I-III dərəcəli və həvəsləndirici diplomları, pul mükafatlarını onlara təqdim etdi.
Yüksək peşəkarlıq dərəcəsinə görə bir qrup memara "Ustad memar" şəhadətnamələrinin verilməsi barədə komitənin şöbə müdiri Zülfüqar Məmmədov məlumat verərək bildirdi ki, ittifaq ilk dəfə olaraq 20 peşəkar və 4 tələbə memar ilə Beynəlxalq Memarlar İttifaqı Baş Assambleyasının bu ilin 3-6 iyulunda İtaliyanın Turin şəhərində keçirilən 24-cü konqresində iştirak etmişdir. Mərasimdə 17 nəfərə "Ustad memar" şəhadətnaməsi təqdim edilmişdir.
Daha sonra yığıncaqda əməkdar memar, Prezident təqaüdçüsü, memarlıq doktoru Şamil Fətullayevin 80 illik yubileyi də qeyd olunmuşdur. Azərbaycan memarlıq tarixinin inkişafında böyük xidmətləri olan Ş.Fətullayevin həyat və yaradıcılığı haqqında ətraflı söz açan Az.MİU-nun rektoru, professor Gülçöhrə Məmmədova nəzərə çarpdırdı ki, Ş.Fətullayev 1928-ci il dekabrın 24-də Bakıda anadan olmuşdur. O, 1953-cü ildə indiki Texniki Universitetin memarlıq-inşaat fakültəsini, 1956-cı ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasını bitirmişdir. 1963-cü ildə namizədlik, 1979-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Alim Azərbaycanın memarlıq elmində yeni bir fəslin yaradıcısıdır. Onun tədqiqatları XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanın, o cümlədən Bakının şəhərsalma tarixini əhatə edərək memarlıq irsimizin mindən çox öyrənilməmiş abidəsini elmə daxil etmişdir. Bu tədqiqatlar müasir memarlığın formalaşmasında böyük əhəmiyyət kəsb etmiş, həmin prosesin iştirakçısı olan Avropa, rus memarları ilə yanaşı, ölkə memarları və inşaat mühəndislərinin yaddan çıxmış adlarını da tariximizdə yenidən bərpa etmişdir.
Natiq vurğuladı ki, alim Ş.Fətullayev çoxsaylı fundamental əsərlərin müəllifi kimi xarici ölkələrdə tanınır və sevilir. Alimin məhsuldar fəaliyyəti nəticəsində memarlıq elmimizə iki mindən artıq abidə daxil edilmiş və onlardan 850-si Bakıda yerləşir. Tədqiqatçının uzun illərin elmi axtarışlarının nəticəsi olaraq yazdığı "XIX-XX əsrin əvvəllərində Bakının şəhərsalması" (1978), "Azərbaycanın şəhərsalması və memarlığı XIX-XX əsrin əvvəllərində" (1986), "Azərbaycan məscidləri" (1996), "Bakının memarlıq ensiklopediyası" (1998), "Qacar dövründə İran şəhərlərinin istinad planları" (2000), "Abşeronun memarlığı" (2003) və digər sanballı kitabları memarlıq elmimizə verdiyi dəyərli töhfələrdir.
Görkəmli alim Ş.Fətullayev Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti və akademiki, AMEA-nın müxbir üzvü, Beynəlxalq Memarlıq Akademiyasının (Moskva) müxbir üzvü, Türk Sənəti üzrə Beynəlxalq Konqresin həqiqi üzvü, dövlət mükafatı laureatı və Prezident təqaüdçüsüdür. Alimin rəhbərliyi altında 15 namizədlik və 4 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Alimə xoş arzularını bildirən natiq ona tər çiçəklər və hədiyyə təqdim etdi.
Sonra Azərbaycan Memarlar İttifaqının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, alimin tələbələri və onun sənətini sevənlər çıxışlar etdilər.
Adilə QOCAYEVA
Azərbaycan.-2008.-28 dekabr.-S.6.