Azərbaycan Respublikası Milli
Bankının 2009-cu il üçün pul siyasətinin əsas
istiqamətləri barədə
Son beş ildə Respublika
Prezidenti İlham Əliyevin həyata keçirdiyi yeni
inkişaf strategiyası və modernizasiya proqramları nəticəsində
ölkədə yüksək inkişaf dinamikası
formalaşmışdır. Ümumi Daxili Məhsuldan
adambaşına düşən paya görə Azərbaycan
dünya ölkələri arasında son beş ildə 47
ölkəni geridə qoymağa nail olmuşdur. Liberal bazar
iqtisadiyyatının formalaşması nəticəsində
2008-ci ildə Azərbaycan aparıcı islahatçı
ölkə statusunu qazanmışdır.
Məhz ötən strateji
dövrdə yaradılmış dayanıqlı inkişaf
bazası Azərbaycanın fundamental iqtisadi əsaslarını
2008-ci ildə dünyada dərinləşən iqtisadi
böhranın ciddi neqativ təsirindən etibarlı
qorumağa imkan vermişdir. Cari ildə çoxlu sayda ölkələr
tənəzzülə məruz qaldığı halda, ölkə
iqtisadiyyatı artımını davam etdirmiş, maliyyə
dayanıqlığı nümayiş etdirmişdir.
ölkə iqtisadiyyatının
inkişaf meyilləri
2008-ci ildə ölkədə
iqtisadi artım tempi ikirəqəmli olmuş, qeyri-neft
sektorunun artım tempi isə son beş ildə ilk dəfə
olaraq ümumi iqtisadi artım tempini əhəmiyyətli
üstələyərək 16 faiz təşkil etmişdir.
İqtisadiyyata qoyulan cəmi
investisiyaların həcmi 39 faiz artmış, o cümlədən
daxili investisiyaların artımı 75 faiz təşkil
etmişdir. 2008-ci il ərzində də iqtisadiyyatda məşğulluq
səviyyəsinin artması davam etmiş, təkcə doqquz ay
ərzində ölkədə 97.5 min yeni iş yeri
yaradılmışdır.
İqtisadiyyatın xarici
mövqeyi möhkəmlənməkdə davam etmişdir. Ölkənin
tədiyə balansının cari hesabında profisit cari ilin
doqquz ayında 2.5 dəfə artaraq 15 mlrd.$-a
çatmışdır. Bu profisit ölkənin strateji valyuta
ehtiyatlarının 18 mlrd.$-a çatmasını təmin
etmişdir.
Hökumətin həyata
keçirdiyi antiinflyasiya tədbirləri və Milli Bankın
pul siyasəti inflyasiyanın azalmasına şərait
yaratmışdır. Bununla yanaşı, dünya
bazarlarında son aylar ərzağın və neftin qiymətinin
əhəmiyyətli ucuzlaşması da inflyasiyanın
azalmasına təsir göstərmişdir. İlin sonuna illik
inflyasiyanın 15-17 faiz səviyyəsində olacağı
gözlənilir ki, bu da ötən ildə olduğundan (19.6
faiz) və beynəlxalq təşkilatların verdikləri
proqnozlardan (20-22 faiz) aşağıdır.
İnflyasiyanın
azalmağa başlaması əhalinin real pul gəlirlərinin
artım tempinin daha da yüksəlməsinə imkan vermişdir.
Cari ilin on bir ayında real pul gəlirləri 12 faiz
artmışdır.
Beləliklə, 2008-ci ildə
qlobal böhrana baxmayaraq, ölkə iqtisadiyyatının
artımı davam etmiş, yaradılmış iqtisadi potensial
sayəsində iqtisadiyyatın maliyyə
dayanıqlığı təmin olunmuş və makroiqtisadi
sabitlik qorunmuşdur.
II. Milli Bankın
pul siyasəti
2008-ci ildə Milli Bankın
pul siyasəti ölkədə makroiqtisadi
dayanıqlığın qorunmasında aktiv rol
oynamışdır.
Pul kütləsinin artım
tempi ötən illə müqayisədə iki dəfə
azalmış və cari ilin on bir ayında 25 faiz təşkil
etmişdir. Bununla belə, iqtisadiyyatın monetizasiyası
artmaqda davam etmiş və geniş pul kütləsinin
qeyri-neft Ümumi Daxili Məhsula nisbəti 50 faizə
çatmışdır.
Pul təklifinin strukturunda
müsbət keyfiyyət dəyişikilikləri davam
etmiş, iqtisadiyyatda dollarlaşma səviyyəsi daha da
azalmışdır.
Pul siyasətinin dezinflyasiya
potensialını daha da artırmaq məqsədilə cari ilin
mart ayından etibarən məzənnə siyasəti ABŞ
dolları və avrodan ibarət ikivalyutalı səbət
vasitəsilə həyata keçirilməyə
başlanmışdır. Bu rejim Milli Bankın manatın tərəfdaş
ölkələrin valyutalarına qarşı orta çəkili
məzənnəsinə (Nominal Effektiv Məzənnə) təsir
göstərmək imkanlarını artırmışdır.
Nəticədə cari ildə Nominal Effektiv Məzənnə
12 faizdən çox möhkəmlənmişdir ki, bu da
partnyor ölkələrdən "inflyasiyanın
idxalı"nı neytrallaşdıran mühüm amildir.
Məzənnə siyasəti
həm də valyuta bazarında sabitliyin qorunmasını təmin
etmiş, manatın ABŞ dollarına qarşı məzənnəsi
il ərzində 5.2 faiz möhkəmlənmişdir.
Eyni zamanda, cari ilin birinci
yarısında həyata keçirilən antiinflyasiya siyasətinə
dəstək olaraq Milli Bank pul siyasətinin tənzimləmə
alətlərindən fəal istifadə etmişdir.
Kapitalın hərəkəti rejimi də tam
liberallaşdırılmışdır.
Dünya
iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik
sıxıntısı və inflyasiyanın azalması şəraitində
iqtisadiyyatda likvidlik mənbələrini dəstəkləmək
üçün Milli Bank 2008-ci ilin oktyabr ayından etibarən
pul siyasətinə adekvat korreksiyalar etmişdir.
Milli Bankın uçot dərəcəsi
üç dəfə dəyişdirilərək 15 faizdən
8 faizə endirilmişdir. Bankların likvidlik göstəricilərinin
daha da yaxşılaşdırılması məqsədilə
onların xarici öhdəlikləri 5 faizlik məcburi ehtiyat
normasından azad olunmuşdur. Daxili öhdəliklər
üzrə məcburi ehtiyat normaları isə 12 faizdən 6
faizə endirilmişdir. Məcburi ehtiyat normalarının
ortalama müddəti 1 ayadək uzadılmışdır. Təkcə
məcburi ehtiyat normalarının azaldılması hesabına
bank sisteminə 350 mln. manat həcmində likvidlik dəstəyi
həyata keçirilmişdir.
Beləliklə, 2008-ci ildə
Milli Bankın pul siyasəti makroiqtisadi sabitliyin qorunmasına
şərait yaratmış və dəyişkən qlobal
situasiyaya çevik reaksiya verərək iqtisadiyyatda zəruri
likvidlik səviyyəsinin saxlanmasını təmin
etmişdir.
III. Bank sistemində
inkişaf və maliyyə sabitliyi
Qlobal maliyyə
böhranına baxmayaraq, 2008-ci ildə bank sisteminin dinamik
inkişafı davam etmiş və maliyyə sabitliyi qorunub
saxlanılmışdır. Bank sektorunun artım parametrləri
iqtisadiyyatın ümumi artım dinamikasına
uyğunlaşmışdır.
Cari ilin on bir ayında bank
sisteminin aktivləri 47 faiz, kredit portfeli 48 faiz, əhalinin əmanətləri
23 faiz artmışdır. İlin II yarısına qədər
bank sistemində davam edən yüksək artım
dinamikası, II yarımillikdə qlobal şəraitə və
daxili iqtisadi dinamikaya adekvat şəkildə stabilləşmişdir.
Belə ki, bank sistemi beynəlxalq maliyyə bazarlarında
likvidliyin məhdudlaşması, iqtisadi artımın və
pul kütləsinin yeni dinamikasına adaptasiya olunmağa
başlamışdır.
Bank sistemində maliyyə
risklərini çevik idarə etmək üçün Milli
Bank hələ bir il öncə, yəni, beynəlxalq
böhranın ilk mərhələlərində sektorun daha
dayanıqlı və sabit mənbələr hesabına
inkişafını təmin edən preventiv rejimdə tənzimlənməsinə
başlamışdı. Banklar təmkinli bazar
davranışına dəvət olunmuşlar. Nəticədə,
banklar mövcud situasiyada riskləri yenidən qiymətləndirərək,
öz strategiyalarına zəruri korreksiyalar etmişlər.
Bankların maliyyə
ehtiyatlanması səviyyəsinin artırılması məqsədilə
bank sektorunun aktivlərinin keyfiyyətinə və təminatlılığına
tələblər artırılmışdır. Milli Bank cari
ilin əvvəlində bankların xarici borclanmasının
idarə oluna bilən və təhlükəsiz səviyyədə
saxlanılması üzrə addımlar atmışdı.
Bütövlükdə,
bankların idarəetmə, xüsusilə, risklərin idarəedilməsi
potensiallarının artırılmasına yönəlmiş
tədbirlər davam etdirilmişdir. Bank nəzarətinin maliyyə
sabitliyi və risklərin qabaqlayıcı rejimdə
aşkarlanması potensialı gücləndirilmişdir.
Bütün bu tədbirlər
bank sektorunun sabitliyinin yüksəlməsinə xidmət
etmişdir. 2008-ci ildə iri məbləğdə xarici
öhdəliklərini icra etməsinə baxmayaraq, banklar
kreditləşməni davam etdirmişdir. Təkcə
sentyabr-noyabr aylarında verilən yeni kreditlərin həcmi
1.9 mlrd. manat olmuşdur.
Banklar həm xarici, həm də
daxili öhdəliklərini ödəmək üçün
kifayət qədər likvid aktivlərə malikdir. Hətta bəzi
bankların borclarının vaxtından əvvəl geri tələb
olunmasına baxmayaraq, banklar öz öhdəliklərini tam və
vaxtında icra etmişlər.
Bankların likvid aktivləri
təxminən xarici borc həcmindədir (1.5 mlrd. manat).
Bankların likvid aktivləri əhalinin əmanətlərinin
təqribən 87 faizni təşkil edir, ani likvidlik göstəricisi
isə tələb olunan səviyyədən 3 dəfə
yüksəkdir (82 faiz). Likvid aktivlərin cari öhdəliklərə
nisbəti 90 faiz həddindədir.
Bank sisteminin
kapitallaşması da cari ildə davam etmişdir. Kapitalın
həcmi cari ilin on bir ayında 49 faiz artaraq 1.6 mlrd. manata
çatmışdır. Kapitalın adekvatlığı da qənaətbəxş
səviyyədədir, məcmu kapitalın adekvatlıq əmsalı
19 faiz (prudensial tələb 12 faiz) təşkil etmişdir.
Artım templərinin stabilləşməsinə
baxmayaraq, bank sisteminin maliyyə nəticələri ötən
ilin müvafiq dövrü ilə müqayisədə sabitdir.
Cari ilin on bir ayında aktivlərin gəlirliliyi 2,6 faiz,
kapitalın gəlirliliyi isə 20 faiz təşkil
etmişdir.
Bank sisteminə inam sabit
olaraq qalır, əmanət bazası, xüsusilə, xırda
əmanətçilərin depozitləri
dayanıqlıdır. Bütövlükdə, cari ilin on bir
ayında uzunmüddətli əmanətlərin xüsusi
çəkisi 33 faizdən 37 faizədək
artmışdır.
Qlobal likvidlik böhranına
baxmayaraq, həyata keçirilmiş preventiv tədbirlər
sayəsində bank sistemində maliyyə sabitliyi
qorunmuşdur və banklar maliyyə dayanıqlığı
nümayiş etdirmişdir.
IV. 2009-cu il üçün
pul siyasətinin
istiqamətləri
Beynəlxalq təşkilatların
proqnozuna görə, 2009-cu ildə qlobal iqtisadi böhranın
davam edəcəyi gözlənilir. Qlobal iqtisadi artımın
əvvəlki illə müqayisədə əhəmiyyətli
azalacağı və qlobal sərmayə axınlarının
iki dəfə aşağı düşəcəyi
proqnozlaşdırılır. Sənayecə inkişaf
etmiş ölkələr üzrə isə iqtisadi artım
sıfıra yaxın səviyyədə gözlənilir.
Qlobal iqtisadi böhranın kəskinləşməsi
neft ölkələri də daxil olmaqla bütün inkişaf
etməkdə olan ölkələr, o cümlədən Azərbaycan
üçün bir sıra riskləri yarada bilər. Belə
ki, dünya maliyyə sistemində likvidlik böhranı şəraitində
iqtisadiyyata xarici maliyyə axınları məhdudlaşa bilər.
Qlobal tələbatın azalması ilə əlaqədar
neftin qiymətinin aşağı düşməsi növbəti
ildə də davam edə bilər.
Bu şəraitdə qlobal tənəzzülə
qarşı mübarizədə beynəlxalq təşkilatlar
makroiqtisadi siyasətin, o cümlədən fiskal və pul
siyasətinin əhəmiyyətli yumşaldılmasını
tövsiyə edirlər. 2008-ci ilin noyabr ayında Vaşinqton
şəhərində böyük 20-lərin keçirilən
toplantısında da bu tövsiyə rəsmən bəyan
olunmuşdur.
Qlobal risklərin milli
iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir
səviyyəsinə mənfi təsirlərini
qabaqlayıcı rejimdə məhdudlaşdıran çevik
makroiqtisadi tənzimləmənin həyata keçirilməsi
vacib şərtdir. Bu baxımdan, 2009-cu ildə ölkə
iqtisadiyyatının inkişafının davam etməsi və
maliyyə dayanıqlığının təmin olunması
üçün makroiqtisadi siyasətin bütün istiqamətlərinin
daha güclü konsolidasiyası və koordinasiyası zəruridir.
2009-cu ildə Milli Bankın
pul siyasəti daha aktiv olaraq makroiqtisadi tarazlığın və
dayanıqlığın təmin olunmasına və eyni
zamanda, bank sistemində maliyyə sabitliyinin qorunmasına
istiqamətlənəcəkdir.
Qoyulmuş məqsədlərə
nail olmaq üçün 2009-cu ildə Milli Bankın məzənnə
siyasəti xarici amillərin davranışından
asılı olaraq çevik tənzimlənəcəkdir. Bu
siyasət balanslı olaraq uzunmüddətli dövrdə
makroiqtisadi tarazlığın dəstəklənməsinə
və iqtisadiyyatın rəqabət qabiliyyətinin
qorunmasına yönələcəkdir.
Milli Bank iqtisadiyyatda zəruri
likvidlik səviyyəsinin təmin olunması üçün
pul siyasəti alətlərinin çevikliyini daha da
artıracaqdır. Makroiqtisadi vəziyyətdən
asılı olaraq faiz dəhlizinin parametrləri çevik tənzimlənəcək,
bank sisteminin yenidən maliyyələşməsi alətlərinin
çeşidi genişləndiriləcəkdir.
2009-cu il üçün nəzərdə
tutulan fiskal siyasət makroiqtisadi sabitliyin təmin olunmasına
yönəlmişdir. Bununla belə, ölkənin kifayət həcmdə
qlobal likvidlik imkanları mövcuddur. Qlobal risklərin iqtisadi
aktivliyə və məşğulluğa neqativ təsirini məhdudlaşdırmaq
üçün bu imkanların bank sistemi vasitəsilə real
sektorun inkişafının dəstəklənməsinə
yönəldilməsi mühüm əhəmiyyət kəsb edir.
Bunun üçün, ilk
növbədə, sahələrarası inkişafa şərait
yaradan prioritet sektorların dəstəklənməsi zəruridir.
Bu istiqamətdə kiçik və orta sahibkarlığın
maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi,
ərzaq təhlükəsizliyinin təmin olunması, bank
sektorunun dəstəklənməsi, tikinti-ipoteka
bazarının inkişafı və qlobal risklərin milli
iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet
məsələlər diqqətdə saxlanmalıdır.
V. 2009-cu ildə maliyyə
sabitliyinın qorunması
2009-cu ildə qlobal risklərin
artması şəraitində bank sistemində maliyyə
sabitliyinin qorunması diqqətdə saxlanacaqdır. Milli
Bankın siyasəti bank sisteminə etimadın, sistemin
sağlamlığı və dayanıqlığının,
bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə
yönələcəkdir.
İqtisadi subyektlərin bank
sisteminə inamını qorumaq və daha da artırmaq
mühüm prioritet olacaqdır. Bunun üçün Milli
Bank bank sisteminin likvidliyinin adekvat səviyyədə
saxlanması siyasətini davam etdirəcəkdir.
Bank sistemində mövcud
olan izafi likvidliyin effektiv istifadəsi məqsədilə
banklararası pul bazarında müvafiq etimad mexanizmləri təşviq
olunacaqdır. Banklarda daxili ehtiyatlanma siyasətinin
formalaşmasına, bank aktivlərinin keyfiyyətinin idarə
olunmasına diqqət daha da artırılacaqdır. Banklar tərəfindən
aktivlərin keyfiyyətlə idarə olunması sistemlərinin
təkmilləşdirilməsinə institusional dəstək
veriləcək, kapital adekvatlığının təhlükəsiz
səviyyədə saxlanılması təşviq ediləcəkdir.
Qeyd olunan vəzifələri
uğurla həll etmək üçün bank nəzarəti
daha da gücləndiriləcək, onun sistemdəki meyillərə
operativ reaksiyası təmin ediləcəkdir. Risklərin
qabaqlayıcı rejimdə aşkarlanması,
ölçülməsi və tənzimləmə tədbirləri
ilə əhatə olunması təmin ediləcəkdir.
2009-cu ildə ölkədə
ödəniş sisteminin inkisafi üzrə yeni dövlət
proqramının qəbul olunması və realizasiyasına
başlanılması təmin olunacaqdır. Bu proqramın
realizasiyasi bank sisteminin maliyyə dərinliyinin daha da
artmasına xidmət edəcəkdir. Proqramın həyata
keçirilməsi orta müddətli dövrdə ölkədə
inteqrasiya olunmuş vahid elektron ödəniş məkanının
yaradılmasına, elektron ticarətin inkisafinın sürətlənməsinə
və nağdsız dövriyyənin artmasına imkan verəcəkdir.
Bank sisteminin normativ-hüquqi
bazası da təkmilləşəcəkdir. "Azərbaycan
Respublikasının Milli Bankı haqqında" və
"Banklar haqqında" qanunlarına dəyişikliklərin
edilməsi ilə yanaşı, "Bank olmayan kredit təşkilatları"
haqqında, "Kredit büroları" haqqında
infrastruktur əhəmiyyətli qanunların qəbulu nəzərdə
tutulur. Eyni zamanda, bank sisteminin tənzimlənməsilə
bağlı olan müvafiq normativ aktlarda da zəruri dəyişikliklər
ediləcəkdir.
Pul siyasətinin effektivliyinin
və maliyyə sektoruna inamın daha da artırılması
üçün məqsədyönlü kommunikasiya siyasəti
həyata keçiriləcəkdir. Qlobal böhran şəraitində
iqtisadi subyektlərin informasiyaya tələbatının və
həssaslığının artdığını nəzərə
alaraq ictimaiyyətlə əlaqələrin daha intensiv
formalarından istifadə ediləcəkdir. Bunun
üçün pul siyasəti və maliyyə sabitliyinin
qorunması siyasətinə dair geniş iqtisadi maarifləndirmə
işləri həyata keçiriləcəkdir.
Yeridilən pul siyasətinin
makro və mikroiqtisadi diaqnostikası gücləndiriləcək,
makromodellər vasitəsilə iqtisadiyyatın gözlənilən
vəziyyəti üzrə zəruri stimulyasiyalar
aparılacaqdır. Bunların nəticələri cari monetar
idarəetmədə istifadə olunacaqdır. Makroiqtisadiyyat,
mikroiqtisadiyyat, maliyyə sistemi, bazarlar və xarici sektor
üzrə avtomatlaşmış statistik baza genişlənəcəkdir.
Azərbaycan.-2008.-30 dekabr.-S.10.