Onun mülayim xarakterinin qətiyyətli
tərəfi də var
Deyirlər ki, yubileyləri keçirməyin ən yaxşı yolu diqqəti həll olunmamış problemlərə yönəltməkdir. Bu, ayrı-ayrı sahələr, müxtəlif müəssisə və təşkilatlar kimi, bilavasitə insanların özlərinə, onların əlamətdar günlərinə də aiddir. Elə buna görə də həmin mülahizələrə əsaslanaraq müəllim həmkarım Akif Rüstəmovun davranışının, xasiyyət və rəftarının səciyyəvi bir əlamətini yada salmaq istəyirəm. Həm də xatırladıram ki, bunu məndən qabaq da görənlər və göstərənlər olub. Məsələn, haqqında yazılmış məqalələrin birində Vətənin layiqli övladı olması, ona öz imkanları daxilində sədaqətlə xidmət etməsi, iki oğlunun hərbi xidmətə eyni vaxtda, birlikdə göndərməsi göstərilib, digər yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən də ətraflı söhbət açılıb.
Həmkarım Cahangir Məmmədli onun çılğınlığını, bəzən bilavasitə özünə aid olmayan işləri görmək məcburiyyətində qalanda əsib-coşmasını qeyd edir. Ancaq onun bu kişi hərəkətləri qətiyyən sıxıntı, dözülməzlik şəraiti yaratmır, hətta gələcək xoşagəlməz rəftarın, sərt münasibətin qarşısını aldığı üçün, deyərdim ki, qəbahət deyil, əksinə, fəzilətdir. İlk baxışdan bəzilərinə, bəlkə də mübahisəli görünə biləcək bu fikri müqayisə yolu ilə aydınlaşdırmağa çalışaq.
Adam var ki, zahirən guya təmkinli, alicənab, geniş ürək sahibidir, sənin səhvini, yaxud ona səhv görünən hərəkətini, ürəyincə olmayan əməlini bağışlayıb üstünü vurmur. Ancaq pusquda dayanmış ovçu kimi ürəyinin bütün nifrəti, qəzəbi ilə kəndirini elə kəsir ki, qırx ərşin quyunun dibinə yuvarlanmalı olursan. Mən bu əlamətlərin klassik təsvirini mərhum yazıçımız Əlibala Hacızadənin "Təyyarə kölgəsi" romanındakı Salman Qurbanzadə obrazında, həmin obrazın prototiplərini isə həyatda çox görmüşəm.
Dərhal coşub-daşan, kükrəyən adamlarda isə adətən kin-küdurət olmur. Belələrinin, sözün yaxşı mənasında, yalnız bir atımlıq barıtı olur. Elə ki atıb qurtardı, hirsi, hiddəti kağız üzərindəki karandaş yazısı kimi pozanla dərhal silinməli olur, nə izi, nə əsər-əlaməti qalır.
Akif müəllim də belədir. Onu tanıdığım qırx ildən artıq müddət bir kimsə ilə ədavət saxladığını, kimə isə pislik etdiyini nə görmüş, nə də eşitmişəm.
- Əgər yaxşılıq əlindən gəlmirsə, pislik də etmə.
Doğrudur,
bu sözləri mən biləni heç zaman dilinə gətirməyib.
Ancaq bu onun
həyat devizidir. Bəlkə də görünən
dağa bələdçi lazım olmadığını
düşünərək belə edir. Həm
də dilinin ən xoş sözlərini, rəftarının
səmimi, ürəkaçan məqamlarını tələbələr
üçün saxlayır. Xüsusən tələbələrlə
səmimi, xoş münasibətinə dair faktlar istənilən
qədərdir, həm də bu sahədə zəngin təcrübəsi
var. Axı on il Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində dekan olub. Doğrudur, vəzifə vaxtını çox
alıb, lakin tədrisi nə dərəcədə mükəmməl
bilməsini, müxtəlif xarakterli adamlarla işləmək
qabiliyyətini qabarıq şəkildə üzə
çıxarıb, yüksək mənəvi-əxlaqi keyfiyyətlərinin
- gözü-könlü toxluğunun, əyilməzliyinin əyani
nümayişinə çevrilib. Ancaq
yaradıcılıq məsələlərini,
kafedramızın istiqamət və vəzifələrinə
uyğun olaraq, jurnalistikanın nəzəriyyəsi və təcrübəsinə
aid araşdırmalar aparmağı da unutmayıb.
Kafedranın
aparıcı fənlərindən dərs deyən Akif müəllim
elə 1-ci kursdan tələbələrə mətbuat
haqqında, onun cəmiyyətdə rolu barədə məlumat
verir, jurnalistikanın qərəzsizlik, obyektivlik, tərəfsizlik,
vicdanlılıq prinsiplərinə əməl etməyi
jurnalist yaradıcılığının ən mühüm
əsası olduğunu başa salır. O, müsahibələrinin
birində tələbələrə müraciətlə
deyir: "Yazanda başınızın üstündənki
Allahı unutmayın. Yalana həqiqət donu
geyindirməyin. Mətbuata verilmiş
imkanlardan, azadlıq və sərbəstlikdən sui-istifadə
etməyin. Azərbaycan dövlətçiliyini
qorumaq və inkişaf etdirmək siz gənclərin öhdəsinə
düşür".
Akif müəllimin
"Jurnalistika", "Xarici ölkələrin
jurnalistikası" (həmmüəllif kimi) kitabları və
elmi-publisistik məqalələri jurnalistikanın bir sıra məqamlarının
öyrənilməsində tələbələrə
yardımçı rolunu oynayır. O, beynəlxalq və ümumrespublika
tədbirlərinin fəal iştirakçısı kimi
jurnalistikanın aktual problemləri ilə bağlı
çıxışlar edir.
Ölkə mətbuatında
onun müxtəlif janrlarda çoxsaylı yazıları dərc
olunmuşdur.
Xüsusilə, Dağlıq Qarabağ problemi
barədə məqalələri böyük marağa səbəb
olmuşdur. Hadisələrin gərgin olduğu 1989-cu il idi. Akif müəllimin mətbuatda
"Dağlıq Qarabağ: dünən, bu gün və..."
sərlövhəli iki yazısı dərc olunmuşdu. Böyük əks-sədaya səbəb olan
yazının üçüncüsünün dərcinə
icazə vermədilər. O, ruhdan düşmədi, ermənilərin
riyakarlığını ifşa edən ədəbiyyatların
xarici ölkələrdə yayılmasına
çalışdı. Keçmiş SSRİ
respublikalarının ali məktəblərinin
jurnalistika fakültələri dekanlarının Ukraynanın
Lvov şəhərində keçirilən beynəlxalq
konfransına gedəndə özü ilə Dağlıq
Qarabağ münaqişəsinə həsr olunan rus dilində
nəşr edilən bir sıra kitablar apardı.
Onun "Ordan-burdan"
rubrikası altında "Filankəs" imzası ilə dərc
olunan "Müsəlman məclisi", "Giley",
"Qaçqınlar", "Sənsiz", "Yazıq,
biçarə Qarabağ", "Bu dünyanın
qoçuları" və digər yumoristik yazıları ən
çox oxucu marağına səbəb olan bədii-publisistik
yazılardır.
Azərbaycanda
kütləvi informasiya vasitələrinin nüfuz dairəsi
genişlənir, jurnalist peşəsinə maraq artır. Lakin təəssüflə
qeyd edim ki, bəzi mətbuat səhifələrində etik
normaların pozulması halları hələ də davam edir.
Senzuranın ləğvi jurnalistlərin əl-qolunu
açsa da, söz, fikir azadlığını bəhanə
gətirərək etik normalara məhəl qoymayanlar da var.
Onlar böhtan xarakterli fikirləri dərc etməklə ictimai
rəyi çaşdırmağa səy göstərirlər.
Bu yaxınlarda
Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə
keçirilən konfransda Akif müəllim də jurnalistikada
peşə etikası problemi ilə bağlı
çıxış edərək onun həllini jurnalistlərin
cəmiyyət qarşısındakı məsuliyyətində
və peşə borcunun vicdanla yerinə yetirməsində
görür.
Yenə də bəzilərini,
ola bilsin, kifayət qədər qane etməyən
bir əlamət barəsində. Xüsusən
dekan olduğu müddətdə sərtliyinin, zabitə və
vahiməsinin olmamasını və ya azlığını,
bir sözlə, mülayimliyini, yumruğunu masanın
üstünə vurmamasını ona nöqsan göstərənlər
də olub. Belələri bəlkə də
bir qədər haqlıdırlar. Ancaq
unutmaq olmaz ki, bu mülayim təbiətin, bəstəboylu qüsurun
qarşısını lay divar kimi kəsməsi, sərt tələbə
baxmayaraq, haqsızlığa yol verməməsi halları da
olub.
Bunu təkcə
bir faktın timsalında aydın görmək olar.
Keçən əsrin
doxsanıncı illərinin əvvəllərində,
qarmaqarışıqlıq dövründə keçmiş
rəhbərliyin iki ağsaqqal müəllimimizə - Nəsir
İmanquliyevə və Seyfulla Əliyevə haradansa sərt
münasibəti ortaya çıxmışdı. Rəsmi
yığıncaqlarda Akif müəllimə dəfələrlə
deyilmişdi:
- Onların hər ikisinin
işdən azad olunmaları barədə təqdimat yaz!
Akif müəllim isə qəti
etirazını bildirmişdi:
- Nəsir müəllim də,
Seyfulla müəllim də mənim müəllimlərim olub.
Buna görə də
tapşırığınız mənim üçün
imkan xaricindədir. Yalnız özümün işdən
azad olunmağım barədə ərizə yaza bilərəmE
Qətiyyətini,
inadını görüb keçmiş rəhbərlik daha təkid
etməmiş, məsələdən hali olan həmin müəllimlər
isə Akifə öz minnətdarlıqlarını
bildirmişdi.
Vaxtilə "Kredo" qəzetində yazdığım
kimi, "Hətta, Nəsir müəllim demişdi ki, Akif, sən
qal, lazım olsa, mən gedərəm.
Buna da Akif
müəllim razı olmamışdı. Bəziləri Akif müəllimi
haradasa, usta siyasətçi, zamanın gərdişindən
qabaqcadan xəbər tutan bilici sayır. Ancaq mən
biləni burada bir fəhm, uzaqgörənlik olmayıb. Akif müəllim, sadəcə olaraq, öz
insanlıq borcunu yerinə yetirib, həm də bəzilərinə
yaxşı nümunə, örnək olaraq, bir tərzdə
yetirib".
Həqiqətən
də, bir insanı müsbət meyarla qiymətləndirmək
üçün elə bu məsələnin - səmimi,
insani münasibətin özü bəs edər. Lakin ədalət naminə
deyək ki, səciyyəvi olan başqa faktlar da var. Məsələn,
Nəsir İmanquliyev uzun müddət xəstələnəndə
Akif müəllim dekan ola-ola onun dərslərinin əvəz
olunmasını heç kimə həvalə etmədən
yalnız özü demiş, aylıq əməkhaqqını
da hər ay sahibinə bilavasitə özü
çatdırmışdı. Vaxtilə ata-babalarımız
dünyanın yaxşı insanlardan xali olmaması barəsində
çox gözəl fikir söyləyiblər...
Akif müəllim
təmiz, vicdanlı həyat yaşayır. O, həmişə tələbələri
səbir və təmkinlə dinləyib, arzu və istəklərinə
lazımınca əməl etməyə
çalışmasının, amma bu mümkün olmayanda,
ürəkdən necə təəssüflənməsinin də
az şahidi olmamışam. Həmçinin
etdiyi kömək və yaxşılıqlardan bu sətirlərin
müəllifinə də az pay
düşməyib. Elə buna görə də oxuduğunuz məqalə
yalnız yoldaşlıq, həmkarlıq hissinin təsiri ilə
yox, həm də minnətdarlıq duyğusu ilə
yazılıb...
Bəzən həyata daha erkən
göz açmış bizlər nə zamansa, hansı hissin
təsiri iləsə Cahangir Məmmədlini, Nəsir Əhmədlini,
Qulu Məhərrəmlini, Ağamusa Zeynalovu, Ayaz Musayevi, Həmid
Vəliyevi, Məmmədismayıl Mehdiyevi... az qala,
özümüzə tay-tuş sanırıq. Yalnız
hər birinin altmış, yetmiş illik "kiçik"
yubileyləri keçiriləndə hiss edirik ki, bizimlə həmyaş
olmaq nədir, əslində, "dünənin
uşaqları" imiş onlar.
Belələrindən
biri "günün qəhrəmanı" Akif Rüstəmovdur. Ömrünün
yetmişinci baharında özümün və üzvü
oduğum kollektivin adından ona həyatda hər şeyin
yaxşısını, ilk növbədə, doğma
Qarabağımızla bağlı nisgilimizin aradan
götürülməsini arzulayıram.
Mahmud MAHMUDOV,
Bakı Dövlət Universiteti Jurnalistikanın
nəzəriyyəsi və təcrübəsi
kafedrasının dosenti
Azərbaycan.- 2009.- 18 dekabr.- S. 7.