Azərbaycanda böyük infrastruktur layihələri uğurla icra olunur

 

Müasir dövrdə hər bir dövlətin davamlı iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biri də möhkəm ictimai-siyasi sabitliyin bərqərar olmasıdır. İctimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin təmin edilməsi, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası insanların həyat tərzində əsaslı dəyişikliklər yaratmışdır.

Ölkə iqtisadiyyatının bütün sahələrinin sürətli inkişafı, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açılmasına imkan vermişdir. Respublikamızda həyata keçirilən iqtisadi islahatlar əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Sosial-iqtisadi inkişaf strategiyasının müəllifi olan ümummilli lider Heydər Əliyev neft gəlirlərindən düzgün istifadə edilməsi, "Holland sindromu"na imkan verməmək üçün atdığı məqsədyönlü addımlar Azərbaycanın bugünkü iqtisadi uğurlarını şərtləndirmişdir. Aparılan sistemli tədbirlər nəticəsində ölkə iqtisadiyyatının kompleks inkişafına nail olunmuş, yeni istehsal sahələri genişləndirilmiş, fəaliyyətini dayandırmış bir sira iri müəssisələr işə salınmış, qeyri-neft sektoru sürətlə inkişaf etmişdir. Qəbul edilmiş mühüm fərman və sərəncamlar, dövlət proqramları ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət Proqramında ilk dəfə olaraq sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsalın artırılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Ölkədə qeyri-neft sektorunun inkişafına və iş adamlarının səmərəli fəaliyyətinə xidmət edən "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursunu inamla davam etdirərək dövrün tələblərinə uyğunlaşdıran dövlət başçısı sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər görür. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır.

Dövlət başçısının 11 fevral 2004-cü il tarixdə imzaladığı və uğurla başa çatdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı regionların tarazlı, davamlı inkişafını, qeyri-neft sektorunun möhkəmlənməsini, infrastruktun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına böyük imkanlar açdı. Sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətini təşkil etmişdir.

Prezident İlham Əliyevin 6 mart 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman da respublikamızda sahibkarlığın sürətli inkişafına xidmət edən kompleks tədbirlərin tərkib hissəsidir. Hazırkı mərhələdə istər texniki-istehsal və bazar infrastrukturunun, istərsə də yeni mütərəqqi təsərrüfatçılıq mexanizmlərinin formalaşdırılması son dərəcə vacibdir. Respublikamızda xüsusi iqtisadi zonaların yaradılması obyektiv zərurətdən irəli gəlir. Müasir mərhələdə Azərbaycanın mövcud iqtisadi potensialını səmərəli hərəkətə gətirmək üçün beynəlxalq təcrübənin mənimsənilməsinə geniş yer verilməlidir. Xüsusi iqtisadi zona dedikdə, ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılması məqsədilə yaradılmış, özünün inzibati sərhədi, xüsusi hüquqi rejimi olan ərazi basa düşülür. Bu hüquqi rejimdə bank, vergi, gömrük sistemi ölkənin digər ərazilərindən fərqlənir, müəyyən güzəstlər sistemi tətbiq olunur. Belə iqtisadi zonaların üstünlükləri sırasında, ilk növbədə, etibarlı və sərfəli xidmətlər, vahid infrastruktur, cəlbedici və təhlükəsiz mühit, professional və effektiv menecment, inteqrasiya və əlaqələrin genişləndirilməsi, yüksək imic kimi məqamlar xüsusi vurğulana bilər.

Azərbaycan regionda böyük infrastruktur layihələrini uğurla reallaşdıran ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ötən beş ildə mühüm nəticələr vermişdir. İqtisadiyyatımızın şaxələnməsi, bölgələrin tarazlı inkişafında yol-infrastrukturunun yenidən qurulması da mühüm rol oynamışdır. Bütün bölgələrimizdə, hətta ən ucqar kənd olan Xınalığa da yüksək tələblərə cavab verən avtobomil yollarının çəkilişi paytaxtla bölgələr arasında əlaqələrin daha çevik qurulmasına imkan yaratmışdır. Yeni inşa edilən avtomobil yolları respublikanın bölgələrində turizmin inkişafına da mühüm təsir göstərmişdir. Son beş il ərzində paytaxtımızın avtomobil yollarında böyük tikinti-quruculuq işləri aparılmışdır. Paytaxt yollarında tıxac probleminin aradan qaldırılması məqsədilə böyük körpü-tunel kompleksləri, yolötürücüləri inşa edilmiş, prospektlər yenidən qurulmuşdur. Bu günlərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Əzizbəyov dairəsi avtomobil yolu da istismara verilmişdir. Paytaxtın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulmuş, Xətai və Babək prospektlərinin kəsişməsindəki körpü-tunel kompleksi istifadəyə verilmişdir. Prezident İlham Əliyev Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri ilə tanış olarkən demişdir: "Mən çox şadam ki, nəzərdə tutduğumuz bütün planlar istədiyimiz kimi həyatda öz əksini tapıbdır. Həm insanlara rahatlıq, həm də şəhərə gözəllik verəcəkdir. Estetik zövq çox yüksək səviyyədədir və istənilən böyük şəhərə yaraşıq verə biləcək yollardır.

Mən bəlkə də dünyada az böyük şəhər sadalaya bilərəm ki, şəhərin mərkəzinə aeroportdan iki yol olsun. Adətən, bir yoldan istifadə olunur. İkinci yol ola bilər, köməkçi yol kimi istifadə oluna bilər. Amma bizim ən yüksək səviyyədə, böyük keyfiyyətlə, qısa müddət ərzində salınmış iki magistral yolumuz hazırdır. Əminəm ki, gələcəkdə nəzərdə tutduğumuz bütün planlar keyfiyyətlə və bu sürətlə icra olunacadır. Artıq Bakının nəqliyyat infrastrukturunun təkmilləşməsi üçün böyük işlər görülübdür və növbəti illərdə hələ çox işlər görülməlidir".

Azərbaycanda müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində kompleks işlər həyata keçirilir. Paytaxtla regionlar arasında yolların yenidən qurulması üçün layihələr gerçəkləşdirilməkdədir. Ölkənin yol-nəqliyyat şəbəkəsinin beynəlxalq standartlara uyğunlaşdırılması bölgələrlə paytaxt arasında rahat əlaqəni təmin etməklə ümumi inkişafa xidmət edir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2008.-30 dekabr.-S.3.