Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
münasibətilə Azərbaycan
Respublikası Milli Məclisinin müraciəti
Əziz soydaşlar və
həmvətənlər!
Böyük və
qüdrətli Azərbaycan xalqının milli-mənəvi
bütövləşmə əzmini təcəssüm etdirən
həmrəylik günündə hər birinizi hörmətlə
salamlayırıq. Bu gün dünyanın dörd bir
yanına səpələnmiş soydaşlarımızın
və həmvətənlərimizin söz, əqidə və
əməl birliyinin möhkəmləndirilməsi ümummilli
məqsədlərimizin gerçəkləşməsinə
yönələn ən vacib vəzifələrdən biridir. Müasir
dünyada cərəyan edən qlobal proseslər bir çox
hallarda millətlərin tarix səhnəsində
oynadıqları rolların keyfiyyətcə yeniləşməsinə
gətirib çıxarır. Həyat sübut edir ki,
yalnız öz gücünü bir yerə toplayıb
potensialını üzə çıxarmağı bacaran
xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini
həyata keçirmək imkanlarını qoruya və
artıra bilirlər. Bəşər sivilizasiyasının
inkişafına dəyərli töhfələr vermiş Azərbaycan
xalqının yeni minillikdə davamlı yüksəlişinin
yolu on milyonlarca soydaşımızın və həmvətənimizin
mütəşəkkil qüvvə kimi formalaşmasından
keçir.
Xalqımızın
yekdilliyinə nail olmaq üçün ümummilli liderimiz
Heydər Əliyevin təşəbbüsü ilə on yeddi
il bundan əvvəl başlanmış hərəkat ildən-ilə
daha geniş vüsət almaqdadır. Bu gün dünyanın
bütün qitələrində yaşayan azərbaycanlılar
milli mənlik şüuru əsasında sıx birləşməyin
zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan
diasporları və icmaları inkişaf edib möhkəmlənir,
soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni
hüquqlarının müdafiəsi işinə daha
yaxından cəlb olunurlar.
Azərbaycan
Respublikası bütün dünya azərbaycanlılarının
tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur
ki, hansı ölkədə yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş
verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, ölkədə
həyata keçirilən quruculuq işlərinə görə
sevinir, Azərbaycanın qüdrətli dünya dövlətləri
sırasına çıxarılması yolunda əldə
edilən nailiyyətlərlə fəxr edir. Dövlətimizin
beynəlxalq nüfuzunun yüksəlməsi, yerləşdiyi
bölgədə və onun hüdudlarından uzaqlarda söz
sahibi olması soydaşlarımızın və həmvətənlərimizin
qəlbini qürur hissi ilə doldurur.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi
sosial-iqtisadi inkişaf strategiyası bütün
dünyanın diqqətini cəlb edən heyrətamiz bəhrələr
verir. Bu gün Azərbaycan Respublikası siyasi və iqtisadi
gücünü durmadan artıran, gələcəyə
inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir.
Getdikcə çoxalan
imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb
vəzifəni uğurla yerinə yetirməyə imkan verir. Azərbaycan
Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx
bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin
həyata keçirilməsində həlledici rol oynayır.
Azərbaycançılıq
amalının şüurlarımızda və qəlblərimizdə
möhkəm yer tutmasına yönələn tədbirlər
görülür, xarici ölkələrdəki Azərbaycan
diasporları və icmaları ilə əlaqələr
gücləndirilir. Bu gün dünyanın müxtəlif
bölgələrində yaşayan
soydaşlarımızın bir-biri ilə və tarixi Vətənlə
bağlarının möhkəmləndirilməsinə
kömək göstərilməsi Azərbaycan
Respublikasının dövlət siyasətinin üzvi tərkib
hissəsidir.
Demokratik, hüquqi
dövlət quruculuğu, vətəndaş cəmiyyəti
yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
edilməsi, qanunun aliliyinin təmin olunması, insan
hüquqlarının və azadlıqlarının
qorunması istiqamətində mühüm addımlar
atılır. Dövlət və cəmiyyət həyatının
bütün sahələrində aparılan islahatlar geniş
vüsət almışdır.
Azərbaycanın
xoşbəxt gələcəyi cənab İlham Əliyevin
uzaqgörən daxili və xarici siyasəti ilə
bağlıdır. Bütün bu amilləri nəzərə
alan müdrik xalqımız 2008-ci il oktyabrın 15-də
keçirilən prezident seçkilərində möhtərəm
İlham Əliyevi yenidən dövlət
başçısı seçməklə onun həyata
keçirdiyi siyasi xəttin, Heydər Əliyev kursunun davam
etdirilməsini istədiyini bir daha ifadə etmişdir.
Dünya ölkələrində
yaşayan azərbaycanlılar Azərbaycanın əldə
etdiyi uğurlara öz uğurları kimi sevinir, eyni zamanda Vətənimizin
taleyüklü problemlərinin həll ediləcəyi, o
cümlədən ölkəmizin ərazi
bütövlüyünün bərpa olunacağı, bir
milyondan çox qaçqın və
köçkünümüzün doğma yurd-yuvasına
dönəcəyi günü səbirsizliklə gözləyirlər.
Qarabağ dərdi bütün millətimizin ağrılı
yeridir, ona görə də bu problemin həllinə elliklə
kömək göstərilməsi zəruridir. Azərbaycan
xalqının bütün övladlarının birgə səyləri
dövlətimizin və xalqımızın inkişafı
yolundakı bu maneənin aradan qaldırılmasını
yaxınlaşdıra bilər. Yer kürəsinin hansı
guşəsində yaşayıb-işləməsindən
asılı olmayaraq bütün soydaşlarımızın Vətən
qarşısında övladlıq borcu Ermənistanın
ölkəmizə təcavüzünün nəticələrinin
aradan qaldırılması naminə qüvvələrini birləşdirməkdən,
Azərbaycanın haqq işini müdafiə etməkdən
ibarətdir.
Azərbaycanlıların
bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini,
dilini, mədəniyyətini yaşatmaq, hər sahədə
bir-birinə dəstək olmaqdır. Azərbaycan
xalqının varlığı və gələcəyi,
milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi
dünya azərbaycanlılarının birliyindən və
mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz!
Dəyərli
soydaşlarımız!
Sizi milli-mənəvi
birliyimizi daha da möhkəmləndirməyə
çağırır, xalqımızın hüquq və mənafelərinin
qorunması uğrunda mübarizədə səyləri
artırmağa səsləyirik. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə
hamınızı ürəkdən təbrik edir, hər
birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti,
doğma Azərbaycanımıza qələbə sevincləri
və nurlu gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan
Respublikasının
Milli Məclisi
(Müraciət Azərbaycan
Respublikası Milli Məclisinin 2008-ci il 30 dekabr tarixli
iclasında qəbul edilmişdir).
Azərbaycan.-2008.-31 dekabr.-S.1.