Televiziya işçilərinə mükafatlar təqdim edilmişdir

 

AzərTAc xəbər verir ki, Milli teleradio günündə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş bir qrup teleradio işçisinə dekabrın 29-da mükafatlar təqdim edilmişdir.

Milli Televiziya Radio Şurasında keçirilmiş mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təltif olunanları həm qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmişdir. O, Prezidentin bu sərəncamlarının Azərbaycanda televiziya mühitinin jurnalistikasının daha da inkişafı istiqamətində bir stimul olduğunu bildirmişdir. Əli Həsənov demişdir: "Azərbaycan dövlətinin teleradio siyasəti günün tələblərinə tam cavab verir. Sizin əməyinizin qiymətləndirilməsi bu siyasətin əsas istiqamətlərindən, prioritetlərindən birini təşkil edir. Düşünürəm ki, bu mükafatlar sizi yeni-yeni uğurlara səfərbər edəcək, sizi sizin kollektivləri daha da yüksək yaradıcılıq uğurlarına səsləyəcəkdir. Beləliklə, biz Azərbaycan teleradio məkanının bundan sonra da inkişafının şahidi olacağıq".

Mükafatlandırılanlardan 9 nəfəri "Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin əməkdaşlarıdır. Eldost Bayramov, Telli Pənahqızı, Mirzə Hüseynov, Sərhəd Qasımov, Əli Məmmədov "Tərəqqi" medalına, Faiq Hüsiyev, İbrahim Məmmədli "Əməkdar jurnalist", Knyaz Mehdiyev "Əməkdar mühəndis" fəxri adlarına, Mövlud Süleymanlı Prezidentin Fərdi təqaüdünə layiq görülmüşlər.

Təltif olunanlar arasında "Lider"in prezidenti Ədalət Əliyev, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, İctimai televiziyanın xəbərlər departamentinin direktoru Natiq Abdullayev, digər kanalların əməkdaşları da var.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin sədri Arif Alışanov onları təbrik etmişlər.

Mərasimdə çıxış edənlər dövlət başçısının təltif barədə sərəncamlarını onların yaradıcılığına göstərilən qayğının təzahürü kimi qiymətləndirmişlər. Az.TV-nin əməkdaşı Telli Pənahqızı demişdir ki, bu mükafat mənim dostlarımın hamısını daha yaxşı işləməyə, doğma vətəni, xalqımızı daha gözəl vəsf etməyə ruhlandıracaqdır. Biz Azərbaycan xalqının, Azərbaycan hökumətinin əsgərləriyik, həmişə onun yürütdüyü siyasətin tərəfindəyik.

Milli Televiziya Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdir ki, Azərbaycan vətəndaşı kimi mən müstəqil dövlətimizin başçısı İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmağıma görə çox şadam, bundan qürur hissi keçirirəm. Hesab edirəm ki, bu mükafat təkcə mənə yox, rəhbərlik etdiyim kollektivin bütün üzvlərinin işinə verilmiş yüksək qiymətdir.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev demişdir ki, bu mükafatları Azərbaycanda quruculuğa, qərəzsizliyə, vicdanlılığa prinsipiallığa verilən qiymət kimi qəbul edirəm. Bu mükafatı ANS-in hər bir əməkdaşına, o cümlədən Azərbaycan tamaşaçısına Azərbaycan xalqına həsr edirəm.

Xatırladaq ki, Milli teleradio günü ilə əlaqədar Prezident İlham Əliyevin 2008-ci il 4 noyabr tarixli sərəncamları ilə 28 nəfər təltif olunmuşdur.

Mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev iştirak etmişdir.

 

 

Azərbaycan.-2008.-30 dekabr.-S.3.