Ən böyük azərbaycanlı

 

Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı çox böyük məsuliyyətlə yerinə yetirir. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə, soydaşlarımızla münasibətlər qurmaq, onların tarixi Vətənlə əlaqələrini təmin etmək dövlətimizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir.

Həmvətənlərlə münasibətdə dövlət siyasətinin məqsədi onların milli özünəməxsusluğunu sərbəst müdafiə etməkdən, qoruyub inkişafa nail olmaqdan, bir-biri ilə və Azərbaycanla əlaqələrini genişləndirməkdən ibarətdir. Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının qəlbinə əbədi həkk olunmuş ümummilli lider Heydər Əliyev ənənələrini uğurla yerinə yetirməkdədir.

Ümummilli lider Heydər Əliyev Vətən və millətlə bağlı dəyərlərə ilk növbədə özü əməl edən şəxsiyyət idi. Ulu öndər Azərbaycanı və azərbaycançılığı tanıtmağı məsləhət görürdüsə, hamıdan əvvəl özü bu istiqamətdə iş aparırdı. Onun fəaliyyətinin hər bir anı məhz Azərbaycan və azərbaycançılığı tanıtmağa, azərbaycanlıların milli qürur hisslərinin güclənməsinə yönəlmişdi. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm yaddaşa malik olan bu böyük insanın bütün fəaliyyəti doğma xalqına sədaqətlə xidmətin parlaq nümunəsidir.

Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsi məsələsi ən aktual vəzifələrdən biri kimi qarşıda dururdu. Bunun əlbəttə ki, kifayət qədər ciddi səbəbləri mövcud idi. Birincisi, dünya azərbaycanlılarının təşkilatlanması müstəqil Azərbaycan dövlətinin sosial və siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib idi. İkincisi, bu müxtəlif yerlərdə məskunlaşmış həmvətənlərimizin Azərbaycan dövlətinin qurulmasında və inkişafında iştirakına imkan yaradan amil kimi qiymətləndirilirdi. Üçüncüsü isə, Azərbaycanda yaşamayan azərbaycanlıların vahid bir güc mərkəzi kimi özünütəsdiqinə və dünyada cərəyan edən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına əsas yaradırdı.

Dövlət müstəqilliyinin ilk illərində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində demək olar ki, heç bir iş görülmədi. Səbəb olduqca sadə idi - Azərbaycan dövlətinin özünün vəziyyəti və onu idarə edənlərin naşı siyasəti, təfəkkürü belə bir ideyanı həyata keçirmək səviyyəsində deyildi. Azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu.

Ümummilli lider Heydər Əliyev bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı. 1993-cü ildən bu istiqamətdə pərakəndəliyə son qoymaq məqsədilə qətiyyətli addımlar atan ulu öndər bir sıra ciddi tədbirlər həyata keçirməyə başlamışdı. Heydər Əliyev çoxsaylı xarici səfərlər zamanı irili-xırdalı Azərbaycan icmaları ilə görüşlər keçirmiş, onların problemləri, qayğıları ilə maraqlanmış, tövsiyələrini vermiş, xarici ölkələrdəki səfirliklərimizi birbaşa bu işə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka dəvət etmişdi. Bu görüşlər dünya azərbaycanlılarının milli-mənəvi həmrəyliyi məsələsində son dərəcə ciddi önəm kəsb etmişdi. Ümummilli lider xaricdə diasporumuzun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətimizin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdi. Nəticədə Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik nümayiş etdirməsi, xaricdə Azərbaycan diasporunun təşəkkül taparaq formalaşması problemini dövlət səviyyəsinə qaldırmışdı.

Təsadüfü deyil ki, 1991-ci ildən başlayaraq ilk dəfə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əvvəl Naxçıvanda, sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi xüsusi qeyd edilir. Bu baxımdan 31 dekabr tarixinin xüsusi yükü və böyük qayəsi həm də ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş, ümumxalq, ümummilli bayrama çevrilmişdir. "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir" - bu sözlərin müəllifi olan böyük Heydər Əliyevi Azərbaycan xalqının, bütövlükdə dünyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tam haqlıdırlar.

Ümummilli lider Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsinin və qüvvətləndirilməsinin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm təsirini qeyd edərək dəfələrlə bu məsələyə toxunmuş, onları dövlətçiliyimizin möhkəmləndirilməsi işində fəal iştirak etməyə çağırmışdır. Ulu öndərin hər il dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətləri, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər xalqımızın özünüdərki, mənəvi bağlılığı istiqamətində atılan mühüm addımlardandır. Dünya azərbaycanlılarının bir araya gələrək təşkilatlanması, müstəqil Azərbaycan dövləti ətrafında sıx siyasi, iqtisadi, mənəvi birliyi müstəqil dövlət quruculuğumuzun indiki mərhələsində və müstəqilliyimizin əbədiliyinin təmin olunmasında son dərəcə önəmli bir amildir.

Ümummilli lider 1993-cü ildən başlayaraq xarici ölkələrə səfərləri zamanı - Fransada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada, Ukraynada, Polşada, Rumıniyada, Belçikada, Norveçdə, Bolqarıstanda və digər ölkələrdə azərbaycanlılarla maraqlı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. O, daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırırdı.

1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda, Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər". Hətta Heydər Əliyev ABŞ-da yaşayan soydaşlarımıza iradını da bildirmişdi: "Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda doğulmayıb. Nə olsun. Məgər Amerikada yaşayan ermənilər Ermənistanda doğulub, məgər onlar Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona görə də Ermənistan haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən Turanda doğulmuşam. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

Bütün bunlarla yanaşı, ümummilli liderin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 25 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında", 21 aprel 1998-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi haqqında" fərmanları, "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı 29 dekabr 2000-ci il tarixli xalqa müraciəti dünya azərbaycanlılarının mənəvi-ideoloji birliyinin əsas istiqamətlərini müəyyən edən konseptual sənədlər hesab oluna bilər. Ən əsası isə ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Respublikasl ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq 2001-ci il may ayının 23-də xüsusi sərəncam imzalamışdır.

Məhz bu sərəncama əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olundu. Dünya azərbaycanlılarının I qurultayı Azərbaycan xalqının həyatında, milli və mənəvi birliyinin təşəkkülündə tarixi bir hadisə oldu. Dünyanın onlarca ölkəsində yaşayan azərbaycanlıları bir araya gətirən qurultay şübhəsiz ki, xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində yeni bir mərhələ açdı. Həmçiin, Dünya Azərbaycanlılarının I qurultayı xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsinə, əvvəllər zəif olan diasporların möhkəmlənməsinə, onların fəaliyyətinin canlanmasına, müxtəlif milli və mədəni təşkilatlar arasında əlaqələrin qurulmasına təkan vermişdi. I qurultay dünya azərbaycanlılarının qarşısında milli dəyərləri qoruyub saxlamaq, Azərbaycan dilini, adət-ənənələrini, milli mədəniyyətini və incəsənətini təbliğ etmək və gələcək nəslə çatdırmaq kimi vəzifələr qoymuşdu.

Ümummilli lider Heydər Əliyev qurultaydakı tarixi çıxışında dünya azərbaycanlılarına müraciət edərək onlara birləşməyin yolunu göstərmişdi: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mədəniyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Ümummilli lider Heydər Əliyevin "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərmanının da Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə qurulması baxımından müstəsna əhəmiyyəti vardır. Bütün bunlar bir daha Azərbaycan diasporunun möhkəm, sarsılmaz siyasi əsaslar üzərində formalaşdırılmasından xəbər verir. Nəticədə bu gün Azərbaycan Respublikasında dünya azərbaycanlılarının milli birlik və həmrəylik problemi dövlət səviyyəsində qaldırılmış, Azərbaycan diasporunun formalaşdırılması dünya azərbaycanlılarının bir-biri ilə və eyni zamanda tarixi vətənlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi məsələləri bilavasitə gündəmə gətirilmişdir. Dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır.

Bu gün təsəlli yerimiz, ümid yerimiz bir də odur ki, ulu öndərin milli birlik və azərbaycançılıq ideyalarını onun siyasi məktəbinin ən layiqli yetirməsi, yüksək intellektual səviyyəyə malik, görkəmli siyasi xadim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyata keçirir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası uğurla davam etdirilir. Cənab İlham Əliyevin ən zəruri əsərlərin latın qrafikası ilə çap olunması üçün imzaladığı fərman və sərəncamları, xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşləri bir daha təsdiqləyir ki, bu gün milli-mənəvi dəyərlərimizin qorunması etibarlı əllərdədir.

Milli Məclis "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul etmiş, bu qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyənləşdirmişdir. Bütün bunlar soydaşlarımızın problemlərinin həlli istiqamətində Prezident İlham Əliyev qayğısının bariz nümunəsidir.

Eyni zamanda Dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirmək və birliyini möhkəmləndirmək məqsədilə hazırda həm dövlət, həm də ictimai və elmi təşkilatlar səviyyəsində xeyli iş görülmüş və görülməkdədir. Bu məqsədlə son illərdə respublikamızda keçirilən əməli tədbirlərin sayəsində xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə təmasları xeyli intensivləşmişdir. Nəticədə son beş ildə bir çox xarici ölkədə Azərbaycan cəmiyyətləri birləşmiş, federasiyalar yaradılmışdır. Belə birliklərdən Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasını, Ukrayna Azərbaycan Konqresini, Ümumrusiya Azərbaycan Konqresini, Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti kimi qurumları qeyd etmək olar. Bu mütərəqqi tendensiya digər ölkələrdə də yayılmaqdadır. Eyni zamanda hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmvətənlərimizə və bütün soydaşlarımıza ünvanladığı müraciətləri bu yöndə işlərin indən belə daha da gücləndiriləcəyinə, yeni vüsət alacağına işarə vurulur, eyni zamanda əsas diqqət istifadə olunmamış potensialdan maksimum yararlanmağa yönəldilir: "Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır". Bu gün Prezident İlham Əliyev hamını səfərbər etməyə çalışır ki, azərbaycanlılar məhz bir ideya ətrafında birləşsin. Bütün bunlar dövlət başçısının ümummilli lider Heydər Əliyev ənənələrinə sadiqliyini nümayiş etdirir.

Möhtərəm Prezident İlham Əliyevin əsas tövsiyələrindən biri də azərbaycançılıq ideyasını yaşatmaq və təbliğ etməklə bağlıdır. Etiraf edək ki, Azərbaycan tarixdə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra azərbaycançılıq aparıcı ideya kimi həm ölkəmizdə, həm də dünyada yaşayan soydaşlarımız üçün əsas ideyaya çevrilib. Bu ideyanın müəllifi olan ulu öndər Heydər Əliyev daim üzünü dünyanın müxtəlif ölkələrindən gəlmiş həmyerlilərimizə tutaraq deyirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdır.

Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının II qurultayında çıxışı zamanı bu məsələni xüsusi vurğulamışdır: "Bizim bu qurultayı keçirməkdə məqsədimiz budur ki, dünyaya səpələnmiş azərbaycanlılar vətənə gəlsin, bir-biri ilə daha sıx əlaqə saxlasın, ünsiyyət qursunlar, bir-birlərini anlamağa çalışsınlar. Ümid edirəm ki, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasında daha fəal iştirak edəcəksiniz, digər ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr yaradacaqsınız, azərbaycançılığı möhkəmləndirəcəksiniz. Hesab edirəm ki, qurultay bu sahədə azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm bir tarixi mərhələdir".

Bu gün milli diasporun formalaşdırılması iştiqamətində aparılan genişmiqyaslı iş Azərbaycanın xarici siyasət doktrinasının da mühüm qoluna çevrilmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bu amili nəzərə alaraq, diaspor hərəkatını genişləndirmək məqsədilə 9 fevral 2005-ci il tarixdə Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi barədə sərəncam imzalamış və bu möhtəşəm tədbir öz əhəmiyyətinə görə ölkəmizin çağdaş tarixinə əlamətdar hadisə kimi düşmüşdür.

Şübhəsiz ki, ölkəmizin inkişaf və tərəqqi yolundakı nailiyyətlərində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalını daşıyan həmvətənlərimizin də müstəsna payı var. Müstəqil Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar onların milli şüurunu, özünüdərkini, torpağa bağlılığını günü-gündən möhkəmləndirir. Müxtəlif ölkələrdəki azərbaycanlı diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Bununla belə, mövcud reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji siyasi kurs bu işlərin davamlığına ən real təminatdır.

Cənab İlham Əliyev siyasi fəaliyyətində hər zaman diaspor və lobbi quruculuğu işinə diqqətlə yanaşıb. Xatırladaq ki, cənab İlham Əliyev hələ Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərkən səmimi ünsiyyəti, diplomatik bacarığı ilə çoxlu sayda əcnəbi parlamentarı ölkəmizin yaxın dostuna, müdafiəçisinə çevirib. Azərbaycan AŞ PA tribunasından səmərəli istifadə etməklə, Ermənistanın təşkilat tərəfindən təcavüzkar dövlət kimi tanınmasına nail olub. Rəsmi Bakı bu istiqamətdə Azərbaycanın yaxın strateji müttəfiqi olan dövlətlərlə sıx əməkdaşlığı olduqca vacib sayır. Azərbaycan və Türkiyənin xarici ölkələrdəki diaspor qurumları fəaliyyətlərini əlaqələndirir, müxtəlif məsələlərdə bir-birinə dəstək verirlər.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirələrdə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş və bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkmişdir. Dövlət başçısı İlham Əliyev diaspor təşkilatlarının qarşısında da yeni vəzifələr qoyub: "Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Ona görə də səfirliklər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır. Mən bilirəm ki, bu iş bir çox ölkədə gedir. Səfirliklər bu baxımdan işləyirlər. Mən bunu bilirəm. Amma əlbəttə, istərdik ki, bunun böyük nəticəsi, səmərəsi olsun".

Sözsüz ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir və ulu öndərin azərbaycançılıq ideyasına möhtərəm Prezident İlham Əliyevin böyük qayğısını ifadə edir.

 

Nizami XUDİYEV,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.-2008.-31 dekabr.-S.1-2.