ZAMAN HAQQINDA DÜŞÜNƏRKƏN VƏ ELİTANI TRANSFORMASİYA EDƏRKƏN: VARİSLİK VƏ İNNOVASİYALILIQ

 

Əminəm ki, ölkənin dinamik inkişafı şəraitində tərəqqinin perspektivlərini necə təsəvvür etməyimiz barədə mülahizələrimizi bölüşmək, bu mülahizələri qərarların qəbul edilməsinə və onların həyata keçirilməsinə görə cavabdeh olanlarla əlaqələndirmək zəruridir. Qarşıdakı işlərin uğuru və həyata keçirilən dövlət siyasətinin səmərəliliyi çox vaxt bu və ya digər taleyüklü qərarları kimin və necə reallaşdıracağından asılı olur. Ona görə də açıq danışmaq və hər birimizin bütün bu yolda öz həyat prinsiplərimizə möhkəm inanması lazımdır. Bu prinsiplərin mahiyyəti isə yalnız Vətənə ləyaqətlə xidmət etməkdən ibarətdir.

 

Yeni dövrün

postulatları

 

Mənim doğulub boya-başa çatdığım ölkə bu gün çox dəyişmişdir. Sovet imperiyasının süqut etdiyini bildirən Belovejsk sazişinin imzalanması ilə bu dünyanın nisbətən qısa bir müddətə solğunlaşmış birqütblü şəkil aldığı vaxtdan 17 ildən bir qədər çox keçmişdir. Təbii ki, bu sazişdən əvvəl vaxtilə vahid dövlət olmuş ölkənin parçalanmağa başlamasını göstərən başqa proseslər də getmişdir. Yeltsin, Kravçuk və Şuşkeviç həmin sazişi imzalayanda sovetlər ölkəsinin ümumən yalnız adı qalmışdı, çünki endogen siyasi proseslər onun təməlini çoxdan dağıtmağa başlamış və nəticə etibarilə total parçalanma və iqtisadi durğunluq vəziyyətinə gətirib çıxarmışdı. Etnosiyasi münaqişələr keçmiş dövləti didib-dağıdırdı, bir vaxtlar "qardaş xalqlar" deyilən millətlər yeni ərazilər naminə bir-biri ilə döyüşməyə hazır idilər və bununla da tarixə və müasir bəşəriyyətə yenidən xatırlatmaq istəyirdilər ki, fərdin mahiyyəti demək olar ki, dəyişməz qalır.

Azərbaycan Belovejsk sazişinə 1991-ci il dekabrın 21-də qoşulmuşdur. Biz müstəqilliyimizi hələ oktyabrın 18-də elan etdiyimizə baxmayaraq, qeyri-adi dərəcədə günəşli olan həmin dekabr günündə mən azadlıq havası ilə nəfəs aldım, sanki zamanı dayandırmaq ümidi ilə qarşıdakı möhtəşəm dəyişikliklər barədə fikrə daldım. Hələ üç il əvvəl, 1988-ci ilin may ayında Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar Moskvanın ədalətsiz siyasətinə cavab olaraq kütləvi xalq çıxışlarının başlandığı Azadlıq meydanını xatırladım. Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi etirazçı özəklərin təşkilatçıları ilə keçirdiyim görüşlər, onların öz yığıncaqlarında qaldırdıqları məsələləri müzakirə etməyimiz gözlərim önündə canlandı. Bəlkə də çoxları bunları bilmir və bu sətirlər onlara bir növ kəşf kimi görünəcək, lakin həmin kütləvi çıxışların təşkili və keçirilməsinə özləri kölgədə qalmağa çalışaraq, məhz Azərbaycan Kommunist Partiyası MK-nın bəzi büro üzvləri kifayət qədər mənəvi dəstək göstərirdi. İkili mövqe vəziyyəti ondan irəli gəlirdi ki, Sovet İttifaqı və onun repressiya aparatı hələ mövcud idi. Lakin Mərkəzin düşmənçilik siyasətinin başa düşülməsi bizlərdə – Dağlıq Qarabağdakı separatçılıq əhval-ruhiyyəsini şirnikləndirən Qorbaçov siyasətinin nə kimi təhlükəyə səbəb ola biləcəyini dərk edən insanlarda Azərbaycanın taleyi barədə təşviş doğurmaya bilməzdi.

Cəmiyyətdə o dövrün siyasi elitasının necə formalaşması və onu kimlərin təmsil etməsi barədə düzgün təsəvvür yaranmalıdır. Axı, sirr deyil ki, ölkənin rəhbər orqanlarında işləyənlər arasında həmin taleyüklü vaxtda Mərkəzə qulluq göstərməkdə davam edən və bununla da öz xalqının iradəsinə, onun ərazi bütövlüyünü qorumaq və tarixi ədaləti bərpa etmək cəhdlərinə qarşı çıxanlar da vardı. Xoşbəxtlikdən, millətin həqiqi maraqlarına yabançı olan həmin insanlar bu gün Azərbaycanda yoxdur.

Yəqin ki, indi Sovet İttifaqının nə olması barədə danışmağa dəyməz, çünki əvvəl necə yaşamağımıza və müstəqillik əldə etdikdən sonra nələr qazandığımıza tarix birmənalı qiymətini vermişdir. Müstəqilliyə və azadlığa can atmaq bəşəriyyət üçün həmişə dünyanın mahiyyətini dərk etməyin yüksək və müqəddəs məqamı olmuşdur. Daim başqa dövlətlərin əsarəti altında və ya onlardan asılı vəziyyətdə yaşamağa razılaşan cəmiyyətləri təsəvvür etmək çətindir. Azadlıq və müstəqillik gec-tez millətlərin inkişafının təsirli amillərinə çevrilmiş, onlar buna doğru getmişlər. Lakin hər bir halda millətləri azadlığa və həqiqi müstəqilliyə ümumi kütlə arasında öz zəkası, istedadı və xarizması ilə fərqlənən insanlar qovuşdurmuşlar. J.J.Russonun təbirincə desək, siyasi Orqanizm məhz insanların bu kateqoriyası sayəsində salamat qala və öz vətəndaşları naminə inkişaf edə bilir.

Azərbaycanın müasir inkişafını müəyyən edən bir sıra məsələlərdə Azərbaycan cəmiyyətinin total transformasiyası nəzərə alınmaqla vaxtında təshihlər və dəyişikliklər edilməsinə ehtiyac var. Tamamilə aydındır ki, postmodern postsovet məkanındakı keçid cəmiyyətlərinin qapılarını getdikcə intensiv şəkildə döyür və bizim adət etdiyimiz davranış normalarını və stereotipləri tədricən dəyişir. Bu da tamamilə qanunauyğundur ki, həmin dəyişikliklər dövlətin və cəmiyyətin inkişafı prosesində müdafiə və amortizasiya xarakterli ovqat doğura bilər və doğuracaqdır. Bu, Tofflerin dalğalarının dəyişməsinin qarşılıqlı təsiri amilidir, bir dalğa digərinə transformasiya edir, yaxud ənənəvi cəmiyyətlər "Üçüncü dalğa"nın özü ilə gətirdiyi dəyişikliklərə məruz qalır.

Azərbaycan cəmiyyətinin mərhələli transformasiyasının baş verdiyi yeni dövr sosiumun inkişafının eyni dərəcədə yeni gündəliyinin müəyyən edilməsi üçün zəmin yaradır. Bu, xeyli dərəcədə dəyərləri milli sosiomədəni məkan tərəfindən gizli şəkildə qəbul edilən postindustrial dünyanın tərkib hissəsinə çevrilmək cəhdi ilə şərtlənmişdir. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan üçün indiki dövr keçid dövrüdür: biz "adət etdiyimiz" totalitar kommunist rejimindən çətinliklə ayrıldıq, yeni ənənələri qəbul etməkdən daha çox onları yaratmağa başladıq, cəmiyyət demokratik dövlət quruculuğu yoluna qədəm qoydu. İndiki mərhələdə qarşımızda duran vəzifə Azərbaycan dövlətçiliyinin perspektivli və səmərəli inkişafını, ayrılıqda götürülmüş hər bir şəxsiyyətin intellektual inkişafını və mənəvi-əxlaqi təşəkkülünü təcəssüm etdirəcək yeni dəyər oriyentirlərini təkamül yolu ilə irəlilətməkdən ibarətdir. Yeni davranış normalarına və standartlarına mərhələlər üzrə keçidlə şərtlənən bu dövrün sabit olmamasına baxmayaraq, demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda tədricən transformasiya edir və adaptasiya olunur, onlar bunu daha yaxşı dərk edirlər. Hərçənd, hələlik bu proses əhalinin ən savadlı, buna hazırlıqlı olan təbəqələri arasında daha şüurlu şəkildə baş verir.

Şübhə yoxdur ki, cəmiyyət sosial və siyasi azadlıqların reallaşdırılmasına xeyli məhdudiyyətlər qoyan əvvəlki normaları artıq qəbul etmir. Müasir Azərbaycan cəmiyyətində demokratiya təkcə inkişafın ən mühüm oriyentiri kimi deyil, həm də şəxsiyyətin azadlığı, sabitlik və perspektivli, dinamik transformasiya amili kimi qəbul olunur. Bizim hər birimiz dövlətin iqtisadi tərəqqi imkanlarını cəmiyyətin demokartik inkişafı ilə əlaqələndiririk, çünki hər bir vətəndaşın maddi və maliyyə firavanlığı demokratik transformasiyanın sürəti ilə sıx bağlıdır. Başqa sözlə desək, bu mühakiməni bir qədər bəsitləşdirsək, mədə boş olanda şüurun azadlığından, təfəkkürün rasionallığından danışmaq çətin olacaqdır. Ona görə də demokratik inkişafın iqtisadi tərəqqi ilə sıx bağlı olmasından danışarkən biz bunu əsas götürürük ki, azad vətəndaş ilk növbədə maddi və maliyyə baxımından azaddır, bu da ona siyasi azadlıq verir. Vəzifəsi inkişaf strategiyasını və dövlətin gələcəyini müəyyən etməkdən ibarət olan "seçilmişlər zümrəsi"nin formalaşmasında yalnız hər cəhətdən azad vətəndaş mühüm, həlledici amil ola bilər. İnnovasiya təfəkkürünə malik olan istedadlı insanlar yalnız azad və müstəqil cəmiyyətdə mütərəqqi ideyalar verməyə, inkişafın strategiyasını yaratmağa, cəmiyyətin mənafelərini dövlətin mənafeləri ilə əlaqələndirməyə qadirdirlər.

Mənim seçilmişlər zümrəsi adlandırdığım insanlar elmdə bəzən mübahisələrə, diskussiyalara, müzakirələrə səbəb olan, bəzən də bu və ya digər ideoloji konsept tərəfindən qəbul edilmədiyinə görə, ümumiyyətlə, təkzib olunan başqa bir məfhumla adlanır. Hərçənd, məhz "elita"nın səviyyəsi, onun keyfiyyət göstəriciləri cəmiyyətin vəziyyətinin ən mühüm göstəricilərindən biri, dövlətin inkişaf dinamikasının əlamətidir.

Cəmiyyət zəif strukturlaşdırıldıqda və müəyyən maraqları, davamlı siyasəti və ideoloji oriyentasiyası olan sosial təbəqələrin dəqiq bölgüsü olmadıqda elit qrupların hərəkətləri ictimai inkişafın istiqamətini indi həmişəkindən daha artıq dərəcədə müəyyənləşdirir. Bəri başdan demək istəyirəm ki, mən bu kontekstdə "elita" dedikdə, ölkənin bütün hakim qruplarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçuları olmayan, lakin öz hərəkətləri ilə ölkədəki sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və ya digər şəkildə təsir göstərən insanları nəzərdə tuturam. Elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf yolları və mexanizmlərinin aşkar edilməsində ona həlledici yer ayrılır. Dünya tarixində seqmentar və ya asefal ("başsız") cəmiyyətlər olması faktları məlumdur, ancaq hər halda, mənim bildiyimə görə, hətta həmin cəmiyyətlərdə böyük ailə, nəsil və ya tayfa mövcud olduqda da, elə qruplar vardı ki, orada bəzi fərdlərin mövqeyi və onların cinsi, yaşı və ailə vəziyyəti ilə müəyyən olunan nüfuzu həmin fərdlərin ictimai əhəmiyyətini və üstünlüyünü formalaşdırırdı. Tarixi baxımdan məhz həmin qruplar demokratiyanı inkişaf etdirməyə başlamışlar. Yeri gəlmişkən, Yunanıstanın antik şəhərlərində demokratiya bəzilərinin təsvir etməyə çalışdıqları kimi, aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya doğru yayılırdı. Antik Yunanıstanın siyasi ideyası olan demokratiya heç vaxt o mənada başa düşülməmişdi ki, qullara hüquqlar vermək olar, çünki yalnız azad vətəndaşlar "xalq" hesab edilirdi.

Müasir Azərbaycanın xüsusiyyəti ondadır ki, milli tarixin dramatik məqamlarını xeyli dərəcədə elitaların (hakim qrupların) və ya onların opponentlərinin (əks-elitaların) maraqları və hərəkətləri müəyyən etmişdir. Demək lazımdır ki, hazırda ölkənin intensiv siyasi və iqtisadi inkişafı şəraitində bu prosesdə elitanın rolu və yeri məsələsi bizim tədqiqatçıların deyil, getdikcə daha çox bəzi kütləvi informasiya vasitələrinin diqqətini cəlb edir. Onlar isə, təəssüf ki, hələ də cəmiyyətin konsolidasiyasına kömək edən amilə çevrilməmişdir, məhdud qrup mövqelərindən və ya konyunktur mövqelərdən çıxış edirlər. Ona görə də əminəm ki, elita haqqında danışmazdan əvvəl, "elita" anlayışının özünə müraciət etməyə dəyər, çünki bu, aşağıda bəhs edəcəyimiz məsələnin mahiyyətini daha geniş şəkildə anlamağa kömək edəcəkdir. Üstəlik, əminəm ki, elitarizmin bəzi nəzəri əsaslarına toxunmaqla milli elitarizm məsələləri ətrafında elmi, intellektual müzakirələr üçün bazis yarada bilərik, bu isə Azərbaycan cəmiyyətinin müasir inkişafı problemlərinin öyrənilməsində mühüm cəhətdir.

Sosial-fəlsəfi, sosioloji və politoloji konsepsiyalara görə, elita dövlətin mədəni və sosial-iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən üstün ictimai qruplardır. Elita istənilən tipli sosiumun fəaliyyəti üçün zəruri və həyati əhəmiyyətli struktur elementidir. 1823-cü ildə buraxılmış Oksford lüğətində "elita" termini yüksək əyanlar, "seçmə" insanlar kateqoriyalarının tərifi kimi işlədilmişdir. Elitanın klassik və müasir nəzəriyyələrinin ideya sələfləri Platon, T.Karleyl, F.Nitsşe, italyan mütəfəkkiri Valfredo Pareto (1848 - 1923), italyan sosioloqu Qaetano Moski (1858 - 1941), alman politoloqu Robert Mixels (1876 - 1936) və başqaları olmuşdur. Onlar cəmiyyəti idarə edən təbəqənin siyasi prosesdə xüsusi rolu ilə bağlı məsələləri ayırmağa və sistemləşdirməyə cəhd göstərmiş, bu təbəqəni məxsusi tədqiqat obyektinə çevirmişdilər.

Ötən əsrin 80-ci illərində sovet elmində elitanın tədqiqinə müraciət edilməsi cəmiyyətin sosial strukturunun yeni konsepsiyasının bərqərar olması, formasiya prinsipindən, tarixin marksizm-leninizm nəzəriyyəsinə xas olan təhlilindən imtina edilməsi ilə müşayiət olunurdu. Məlum olduğu kimi, marksizm-leninizm nəzəriyyəsinə görə, cəmiyyətin inkişafının hər bir pilləsi, hər bir formasiya müvafiq istehsal üsulu və onun şərtləndirdiyi istehsal münasibətləri ilə səciyyələnir, tarixin əsas hərəkətverici qüvvəsi isə sinfi mübarizədir. Sinfi mübarizədən fərqli olaraq, elitalar nəzəriyyəsi elitanın özünün daxilindəki dəyişiklikləri, habelə cəmiyyətin elitaya və kütləyə bölünməsini siyasi və sosial dəyişikliklərin əsas səbəblərinə aid edir.

Digər keçmiş sovet respublikalarında və sosialist ölkələrində olduğu kimi, Azərbaycanda da elita nəzəriyyəsi vaxtilə nəinki qəbul edilmirdi, hətta kifayət qədər araşdırılmamışdı. Bunun da səbəbi sovet dövründə ciddi partiya senzurasının olması, sonralar isə milli ictimaiyyatşünaslıqdakı çalışmazlıqlar idi. Sirr deyil ki, ölkəmizdə humanitar elm bəzən dünya məkanında hərtərəfli tədqiq edilən elmi problemlərin öyrənilməsindən əhəmiyyətli dərəcədə geri qalır. Ona görə də tez-tez təəccüblənirsən ki, bəzi "elm xadimləri" çoxdan cavab verilmiş problemləri yalnız indi "tədqiq etməyə" başlayırlar. Özümüzü aldatmağa dəyməz, milli fəlsəfə məktəbinin potensialı çox zəifləmişdir və təəssüf ki, indi biz ictimaiyyatşünaslıq elmlərinin yeni parlaq nümayəndələrini görmürük. Bu gün alimlərin yeni nəslinin formalaşmasından, o cümlədən gələcəkdə ümumən milli elmi inkişaf etdirməli olan gənc tədqiqatçıların yetişməsi üçün şərait yaradılmasından söhbət gedir. Keçid dövrünün bütün çatışmazlıqları tədqiqat mövzularının cılızlaşmasına, Azərbaycanın müasir inkişafının aktual problemlərinə həsr edilmiş keyfiyyətli monoqrafik tədqiqatların olmamasına gətirib çıxarmışdır. Təəssüf ki, biz hələ milli politologiya və sosiologiya məktəbinin yaradılmasının kandarına da çatmamışıq, hələ sovet dövründə mövcud olan fəlsəfə məktəbi isə indi, müstəqillik və sosiomədəni transformasiyalar sahəsində fəlsəfi tədqiqatların qlobal şəkildə intensivləşməsi dövründə çətin günlər yaşayır. Belə vəziyyətdə elitalar nəzəriyyəsinin milli kontekstdə araşdırmalarının nə üçün bizim elmi mərkəzlərin maraq dairəsindən kənarda qalması tamamilə aydındır. Hərçənd, milli elitanın inkişafı aspektlərinə tətbiqən nəzəriyyənin hərtərəfli öyrənilməsi heç də mənasız məsələ deyildir. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu ölkənin inkişafının aktual problemlərinin araşdırılmasına, Azərbaycanda siyasi təsisatların indiki vəziyyətinin, habelə ölkənin modernləşməsinin uzunmüddətli planları kontekstində demokratiyanın milli (Azərbaycan) modelinin tədqiqinə rəhbərlik etməlidir. Qarşıdakı sosial və siyasi dəyişiklikləri nəzəri baxımdan müvafiq şəkildə əsaslandırmadan, həyata keçirilən tədbirlərin elmi zəmininin varlığından danışmaq çətin olacaqdır.

Son illərdə biz tez-tez azərbaycançılıq ideologiyası barədə danışır, ona müraciət edirik. Belə hesab edirik ki, o, yeni şəxsiyyətin formalaşmasının əsaslarından biridir. Lakin biz bu anlayışın mahiyyəti və onun tərkib hissələri ilə əlaqədar fundamental elmi araşdırmaları görmürük, indiyə qədər onun strukturu elmi səviyyədə müəyyənləşdirilməmişdir. Bizim ideoloji korpus, təhsil müəssisələrinin müəllimləri ümumən bu ideoloji konsepti dolaşıq təsəvvür edir və buna müvafiq olaraq, onu özlərinin elmi-praktik araşdırmaları sahəsinə daxil etmirlər. Milli Elmlər Akademiyası bu boşluğu doldurmağa və onun işlənməsini mühüm dövləti vəzifə kimi müəyyənləşdirməyə, əlaqədar elmi institutları və ali məktəblərin müvafiq kafedralarını bu işə cəlb etməyə sadəcə borcludur.

Bir sıra milli elmi tədqiqat institutlarında hələ də qalmaqda olan kiflənmiş, köhnəlmiş, bəsit norma və standartlardan uzaqlaşmaq və Azərbaycan cəmiyyətinin inkişafının real problemləri və amilləri üzərində ciddi düşünmək lazımdır. Tədqiqatçılar mühitinin cavanlaşdırılması, aktual sosial, siyasi, iqtisadi və tarixi məsələlərin müəyyən edilməsi, xarici mərkəzlərlə birgə elmi layihələrin və proqramların həyata keçirilməsi, gənclərin elmə marağının artmasının stimullaşdırılması qarşıdakı illərdə milli elmin inkişafına dair proqramın işlənib hazırlanmasında prioritet məsələlərə çevrilməlidir.

 

Klassik nəzəriyyənin

milli reallıqlar prizmasından dərk edilməsi

 

Müasir Azərbaycanın dövlətçiliyin inkişafının yeni fazasına daxil olduğunu nəzərə alsaq, heç bir riskə yol vermədən, elitaların ehtiyatlı transformasiyası barədə düşünmək vaxtı çatmışdır. İndi bu, zamanın tələbi, ölkənin dinamik inkişafından doğan zərurətdir. Biz inkişafın elə bir mərhələsindəyik ki, yeni vətəndaş obrazı, onun davranış normaları və stereotipləri əsasən Qərb sivilizasiyasının, daha dəqiq desək, postindustrial sivilizasiyanın təsiri altında formalaşır. Postmodernin bizim bütün varlığımızı və sosial gerçəkliyi bürüməsinin şahidləri oluruq. Təbii ki, bu proses heç də həmişə təkamül yolu ilə baş vermir və bəzən elə təsəvvür yaranır ki, o, qeyri-təbii xarakter daşıyır. E.Toffler yazır: "Sosial dəyişikliklər amili kimi texnikanın sürətlə inkişaf etməsi dünyagörüşü məsələlərinin mürəkkəb spektrini aktuallaşdırır". (G.Toffler. Tretğə volna, M., 1999, str.9).

Baxışların dəyişməsi, yeni dəyər oriyentirlərinin yaranması bizim "qərbləşmə" adlandırdığımız, digərlərinin isə ənənəvi cəmiyyətlərə universal dəyərlər gətirilməsi adlandırdığı prosesə kömək edir. Bəziləri Qərb dəyərlərinin təsirini məhvedici, digərləri müsbət amil hesab edir. Hərçənd, bu yaxınlarda bir kitabda oxuduğum fikirlə razılaşmamaq çətindir: mənəvi başlanğıclar olan dinləri dünyaya məhz Şərq, makiavellizm kimi nəzəriyyələri və faşizm kimi ideyaları isə Qərb təklif etmişdir. Görünür, bu, onunla əlaqədardır ki, günəş Şərqdən çıxır və Qərbdə batır. Artıq hiss edirəm ki, bəzi oxucular necə də mübahisə etmək istəyirlər, yəni indi bizim çox fəal surətdə və canfəşanlıqla irəlilətdiyimiz demokratiyanı bəşəriyyətə təqdim edən məhz Qərb dünyası olmuşdur. Lakin xalq hakimiyyəti Yer planetində yaşayan bütün insanların can atdığı dəyər deyilmi? Məgər bu gün dünya nizamının sabitliyini pozan amil demokratiya, daha doğrusu, onun şəkli dəyişmiş forması olan geodemokratiya deyilmi? Burada tamamilə haqlı olaraq belə bir sual doğur ki, biz demokratiyanı necə görür və necə qəbul edirik, demokratiya bir tərəfin baxışları əsasında və müəyyən məsələləri həll etmək məqsədi ilə yaradılmış yalnız stereotiplər yığınına çevrilməyibmi?

Bu baxımdan, çox güman ki, yaxın aylarda milli siyasi məkanda ən çox müzakirə ediləcək və təbii ki, əks-elita və bəzi beynəlxalq təşkilatlar tərəfindən müəyyən reaksiya doğuracaq bir məsələyə toxunmaq istərdim. Gəlin səmimi olaq, axı hər birimiz başa düşürük ki, müəyyən beynəlxalq tərəflər bu və digər məkanın daxili, suveren inkişafı ilə əlaqədar hansısa dəyişiklikləri, adətən, necə qəbul edir.

Azərbaycanın müasir inkişafı simmetrik islahatların dinamikasını müəyyənləşdirməyi tələb edir, başqa sözlə, bu, elə Prezident İlham Əliyevin siyasi və iqtisadi dəyişikliklərin paralel surətdə həyata keçirilməsinin vacibliyi barədə dəfələrlə vurğuladığı fikirdir. Deməli, hər bir sahədə islahatlar bir-birini tamamlamalı, dövlətin və cəmiyyətin gələcək inkişafına şərait yaratmalı, bu prosesə yeni təkan verməlidir. İslahatlar Azərbaycan sosiumunun ümumi transformasiyası üçün stimul olmalıdır. Qlobal proseslərin getdiyi, bütünlükdə dövlətə, sosiuma və fərdə münasibətin dəyişdiyi dövrdə bu məsələ daha da aktuallaşır.

Bu gün, sərhədlərin və milli suverenliyin şərti anlayışlara çevrildiyi, informasiya-kommunikasiya texnologiyalarının intensiv təsiri altında milli özgünlük məsələlərinin dəyişdiyi, sosiomədəni amillərin səngiməyən münaqişəsi və milli identiklik aspektlərinin itirilməsi ilə əlaqədar fərdin getdikcə kosmopolitləşdiyi, təhlükəsizlik və dini fundamentalizm məsələlərinin yeni dünya nizamını formalaşdırdığı bir vaxtda keçdiyimiz yola bir daha nəzər salmalı və bizim siyasi və sosial gerçəkliyin XXI əsrin çağırış və təhdidlərinə cavab verə bilməsi barədə düşünməliyik. Biz onu da başa düşməliyik ki, indən belə qəbul olunan qərarlar yalnız gələcək dinamik iqtisadi və demokratik inkişafımıza kömək etməlidir. Ona görə də bizim əsas oriyentirlərimiz azad vətəndaş, təhlükəsiz və etibarlı məkan, intensiv inkişaf edən iqtisadi və siyasi təsisatlardır. Müstəqil Azərbaycanı hər bir fərdin ona verilmiş hüquq və azadlıqları bildiyi, habelə dövlətin və cəmiyyətin onun üzərinə qoyduğu məsuliyyəti dərk etdiyi müasir, açıq və demokratik məkana çevirmək istəyimiz bundan ibarətdir.

İctimai-siyasi transformasiyanın hər bir mərhələsi, – istər Konstitusiyaya dəyişikliklər və ya ölkə parlamentinə seçkilərin keçirilməsi sistemində dəyişikliklər olsun, istər ictimaiyyətin nümayəndələrinin şüurunda yetişmiş bir yenilik, – həmişə cəmiyyətin inkişaf sürətini əks etdirməli, dövlət sisteminin səmərəliliyinin yüksəldilməsi xəttini təcəssüm etdirməli, habelə qarşıdakı illərdə inkişafın strategiyasını müəyyənləşdirməlidir. Başqa sözlə desək, əgər hər hansı dəyişikliklər üç amilə – sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə və ümumi rifaha xidmət edirsə, onlar səmərəlidir. Bütün bunların reallaşması yalnız öz maraqlarına cavab verən qərarlar qəbul etməkdə sərbəst olan və buna haqqı çatan Azərbaycan xalqının suverenliyinin ümumi dərkinə əsaslanmalıdır. Məsələyə bu cür yanaşma bizim nəinki regional liderə çevrilməyimizə imkan verəcək, həm də sabit daxili və xarici inkişafımızı təmin edəcəkdir. Yeni dünya nizamının formalaşması şəraitində isə bu, ölkəmizin etibarlı tərəfdaş olmasını bir daha vurğulayır. Maliyyə və siyasi sahələrdə qlobal dəyişikliklər dünya miqyasında dəyişikliklərin bir hissəsi olan demokratiyanın mahiyyəti barədə bir daha düşünməyə vadar edir. Əminəm ki, öz imkanlarımızı qiymətləndirərkən və reallıqları təhlil edərkən hər birimiz qitələrin və mədəniyyətlərin əlaqələndirici vəsiləsi olmağın son dərəcə mürəkkəb vəzifə olduğunu başa düşürük.

Bütövlükdə, Şərq və Qərb qlobal dünyanın iki hissəsidir və bunların arasında körpü rolu oynamaq son dərəcə çətindir və bəlkə də səmərəsizdir. Azərbaycanın Şərq ilə Qərb arasında körpü olmasından söhbət düşəndə, mən Yan Masarikin sözlərini xatırlayıram. Yeri gəlmişkən, Madlen Olbrayt həmin sözləri görüşdə misal çəkmiş, sonradan isə öz kitabında vermişdir. Çexoslovakiyanın xarici işlər naziri Yan Masarik bir dəfə İngiltərə kralı VI Georqla söhbətdə demişdir: "Atlar körpüdən keçəndə onu tapdalayır və çox vaxt da peyinləri ilə bulayırlar". Bir sözlə, ölkənin coğrafi mövqeyini bildirmək üçün seçilmiş bu termin o qədər də uğurlu deyildir. Coğrafi determinizm qanunu (obyektiv gerçəkliyin hadisələrinin universal qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı) təkcə daxili və xarici siyasi amillərə deyil, həm də geoiqtisadi xarakterli proseslərə təsir göstərir. Coğrafi mövqe fərdin psixoloji və sosiomədəni xüsusiyyətlərini əvvəlcədən müəyyən etməklə, onda bu və ya digər müsbət və yaxud mənfi xüsusiyyətlər formalaşdırır. Bu, millətin bir hissəsi olan elitaya da aiddir. Yeri gəlmişkən, fərdin formalaşmasına və xüsusiyyətlərinə tarixi və mədəni determinizm də təsir göstərir.

Mən əvvəlki əsərlərimdə yazmışdım ki, hər bir transformasiya cəmiyyəti Qərbin təsirinə məruz qalır ki, bu da öz-özünə əmələ gələn "kor-koranə qərbləşmə" doğurur, yəni milli mənlik xüsusiyyətlərinə, ənənələrə və mədəniyyətə məhəl qoyulmadan standartların qəbul edilməsinə gətirib çıxarır. Bununla əlaqədar S.Hantinqton sivilizasiyaların toqquşması barədə böyük hay-küyə səbəb olmuş əsərində yazırdı ki, bu proses ya modernləşmə və qərbləşməyə, ya qərbləşməsiz modernləşməyə doğru aparır, yaxud da nə modernləşməyə, nə də qərbləşməyə gətirib çıxarır və bu halda avtarkiyalı məkan yaranır. Bəzi tədqiqatçıların fikrincə, bu halda mentalitet, sosial varlığı yeni ideya və baxışların kənardan zorakı təsirindən müdafiə etməli olan bir növ qoruyucu amilə, qalaya çevrilməlidir. Xüsusən də ona görə ki, yeni olan heç də hər şey səmərəli və mütərəqqi deyildir.

Biz unutmamalıyıq ki, mentalitet zamanın məhsuludur və o, bu və ya digər cəmiyyətlərdə baş verən dəyişikliklər nəticəsində transformasiya edə bilər. Məgər deyə bilərikmi ki, keçən əsrin əvvəlindəki Azərbaycan cəmiyyətinin mentaliteti XXI əsrdə azərbaycanlının mentalitetinə uyğundur? Ümumiyyətlə, bu, çox vaxt "mentalitet" anlayışı və ictimai tərəqqi üçün tormoz rolu oynayan bir sıra başqa anlayışlarla pərdələnərək, cəmiyyətin transformasiyasını dondurmağa cəhd göstərən təfəkkürlərin məhsulu deyilmi?

Siyasi rəhbərliyin xüsusiyyəti ondadır ki, cəmiyyət dəyişikliklərin növbəti mərhələsinin yalnız sonunu görür, inkişafın perspektivlərinə görə cavabdeh olan insanların keçməli olduğu və keçdiyi yolun peripetiyalarını dərhal dərk etmir. Bununla belə, dövlətin gələcəyi elə amillərin təsiri altında formalaşır ki, onlar ictimai, siyasi, iqtisadi və sosial transformasiyanın mürəkkəbliklərinə baxmayaraq, elita tərəfindən idarə edilir və tənzimlənir. Elita o şəxslər qrupudur ki, taleyin qismətindən onlara millətin aqibətinin müəyyən edilməsində tarixi rol ayrılmışdır. Lakin təcrübənin göstərdiyi kimi, məsələnin mahiyyəti ondadır ki, bəzi qruplar özlərinin həyatını milli xüsusiyyətlərin xarakterinə uyğun qurur, digərləri isə dövlətin gələcəyini öz himayədarlarının, çox vaxt xarici himayədarların imkanları hesabına formalaşdırmağa çalışırlar.

Elitarizm barədə danışarkən mən himayədarlar və onların əlaltıları məsələsini əbəs yerə vurğulamıram, çünki cəmiyyətlərdə elitalar tarixən iki yolla formalaşmışdır. Onların bir qismini daxili zərurət formalaşdırmış, digərləri isə kənardan zorakılıq və ya müdaxilə nəticəsində "peyda olmuşdur". Təbii ki, bu elitaların hər ikisinin dövlətçiliyin təşəkkülündə həm müsbət, həm də mənfi rolu ola bilər, hərçənd, bu halda suverenlik və müstəqillik məsələləri mübahisəli anlayışlara çevrilir. Lakin mondializm, yeni dünya nizamının qurulması şəraitində biz özümüzü aldatmamalı, başa düşməliyik ki, bəzi aparıcı ölkələrin hakim elitaları millətlərin müstəqillik hüququ və onun tarixi-mədəni xüsusiyyətlərinin qorunub saxlanması barədə yalnız mücərrəd təsəvvürləri rəhbər tuturlar. Problemin mahiyyətinə varsaq, bunu başa düşmək çətin deyil ki, onlar yalnız öz xüsusi maraqlarını reallaşdırmaq üçün əlverişli xarici mühit yaratmağa çalışırlar. Bunu nəzərə alaraq başa düşmək lazımdır ki, Azərbaycanda bəzi elit qrupların siyasi bəsirətsizliyi, naşılığı bu halda ölkəyə çox baha başa gələ bilər. Ölkə elitası yalnız milli birlik, həmrəylik, konsensus və razılıq mövqelərindən çıxış etməli, dövlətin səmərəli inkişafı üçün bazis yaratmalıdır. Siyasi, iqtisadi, intellektual və mədəni elitanın, habelə vətənpərvərliyi, Vətənə sevgini, cəmiyyətə xidmət etmək istəyini təcəssüm etdirənlərin rolu bundan ibarətdir.

Bu baxımdan mən elitarizm nəzəriyyəsinin bəzi məsələlərinə toxunmaq istərdim və hesab edirəm ki, bu, mövcud tarixi təcrübəyə əsaslanmaqla, necə deyərlər, velosipedi yenidən icad etmədən müəyyən fikirlər söyləməyə imkan verəcəkdir.

Yuxarıda artıq qeyd etmişdim ki, italiyalı Vilfredo Pareto elitalar nəzəriyyəsinin banilərindən biri hesab edilir. O, elitaya cəmiyyətin öz fəaliyyətində başqalarından daha çox uğur qazanan fərdlərinin daxil olduğu sinif kimi tərif vermişdir. V.Pareto elitanın tərifinə öz yanaşmasını belə ifadə etmişdir: "Fərz edək ki, fəaliyyətin bütün sahələrində hər bir fərd öz qabiliyyətlərinin təxminən imtahanda qiymət verilən şəkildə indeksini alır... Beləliklə, biz öz fəaliyyət sahələrində ən yüksək indekslərə malik olanlar sinfini tərtib edəcək və onu elita adlandıracağıq." (Sitat bu kitabdan götürülmüşdür: R.Aron. Gtapı razvitiə soüioloqiçeskoy mısli. M., 1992, str.451-452).

Pareto "...fəaliyyətin bütün sahələrində" ifadəsini tərifin əsası kimi götürməklə, elitaya universallıq və ensiklopediklik xarakteri verir, bu da öz növbəsində elitanı azsaylı sinfə, azlığa çevirir. Eyni zamanda, Paretoya görə, fərdlərin nailiyyətləri onların statusunu müəyyənləşdirir, bununla da o, fərz edir ki, sosial iyerarxiyanın əsasında həmişə fərdlərin qabiliyyətlərinin rəqabəti dayanır.

Beləliklə, elitarizmin nəzəri əsaslarını yaradanların fikrincə, əhali iki təbəqədən ibarətdir: elitaya aid olmayan aşağı təbəqə; hakim və qeyri-hakim elitadan ibarət yuxarı təbəqə. Eyni zamanda, ümumi həyat təcrübəsindən hamımızın bildiyi kimi, sosial bölgünün əsasında sərvətlərin bölgüsünün aradan qaldırıla bilməyən qeyri-bərabərliyi dayanır. Bəşəriyyət bu işdə həmişə ədalət uğrunda mübarizə aparmışdır və o, əbədi davam edəcəkdir. Hərçənd, hətta kütlələr iştirak etdiyi halda da, sərvətlərin və hakimiyyətin yenidən bölgüsü uğrunda mübarizə yalnız bir hakim azlığın digəri ilə əvəz edilməsinə gətirib çıxarır.

Marks kimi, Pareto da cəmiyyətin tarixini siniflərin mübarizəsi tarixində görürdü, lakin Marksdan fərqli olaraq o, sinfi mübarizəni istehsal vasitələri üzərində mülkiyyət məsələsi ilə bağlamırdı. Onun fikrincə, sinfi mübarizə həyat uğrunda mübarizənin yalnız bir formasıdır, "əmək ilə kapital arasında münaqişə" deyilən isə sinfi mübarizənin bir formasıdır. Deməli, "kapital"ın ləğv edilməsi "iqtisadi tənəzzüllə yanaşı, həm də sosial ağalığın və tabeliyin formasının dəyişməsinə" gətirib çıxara bilər.

Paretoya görə, sosial strukturu və sosial dinamikanı hakim azlıq müəyyən edir. Bu, onun təhlilinin çıxış nöqtəsidir: "Azsaylı və əbədi olmayan istisnaları xatırlatmadan, biz qismən gücün köməyi ilə, qismən sayca daha çox olan, idarə edilən sinfin razılığı ilə hakimiyyətdə qalan azsaylı hakim sinfi görürük". Pareto cəmiyyətin idarə edən elitaya və idarə olunan kütlələrə bölünməsinin labüdlüyü barədə nəticəni insanların fərdi qabiliyyətlərinin sosial həyatın bütün sahələrində təzahür edən qeyri-bərabərliyindən çıxarırdı. O, ilk növbədə siyasi, iqtisadi, hərbi, dini elitaları fərqləndirirdi.

Marksizmə görə, sinfi münaqişələr sinifsiz cəmiyyətə doğru tarixi hərəkətin əsas vasitəsidir. Deyə bilərik ki, marksizm insanların seçimini hamı üçün azadlığa, bərabərliyə və tərəqqiyə doğru labüd hərəkətin determinist təsəvvürü ilə əvəz edir. Elitarizm bu cür determinizmi və ümumən, bu cür hərəkətin mümkünlüyünü tamamilə inkar edir.

Elitaristlərə görə, cəmiyyətin siyasi dəyişməsi, ilk növbədə, elitaların transformasiyasıdır. Həqiqətən, elitanın xarakteri və tərkibi, onun siyasi oriyentasiyaları və ideoloji əqidələri siyasi sistemin mühüm tərkib hissələridir. İstənilən ölkədə baş verən dəyişikliklər, demokratiyaya keçid hökmən siyasi elitaların dəyişməsini nəzərdə tutur.

V.Pareto elitaların bir-birini fasiləsiz əvəzləməsi nəzəriyyəsini irəli sürmüşdür və onun fikrincə, bu nəzəriyyə cəmiyyətin sosial dinamikasını izah edir. Sosial-siyasi sistem tarazlığa can atır və tarazlığını itirəndə, bir müddətdən sonra yenidən ona qayıdır. Sistemin bu cür tərəddüdü və normal vəziyyətə gəlməsi prosesi sosial tsikl təşkil edir. Bu tsiklin müddəti, ilk növbədə, elitaların bir-birini əvəzləməsindən asılıdır.

Bir elitanın müntəzəm olaraq digəri ilə əvəz edilməsi elitaların hər bir tipinin müəyyən üstünlüyünün olmasının nəticəsidir. Lakin zaman keçdikcə, həmin üstünlük cəmiyyətə rəhbərlik etmək prinsiplərinə uyğun gəlmir. Buna görə də sosial və siyasi sistemin tarazlığının saxlanması elitanın daim yeniləşməsini tələb edir.

V.Paretoya görə, inqilab yalnız elitaların mübarizəsi, guya xalqın adından danışan hakim elitanın əvəz edilməsidir, lakin bu fikir məsələni bilməyənlər üçündür. Bu halda əhalinin geniş kütlələri uduzur. Oktyabr inqilabı deyilən hadisəni Qərb politoloqları məhz bu cür səciyyələndirirlər. N.A.Berdyayev yazırdı: "Çar bürokratiyasından daha güclü olan yeni sovet bürokratiyası xalq kütlələrini amansızcasına istismar edə biləcək yeni imtiyazlı sinifdir" (N.A.Berdəev. İstoriki i smısl russkoqo kommunizma. M., 1990, str.175). Daha əyani misal üçün milli tariximizi və Ə.Vəzirov, A.Mütəllibov, Ə.Elçibəy rejimlərini xatırlamaq kifayətdir.

Elitalar nəzəriyyəsinin digər banisi, italyan Qaetano Moski hesab edirdi ki, kiçik qruplar müvafiq qaydada təşkil olunduqda çoxluğun siyasi əqidələrinə birbaşa və ya dolayı şəkildə təsir edə bilər və bu cür azlıq istənilən cəmiyyətin səciyyəvi xüsusiyyətidir: "Sivilizasiyaya hələ yenicə yaxınlaşmaqda olan cəmiyyətlərdən tutmuş müasir mütərəqqi və güclü cəmiyyətlərə qədər bütün cəmiyyətlərdə həmişə insanların iki sinfi yaranır – idarə edən sinif və idarə olunan sinif... İdarə edən və ya siyasi sinif dövlət idarəçiliyini təmərküzləşdirir, çünki "siyasi şüura" malik olan fərdləri birləşdirir. Azlığın hökmranlığı labüddür, çünki bu, mütəşəkkil azlığın qeyri-mütəşəkkil çoxluq üzərində hökmranlığıdır". V.Pareto bu ideyanı belə bir fikirlə tamamlamışdır ki, həm elitaların, həm də kütlələrin davranışı iqtisadi maraqların və mənəvi normaların toqquşmasından irəli gəlir. Buna görə, habelə təbii zəifləmə (degenerasiya) səbəbindən zaman keçdikcə elitalar yeniləri ilə əvəz edilir, başqa sözlə desək, bu proses dövri xarakter daşıyır.

Yeri gəlmişkən, Nikollo Makiavelli özünün fəlsəfi əsərlərində yazırdı: "Bəşəriyyətin bütün tarixi "şirlərə" (idarəetmənin sərt üsullarına üstünlük verən mühafizəkarlara) və "tülkülərə" (hiyləgər və bic islahatçılara) bölünən elitaların rəqabət mübarizəsidir.

 

 

Azərbaycan.-2008.-30 dekabr.-S.4-8.