Dünya musiqiçiləri
Bakıya toplaşdı
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Rostropoviç fondunun birgə təşkilatçılığı ilə dekabrın 8-dən 14-dək Azərbaycanın paytaxtı Bakı şəhərində III Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirildi. Dünya şöhrətli musiqiçinin Vətəni Bakıda Avropanın tanınmış, məşhur incəsənət ustaları bir araya gəlib möhtəşəm konsert proqramı ilə musiqisevərlərə yeni orijinal əsərlər bəxş etdilər. Doğrudur, elə musiqi əsərləri var ki, onlar dəfələrlə ifa edilmişdir. Amma Bakı konfransında ifaçılar məhz bu "köhnə" əsərləri yeni üslubda tamaşaçılara təqdim etdilər.
Festivalın
təntənəli açılışı Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
oldu. Tamaşaçılara ilkin təqdim edilən əsəri
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri çatdırdı. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq
artisti, professor Rauf Abdullayev idi. Solistlər
Elçin Əzizov, Samir Cəfərov və Elməddin
İbrahimov oldular. Onu da bildirək ki,
Elçin Əzizov və Samir Cəfərov istər Azərbaycanda,
istərsə də xarici ölkələrdə yaxşı
tanınırlar. Elçin Əzizov həm
də 2009-cu ildən Rusiyanın Dövlət Akademik
"Bolşoy Teatr"ının solistidir. Samir Cəfərov da beynəlxalq müsabiqələr
laureatıdır. Ən maraqlı solist isə
Elməddin İbrahimovdur. O, hazırda Heydər Əliyev
adına Müasir Təhsil Kompleksinin V sinif şagirdidir. "Muğam-2007" televiziya müsabiqəsinin
qalibidir. Bir çox yaşıdları
kimi xarici ölkə tamaşaçıları
qarşısında da maraqla çıxış edən bu
balaca solist Prezident təqaüdçüsüdür. Onun festivaldakı çıxışları da
maraqla qarşılanmışdır.
Təntənəli
açılışda Firəngiz Əlizadənin, Oqtay
Zülfüqarovun, Qara Qarayevin, Cövdət Hacıyevin,
S.Raxmaninovun, Fikrət Əmirovun, Üzeyir Hacıbəylinin,
C.Ruççinin əsərləri ifa edildi. O cümlədən
Rostropoviç haqqında çəkilmiş sənədli
filmin nümayişi də oldu.
Dekabrın 9-da isə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında "Yeni Rusiya" Dövlət Simfonik
Orkestrinin konserti oldu. Konsertə dünyanın görkəmli
musiqiçilərindən sayılan, bir sıra beynəlxalq
mükafatlar laureatı, Avropada, Amerikada ustad dərsləri
aparmış, hazırda İtaliya, Fransa akademiyalarında dərs
deyən Rusiya Dövlət Simfonik Orkestrinin baş dirijoru Yuri
Başmet rəhbərlik edirdi. Solist violonçel David Gerinqas
idi. P.Çaykovskinin, D.Şestokoviçin əsərləri
səsləndi. "Yeni Rusiya" Dövlət Simfonik Orkestri
dünyanın demək olar ki, bir çox möhtəşəm
konsert salonlarında məşhur bəstəkarların əsərlərini
ifa etmişdir. Son yeddi il ərzində yalnız Rusiyada deyil,
xarici ölkələrdə 300-dən çox konserti
müşayiət edən bu simfonik orkestrin üzvləri dəfələrlə
Fransa, İtaliya, Almaniya, İngiltərə, Avstriya,
Yunanıstan, Bolqarıstan, Türkiyə, Hindistan və
Finlandiyada qastrol səfərlərində olmuşdur.
Repertuarını daim yeniləşdirən "Yeni Rusiya"
orkestri həm klassik, həm də müasir musiqi ifaları ilə
tamaşaçıları cəlb etməkdədir. Belə
bir orkestrin paytaxtımızda qonaq olması həqiqətən
maraqlı idi.
Sonrakı gündə də
"Yeni Rusiya" Dövlət Simfonik Orkestri öz
çıxışlarını davam etdirdi. Bu dəfə səslənən
konsertdə dirijor Kristian Badea, solist isə Prezident
mükafatçısı, Bakı Musiqi Akademiyasının
Fortepiano kafedrasının dosenti Murad Adıgözəlzadə
oldu. Dünya şöhrətli bir orkestrin müşayiəti
ilə azərbaycanlı sənətçinin
çıxışı ifa təsirliliyi və orijinal dəst-xətti
ilə seçilirdi. Murad Adıgözəlzadənin məharətlə
fortepianoda səsləndirdiyi musiqi əsərləri çox
möhtəşəm alındı. Mütəxəssislər
fikir mübadiləsində bildirirdilər ki, azərbaycanlı
fortepianoçu Qlinkanın, Şestokoviçin, Prokofyevin əsərlərini
son dərəcə məharətlə, qeyri-adi bir
şövqlə ifa edirdi.
Festivalın
dördüncü günü yenə də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
musiqisevərlərin sevincinə səbəb oldu. Burada
Böyük Britaniyanın məşhur İngilis Kamera
Orkestrinin dirijoru Pol Uotkinsin rəhbərliyi ilə keçirilən
konsertdə dünyanın tanınmış
skripkaçısı Pinkas Sukerman, violençel Amanda Forsayt
çıxış etdilər. Amanda Forsayt Cənubi Afrikada
anadan olmuşdur. Dörd yaşından violonçelə maraq
göstərən Amanda sonradan Londonda ali təhsil
almışdır. Onun musiqi sahəsində böyük
uğurları var. Haqqında maraqlı filmlər çəkilib.
Dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində
olan Amanda Forsayt qeyri-adi violonçel çalan hesab edilir.
Skripkaçı Pinkas Sukerman da klassik əsərlərin ən
yaxşı ifaçısı sayılır. İncəsənət
sahəsində müxtəlif mükafatlara layiq
görülmüş bu məşhur skripkaçının
çalğısına məftun olmayan tamaşaçı
yoxdur.
Dekabrın 12-də isə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Mstislav Rostropoviç adına III Beynəlxalq
musiqi festivalı çərçivəsində ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
"Heydər Əliyevə ithaf" adlı xüsusi konsert təşkil
edildi. Konsert Böyük Britaniya Kamera Orkestrinin ifasında
R.Vaqnerin "Zinqfridin idilliyası" əsərinin səslənməsi
ilə başladı. Gecədə məşhur bəstəkarlardan
V.Mosartın, L.Bethovenin əsərləri səsləndi. Bu
şərəfli və təntənəli gecənin bədii
rəhbəri və dirijoru Pol Uortkins, solisti isə Filipp
Kopaçevski olmuşdur. Bu gecə səslənən musiqilərdə
qəribə bir həzinlik, insan qəlbinə təsir edən
düşündürücü məqamlar var idi. Sanki bir
ömrün sonsuzluğu musiqinin müxtəlif pərdələri
arasında yenidən insanlara çatdırılırdı. Əslində,
bu gecə bəşərilikdən, əbədiyaşarlıqdan
bir musiqi nağılı danışırdı.
Dekabrın 13-də
günorta filarmoniyada Dövlət Uşaq Gənclər
Simfonik Orkestrinin konserti oldu. "Uşaq ili" ilə əlaqədar
belə bir konsertin də proqrama salınması çox vacib
idi. Teymur Göyçayevin dirijorluğu və rəhbərliyi
ilə həyata keçirilən bu konsert yerinə
düşdü. Axşam saatlarında isə Heydər Əliyev
Sarayında "Toska" operasından hazırlanmış
konsert proqramı tamaşaçılara
çatdırıldı.
Dekabrın 14-də isə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında festivalın bağlanışı oldu. Həmin
gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri Bethovenin əsərlərini tamaşaçılara
çatdırdı. Solistlər dünyanın
tanınmış skripkaçısı Rey Çen,
violonçel çalan Ksavye Fillips, Filipp Kopaçevski
(fortepiano) oldular.
Festival haqqında Heydər Əliyev
Fondu tərəfindən xüsusi proqram dərgi də
çap edilərək iştirakçılara
çatdırılmışdır. Həmin dərginin devizi
Rostropoviçin sözləri ilə başlayıb: "Mən
bakılıyam. Burada doğulmuşam. Dostlarım burada
yaşayır. Bakı mənim vətənim, mənim
evimdir". Məşhur dirijorun qızı Olqa
Rostropoviçin festival iştirakçılarına
ünvanladığı məktubda deyilir: "Mən fəxr
edirəm ki, Mstislav Rostropoviçə həsr olunmuş ən
birinci festival məhz burada - atamın çox sevdiyi və onun
üçün əziz olan Üzeyir Hacıbəyli, Qara
Qarayev, Cövdət Hacıyev, Asəf Zeynallı, Tofiq Quliyev
və Sabir Əliyev kimi musiqiçilərin adı ilə
bağlı şəhərdə keçirilmişdir. Mstislav
Rostropoviçi Heydər Əliyevlə xüsusi dostluq
münasibətləri birləşdirirdi. Bu haqda atam bir dəfə
demişdi: "O, məni Azərbaycana, Azərbaycanı isə
mənim ürəyimə vətənim kimi qaytardı".
Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həmçinin
Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban
xanım Əliyevaya atamın arzusunun həyata keçirilməsində
göstərdikləri böyük dəstək və köməyə
görə xüsusi minnətdarlığımı bildirmək
istəyirəm..."
Xatırladaq ki, Heydər Əliyev
Fondunun dəstəyi ilə bu ilin yazından başlayaraq
ölkəmizdə üç beynəlxalq musiqi festivalı həyata
keçirilib. Martda həyata vəsiqə alan Beynəlxalq
Muğam Festivalında dünyanın 12 ölkəsindən Azərbaycana
musiqiçilər gəlmişdi. Önəmli cəhətlərdən
biri bu idi ki, xarici qonaqlar təkcə bizim musiqimizlə, mədəniyyətimizlə
tanış olmurdular, onlar həm də bizə olan məhəbbətlərini
ifa edirdilər. Həmin gün səslənən
mahnıların arasında xarici ifaçıların ən
çox oxuduğu "Qarabağ şikəstəsi" xalq
mahnısı idi. Bəzən siyasətin döyə bilmədiyi
qapını həqiqətən mədəniyyət
müqavimətsiz, rahat aça bilir. Bu mənada həmin
festivalın böyük əhəmiyyəti oldu. Heydər Əliyev
Fondunun Azərbaycan muğamlarının, YUNESKO-nun qeyri-maddi
irs siyahısına salınmasında və onun təbliğində,
öyrənilməsində, sevilməsində
gördüyü işlərin misli-bərabəri yoxdur.
Yayda Qəbələ şəhərində
keçirilən beynəlxalq musiqi festivalında isə
dünyanın 15-dən artıq ölkəsindən gəlmiş
musiqiçilər iştirak edirdi. Çox maraqlı və
yaddaqalan hadisədir ki, Bakıda yanan musiqi
işığının nuru artıq bölgələrə
üz tutub. Bu mənada Qəbələ xarici musiqiçilərin
marağına səbəb oldu. Onlar Azərbaycanın bu dilbər
guşəsinə və burada yaşayan insanların musiqisevərliyinə,
qonaqpərvərliyinə ürəkdən heyran oldular. Nəhayət,
ilin sonundakı III Beynəlxalq musiqi festivalı. Bu cür tədbirlərin
bir-biri ilə vəhdətdə və yüksək səviyyədə
təşkil olunmasında, həyata keçirilməsində
həm Heydər Əliyev Fondunun, həm də Mədəniyyət
və Turizm Nazirliyinin xüsusi xidmətləri var. Belə tədbirlər
təkcə mədəni deyil, həm də siyasi əhəmiyyət
kəsb edir. Azərbaycan bineyi-qədimdən mədəniyyətin,
musiqinin, tolerantlığın mərkəzi olub.
Sivilizasiyaların qovuşduğu Bakıda heç bir vaxt
dini, irqi ayrı-seçkilik olmayıb. İnsanları birləşdirən,
onları bir məcraya yönəldən musiqinin, mədəniyyətin,
incəsənətin həmişə bir dili olub. Bu mənada,
Bakı dünyaya örnək ola biləcək ən gözəl
şəhərlərdən və mədəniyyət mərkəzlərindən
biridir!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 18 dekabr.- S. 7.