Rusiyanın Həştərxan vilayəti Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

 

Dekabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

A.Rasizadə Azərbaycan Rusiya arasında qədim tarixi olan hərtərəfli əlaqələri diqqətə çatdıraraq demişdir ki, məqsədimiz bütün sahələrdə əməkdaşlığımızı genişləndirməkdir. Ticarət sahəsində Rusiyanın bölgələri ilə yaxşı əlaqələr qurulmuşdur. Həştərxan vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri əməkdaşlığımızın genişləndirilməsinə yeni təkan verəcəkdir. Biznes strukturları arasında əlaqələrin genişləndirilməsinə hərtərəfli imkan yaratmaq lazımdır.

Baş nazir dünyanı bürümüş iqtisadi maliyyə böhranının Azərbaycana cüzi təsir etdiyini, milli valyuta olan manatın məzənnəsinin sabit qaldığını, ölkənin elektrik enerjisi ilə özünü tam təmin etməsini diqqətə çatdırmışdır. Aqrar sektorda qazanılmış nailiyyətlər, sosial sahədə görülən işlər barədə danışmış, son bir neçə ildə 1500-dən çox məktəb binasının inşasını qeyd etmişdir.

Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir bildirmişdir ki, beynəlxalq qurumların səylərinə baxmayaraq, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ həllini tapmamışdır.

Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelov səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat vermişdir. Azərbaycan Həştərxan vilayəti arasında tarixi əlaqələr diqqətə çatdırılmış, hazırda iqtisadiyyat, o cümlədən biznes sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 1.