Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyişikliklər edilməsi haqqında Referendum Aktına dair məsələlər müzakirə olunmuşdur. Son illər aparılan sürətli siyasi, iqtisadi islahatlar, demokratik proseslər, ölkəmizin Avropaya sıx inteqrasiyası Konstitusiyaya mütərəqqi dəyişikliklərin edilməsini şərtləndirmişdir.

Dövlətimizin konstitusion əsaslarının daha da möhkəmlənməsi, demokratiyanın genişləndirilməsi, insan hüquqlarının daha etibarlı qorunması baxımından çox vacib olan bu əlavə dəyişikliklərin, həmçinin ədliyyə, məhkəmə bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönəldiyi vurğulanmışdır. Bununla əlaqədar ədliyyə orqanları qarşısında duran vəzifələr, o cümlədən Referendum Aktının mahiyyətinin ictimaiyyət arasında izah olunmasına, hüquqi maarifləndirmə işinin gücləndirilməsinə dair tədbirlər müəyyən olunmuşdur.

Eyni zamanda nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı görülmüş işlər, buna dair Milli Məclisə təqdim olunan illik məruzə müzakirə edilmiş, bu işin səmərəliyinin artırılması üzrə göstərişlər verilmişdir.

İclasda penitensiar sistemdə aparılan əsaslı islahatlar çərçivəsində beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər müzakirə olunmuşdur.

Kollegiyada həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışlar.

 

Azərbaycan.-2008.-31 dekabr.-S.2.