Azərbaycanın iqtisadi uğurları beynəlxalq arenanın diqqət mərkəzindədir

 

Başa çatmaqda olan il dünya iqtisadiyyatı tarixində daha çox qlobal maliyyə böhranının özünün zirvə nöqtəsinə çatması və əksər ölkələrdə iqtisadi geriləmə, əhalinin maddi gəlirlərinin azalması, sosial sahədə vəziyyətin pisləşməsi, işsizlik səviyyəsinin yüksəlməsi kimi amillərlə yadda qaldı. Böhranın təsirlərinin hələ də tam aradan qaldırılmaması bir sıra dünya dövlətlərini gələn il üçün də iqtisadi sahədə ciddi problemlərlə üz-üzə qoyur. Bu səbəbdən 2010-cu ildə yenə də dünya iqtisadiyyatında diqqət mərkəzində olacaq əsas hadisəinin qlobal maliyyə böhranının təsirləri və onların aradan qaldırılması yolları üzərində cəmləşəcəyi şübhə doğurmur.

 

Lakin böhran dövründə iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, ümumi daxili məhsulun artımını təmin edən, əhalisinin maddi gəlirlərinin artımına və beləliklə də ümumi rifah halının yüksəlməsinə nail olan az sayda dövlətlər də vardır. Buna əyani misal olaraq beynəlxalq sferada indi tez-tez Azərbaycanın adı hallanır. Bir məqama da xüsusi diqqət yetirilir ki, 2009-cu il ərzində dünya bazarlarında neftin qiymətinin ötən illə müqayisədə kəskin ucuzlaşmasına baxmayaraq, "qara qızıl" ixracı ilə məşğul olan əksər ölkələrdən fərqli olaraq, bu, Azərbaycanın iqtisadi inkişaf tempinə təsir göstərməyib. Bu, ölkəmizdə iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik və reallıqlara əsaslandığını, ən xırda detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha göstərir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Enerji sektoru hələ də ölkə iqtisadiyyatının əsas sektoru sayılır və neftin qiyməti son bir il ərzində kəskin şəkildə aşağı düşüb, bu bizim ümumi iqtisadi inkişafımıza təsir göstərməyib. Bu da məhz iqtisadiyyatımızın şaxələndirilməsinin, qeyri-enerji sektoruna sərmayə qoyuluşu siyasətinin nəticəsidir. Həmin sərmayələr o sahələrə yatırılır ki, gələcəkdə əlavə gəlir gətirsin".

Artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın bu uğurları beynəlxalq sferada da diqqətlə izlənilir və ölkəmizin inkişaf tempini təmin edən şərtlər təhlil obyektinə çevrilir. Bunu son bir neçə gün ərzində dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. Məsələn, Böyük Britaniyanın beynəlxalq biznes nəşri olan "Financial Times" qəzeti "Azərbaycandakı investisiya imkanları" sərlövhəli məqaləsində yazıb ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilib ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur.

Azərbaycanda əlverişli investisiya mühitinin olduğuna diqqət çəkən "Financial Times"in məqaləsində bildirilib ki, beynəlxalq ekspertlər 2010-cu ildə ölkəyə daha çox xarici investisiya cəlb ediləcəyini düşünürlər. O da qeyd edilib ki, Azərbaycan hökuməti enerji və digər təbii ehtiyatlardan əldə etdiyi gəlirləri sosialyönümlü proqramlara yönəldərək nəqliyyat, infrastruktur və texnologiyanın inkişafına böyük diqqət göstərir.

Dünyanın nüfuzlu iqtisadi nəşrlərindən sayılan "The Economist" isə yazır ki, 2010-cu ildə Azərbaycan beynəlxalq maliyyə böhranı şəraitində inkişaf edən ölkələrin reytinqində liderlər sırasında yer alacaq. Bu nəşrin ekspertləri öz proqnozlarında bildirirlər ki, növbəti ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 9,5 faizə çatacaq.

ABŞ-ın aparıcı mətbu orqanları sırasında yer alan "Washington Times" qəzetinin yazdığına görə isə Amerika iqtisadiyyatının sağlamlaşması prosesinin kifayət qədər ləng getdiyi bir vaxtda ən sadiq, sabit və etibarlı dostlar Amerika şirkətlərinin iştirakı ilə ümumi dəyəri 2,6 milyard ABŞ dolları olan strateji avtomagistralın layihələşdirilməsində və tikintisində birgə fəaliyyət barədə razılığa gəlmişlər: "Amerikanın kiçik və orta şirkətləri üçün 2,6 milyard dollar məbləğində Azərbaycanın ayırdığı "stimullaşdırıcı paket" ən münasib vaxtda ortaya çıxmışdır. 48 yaşlı Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsində XXI əsr avtomagistralının tikintisi üçün ABŞ şirkətlərini dəvət etmək qərarı yeni iş yerləri yaradılmasına kömək edəcək, habelə Amerika mallarının və xidmətlərinin alınmasına səbəb olacaqdır. Cənab İlham Əliyev həmin avtomobil yollarının dünya standartları səviyyəsində olması üçün Amerika texnologiyaları və xammalının idxalı barədə qərar qəbul etmişdir".

Qəzet yazır ki, bu layihənin əsas tərkib hissələrindən biri qədim Böyük İpək Yolu marşrutu üzrə Azərbaycanın Şərq-Qərb dəhlizi boyunca avtomagistralın tikintisidir: "Bu magistral həm də "yaşıl yol" olacaqdır. Çünki yolun inşası zamanı bəzi yerlərdə atmosferə atılan karbon qazını tutmaq üçün nanotexnologiyalardan istifadə ediləcəkdir". Qeyd olunur ki, sürətlə inkişaf etməkdə olan müstəqil Azərbaycan həm də Amerikanın dostu və Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edən strateji regionda onun etibarlı müttəfiqidir: "Bu gün cənab İlham Əliyev əmindir ki, Azərbaycanda Amerika firmalarının fəaliyyəti üçün şərait var. O bilərəkdən kiçik və orta Amerika biznesinin xeyrinə seçim etmişdir.

Cənab İlham Əliyevin məqsədi, əvvələn, Azərbaycan ilə ABŞ-ın mümkün qədər çox ştatı arasında iqtisadi əlaqələri genişləndirməkdir. İkincisi, Azərbaycan yerli inşaat şirkətlərinə, məsələn, "Azərinşaatservis" şirkətinə Amerikanın innovasiyalı kiçik müəssisələri tərəfindən istifadə edilən qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı vermək istəyir.

Amerika ilə Azərbaycanın tərəfdaşlığı təkcə dünya səviyyəli avtomagistral tikintisi ilə məhdudlaşmır. Xəzər dənizindəki neft və təbii qaz yataqlarında kəşfiyyat, hasilat və bu məhsulların dünya bazarlarına çatdırılması Bakı və Vaşinqtonun ümumi məqsədidir".

Qəzet vurğulayır ki, öz investisiyaları müqabilində sabit gəlir əldə etmək qeydinə qalan amerikalı istehlakçılar da Azərbaycanın bank sektoru timsalında özlərinə etibarlı tərəfdaş tapa bilərlər: "Azərbaycan sovet kommunizminin bürokratik süründürməçiliyindən kapitalizmin qırmızı xalçası üzərinə keçmiş və Birləşmiş Ştatların etibarlı dostuna çevrilmişdir".

Bu arada isə mərkəzi ABŞ-da yerləşən "Standard & Poor's" reytinq agentliyi də Azərbaycanın investisiya perspektivi reytinqini "müsbət" səviyyəyə qədər qaldırıb. Bununla yanaşı, agentlik uzunmüddətli suveren kredit reytinqini BB+, qısamüddətli kredit reytinqini isə B səviyyəsində təsdiq edib. Reytinq şirkəti bunu dövlət sektorunda aktivlərin artması, beynəlxalq investisiya vəziyyətinin güclənməsi, ümumi dövlət borcunun büdcə profisitləri şəraitində aşağı səviyyədə qalması ilə izah edir.

Agentliyin mütəxəssisləri açıqlamalarında onu da qeyd ediblər ki, Azərbaycanın investisiya perspektivinin "sabit"dən "müsbət"ə doğru yüksəlməsi ölkənin maliyyə vəziyyətinin gələcəkdə möhkəmlənməsinə və ona dünya investorları tərəfindən marağın artacağına olan böyük gözləntiləri əks etdirir. Dünya ölkələrində iqtisadi tənəzzülə baxmayaraq, agentlik bu il Azərbaycanda 10 faiz, gələn il isə 7 faiz artım proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu isə gələn il ölkəmizdə iqtisadi artımın 7,4 faiz təşkil edəcəyi qənaətindədir.

Qeyd edək ki, cari ilin ilk on ayının göstəricilərinə əsasən, ölkəmizdə iqtisadi artım 8,4 faiz, sənaye istehsalı artımı isə 7,3 faiz olub. Bundan başqa, əhalinin maddi gəlirlərinin artımı da dinamik olub. Belə ki, 2009-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 19 milyard 816,2 milyon manat təşkil edib və bu, ötən ilin analoji dövrünün göstəricisindən 7,6 faiz çoxdur. Həmin dövrdə adambaşına düşən nominal gəlir 6,2 faiz artıb.

Əhalinin gəlirlərinin ümumi həcmindən 68 faiz mal alışına və müxtəlif xidmətlərin ödənilməsinə, 11,8 faiz vergi ödənişinə, 20,2 faiz banklarda əmanətlərin həcminin artırılmasına və valyuta alışına yönəlib. Bütün vergi və digər icbari ödənişlər ödənildikdən sonra əhalinin sərəncamında 17 milyard 806,5 milyon manat məbləğində gəlir qalıb ki, bu da 2008-ci ilin yanvar-noyabr aylarının göstəricisindən 7,5 faiz çoxdur. Bundan başqa, 2009-cu ilin noyabrında Azərbaycanda inflyasiya 1,3 faiz, illik hesablamada orta hesabla 1,5 faiz təşkil edib.

Bütün bunlar bir daha qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini və qazanılan uğurların beynəlxalq miqyasda da aydın müşahidə edildiyini göstərir. Artıq iqtisadi sferada yaradılan möhkəm bazis və inkişaf strategiyası qarşıdakı illər ərzində də Azərbaycanın davamlı tərəqqisini təmin edən əsas faktorlardan birinə çevrilib.

 

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 1.