Azərbaycanın nəqliyyat infrastrukturu dünya standartları səviyyəsində
qurulur
Ümummilli lider Heydər
Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə
ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda
başlanan sosial-iqtisadi inkişaf dinamik şəkildə davam
edir. Ulu öndərin respublikamıza rəhbərliyinin birinci
dövründə yaratdığı möhkəm təməl
üzərində gedən bu inkişaf indi Azərbaycanı
dünyanın sayılıb-seçilən dövlətləri
sırasına çıxarıb. Ümummilli liderimizin
uzaqgörənliklə həyata keçirdiyi islahatlar bu
gün öz bəhrəsini verir, ölkə Prezidenti
İlham Əliyev tərəfindən davam və inkişaf
etdirilir. Bütün bunların nəticəsidir ki, indi Azərbaycan
həyata keçirdiyi transmilli layihələrlə
bütün dünyaya səs salıb. Son illərdə
ölkəmiz Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan
neft kəmərini istifadəyə verib. Azərbaycan qazı
üçün Avropaya yol açan Bakı-Tbilisi-Ərzurum kəməri
inşa edilib. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin
reallaşması göstərir ki, bu istiqamətdə
başlanan xətt uğurla irəliləyir. Adıçəkilən
qlobal layihələrlə yanaşı, ölkənin öz
daxilində də böyük işlər görülür. Bu
sözləri cəsarətlə iqtisadiyyatın əsas
qollarından birinə - nəqliyyata da aid etmək olar. Aparılan
işlər son beş ildə daha geniş vüsət
alıb və sahəni hərtərəfli inkişaf yoluna
çıxarıb. Bu barədə uzun illər nəqliyyat
sahəsində çalışan fəxri dəmiryolçu
Məhərrəm Məmmədov söhbət açır:
- Atalar yaxşı deyib ki, abad kənd
yolundan bəlli olar. Ümummilli liderimiz Heydər Əliyev müasir yolu iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat adlandıraraq demişdir:
"Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz".
Ölkəmizdə bu sahədə görülən
işlərdən danışarkən
ilk növbədə qeyd
etmək vacibdir ki, Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Tarixi İpək Yolunun bərpası istiqamətində
həyata keçirilən
kompleks tədbirlər
əlverişli coğrafi
mövqedə yerləşən
ölkəmizin geosiyasi
əhəmiyyətini daha
da artırıb.
Bu gün
ölkənin daxilində
gedən işlər də xüsusi önəm kəsb edir. Azərbaycanı dinamik inkişafa, tərəqqiyə, davamlı
sabitliyə və yüksəlişə aparan
ümummilli liderimizin siyasi kursunu qloballaşan müasir dünyanın tələblərinə
uyğun olaraq yeni keyfiyyətdə uğurla reallaşdıran
Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ölkə
iqtisadiyyatının, o cümlədən
nəqliyyat-yol kompleksinin
modernləşdirilməsi, hərtərəfli və
sürətli tərəqqisi
üçün böyük
imkanlar yaradıb.
"III Respublika: milli
inkişaf modeli və strategiyası" adlı kitabımda bu məsələləri
ətraflı təhlil
etməyə çalışmışam.
İqtisadi yenilikləri,
köklü islahatları
və ən yeni texnologiyaların Azərbaycanda tətbiqini kompleks şəkildə özündə ehtiva edən milli inkişaf modeli və strategiyamız Azərbaycan dövlətçiliyinin
və xalqımızın
maraqlarının həyata
keçirilməsinin təminatçısıdır.
Məhz bu uzaqgörən milli inkişaf strategiyası Azərbaycana daim uğur gətirir, ölkə iqtisadiyyatının
dünyada analoqu olmayan templərlə inkişafını şərtləndirir.
Kitabda nəqliyyatın
bütün sahələri
üzrə dinamik inkişafı, yol infrastrukturunun müasirləşdirilməsi
üzrə nəzərdə
tutulmuş genişmiqyaslı
işlərin icrası
da öz geniş əksini tapıb.
Nəqliyyatın inkişafı,
yeni-yeni yollar şəbəkəsinin yaradılması
şüurlardan "ucqar
bölgə", "ucqar
kənd" anlayışlarını
silməkdədir. Ölkə
Prezidenti İlham Əliyevin dediyi kimi: "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir.
Biz bütün imkanlarımızdan
istifadə edərək
nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik.
Azərbaycan Şərqlə
Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizləri layihələrinin
həyata keçirilməsində
fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit
ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir.
Beləliklə, indi Azərbaycanda bütün
sferaların, o cümlədən
nəqliyyatın inkişafı
üçün kifayət
qədər münbit
şərait var".
Bu şərait
indi müasir standartlara cavab verən avtomobil və dəmiryollarının,
yeni aeroportların tikilməsinə, rekonstruksiyasına,
əsaslı təmirinə
və səmərəli
istismarına imkan yaradır. Bu gün Nəqliyyat Nazirliyi 22.134 kilometr avtomobil yoluna xidmət göstərir. Bunların
1.684 kilometri beynəlxalq
magistrallar, 3.669 kilometri
respublika, 13.000 kilometri
yerli əhəmiyyətli
yollardır.
Son iki il ərzində avtomobil yollarının istismarı və saxlanması üçün
ayrılmış vəsaitin
həcmi üç dəfə artıb və 2008-ci ildə 162 milyon manata çatıb.
Yol və körpülərin, keçidlərin
tikilməsi, yenidən
qurulması və bərpası üçün
daxili investisiya qoyuluşunun məbləği
də dəfələrlə
artıb.
Hazırda beynəlxalq
əhəmiyyətli Bakı-Ələt-Qazax,
Bakı-Quba-Rusiya, Ələt-Astara
dövlət sərhədi
avtomobil yolları dünya standartları səviyyəsində yenidən
qurulur. Bakı-Ələt-Qazax
avtomobil yolunun Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir
istiqaməti, Kürdəmir
dairəsi hissəsinin
inşası başa çatdırılıb. Kürdəmir-Ucar,
Ucar-Yevlax yolunun tikintisi 2009-cu, Bakı-Ələt
istiqamətində bütün
işlər isə
2010-cu ildə tamamlanacaq.
Bu qəbildən olan işlərin sayı çoxdur.
2009-2012-ci illərdə
Azərbaycanda daha 45 körpünün tikintisi
və bərpası planlaşdırılır. Regional İnkişaf Proqramı, Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
tədbirlər planı"na
uyğun olaraq paytaxtımızda sərnişindaşımanın
təşkili, idarə
olunması və təkmilləşdirilməsi ilə
əlaqədar mərhələli
işlər həyata
keçirilir. Buraya nəqliyyat vasitələrinin
təhlükəsiz, texniki
və ekoloji qaydalara uyğun istismarının təmin
olunması, avtobus dayanacaqlarının yeniləşdirilməsi,
nəqliyyat parkının
iri tutumlu avtobuslarla təzələnməsi
və s. daxildir. Həyata keçirilməkdə
olan bu tədbirlər
Bakının sakinlərinin
və qonaqlarının
rahatlığına, yollardakı
tıxacların aradan
qaldırılmasına xidmət
edir.
Son zamanlar
dəmiryolu ilə yükdaşıma həcminin
artması beynəlxalq
əlaqələrin genişləndirilməsinə,
İpək Yolunun fəaliyyətinə geniş
imkanlar açır. Azərbaycanın təşəbbüsü,
bilavasitə iştirakı
və maliyyə dəstəyi ilə reallaşan Bakı-Tbilisi-Qars
dəmiryolu layihəsi
ölkəmizin dəmiryolunun
inkişafına güclü
təkan verəcək.
İndi respublikamızda
sürətli sərnişin
qatarlarının yaradılması
məqsədilə yolların
yenidən qurulması
prosesi başlanıb.
Bu, Azərbaycanda dəmiryolunun
keyfiyyətcə yeni mərhələsinin başlanğıcıdır.
Son beş
il Bakı Metropoliteninin həyatında
da yeni inkişaf
mərhələsi olub.
Metropolitenin maddi-texniki
bazası gücləndirilib,
vaqon parkı genişləndirilib. Belə
ki, sərnişinlərə
xidmətin keyfiyyətinin
yüksəldilməsi məqsədilə
2002-ci ildən 2008-ci ilin
əvvəlinədək müəssisə
100 yeni vaqon alıb və istismara buraxıb. Qeyd edilməlidir ki, Bakı Metropolitenin
tikintisi, istismarı, yenidən qurulması, inkişafı və işçilərinin sosial
rifahının yaxşılaşdırılmasında
ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri
olub. Bunlar indi ölkəmizin başçısı İlham
Əliyevin də önəm verdiyi məsələlərdir. Prezidentin
sərəncamı ilə
hər il noyabrın 8-i Bakı Metropoliteni işçilərinin
peşə bayramı
günü kimi qeyd edilir.
Nəqliyyatın bu növündən gün ərzində minlərlə,
ildə isə milyonlarla sərnişin istifadə edir. 2040-cı ilədək paytaxtımızda
metro stansiyalarının sayının
70-ə çatdırılacağı nəzərdə tutulur.
Bu da ondan irəli gəlir ki, metrodan istifadə
edən sərnişinlərin
sayı getdikcə artmaqdadır. Məsələn,
2008-ci ilin 11 ayı ərzində bu nəqliyyat növü ilə 181,1 milyon sərnişin daşınıb.
Bununla yanaşı, metrostansiyalarının hamısı
öz tərtibatı
baxımından sərnişinlərin
zövqünü oxşayır,
Azərbaycan milli memarlıq sənətinin
nümunəsidir.
Görülən məqsədyönlü
işlər nəticəsində
2008-ci ilin yanvar-noyabr aylarında nəqliyyat sektorunda yük daşınması ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə
10,4 faiz, yük dövriyyəsi 15,5 faiz artıb. Yüklərin
47,2 faizi avtomobil, 30,9 faizi boru kəməri,
15,3 faizi dəmiryolu,
6,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Nəqliyyat vasitələri
yanvar-noyabr aylarında
1,1 milyard sərnişinin
daşınmasını həyata
keçirib. 2007-ci ilin
11 ayı ilə müqayisədə onların
sayı 8 faiz artıb. Bu sahədə fəaliyyətin 83,2 faizi qeyri-dövlət bölməsinin
payına düşüb.
Sərnişinlərin 83,3 faizi
avtomobil, 16,1 faizi metro
ilə daşınıb.
11 ayda təkcə avtomobil nəqliyyatı ilə 78 milyon ton yük, 939,9 milyon sərnişin daşınıb. Sərnişinlərin
96,7 faizi avtobus, 3,3 faizi minik taksilərinin
xidmətlərindən istifadə
edib. Nəqliyyatın
bu növündə yük və sərnişin dövriyyəsinin
artımı 8,7 faiz səviyyəsində olub.
Azərbaycanın nəqliyyat
sistemi qabaqcıl dünya təcrübəsindən
də bacarıqla istifadə edir. İntellektual idarəetmə
sisteminin tətbiqi nəqliyyatın idarə olunması prosesinin müasir səviyyəyə
yüksəlməsinə yönəlib.
2009-cu ildən başlayaraq
ilk növbədə Bakı
şəhərində, sonra
isə bütün bölgələrimizdə quraşdırılacaq
intellektual idarəetmə
sistemi avtobus, taksi və digər
nəqliyyat vasitələri,
eləcə də avtobus dayanacaqlarındakı
dispetçer məntəqələri
ilə operativ birbaşa vizual əlaqə yaratmağa, qəza-bərpa işlərini
qısa zamanda aradan qaldırmağa imkan verəcək. MDB məkanında analoqu olmayan, yalnız dünyanın ən inkişaf etmiş ölkələrində mövcud
olan yeniliyin Azərbaycanda tətbiqi yol-nəqliyyat kompleksinin daha da təkmilləşdirilməsinə
xidmət edəcək.
Bütün bunlar bir daha vurğulamağa
əsas verir ki, Azərbaycanın nəqliyyat sektoru dinamik inkişaf yolundadır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "İnfrastruktur layihələrinin icrası
artıq hamıya göstərdi ki, həm insanların rahat yaşaması üçün, həm də ölkəmizin inkişafı üçün
bunun nə dərəcədə böyük
əhəmiyyəti var. Bütün
infrastruktur layihələri
bundan sonra da icra olunacaqdır.
Avtomobil yolları, magistral yollar, şəhərlərarası, şəhərdaxili
yollar, kənd yolları - bütün bu layihələr icra edilir".
Söhbəti yazdı:
F.SADIQLI
Azərbaycan.-2008.-30 dekabr.-S.14.