Ümumdünya İnsan Hüquqları Bəyannaməsi polis hüququnun əsas mənbəyidir

 

XIX əsrin ikinci yarısından başlayaraq Avropada milli, dini, irqi müstəsnalığa əsaslanan ideologiyalar yayılırdı. Təbii ki, bunun da qarşısı alınmalı idi. Bu məqsədlə ötən əsrin əvvəllərində Millətlər Liqası çərçivəsində milli, etnik və dini azlıqların hüquqlarını müdafiə etmək vəzifəsini müəyyən edən bir sıra anlaşmalar imzalandı. Lakin bu tədbirlər o zaman artıq geniş yayılmış irqçi, faşist ideologiyasının dövlət siyasətinə çevrilməsinə mane ola bilmədi və nəticədə də İkinci Dünya müharibəsi başlandı.

 

Məhz İkinci Dünya müharibəsi zamanı törədilmiş vəhşiliklər mütərəqqi dövlətləri ümumdünya ədalət meyarını müəyyən etməyə sövq etdi. Hələ 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müqəddiməsində insan hüquqlarına, onun şərəf və ləyaqətinə kişi və qadının, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı ifadə olunmuşdu. 1946-cı ildə çıxarılmış Nürnberq tribunalının qərarlarında isə müəyyən edilmişdi ki, insan hüquqları artıq heç bir dövlətin müstəsna daxili məsələsi deyil və heç bir dövlət suverenliyini bəhanə gətirərək vətəndaşları ilə istədiyi kimi rəftar edə bilməz. Lakin bütün bunlar nə qədər vacib olsa da, kifayət etmirdi. İnsan hüquqlarının ümumbəşəri dəyərə çevrilməsi üçün vahid yazılı sənədə çox böyük ehtiyac var idi. Bu da 1948-ci ilin dekabr ayının 10-da BMT-nin Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə nəticələndi. Həmin Bəyannamə insan hüquqları sahəsində ilk rəsmi sənəd olmasa da, miqyasına və əhəmiyyətinə görə şübhəsiz ki, birincidir. Məhz 1948-ci il Bəyannaməsi insanın beynəlxalq hüququn obyektindən subyektinə çevrilməsinə ilk işarə idi, onun əsasında sonradan yüzlərlə beynəlxalq konvensiyalar qəbul edilmiş, əksər dövlətlər onun müddəalarını konstitusiyalarında təsbit etmişlər.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul ediləndə Azərbaycan, o zaman müstəqil dövlət olmadığından, ona səs verə bilməmişdi. Yalnız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası insan hüquqları və demokratiyaya sadiq qalacağını bəyan etmişdi. Bu yolda Azərbaycan dövləti mürəkkəb dövr keçərək bütün sınaqlardan mətinliklə çıxmış və demokratiyanın dönməzliyini bir daha təsdiq etmişdir. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiyada böyük bir fəsil məhz insan hüquqlarına həsr edilmiş və Bəyannamənin müddəalarını özündə əks etdirmişdir. Əsas Qanunun müddəalarından irəli gələn insan hüquq və azadlıqlarını əsas meyar kimi özündə əks etdirən qanunlar qəbul edilmiş, onların tətbiqi üçün təşkilati işlər görülmüş və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu gün biz böyük fərəh hissi ilə qeyd edə bilərik ki, bu ümumbəşəri dəyərlər Azərbaycan dövlətinin real həyatında təmin olunur. Ölkəmizdə demokratik cəmiyyətlərə xas institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

İnsan hüquq və azadlıqlarının əsas təminatçılarından biri kimi daxili işlər orqanları da sözsüz ki, bu sahədə aparılan işlərdən kənarda qala bilməzdi. Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir. Eyni zamanda polis özü də insan və vətəndaş hüquqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərməlidir.

Polis orqanları tərəfindən insan hüquqlarına hörmət edilməsi, faktiki olaraq, bu orqanların fəaliyyətində səmərəliliyi artırır. Öz fəaliyyətində insan və vətəndaş hüquqlarının aliliyini rəhbər tutan daxili işlər orqanlarında müasir dövrün qanunvericilik aktları əsasında bir sıra normativ sənədlər qəbul olunmuşdur. DİO-nun fəaliyyətini tənzimləyən bütün hüquqi aktlar "Təbii hüququn pozitiv hüquqa nisbətən aliliyi" prinsipinə əsaslanır. İnsan və vətəndaş hüquqlarının daha da səmərəli mühafizəsi məqsədilə DİN sistemində müvafiq struktur islahatları da həyata keçirilmiş, idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, xidməti və icra intizamının möhkəmləndirilməsinə, elmi-texniki nailiyyətlərin, yeni informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilmişdir. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamız cinayətkarlığın səviyyəsinə görə MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri hesab olunur.

Hüquqi dövlət quruculuğu yolunu tutmuş hər bir dövlətdə insan hüquqları sahəsində maarifləndirmə işinin həyata keçirilməsi bu təminatın daha effektiv olmasına zəmin yaradır. Təsadüfi deyil ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bütün dövlətləri və millətləri insan hüquqlarına maarifləndirmə və təhsil vasitəsilə hörmət etməyə çağırış xüsusi vurğulanır. Məhz bu səbəbdən hər bir dövlət insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirəcəyi fəaliyyətin effektivliyini təmin etmək məqsədilə maarifləndirmə işini yüksək səviyyədə təşkil etməli, həmçinin heç kəsin bu fəaliyyət dairəsindən təcrid olunmamasına nail olmalıdır. Məlum olduğu kimi, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 28 dekabr 2006-cı il tarixdə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Bu planın əsas hissəsi bütövlükdə insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirlərinə həsr olunmuşdur.

İnsan hüquqlarının mühafizəsi sahəsində polisin müvəffəqiyyəti burada çalışan kadrların peşə ustalığından və bilik səviyyəsindən çox asılıdır. Bu kadrlar qulluq fəaliyyətinə başlayan gündən əhalinin müxtəlif təbəqələri ilə təmasda olur, onların hüquq və azadlıqlarının qoruyucusu kimi çıxış edirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əksər hallarda polis əməkdaşları tərəfindən insan hüquqlarının pozulması hallarının səbəbləri bu sahədə lazımi biliklərin olmaması ilə bağlıdır. İnsan hüquqları sahəsində beynəlxalq standartlar, qanunlar barədə kifayət qədər biliklərin əldə edilməsi polis əməkdaşları tərəfindən insan hüquqlarının pozulması hallarının azalmasına kömək edir. Bu baxımdan DİO-nun işinin müvəffəqiyyəti polis əməkdaşlarının insan hüquqlarına dair əldə etdikləri biliklərdən də çox asılıdır.

Qarşımızda duran bu mühüm vəzifənin icrası ilə bağlı olaraq, insan hüquqlarının təmin edilməsi sahəsində polisin vəzifələri, eləcə də bu sahədə beynəlxalq və ölkədaxili aktların mükəmməl öyrənilməsini təmin etmək məqsədilə Polis Akademiyasında 1998-ci ildən başlayaraq tədris planına "İnsan hüquqları" fənni əlavə edilmişdir. Fənn üzrə hazırladığımız tədris proqramına, İnsan hüquqları və polis (dərs vəsaitinə), "İşgəncələrə Qarşı Avropa Komitəsi" haqqında və s. tədris vəsaitlərinə BMT, Avropa Şurası ekspertləri tərəfindən müsbət rəylər verilmişdir.

Akademiyanın "Dövlət və hüquq nəzəriyyəsi" kafedrasının əməkdaşları Budapeştdə Avropa Şurasına üzv dövlətlərin polisləri üçün "İnsan hüquqları və polis" adlı dərs vəsaitinin hazırlanmasında BMT-nin insan hüquqları üzrə eksperti Ralf Kroşo ilə birlikdə ekspert kimi iştirak etmişlər. DİO əməkdaşları və Polis Akademiyasının tələbələrində insan hüquqlarına hörmət hisslərinin daha da möhkəmləndirilməsinə xidmət edən müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə təhsil müəssisəmizin kollektivi Ombudsman aparatı ilə sıx əməkdaşlıq edir.

İnsan hüquqlarının daha etibarlı qorunması baxımından hüquqi maarifləndirmənin əhəmiyyətli olmasını nəzərə alaraq bu mövzuda müxtəlif vəsaitlərin hazırlanması daim diqqət mərkəzində olmalıdır.

Polis Akademiyasının "Dövlət və hüquq nəzəriyyəsi" kafedrasının əməkdaşları tərəfindən Təhsil Nazirliyinin qrifi ilə ali hüquq təhsili alan tələbələr, hüquq-mühafizə orqanları əməkdaşları üçün "İnsan hüquqları" adlı dərs vəsaiti hazırlanıb çap edilmişdir. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü və redaktəsi ilə insan hüquqları sahəsində tanınmış mütəxəssis Ralf Kroşonun "Polis və insan hüquqları" kitabı ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş və kitab əsasında müxtəlif cari tədris vəsaitlərinin çap olunması və polis əməkdaşları üçün treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Məhz yuxarıda deyilənləri nəzərə alaraq, polis işçilərinin hüquqi biliklərinin artırılması və tədris prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Polis Akademiyası ilə birgə "Polis və insan hüquqları: tədris modulu" və "Polis və insan hüquqları: polis əməkdaşları üçün yaddaş kitabçası" hazırlamışdır. Tədris modulunda insan hüquqlarının müdafiəsi sistemləri, insan hüquqları və polisin fəaliyyəti, polisin fəaliyyətinin peşə etikası, polis və seçkilər və digər mövzular əks olunmuşdur. Yaddaş kitabçasında isə polisin hüquq və vəzifələri, polis fəaliyyətinin peşə etikası, polisin səlahiyyətləri, polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi qaydaları öz əksini tapmışdır.

Ombudsman aparatı ilə əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyasında BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr edilmiş "Hüquq-mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı" elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev son dövrdə respublikada, o cümlədən daxili işlər orqanlarında insan hüquqlarının təmini sahəsində görülmüş işlər barədə məlumat verdi. Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquqları sahəsində təməl sənədidir" adlı geniş məruzə ilə çıxış edərək, bəyannamənin bütün dünyada insan hüquqları sahəsində qəbul edilmiş normativ-hüquqi aktların hazırlanmasında, eləcə də təcrübi tətbiqi ilə bağlı əhəmiyyəti və Azərbaycanda bu sənədin implementasiyası məsələləri haqqında məlumat verdi.

Azərbaycan daxili işlər orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində milli-mənəvi dəyərlərə, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun hüquqi bazaya əsaslanan uğurlu fəaliyyəti davam etdirilir.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbirincə desək: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin: "... biz xalq üçün çalışırıq" tələbi fəaliyyətimizin proqram vəzifəsidir və işimizin ən böyük və obyektiv qiyməti xalqın bizə olan inamıdır. Daxili işlər orqanlarının bütün şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini, insan və vətəndaş hüquqlarının mühafizəsi sahəsində Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu bütün tapşırıqları, vəzifələri əzmlə yerinə yetirəcək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində bundan sonra da sayıq dayanacaqdır".

 

Ceyhun SÜLEYMANOV,

Polis Akademiyasının

"Dövlət və hüquq nəzəriyyəsi"

kafedrasının rəisi, polis polkovnik-leytenantı, hüquq elmləri namizədi,

 

İlham ƏLİYEV,

"Dövlət və hüquq nəzəriyyəsi"

kafedrasının müəllimi, polis

polkovnik-leytenantı

 

Azərbaycan.-2008.-31 dekabr.-S.9.