Azərbaycan iqtisadiyyatı inkişaf tempini növbəti illərdə də qoruyub saxlayacaq

 

Dövlət başçısı İlham Əliyevin elmi əsaslarla yürütdüyü sosial-iqtisadi inkişaf strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması ölkənin tərəqqisində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Son 6 ildə ölkə rəhbərliyi tərəfindən uğurla aparılan iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, Azərbaycan vətəndaşlarının rifahına hesablanan fundamental qərarların qəbul edilməsi bugünkü uğurlarımızı şərtləndirmişdir. İctimai həyatın bütün sahələrində intibah əldə edilməsi bu iqtisadi inkişaf xəttinin davamlı olmasını zəruri edir.

 

Bütün dövlətləri ciddi sınağa çəkən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatının davamlı inkişafına əsaslı təsir göstərmədi. Dünya maliyyə böhranından az itki ilə çıxan, eyni zamanda milli inkişafdakı pozitiv meyilləri qoruyub saxlayan Azərbaycanın hazırda əldə etdiyi nəticələrin əsası ötən illərdə qoyulmuş uğurlu bünövrəyə, fundamental iqtisadi bazisə söykənir. Ötən müddətdə qazanılan uğurlar respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini bir daha sübuta yetirdi.

Azərbaycanda 2009-cu ildə fəal antiböhran tədbirlərinin həyata keçirilməsi, maliyyə intizamının gücləndirilməsi, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlərin həyata keçirilməsi, habelə sahibkarlığın inkişafına diqqətin yüksəldilməsi müsbət meyillərlə nəticələnmişdir. Ötən dövrün iqtisadi mənzərəsi hökumət qarşısında strateji vəzifə kimi müəyyənləşdirilmiş işlərin uğurla icra edildiyini bir daha təsdiqləyir. Son 11 ayın iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti möhkəmlənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dünyanı bürümüş maliyyə-iqtisadi böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət yeritdiyini xüsusi önə çəkir: "Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq".

Dünya ölkələrinin təcrübəsi göstərdi ki, qlobal maliyyə böhranının zərbəsi ilk növbədə bank sektoruna dəyir, bankların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problemin müşahidə olunmadığını artıq tam əminliklə söyləmək olar. Mərkəzi Bankın həyata keçirdiyi preventiv tədbirlər nəticəsində cari il respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmiş, hətta ipoteka kreditləşməsi yenidən bərpa olunmuşdur. Bu fakt həm də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir. Əhalinin pul gəlirlərinin artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin ötən 11 ayda da artmasına zəmin yaratmışdır. Bu müddətdə Azərbaycan manatı məzənnəsini qoruyub saxlamış, hökumət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devolvasiyasına imkan verməmişdir.

2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu da sahibkarlığın daha da inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcədə əhəmiyyətli addım olacaqdır. Fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsinin 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi üçün vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

2009-cu ildə əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələrin üstünlük təşkil etməsi də sahibkarlığa göstərilən qayğının nəticəsidir. Bunun 82,4 faizi daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində ("Doing Business-2010") Azərbaycanın 183 ölkə arasında 38-ci yeri tutması da son bir ilin uğurlu göstəricilərindəndir.

2010-cu il üçün yaşayış minimumunun ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən olunması da sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu göstərir.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan, habelə dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitləri istiqamətlər üzrə düzgün yönəltmək qarşıdakı il üçün prioritet məqsədlər sırasındadır. Dövlət investisiya siyasəti ilə müvafiq iqtisadi inkişaf proqramları arasında əlaqələri möhkəmləndirmək, bu vəsaitlərin, ilk növbədə, 2010-cu ildə başa çatdırılması nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi də əsas vəzifə kimi qarşıda durur.

Dünya maliyyə böhranı ilə mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu nəticələr beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilməkdədir. Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olması, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf etdiyi qeyd olunmuşdur.

Dünyanın aparıcı reytinq agentliyi olan Standart & Poors Azərbaycanın reytinq proqnozunun sabit səviyyəsindən müsbət səviyyəyə yüksəlməsini bəyan etmişdir. Eyni zamanda, uzunmüddətli "BB+" və qısamüddətli "B" reytinqləri təsdiq edilmişdir. Bütün bunlar Standart & Poors agentliyinin cari il dekabrın 14-də nəşr edilmiş rəsmi məlumatında qeyd olunmuşdur. Reytinq proqnozunun artırılması Azərbaycanda ikili profisitin (həm büdcə, həm də cari hesabatda) hökm sürməsi şəraitində xarici və fiskal balansların gücləndirilməsi ilə izah olunur. Bu inkişaf qısa müddət ərzində Azərbaycanın investisiya reytinqi (BBB-) səviyyəsinə yüksəlməsinə mühüm dəstək ola bilər.

2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən iqtisadi böhran şəraitində Standart & Poors agentliyi tərəfindən ilk dəfə olaraq reytinqin müsbət istiqamətdə dəyişməsi məhz Azərbaycan Respublikası üçün qeydə alınmışdır. Dünyanın aparıcı reytinq agentliyi bunu Azərbaycanın dövlət sektorunun aktivlərinin artması və beynəlxalq investisiya vəziyyətinin güclənməsi, habelə ümumi dövlət borcunun hər il qeydə alınan büdcə profisitləri şəraitində aşağı səviyyədə qalması ilə izah edir. Dünyanın bir çox ölkələrində iqtisadi tənəzzülə baxmayaraq, Standart & Poors agentliyi Azərbaycan iqtisadiyyatının 2009-cu ildə təqribən 10 faiz və 2011-ci ildə 7 faiz artacağını proqnozlaşdırır.

Azərbaycan iqtisadiyyatının dünya maliyyə böhranına baxmayaraq, davamlı inkişaf etməsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir olunmaqdadır. Ölkə rəhbərliyinin düzgün müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyası qarşıdakı illərdə iqtisadiyyatımızda daha böyük uğurların əldə olunacağına əminlik yaradır.

 

 

Azərbaycan.- 2009.- 18 dekabr.- S.1.