Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da güclənir

 

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sferada da əməkdaşlıq intensiv şəkildə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanda uğurla həyata keçirilən ordu quruculuğunda ölkəmizin əsas strateji tərəfdaşı kimi məhz Türkiyə çıxış edir. İki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səylər indi də davam etdirilməkdədir.

 

Bu mənada, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin təmsilçiləri arasında dekabrın 22-dən 24-dək keçirilən yüksək səviyyəli hərbi dialoq da xüsusi əhəmiyyət kəsb edir. Hərbi dialoqda iştirak etmək üçün Azərbaycana gələn Türkiyə nümayəndə heyətinə bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hasan İğsız rəhbərlik edib. Türkiyə nümayəndə heyətinin tərkibinə Quru qoşunları, Hərbi Hava, Hərbi Dəniz qüvvələri, eləcə də Müdafiə Sənayesi və Jandarmeriya komandanlığının təmsilçiləri daxil olub.

Hərbi dialoq başlamazdan əvvəl Türkiyə nümayəndə heyəti Prezident İlham Əliyevin qəbulunda olub. Azərbaycan Prezidenti ilə görüş zamanı bir daha iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi və hərbi sahədə də əlaqələrin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Yüksək səviyyəli hərbi dialoqun bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyindən əminlik ifadə olunub.

Dekabrın 22-dən etibarən isə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyədən gələn nümayəndə heyəti arasında hərbi dialoq başlanıb. Dialoqa Azərbaycan tərəfindən Müdafiə Sənayesi, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələri də qatılıb.

İki ölkənin güc strukturları arasında yüksək səviyyəli hərbi dialoqun keçirilməsinə dair razılaşma ötən ilin fevralın 26-da Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arasında imzalanıb. Cari il iyun ayının 3-4-də imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq hərbi dialoq çərçivəsində yaradılan işçi qrupun iclası keçirilib. İclas zamanı dekabrda keçirilməsi planlaşdırılmış yüksək səviyyəli hərbi dialoqda müzakirə olunacaq məsələlərin siyahısının hazırlanması üzrə qrupa tapşırıqlar verilib. İşçi qrupun hazırladığı məsələlər ətrafında isə dekabrın 22-dən 24-nə kimi Bakıda geniş müzakirə aparılıb. Hər iki tərəf üçün kifayət qədər faydalı olan müzakirələrdə hərbi əməkdaşlığın bundan sonra daha geniş miqyasda davam etdirilməsi qərarına gəlinib və bu istiqamətdə bir sıra mühüm razılaşmalar əldə olunub. Gələcəkdə də belə dialoqların davam etdirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə diqqət yetirilən vacib məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Türkiyə tərəfinin təmsilçiləri bir daha Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə hələlik öz həllini tapa bilməyən bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bəyan ediblər.

Politoloqların böyük əksəriyyəti isə bu növ dialoqların nəticəsi olaraq iki ölkə arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni və daha məhsuldar mərhələyə keçəcəyini və regionun taleyinə təsir göstərən vacib hərbi müqavilələrin imzalanması ilə yekunlaşacağını qeyd edirlər. Məsələn, Türkiyədə yerləşən Avrasiya Araşdırmalar Mərkəzinin eksperti Arif Kəskin bununla əlaqədar qeyd edir: "Bakıya gələn Türkiyə nümayəndə heyətinin tərkibi yaxın vaxtlarda Azərbaycan və Türkiyə arasında daha böyük əhəmiyyətə malik əsgəri müqavilələrin imzalanacağından xəbər verir. Əslində, Azərbaycan və Türkiyə arasında belə hərbi müqavilələrin imzalanması çoxdan gözlənilir və bu, hər iki dövlətin mənafeyinə tam cavab verir".

Arif Kəskin onu da bildirir ki, Ankara Bakıda keçirilən hərbi dialoqla daim Azərbaycanın yanında olduğunu beynəlxalq ictimaiyyətə, o cümlədən Ermənistana çatdırmış olub: "Türkiyə Ermənistanla dialoqa başladıqdan sonra belə fikirlər dolaşırdı ki, Ankara Azərbaycanı dəstəkləməkdən vaz keçir. Ancaq iki ölkə arasında yeni hərbi müqavilənin imzalanması ilə Ankara Azərbaycanı heç vaxt tək buraxmayacağını göstərir".

Politoloq bildirir ki, Azərbaycan Türkiyənin təkcə türk dünyasında yox, həm də bütün Avrasiya məkanında çox vacib müttəfiqidir. Bu mənada, Arif Kəskin qeyd edir ki, Ankara Bakını heç vaxt öz problemlərilə yalnız buraxmayacaq: "Hərbi müqavilənin imzalanması ilə Ankara həm də Azərbaycanın düşmənlərinə belə bir mesaj verir ki, bu ölkəyə xoş münasibət bəsləməyənlər qarşılarında həm də Türkiyəni görəcək".

Bu mesaj xüsusilə Ermənistana aiddir ki, o, Dağlıq Qarabağ məsələsinin həllini çox da uzatmağa cəhd etməsin.

Arif Kəskin bildirir ki, Azərbaycanla hərbi əlaqələrini gücləndirməklə Ankara həm də özü üçün bir neçə strateji məsələni həll etmiş olur. Əvvəla, bu, Türkiyənin Azərbaycan vasitəsilə regionda aparıcı dövlətlərdən birinə çevrilməsini təmin etmiş olur.

Digər tərəfdən, hərbi əlaqələrini möhkəmləndirməklə Bakı və Ankara Qafqazda birgə siyasətlərini daha yaxşı səviyyədə reallaşdırmaq imkanı əldə edir və bu, regiondan keçən enerji kəmərlərinin təhlükəsizliyində də mühüm rol oynayır: "Türkiyə və Azərbaycan eyni millətdir. İki qardaş xalq arasında hərbi müqavilələrin olmasında da qəribə heç nə yoxdur".

Türkiyə Azərbaycanda ordu quruculuğu prosesinin NATO standartlarına uyğunlaşmasında da ölkəmizin əsas müttəfiqlərindən biri sayılır. Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Quru Qoşunları, Hərbi Hava Qüvvələrinə, Hava Hücumundan Müdafiə Qoşunlarına, Hərbi Dəniz Qüvvələrinə, Daxili Qoşunlara və Milli Qvardiyaya müxtəlif formada yardımlar edilib. Son on il ərzində belə yardımların miqdarı 175 milyon dolları keçib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodların modernləşməsində də Türkiyə şirkətləri yaxından iştirak edirlər.

Ordumuzun kadr ehtiyatlarının təmin olunmasında da Türkiyə tərəfi vacib rol oynayır. Azərbaycandan hərbi təhsil üçün Türkiyəyə mütəmadi olaraq kursantların göndərilməsi, həmçinin ölkənin ali hərbi məktəblərinə tədris məqsədilə Türkiyədən mütəxəssislərin dəvət edilməsi bunun göstəricisidir.

Türkiyədən Azərbaycana gələn ordu nümayəndələri isə etiraf edirlər ki, Azərbaycanda ordu quruculuğu və silahlı qüvvələrin müasirləşdirilməsi, müvafiq əsgəri texnika ilə təhciz olunması prosesi çox yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Ordusunun NATO standartlarına keçidində də çox böyük nailiyyətlərin əldə olunduğu, hazırda Azərbaycanın Cənubi Qafqazın ən güclü ordusuna malik olduğu bildirilir.

Ermənistanda isə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı böyük narahatlıqla izlənir və bu əlaqələrin Qarabağ münaqişəsinin həllində vacib rol oynayacağından narahatlıq duyulur. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qeyd edir ki, hazırda rəsmi Yerevanın qarşısında duran əsas məsələlərdən biri məhz Qarabağ probleminin tezliklə həlli ilə bağlıdır. O, belə hesab edir ki, Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının daha da gücləndirilməsi bu münaqişə ətrafında Ermənistanın mövqelərini zəiflədəcək. Çünki Türkiyə Dağlıq Qarabağ probleminin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir və Ermənistanla münasibətlərinin yalnız bundan sonra normallaşa biləcəyini bəyan edir. Bu fakt Türkiyənin xarici işlər naziri Əli Babacan tərəfindən də təsdiq olunub: "Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələlər eyni vaxtda öz həllini tapmalıdır".

Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan "Azq" qəzeti isə bununla əlaqədar yazır: "Azərbaycanın Türkiyə ilə hərbi əlaqələri indi daha sürətlə inkişaf etməyə başlayıb və şübhə yoxdur ki, bu, Azərbaycanın hərbi gücünün artmasında mühüm rol oynayır. Belə olan halda, hərbi cəhətdən özünü daha qüdrətli sayan Azərbaycanın Qarabağ münaqişəsinin həllini hərbi müstəviyə keçirmək istəyi daha da artır. Əvvəllər bu ilin avqust ayında Cənubi Osetiya ətrafında baş verən hadisələrdən sonra Azərbaycanın problemin həllində hərbi yola əl atmayacağı gözlənilirdisə, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər bu ümidləri məhv etdi. Azərbaycan Prezidenti bildirdi ki, Bakı münaqişənin həlli üçün hərbi gücdən istifadə hüququnu özündə saxlayır və bundan istifadəyə dair Azərbaycanın üzərinə heç bir qadağa qoyulmayıb. Bu səbəbdən Qarabağ ətrafında cərəyan edən hadisələrin hər an hərbi müstəvidə inkişafı tam realdır".

Göründüyü kimi, Azərbaycanın hərbi qüdrətini artırması və bununla əlaqədar müttəfiq saydığı ölkələrlə, o cümlədən Türkiyə ilə münasibətlərini gücləndirməsi Ermənistanda birmənalı qarşılanmır. Ermənistan hadisələrin bu səpkidə inkişafının onun işğalçı mövqeyini daha da zəiflətdiyini və regional proseslərdən təcrid vəziyyətinə saldığını aydın dərk etməyə başlayır.

 

 

Rasim BAYRAMOV

 

 

Azərbaycan.-2008.-30 dekabr.-S.2-9.