Tarixin video salnaməsi

 

Milli Məclisin Televiziya Mərkəzi yarandığı vaxtdan parlamentin plenar daimi komissiya iclaslarının, ali qanunverici orqanda keçirilən görüşlərin, parlament nümayəndə heyətlərinin səfərlərinin çəkilişlərini həyata keçirir. Bir neçə gündən sonra, yanvar ayının əvvəllərində Mərkəzin fəaliyyətə başlamasının 15 ili tamam olacaqdır. Bu məqsədlə Milli Məclisin Televiziya Mərkəzi şöbəsinin müdiri, 3-cü dərəcə Dövlət müşaviri Rauf Nəsirovla görüşdük. Onunla söhbətimiz tarixə ötəri ekskursiya ilə başladı:

 

- Vaxtilə Bakı şəhərində Müstəqil Məlumat Mərkəzi (MMM) adlı televiziya kanalı fəaliyyət göstərirdi. O kanalın təsisçisi mən idim. O dövrün obyektiv çətinlikləri ucbatından kanalın fəaliyyətinin davamlı olmasını təmin edə bilməsək , MMM ilk müstəqil telekanal kimi tarixə düşdü. Sonralar kanal bağlansa da, mən professional televiziyaçı kimi fəaliyyət göstərirdim. Mütəmadi olaraq cəbhə bölgələrinin qaynar nöqtələrində, Naxçıvan Muxtar Respublikasında çəkilişlər aparırdım. 1990-cı ilin 20 yanvarında rus qoşunları Bakıda Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. O vaxt sovet ordusunun vəhşiliyi, dinc insanların qətliamı ilə bağı lentə aldığımız görüntülər əsl həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından həm çox əhəmiyyətli sənədlər, həm tarixi mənbədir. Yaxşı yadımdadır, faciədən bir neçə gün sonra Bakının hərbi komendantı məni yanına çağırdı. O, yanvarın 19-dan 20-nə keçən gecə çəkiliş aparıb-aparmamağımızla maraqlandı. Dedim ki, istəmişəm çəkmək, amma alınmayıb. Məni evimdə axtarış aparmaqla digər hədələrlə təhdid etdilər. Amma dediyimin üstündə durdum. 1991-ci ildə Azərbaycan Ali Soveti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet əsgərlərinin vəhşiliyini cəsarətlə lentə aldığıma görə mənə rəsmən təşəkkür elan etdi.

Bizim kadrlardan müstəqilliyimizin ilk günlərindən başlayaraq bu günə kimi bütün telekanallar istifadə edirlər. Düzdür, bəzən bu çəkilişlərin kimə məxsus olduğuna istinad edilmir, amma mən hər dəfə öz çəkilişlərimi televiziya kanallarında görəndə daxilən rahatlıq hissi keçirir fikirləşirəm ki, yaxşı o zaman ölkədə cərəyan edən siyasi prosesləri, müharibənin od-alovunu lentə almışam.

Qeyd etdiyim kimi, tez-tez Naxçıvana gedir, muxtar respublikadakı ictimai-siyasi vəziyyət, insanların həyatı, o cümlədən cəbhə xəttindən çəkilişlər aparırdım. O zaman Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyev mənə deyirdi ki, bu çəkilişlərin hamısını saxla, arxiv yarat. Bu çəkilişlər gələcəkdə hadisələrin araşdırılması istiqamətində ən etibarlı mənbə olacaq. Açığını deyim ki, o zaman mən heç düşünmürdüm ki, bu çəkilişlər zamansa bizə yenidən lazım ola bilər. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi mənə yardımçı oldu. Məhz ümummilli liderin tövsiyəsi ilə 20 yanvar faciəsindən başlayaraq apardığım bütün çəkilişləri bir yerə cəm edərək arxiv yaratdım. Buraya 1991-1993-cü illərdə parlamentdə apardığım çəkilişlər daxil idi. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi, Milli Məclisin sədri seçildi. O zaman Milli Məclisdə gedən qızğın müzakirələri lentə alırdıq. 1994-cü ildə isə Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclisin Televiziya Mərkəzi yaradıldı mən ora müdir təyin edildim.

- Deyirsiniz ki, televiziya Mərkəzində vaxtilə həyata keçirdiyiniz çəkilişlərdən ibarət zəngin arxiv yaratmısınız. Yəqin ki, 1990-1994-cü illərlə bağlı filmlərin çəkiliş zamanı sizə müraciət edirlər.

- Bəli, ötən əsrin 90-cı illərinin canlı salnaməsi olan həmin çəkilişlərdən istifadə etmək üçün telekanallardan mənə tez-tez müraciət edirlər. Yəqin ki, Azərbaycan Televiziyasında digər telekanallarda 1991-1993-cü illərlə bağlı, o cümlədən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı tammetrajlı filmləri izləmisiniz. Həmin filmlərin demək olar ki, əksəriyyətində Milli Məclisin Televiziya Mərkəzinin arxivindən istifadə edilib. Bir çox film yalnız bizim çəkilişlər üzərində qurulub.

Milli Məclisin Televiziya Mərkəzi heç yerdə olmayan kadrlardan istifadə etməklə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə cərəyan edən siyasi proseslərlə bağlı filmlər hazırlayır. Bu yaxınlarda bizim Heydər Əliyevlə bağlı hazırladığımız 5 seriyalı film televiziyalarda nümayiş etdirildi. İndiyə qədər bir neçə belə film hazırlamışıq.

Arxivimizlə bağlı bir məsələyə toxunmaq istəyirəm. 1994-cü ildə AzTV-də yanğın hadisəsi baş vermişdi. Həmin vaxt AzTV-nin öz çəkilişlərinin bir qismi məhv olmuşdu. Məhz Milli Məclisin Televiziya Mərkəzinin arxivi hesabına o zaman AzTV-nin arxivini bərpa etmək mümkün olmuşdu.

Bu gün telekanallar bizim çəkilişlərə tez-tez istinad edirlər. Amma bəzən müəlliflik hüququnu pozaraq çəkilişlərin kimə hara məxsus olduğunu göstərmirlər. Belə kadrları izləyən tamaşaçı isə düşünür ki, çəkilişlər məhz həmin kanalın öz məhsuludur. Amma o dövrdə indiki telekanalların əksəriyyəti mövcud olmayıb. Çoxları bilmir ki, həmin çəkilişləri necə böyük çətinliklə keçirmişik. Bununla belə, biz narazı deyilik. Çünki əməyimizə ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. Bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev əməyimizi layiqincə dəyərləndirilib.

- Eşitdiyimizə görə Televiziya Mərkəzinin arxivilə bağlı vaxtilə sizə qarşı müəyyən təhdidlər olub.

- Bəli, vaxtilə olub. Çünki apardığımız çəkilişlər, arxivdə saxladığımız lentlər bəzən kimlərinsə xoşuna gəlmirdi. Bu, xüsusən 1991-1993-cü illərdə aparılan çəkilişlərə aiddir. O dövrdə parlamentdə nələr baş verdiyini bilirsiniz. İclaslar öz kontekstindən çıxaraq şəxsi mübahisələrə yönəlir, dövlət əhəmiyyətli məsələlərin müzakirəsi kənarda qalırdı. Elə həmin çəkilişlərdən dəfələrlə ekranlarda görmüsünüz ki, Azərbaycan dövlətçiliyinin ən çətin anlarında belə, parlamentdə bəzi qüvvələr bu barədə müzakirə aparmaq, ölkənin düşdüyü ağır vəziyyətdən xilası yollarını axtarmaq əvəzinə müzakirələri başqa istiqamətə yönəldirdilər. Həmin qüvvələr o zamanlar parlamentin iclas zalından çəkilmiş lentləri məhv etməyə cəhd edirdilər. Amma bütün bunlara baxmayaraq mən onları qoruyub saxladım. Çünki Heydər Əliyev mənə tövsiyə etmişdi ki, lentə aldığım bütün çəkilişləri əsl həqiqətlərin gələcək nəsillərə çatdırılması, baş verən hadisələrin, ictimai-siyasi proseslərin olduğu kimi ictimaiyyətə təqdim olunması üçün möhkəm saxlayım. Həqiqətən arxivdə olan lentlər o dövrün salnaməsi olmaqla yanaşı, bir çoxunun üzünü ifşa edir.

- 2006-cı ildən Milli Məclisin Televiziya Mərkəzi ayrıca struktur oldu. Bu, Mərkəzin fəaliyyətində kimi yeniliklərlə müşayiət edildi?

- 2005-ci ildən başlayaraq Milli Məclisin inzibati binasında, parlament Aparatında əsaslı yenidənqurma işlərinin aparılmasına başlandı. Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin bütün strukturlarının müasir tələblər səviyyəsində fəaliyyət göstərməsinə böyük diqqətlə yanaşır bu istiqamətdə tövsiyələrini verir, qayğısını əsirgəmir. Milli Məclisin Televiziya Mərkəzi bu proseslərdən kənarda qalmadı. Mərkəzin fəaliyyəti tamamilə yenidən quruldu, Mətbuat xidmətindən ayrılaraq müstəqil struktur oldu. Mərkəz ən müasir texniki avadanlıqlarla təchiz edildi, bura yeni əməkdaşlar götürüldü.

Bildiyiniz kimi, əvvəllər parlamentin iclaslarını televiziya kanalları özləri çəkirdilər. Amma əsaslı yenidənqurmadan sonra parlamentin plenar iclasları zalda quraşdırılan robot kameralar, konfrans zalında keçirilən görüşlər isə orada yerləşdirilmiş kameralar tərəfindən lentə alınır. İndi telekanallar parlamentdə çəkiliş aparmırlar. Onlara lazım olan kadrları Televiziya Mərkəzi verir.

Artıq 3 ilə yaxındır ki, Milli Məclisin Televiziya Mərkəzi öz fəaliyyətini daha təkmil ən müasir formada həyata keçirməkdədir. Amma biz bununla kifayətlənməyərək daim axtarışdayıq.

 

 

 

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2008.-30 dekabr.-S.12.