Azərbaycan oxucusu
yazıçılarımızdan ədəbi hadisəyə
bərabər əsərlər gözləyir
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
MEHDİYEVİN AzərTAc-ın müxbiri ilə söhbəti
Sual: Ramiz müəllim, noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında keçirilən məlum müşavirədə Sizin çıxışınız çox aktual bir mövzuya həsr olunmuşdu. Həmin çıxışınızda və eləcə də dekabrın 8-də "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqalənizdə ictimai-siyasi və humanitar elmlərin ölkəmizdə vəziyyəti nəzərdən keçirilmiş, bütövlükdə Azərbaycan elminin bu gün öz üzərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirməsi və bunun lazımi səviyyədə olub-olmaması ilə bağlı mühüm problematik məsələlər qaldırılmışdır. Siz xüsusi vurğulamışdınız ki, bu gün dünyada "Azərbaycan modeli" kimi bir anlayış formalaşmaqdadır və dövlətimiz də, onun rəhbəri də bunu müsbət inkişaf yolu olaraq təqdim edir. Sual edirsiniz ki, həmin modelin "işləməsi" üçün ictimai-siyasi elmlər nə edib və "Azərbaycan modeli"nin elmi ümumiləşdirilməsi üçün indiyədək hansı işlər görüblər? Bir də, sizcə, "Azərbaycan modeli" ilə müasir elmimiz və ədəbiyyatımız arasında, doğrudanmı, böyük məsafə vardır? Çıxışınızda Siz həm də ədəbiyyat, dil və azərbaycançılıq məfkurəsi məsələlərinə toxunmuşdunuz. Ədəbi proseslə bağlı maraqlı və hətta bir qədər tənqidi fikirlər söyləmişdiniz. Lakin alimlərə nisbətən ədəbiyyat adamları buna daha çevik reaksiya verdilər. Hər gün yeni-yeni təəssüratların şahidiyik. Xüsusən bəzi yazıçıların reaksiyası diqqəti daha çox cəlb etdi. Sizcə, bu reaksiya söylədiklərinizlə nə dərəcədə adekvat sayıla bilər?
Cavab: Bir sualda siz bir çox məqamlara toxundunuz. Mən də çalışaram ki, onları cavabsız qoymayım.
Əvvəla deyim ki, mənim çıxışımı və məqaləmi ittiham kimi qəbul edənlər ciddi yanılırlar. Əslində həmin çıxışda və məqalədə əsasən ictimai elmlər sahəsində vəziyyət və bəzi problemlər öz əksini tapmışdır. Mətbuatda və internet səhifələrində dərc olunmuş rəylərin əksəriyyəti göstərir ki, məqalədə qaldırılmış problemlər insanlarımızı dərindən düşündürür. Onu da qeyd edim ki, ictimai elmlərin nümayəndələri məqalədəki müddəaları düzgün sayır və qəbul edirlər. Bunu isə həmin elmin kifayət qədər obyektiv nümayəndələrinin bu sahədəki vəziyyəti düzgün təhlil etmək bacarıqlarının göstəricisi kimi qiymətləndirmək mümkündür.
Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib. Lakin nədənsə məqalənin bu hissəsi müəyyən ajiotaj yaradıb. Bədxahların, araqarışdıran intriqabazların və dəyərli yazıçıları addımbaşı qaralayanların əllərinə fürsət düşüb. Onlar çalışırlar ki, ədiblərimizin yaradıcılığı üzərindən qara xətt çəkərək özlərinin çirkin niyyətlərini həyata keçirsinlər. Bu qaragüruhçular hiyləgərliklərini işə salaraq belə bir rəy yaratmağa çalışırlar ki, guya hakimiyyətlə Yazıçılar Birliyi arasında soyuqluq yaranıb və yaşlı yazıçılara münasibət dəyişib.
Düşünürəm ki, bu, çox əbəs işdir. Yaxşı görünür ki, kim millətə xidmət göstərir və kim dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Anar doğru yazır ki, "bəzi qəzetlər yazıçıları zəhərləməklə məşğuldur". Onu da düzgün deyir ki, "son məqalənin böyük hissəsi elmə aiddir, ona görə bir şey deyə bilmərəm. Yalnız bir abzas yazıçılar haqqındadır və nədənsə hamı onu bayraq edib".
Mən istər görüşdəki çıxışımda, istərsə də işıq üzü görən məqaləmdə nailiyyətlərimizi hər hansı şəkildə inkar etmək fikrindən uzağam. Axı məqalədə, əslində bizim gələcək inkişafımızla bilavasitə bağlı məsələlərin müzakirəsi aparılır. Burada çağırış və dəvət də vardır. Amma ittiham və inkar yoxdur. Məqsəd kimisə nədəsə günahlandırmaq da deyildir. Məqsədimiz yalnız gündən-günə artan mənəviyyat problemlərinə bir yerdə cavab tapmaqdan ibarətdir.
Bir daha vurğulamaq istəyirəm ki, mən tərəf-müqabil idim. Bunu ancaq bu cür qəbul etmək lazımdır. Mən bu gün geniş ictimaiyyətimizi düşündürən ciddi məsələlər barədə bizim alimlərlə, yazıçılarla bir yerdə fikir mübadiləsi aparmaq arzusunda idim.
Mən "son illər cəmiyyətimizdə böyük maraq doğuran, yaxud ictimaiyyətin diqqət mərkəzində olan bir əsər yaranıbmı" deyə sual vermişdim. Hörmətli akademik Bəkir Nəbiyev bu suala cavab olaraq müşavirədə bir nəfər yazıçının - Kamal Abdullanın adını çəkə bilmiş və onun bir neçə ölkədə çap olunaraq, rəsmən Nobel mükafatına təqdimolma qeydiyyatından keçmiş "Yarımçıq əlyazma" romanını qeyd etmişdi. Bu, artıq dialoq idi, amma bir yox, daha bir neçə yazıçının da adı çəkilə bilərdi. Çünki söhbət istisnalardan getmir. Böyük ədəbiyyatı istisnalar təşkil etməməlidir. Məsələ ondadır ki, indi antiədəbiyyatın kəmiyyət göstəricisi, təəssüf ki, əsl ədəbiyyatı qat-qat üstələmişdir. Söhbət ədəbiyyatımızın sabahından gedir. Ədəbiyyatımızın bugününün təhlilini aparmalı və onun gələcəyini düşünməliyik.
Azərbaycan oxucusu indi ədəbiyyatımızda 25-30 yaş arasında olan gənc istedadların maraqlı əsərlərini görmək istəyir. Hazırda ad-san sahibi olan ədiblərimiz də 1960-cı illərin ortalarında, elə həmin yaşlarda ikən ədəbiyyata gəliblər.
Azərbaycan ədəbiyyatının çox zəngin tarixi vardır. Nadir xalq tapıla bilər ki, onun bizim qədər nəhəng ədəbi irsi, bizim qədər görkəmli yazıçısı və şairi olsun. XX əsrdə yazıb-yaradan Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və digərləri kimi söz sənəti korifeylərimiz Azərbaycan xalqının böyük iftixarıdır. Onlar xalqa öz sənətləri ilə borclarını veriblər.
Böyük ədiblərimizin dəyərli əsərləri nəhəng sələflər və zəngin ənənələr olmadan, boş yerdə yarana bilməzdi. Bizim müasir ədəbiyyatımızın tanınmış nümayəndələri də öz yaxın sələflərindən geri qalmamalıdırlar. Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir. Bu günün vəzifələri dünən olduğundan çox fərqlidir.
XIX-XX əsrlərin
modernist dəyişiklikləri artıq arxada qalıb.
Müasir dövrün beynəlxalq münasibətlər
sistemi, maliyyə-iqtisadi, müdafiə, humanitar və digər
sistemlər modern adlanan dövrün nəticəsi olaraq qiymətləndirilir.
Keçmişdə nizamlanmış strukturları müasir
demokratiya və universal iqtisadiyyat əvəz edibdir. Dünyada
baş verən maliyyə və iqtisadi böhran isə bir tərəfdən
modernist dünyanın qalıqlarının
dağılmasının, digər tərəfdən də
postmodernizmin önə çıxmasının təzahürüdür.
Artıq müasir dünyamız, Azərbaycan da daxil olmaqla,
postmodern epoxasını yaşamağa başlayıb. İyirmi ilə
yaxındır ki, bu proses get-gedə vüsət almaqdadır.
Bizim ictimai və humanitar elmlərimiz də, ədəbi
mühitimiz də postmodern epoxasının
çağırışlarına cavab verməyə qadir olmalıdır.
İş ondadır ki, insanlar və dövlətlər
arasında yeni münasibətlər bərqərar olur, dəyərlər
sistemi dəyişir, yeni prioritetlər müəyyənləşir,
yeni düşüncə mədəniyyəti
formalaşır. Biz həmin proseslərdən geri
qalmamalıyıq. Məqalədəki suallara da məhz bu aspektdən
yanaşmaq gərəkdir.
Heç kim demir ki, bu gün
əsər yazılmır. Əsərlər yazılır və
onların içərisində seçilənləri də
az deyildir. Amma qələmə alınan əsərlərin əksəriyyəti,
qeyd etdiyim kimi, cəmiyyətin müasir intellektual-mənəvi
tələblərinə cavab verə bilməyən və
öz-özünə qapanaraq ədəbiyyat sahəsindən
kənara çıxmağı bacarmayan əsərlərdir.
Məsələ bax bundadır.
Bizim bəzi
yazıçılar mənim söylədiklərimə
münasibətdə dərhal özlərinə müdafiə
mövqeyi tutmağa tələsdilər. Güman edirəm ki,
bu, artıq iş idi. Halbuki mənim hələ
cavabını gözləyən kifayət qədər
suallarım qalıbdır. Misal üçün, məni
ziyalı kimi daim bir məsələ
düşündürür: 1987-ci ildən etibarən biz
Dağlıq Qarabağ dərdi, Qanlı Yanvar faciəsi,
Xocalı soyqırımı ilə,
qaçqın-köçkünlük kimi böyük bir
humanitar fəlakətlə üzləşmişik.
Yaradıcı ziyalılar bu ağır günlərin həyəcanını
hansı bədii əsərlərdə lazımınca əks
etdiriblər? Mən ayrı-ayrı məqalə və
çıxışları yox, dərin təfəkkürlə
yaradılan elmi və bədii əsərləri nəzərdə
tuturam. Yaxud 1994-cü və 1995-ci illərin dövlət
çevrilişi cəhdləri, həmin dövrdə cərəyan
edən mürəkkəb daxili prosesləri və dövlətimizə
qarşı xaricdən göstərilən təzyiqləri
götürək. Hansı kitabda, hansı əsərdə bu
məqamlar dolğun elmi və bədii əksini tapıb?
Yaxşı, bəs bütün bu işləri kimlər görməlidir?
Bunun tək bir cavabı var: alimlərimiz və
yazıçılarımız.
Sual: Ramiz müəllim, razılaşın ki, ilk dəfə
idi çıxışınızda ədəbi mühitlə
bağlı tənqidi fikirlər səslənmişdir.
Doğrudanmı, sizə elə gəlir ki, bu gün Azərbaycanda
ədəbi mühit yox kimidir?!
Cavab: Ədəbi mühit
vardır. Bunu heç kim inkar edə bilməz. Lakin indiki ədəbi
mühit XXI əsrin çağırışlarına cavab
verməyə hazırdırmı? O, Azərbaycan
xalqının bugünkü və gələcək nəsillərinin
mənəvi ehtiyacını təmin etmək
iqtidarındadırmı? Bu əsrdə bütün dünya
miqyasında köklü və çox ciddi dəyişikliklər
baş verəcəkdir. Proses artıq siyasi, iqtisadi və
sosial sahədə, təbiətin ekologiyasında,
insanların psixologiyasında, yeni-yeni elmi kəşflərdə
və eləcə də digər aspektlərdə
özünü büruzə verir. Cəmiyyətin həyatında
yeni dəyərlər sistemi formalaşır, yeni prioritetlər
meydana gəlir. Bizim insanlar tədricən bütün bunlara
hazır olmalıdırlar. Bu vəzifənin öhdəsindən
biz çox dərin düşüncənin məhsulu kimi
yaranan sanballı elmi və ədəbi əsərlər vasitəsilə,
həmin əsərlərin təbliği sayəsində gələ
bilərik. Bax bu gün bu çatmır.
Mən yaxşı bilirəm
ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər
göstərişlə, yaxud tapşırıqla ortaya
qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik
illərində də çox gözəl anlayıram. Belə
əsərləri yazmaq üçün xüsusi qabiliyyət,
böyük istedad və dərin zəka tələb olunur.
Bizim insanlarımız arasında belələri, şübhəsiz
ki, az deyildir. Sadəcə onlara dəstək olmaq, mənəvi
dayaq olmağı bacarmaq lazımdır. Bunun üçün
də müvafiq elmi və ictimai qurumlar vardır. Bax burada
yaradıcı mühit olmalıdır. Əsasən də
kreativ düşüncəli elmi işçilərin və
yazıçıların yaradıcılıq fəaliyyətləri
üçün əlverişli mühit olmalıdır. Bazar
iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın
inkişafı üçün öz töhfəsini əsirgəmir.
Lakin yaradıcılıq sahəsində lazımi mühit
heç də göstərişlə formalaşdırıla
bilməz.
Əgər düşünsək
ki, ayrı-ayrı yazıçılar əsər yazırsa
və bu əsərlər də çap olunursa, sonra
onların təqdimatları keçirilir və barələrində
hansısa qəzetdə yaxın sovet dövründəki
şablonlara uyğun resenziyalar çıxırsa, deməli,
gözəl ədəbi mühit və güclü ədəbi
proses mövcuddur, onda biz səhv edərik. Arzusunda olduğumuz
ədəbi mühit ədəbiyyatın öz daxilində
yaranmalıdır. O, qıraqdan gətirilə bilməz.
Lakin bu gün az qala əli qələm
tutan hər kəs utanıb çəkinmədən
özünü və ya dostunu-yoldaşını asanlıqla
ədəbi mühitin, prosesin üzvü kimi təqdim edə
bilir. Bunun üçün bu adamın rəsmi formal
atributları da var; o, Yazıçılar Birliyinin
üzvüdür, hansısa ədəbi orqanın redaksiya heyətinə
daxildir, müxtəlif rəyasət və idarə heyətlərinin,
nə bilim, daha hansı qurumun üzvüdür və s. və
i.a. Amma bu adamı bir yazıçı, dramaturq və ya
şair kimi cəmiyyət tanıyıb qəbul edirmi? Bu adam
mövcud ədəbi prosesə, ictimai rəyin
formalaşması işinə indiyədək nə verib? Bax,
bunu biz çox zaman düşünmürük, bu suala cavab
axtarmırıq. Yazıçı adının bütün
formal atributlarına malik olmaq çox asandır, əsl
böyük yazıçı olmaq isə son dərəcə
çətindir. Həqiqətən bu gün
yazanlarımızın sayı çoxdur. Amma bu, hələlik
kəmiyyətlə bağlı məsələdir. Kəmiyyətdən
keyfiyyətə isə birbaşa keçid yoxdur.
Yazıçılar Birliyinin 1500 üzvü içərisində
bütün xalqın hörmət və sevgisini
qazanmış neçə yazıçı var?! Hesab edirəm
ki, bu sualın da cavabı üzərində düşünməyə
dəyər. Ədəbi qəzetlər və jurnallara gəlincə,
onlar sözün əsl mənasında, ədəbi
mühitin və prosesin formalaşmasının aparıcı
qüvvələri olmalıdırlar. Bəs bu necə,
baş verirmi? Mən arzu edərdim ki, bu gün cəmiyyətimizin
hər bir üzvü ədəbi qəzeti, yaxud jurnalı
aldıqdan sonra onu səbirsizliklə oxumağa tələsəydi.
Sual: Yenə də, Ramiz müəllim, elə suallar
meydana çıxır ki, onlara cavablar
axtarılmalıdır... Sizcə, bu gün niyə ədəbi
qəzet və jurnalları oxumurlar? Bununla bağlı fikirlərinizi
bilmək bizim üçün olduqca əhəmiyyətlidir.
Cavab: Qəzet də, jurnal da
oxucunu cəlb etmək üçün maraqlı
olmalıdır, onun mənəvi-intellektual tələbatını
ödəməyi bacarmalıdır. Çox qəribədir,
sovet dövründə senzura var idi, yazıçılar
onunla mübarizə şəraitində dəyərli əsərlər
yazırdılar, öz mövqelərini çatdırmağa
can atırdılar. Bu gün senzura yoxdur. İlk
baxışdan adama elə gəlir ki, ədəbiyyatın
yeni çiçəklənmə dövrü başlaya bilərdi.
Lakin heç də belə olmadı. Niyəsini
düşünmək gərəkdir. Ədəbi orqan siyasi
orqan deyil, ondan heç kim tələb etmir ki, siyasi orqanların
yazıb çap etdirdiyi materialı bir daha dərc eləsin. Ədəbi
orqanın siyasəti, ilk növbədə, ədəbi
mühiti formalaşdırmaq, yeni əsərlər haqqında
fikirlər söyləyərək ictimai rəy
yaratmağı bacarmaq, ədəbi dilin, milli mənəvi ləyaqətin
keşiyində dayanmaqdır. Bu işlər görülərsə,
bu elə dövlətin siyasətinin ədəbi müstəvidə
həyata keçirilməsidir. Həyatın özü bədii
əsərlər üçün xeyli maraqlı material verməyə
qadirdir. Elə ictimaiyyəti də dərindən
düşündürən problemlər az deyildir.
Ədəbi mühitə
yeni qüvvələr gəlməli və bu mühit artıq
qrafomanlığa yox deməyi bacarmalıdır, dilin və ədəbiyyatın
saflığını qoruyaraq maraqlı, sağlam ruhlu
mübahisə və polemikalara yol açmalı, novator fikirlərin
təbliğinə çalışmalıdır. O zaman ədəbi
nəşrləri də əldə çıraq axtararlar.
Sual: Siz "ədəbi dilin qorunması" deyərkən
başlıca olaraq hansı cəhətlərə diqqət
yetirilməsini istərdiniz?
Cavab: Ulu öndərimiz Heydər
Əliyev deyirdi ki, milli məfkurəmizin əsaslarından
biri olan milli mənəvi dəyərlərimiz içərisində
ana dilimiz - Azərbaycan dili xüsusi yer tutur. Ana dili milli ədəbi
dil kimi əsrlər boyu yaranıb cilalanmış misilsiz sərvətimizdir.
O, bizim varlığımız, canımız və
qanımızdır. Amma gəlin baxaq. Bu gün doğma ana
dilimiz - istər gündəlik danışıq dilimiz, istərsə
də ədəbi dilimizin müəyyən üslubları
hansı vəziyyətdədir?! Yenə də bir qədər
əvvəlki məsələni yada salaq: bir halda ki ədəbiyyat
bu gün geniş kütlə arasında oxunur və təqdir
olunur, o zaman müxtəlif televiziya kanallarının və qəzetlərin
ədəbi üslubu nə üçün belə
aşağı səviyyədədir?! Əgər
bütün ədəbiyyat yüksək səviyyədədirsə,
başqa sözlə desək, bu sahədə hər şey
qaydasındadırsa, niyə onun təlqin etdiyi mənəvi dəyərlər
və keyfiyyətlər cəmiyyət içərisində
geniş yayılmır?! Hamımız bilirik ki, dünyaya
inteqrasiya, eyni zamanda, normal mədəni səviyyədən,
yüksək mənəviyyat və zəngin əxlaq sahibi
olmaqdan keçir. Biz yüksək milli dəyərlərimizi,
zəngin mənəvi potensialımızı nəinki qoruyub
saxlamalıyıq, həm də onları inkişaf etdirməliyik.
Ədəbiyyatın bu istiqamətdə cəmiyyətə
verəcəyi çox şeylər vardır. Bizim
bugünkü ədəbiyyatımız cəmiyyətə hələ
çox borcludur. Bunu heç kim inkar edə bilməz.
Sual: Biz həmişə ədəbiyyatdan çox
şey gözləyirik. Amma gəlin düşünək: ədəbiyyata
onun biz istədiyimiz səviyyədə fəaliyyəti
üçün hər şeyi veririkmi?! Dövlət dəstəyi
kifayət qədər varmı?
Cavab: Bu sual ətrafında
da açıq, yaxud gizli şəkildə müəyyən
söhbətlər aparılır. Bəzən deyirlər ki,
dövlət ədəbiyyat üçün kifayət qədər
lazımi şərait yaratmır, ona lazımi şəkildə
maddi yardım göstərmir, amma ondan çox şeylər tələb
edir. Gəlin bir anlığa düşünək, görək
hansı dövlətdə və hansı zəmanədə
hökumət ədəbiyyat üçün əlahiddə
xüsusi şərait yaradıb?! Əlbəttə, ilk
ağla gələn cavab "sovet dövrü" və
"sovet hökuməti" olacaqdır. Doğrudan, sovet
ideologiyasının tələblərinə cavab verən
yazıçılara böyük kömək və dəstək
göstərilirdi ki, bu da məlum həqiqətdir.
Şahların Firdovsilərə,
Nizamilərə göstərdikləri himayədarlıqları
nəzərə almasaq, tarix boyu yalnız sovet dövrü
yazıçılar üçün münbit şərait
yaratmışdı. Həqiqət naminə demək
lazımdır ki, dövlət elə indinin özündə,
bazar iqtisadiyyatı dövründə belə o şəraitin
bəzi müəyyən tərəflərini yaşadır;
yazıçıları, şairləri müxtəlif
mükafatlarla təltif edir, onlara prezident təqaüdü
ayırır, Yazıçılar Birliyinin mətbu
orqanlarını dövlət büdcəsindən maliyyələşdirir
və s. Keçid dövrünün özü ilə gətirdiyi
çətinliklərə baxmayaraq, kifayət qədər dəstək
göstərilmişdir və yenə də göstərilir.
Bu özü də müxtəlif formalarda həyata
keçirilir. Kimsə deyə bilər ki, bütün bunlar
yenə də "azdır". Yaxşı, bəs daha nə
edək? Bu gün kömək və dəstək var, amma sovet
dövründəki kimi sərt sifariş də yoxdur
axı!.. Bu günün qələm sahibinin xalq, Vətən
və tarix qarşısında yeganə mənəvi-vicdani
borcu yalnız əsl ədəbi əsərlər yaratmaqdan
ibarətdir.
Digər tərəfdən,
böyük ədəbiyyat heç zaman imtiyazlardan
asılı olmayıb. Əsl ədəbiyyat böyük
istedadın məhsuludur. Biz görürük ki, əlavə
imtiyazlar istəyənlər həqiqi ədəbiyyatdan uzaq
olanlardır. Bu gün bizə ədəbiyyatın öz təsir
dairəsini gücləndirməsi və genişləndirməsi
lazımdır. Heç kəs unutmamalıdır ki,
yaradılan hər bir əsərin əsl qiymətini xalq
verir.
Sual: Mövcud vəziyyətdən çıxış
yolu varmı? Siz hansı məqamları xüsusilə vacib
sayardınız?
Cavab: Vəziyyət elə
acınacaqlı da deyil ki, ondan çıxış yolu da
olmasın. Biz, sadəcə olaraq, öz fikrimizi və
arzularımızı dilə gətirmişik. Bu gün Azərbaycan
Prezidenti hörmətli İlham Əliyevin həqiqətən
nəhəng əməyi dövlət quruculuğumuzda, siyasətimizdə
Heydər Əliyev kursunun saxlanması və inkişafı
işinə yönəlibdir. Bu yolda elm və ədəbiyyat
xadimlərimiz Azərbaycan naminə üzərlərinə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəlməlidirlər.
Mən istəməzdim ki,
ictimai-siyasi elmlər sahəsində müxtəlif fəxri
adlara, təltiflərə layiq görülən və buna həqiqətən
də layiq olan adamlar bu gün konkret fəaliyyət sahələrinin
nümayəndələri tərəfindən süstlükdə,
laqeydlikdə və qeyri-professionallıqda ittiham edilsinlər. Ədəbiyyatda
da eləcə. Bir daha təkrar etmək istəyirəm: ədəbiyyat
bu gün, təəssüf ki, yalnız ədəbiyyatçılar
çərçivəsində qapanıb qalıbdır, cəmiyyətə
açılmağa can atmır, ictimai həyat meydanında,
necə deyərlər, gözə dəymir,
görünmür. İnsanlarımızın isə yeni
düşüncəyə, yeni fikir və ideyalara tələbatı
çoxalıbdır. Onlar öz mənəvi-estetik aləmlərini
zənginləşdirmək üçün davamlı
axtarışdadırlar.
Ədəbi mühit
özü özünü saflaşdıraraq, təkmilləşdirərək
sözünü deməlidir. Heç bir kənar qüvvə
onu dəyişdirə bilməz. O, özü özünü
hərəkətə gətirməlidir. Başlıcası
isə, ədəbi mühit ictimai rəyin
formalaşdırılmasına xidmət göstərməlidir.
Xalqımızın gözəl
dil duyumu vardır. Məhəmməd Füzulini, yaxud
Hüseyn Cavidi hər hansı biri yanlış oxuyursa və
ucqar dağ kəndinin bir sakini də onun səhvini düzəldirsə,
burada artıq biz əsl ədəbiyyata sevgidən
danışa bilərik. "Dilin keşiyində dayanmaq"
bax buna deyirlər! Daha dövlət bunun üçün də
"dil polisi" ayırmayacaq ki?! Cəmiyyət özü
dilə həssas münasibət bildirməlidir.
Yeni yazılan diqqətəlayiq
hər bir əsəri cəmiyyətin diqqətinə də məhz
ədəbiyyatşünaslar, ədəbi tənqidçilər
dəyərləndirib təqdim etməlidirlər. Elin
gözü tərəzidir, deyirlər. Doğru sözdür.
Xalqı aldatmaq olmaz. Ona zövqsüz yazılmış nəyi
isə yaxşı əsər adı altında təqdim edə
bilməzsən. Ədəbiyyatın borcu təmiz və
dürüst dəyərləri cəmiyyətdə bərqərar
etməkdir. Cəmiyyət isə öz növbəsində bu
dəyərləri milli ənənəyə və təcrübəyə
uyğunlaşdırır. Bunların birindən
danışıb o biri barədə susmaq olmaz. Bunlar mütləq
surətdə bir-biri ilə əlaqəlidir. Deməyə
sözü olan yazıçını müasir cəmiyyət
səbirsizliklə gözləyir.
Ədəbiyyatın öz
daxili qanunauyğunluqlarına müvafiq inkişaf istiqaməti
də ola bilər. Kimisi "Ədəbiyyat ədəbiyyat
üçündür" və ya "bədii əsərlər
yazarlar üçündür" şüarlarını da
qəbul edə bilər. Kimsə bədii əsər
yazmağı özünün şəxsi işi sayar və
bundan xüsusi zövq alar. Olsun, bunu heç kəs qadağan
edə bilməz. Çünki bu, hər bir insanın öz
haqqı, öz hüququdur. Lakin unutmayaq ki, ədəbiyyatın
varlığını şərtləndirən amil məhz cəmiyyətdir.
Adını çəkdiyiniz
çıxışımda demişdim ki, "bu gün
dünya Azərbaycanı yenidən kəşf edir". Biz
buna görə elmimizlə, ədəbiyyatımızla, bizim
bir millət olaraq bütövlüyümüzü qoruyan mənəvi-əxlaqi
dəyərlərimizlə fəxr etməliyik.
Sual: Ramiz müəllim, ədəbi tənqid haqqında
nə deyə bilərsiniz?
Cavab: Bilirsinizmi, bu məsələ
ilə bağlı xüsusi tədqiqat aparmamışam və
ona qiymət vermək fikrindən də uzağam. Ədəbi
tənqidlə mətbuatdan tanışam. Onu deyə bilərəm
ki, əsl söz sərrafı bədii obrazlarla gerçəkliyi
məharətlə əks etdirəndir.
Yazıçının istedadına və yaxud şairin qələminin
qüdrətinə məhz əsərlərində ifadə
etdikləri fikirlərdəki məna dərinliyinə görə
qiymət vermək lazımdır. Ədəbi tənqidin
başlıca vəzifəsi, zənnimcə, bundan ibarətdir.
Vaxtilə bizim Məmməd
Cəfər, Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi
tənqidçilərimiz var idi və onlar ədəbi prosesə
dərindən, prinsipiallıqla nüfuz edirdilər. Əsl ədəbi
tənqidimiz bir məktəb kimi də onlar tərəfindən
yaradılmışdır.
Bəs bu gün bizdə nələr
baş verir? Gəlin gizlətməyək ki, ədəbi tənqidimiz
bədii əsərin dolğun və məzmunlu təhlilinə
deyil, daha çox tərifə qaçır, ən
yaxşı halda uzun-uzadı şərhlər verir. Ədəbi
tənqid, - təbii ki, söhbət sağlam tənqiddən
gedir, - ədəbiyyatın başlıca inkişaf meyillərini
görməli, ümumiyyətlə, ədəbi prosesə təsir
göstərməli, istiqamət verməlidir. Ədəbiyyat
və ədəbi tənqid bir vasitə kimi vəhdət
şəklində insanların mənəvi-estetik və ədəbi-bədii
zövqünü formalaşdırmağa xidmət etməlidir.
Həqiqi ədəbiyyat obyektiv gerçəkliyi əks etdirməklə
yanaşı, onun estetik dərkini də təmin etməlidir.
Bütün bunlar, eyni zamanda, cəmiyyətin mədəni-mənəvi
tələbat və maraqları ilə qırılmaz əlaqədə
olmalıdır. Əsl ədəbiyyat zamanın ruhunu,
dövrün fəlsəfi-estetik ideyalarını
özündə əks etdirməyi bacarmalıdır. Ədəbi
tənqidin üzərinə düşən vəzifə
bütün bunların gerçəkləşdirilməsi
üçün ədəbi prosesə istiqamət vermək və
yazıçıya, yaxud şairə həyatın yeni
çağırışlarını əsl vətəndaşlıq
mövqeyindən qəbul etməsində köməyini əsirgəməməkdir.
Müxbir: Təşəkkür edirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 18 dekabr.- S. 2.