Bakı Metropoliteninin "İçərişəhər" stansiyası yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Dekabrın 29-da Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. "İçərişəhər" (keçmiş -Bakı Soveti) Bakı Metropoliteninin ilk stansiyalarından biridir 1967-ci ildən fəaliyyət göstərir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayından başlanmış, buna 15 milyon manat vəsait ayrılmışdı. Bunun 10 milyon manatı yuxarı vestibül, qalanı isə aşağı vestibül yerləşən hissənin yenidən qurulmasına sərf olunmuşdur. Tamamilə yeni görkəm alan stansiya binası paytaxtda müasir memarlığın ən gözəl nümunələrindən biridir. Stansiyanın giriş hissəsi piramida şəklindədir. Onun konstruksiyası metal şəffaf şüşədən quraşdırılmışdır. Üçqat şəffaf şüşədən ibarət konstruksiya vizual tanışlığa geniş imkan açır, içəridən bayır tərəfi, bayırdan isə içərini aydın görmək mümkündür.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Prezident İlham Əliyevə xanımı Mehriban Əliyevaya yenidənqurma işləri barədə geniş məlumat verərək dedi ki, layihə uğurla reallaşdırılıb, burada qədimiliklə müasirlik üzvi şəkildə uzlaşdırılmışdır.

Prezident İlham Əliyev stansiyanın yenidən açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına bildirildi ki, stansiyanın üst vestibülünün sahəsi 2500 kvadratmetr, xaricdən hündürlüyü isə İçərişəhərin qala divarlarının hündürlüyü qədər - 14 metrdir. Burada sərnişinlərin rahat-gediş gəlişi üçün hərtərəfli şərait yaradılıb. Yenidənqurma zamanı Amerika Birləşmiş Ştatları, Türkiyə, Yaponiya, Almaniya digər ölkələrdən gətirilmiş tikinti materiallarından istifadə olunmuşdur. Müasir işıqlandırma sistemi stansiyaya əlavə yaraşıq verir.

Prezident İlham Əliyev eskalatorla aşağı vestibülə düşdü. Stansiyada 3 eskalator var. Gələn il burada Almaniyanın "Tisson" firmasının istehsalı olan yeni eskalatorlar quraşdırılacaqdır. Aşağı vestibülün sahəsi 1200 kvadratmetrdir. Stansiyanın yenidən qurulmasında 3000 kvadratmetr düralüminium lövhələrdən, 2300 kvadratmetr mərmərdən, 1700 kvadratmetr kaşıdan istifadə olunmuşdur.

Stansiyanın aşağı vestibülündə hər iki perronun divarlarında köhnə Bakının Fransada hazırlanmış 16 mənzərəsi təsvir olunmuşdur. Aşağı vestibüldə İçərişəhərin Qala divarının bir fraqmenti tikilmişdir.

Prezident İlham Əliyev stansiyanın perronlarına da baxdı.

Dövlətimizin başçısına məlumat verildi ki, Bakı Metropoliteninin 20 illik inkişaf planına uyğun olaraq, hər il bir stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda metropolitenin 21 stansiyası fəaliyyət göstərir, qatarların hərəkət intervalı 2 dəqiqə, "İçərişəhər" stansiyasında isə interval 4-5 dəqiqə təşkil edir.

Stansiyada yenidənqurma işlərini İsrailin "İsahouri" firması həyata keçirmişdir. Bu işlərdə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya digər ölkələrin mütəxəssisləri yaxından iştirak etmişlər.

Bakı metrosunun ilk stansiyalarından birində aparılmış yenidənqurma işlərindən razı qalan Prezident İlham Əliyev müvafiq tövsiyə tapşırıqlarını verdi.

 

AzərTAc

 

Azərbaycan.-2008.-30 dekabr.-S.1.