Elmdə islahatlar günün tələbidir

 

"XXI əsrdə yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq".

 

Heydər ƏLİYEV

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı geniş məqaləsi cəmiyyətdə, ilk növbədə, elmi dairələrdə böyük rezonans doğurmuşdur. Səbəb aydındır: məqalədə son iki onillikdə ölkəmizdə ictimai və humanitar elmlərin keçdiyi yol kompleks halda və sosial-siyasi proseslər kontekstində təhlil olunmuş, onun mövcud durumuna ümumi qiymət verilmiş, eləcə də ayrı-ayrı elm sahələrindəki problem və çatışmazlıqlar yığcam və sərrast ifadəsini tapmışdır. Bu isə indiyədək aparılan yerli fraqmentar səciyyəli diskussiyaları vahid düşüncə məcrasına yönəltməyə, elmimizdə ölkənin ümumi inkişaf səviyyəsinə uyğun, onun dünya elminə inteqrasiyasına təkan verəcək islahatların aparılması istiqamətində səmərəli və konstruktiv müzakirələr keçirməyə imkan verir.

 

Məqalə kifayət qədər tənqidi ruhda yazılsa da, bu, elə oradaca qeyd olunduğu kimi, islahedici xarakter daşıyan tənqiddir. Müəllif ilk növbədə ictimai və humanitar elmlər sahəsində yaranmış vəziyyətin köklərini aydınlaşdırır və bunu, haqlı olaraq, 1990-cı illərin əvvəllərində ölkəni bürümüş sosial, siyasi və iqtisadi böhranla əlaqələndirir. Həmin böhran, təbii ki, elmdən və alimlərdən, elm və təhsil müəssisələrindən, konkret olaraq, təmsilçisi olduğum Milli Elmlər Akademiyasından da yan keçə bilməzdi. Yəni elmdə açıq-aşkar özünü göstərən böhran və tənəzzül prosesləri, ilk növbədə, obyektiv amillərlə bağlı idi. Burada hər şeydən əvvəl ənənəvi olaraq elmə və təhsilə maraq göstərən Azərbaycan cəmiyyətinin siyasiləşməsini, siyasi hadisə və proseslərin insanların diqqət mərkəzinə gəlməsini qeyd etmək lazımdır. Bu işdə zorla cəlb olunduğumuz Qarabağ münaqişəsi, şübhəsiz, mühüm rol oynamışdır. Həmin dövrdə alimlərin maddi təminatının kəskin şəkildə aşağı düşməsi bir tərəfdən elmi kadrların başqa sahələrə üz tutmasına, digər tərəfdən də xarici ölkələrə "beyin axını"nın başlanmasına start verdi.

Amma faciə təkcə bunda deyildi. Hələ ötən əsrin 80-ci illərinin ortalarından yürüdülən "ideologiyasızlaşdırma" kursu, hörmətli akademikin vurğuladığı kimi, ictimai və humanitar tədqiqatlara ciddi mənfi təsir göstərdi. Bu, ilk növbədə, elmi araşdırmalarda müşahidə olunan "metodoloji boşluq"da özünü büruzə verirdi. Yəni elmi-tədqiqat əsəri kimi cəmiyyətə təqdim edilən, kitab və məqalələrdə müəlliflərin tarixi-ictimai proseslərə hansı nəzəri-metodoloji prinsiplərdən yanaşdığı bəlli olmurdu. Həmin "prinsipsizlik" saysız-hesabsız kompilyativ işlərin, hətta birbaşa plagiat nümunələrinin çap edilib yayılması ilə nəticələnirdi. Bu azmış kimi, mövcud boşluğu, məqalədə deyildiyi kimi, çeşidli surroqat ideologiyaların təsiri altında meydana çıxan yazılar doldurmağa başladı. "Araşdırma mərkəzi" adı altında fəaliyyət göstərib müxtəlif xarici təşkilatlardan aldığı qrantlar hesabına "əsərlər" yayan bəzi üzdəniraq şəxslər cəmiyyətimizə yabançı, hətta bir çox hallarda zərərli düşüncələri ötürməyə müvəffəq oldular, bununla da ictimai şüura, xüsusən gənclərimizin zehninə mənfi təsirlər buraxdılar.

Hər bir dövlətdə ictimai şüurun milli-mədəni ənənələr və mənəvi dəyərlər üzərində formalaşması və inkişafı, təbii ki, ictimai və humanitar elmlərin vəzifəsidir, onun, necə deyərlər, praktik faydasıdır. Burada Artur Şopenhauerin bir kəlamını xatırlatmaq yerinə düşər: "Bütün təbiət elmlərinin belə bir labüd çatışmazlığı var ki, onlar gerçəkliyi sırf obyektiv cəhətdən nəzərdən keçirir, onun subyektiv tərəfini isə yaddan çıxarırlar". Dəqiq elmlərin "yaddan çıxardığı" həmin subyektiv tərəf isə ictimai və humanitar elmlərin fəaliyyət sahəsidir. Bununla da sözügedən elmlər gerçəkliyin elmi şəkildə dərki istiqamətində mühüm bir funksiyanı yerinə yetirir, cəmiyyətdə elmi şüurun hakim mövqe qazanmasında ciddi rol oynayırlar.

Əvvəlcə bir mühüm məqama toxunmaq istərdim: Digər elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir. Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada "praktik fayda" meyarı ilə yanaşmaq olmaz. Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir. Məşhur bir misalı xatırladaq: Faradeyin elektromaqnit induksiya effektini kəşf etməsi ilə bəşəriyyətin bütün tarixi boyu elmə xərclənən vəsait özünü doğrultmuşdur. Yaxud Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti" kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?! Fundamental elmə xərclənən vəsait gələcəyə - millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir. Əgər bu gün tələb olunan maliyyə vəsaitini əsirgəsək, sabah bundan yüz qat artığını qoymalı olacağıq. İslahatlar da bu perspektivi nəzərə almaqla həyata keçirilməlidir.

Elm mənəvi fəaliyyət sahəsi olduğundan burada ilk stimul rolunu, təbii ki, mənəvi amillər oynayır. Yəni qəlbinin hökmü ilə elmə gələn hər bir kəs onun vurğunu, müəyyən mənada fanatı olur. Amma biz maddi dünyada yaşayırıq və maddi təminat kifayət qədər olmadan hər hansı bir fəaliyyət, o cümlədən elmi fəaliyyət qeyri-mümkündür.

Fundamental elmin ictimai şüurun düzgün istiqamətdə təkamülündə müstəsna rolunu gözəl bilən ümummilli lider Heydər Əliyev məhz buna görə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra əsas elm məbədimiz ətrafında söz-söhbətlərə son qoydu, ardınca öz tarixi fərmanı ilə AMEA-nın statusunu müəyyənləşdirdi. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Əslində akademik Ramiz Mehdiyevin məqaləsi də, bu proseslərin davamı və konkret olaraq, ictimai və humanitar elmlərin müasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın inkişafının məntiqinə uyğunlaşdırılması zərurətini açıqlayan və konseptual müddəalarla zəngin olan proqram səciyyəli bir əsərdir.

Etiraf etmək lazımdır ki, yaxın keçmişdə Azərbaycan elmində özünü göstərən böhran təkcə ideoloji və metodoloji deyil, həm də struktur xarakterli olmuşdur. Başqa sözlə, sovet dövründən qalma paradiqmanın özünü tükəndirməsi elmin cəmiyyətdəki roluna bilavasitə mənfi təsirlər bağışlamışdır. Aydındır ki, elmin təşkili, idarə olunması və maliyyələşdirilməsinin köhnə metod və prinsipləri, o cümlədən, əməyin ödənilməsindəki "bərabərçilik" özünü doğrulda bilməz və bu mənada alimlər yeni yaradılmış Elmin İnkişafı Fonduna böyük ümidlər bəsləyirlər. Məşhur rus tarixçisi Vasili Klyuçevski yazırdı: "Elmi çox zaman biliklə qarışdırırlar. Bu, kobud bir anlaşılmazlıqdır. Elm təkcə bilik deyil, həm də şüurdur, yəni bilikdən lazım olduğu kimi istifadə etmək bacarığıdır". Bizdə bilikli, savadlı insanlar az deyil. Bütün çətinliklərə rəğmən, Azərbaycan elmi öz ənənələrini qoruya bilib. Odur ki, hazırkı mərhələdə əsas məqsəd, islahatların başlıca hədəfi mövcud potensialdan daha düzgün istifadədən ibarət olmalıdır.

Akademik Ramiz Mehdiyevin məqaləsində toxunulan ən ağrılı məqamlardan biri ictimai və humanitar elm sahələrində çalışan alimlərin cəmiyyətlə əlaqələrinin zəifliyi, sosial sifarişə çevik reaksiya verə bilməməsidir, dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsində lazımi rol oynamamasıdır. Müəllif çox doğru olaraq deyir: "...Tədqiqatlar yalnız şəxsi karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət etməlidir". Həqiqətən də, qloballaşma erası və informasiya cəmiyyəti alimin öz hücrəsinə qapılıb qalmamasını, cəmiyyət üzvlərinin açıq dialoqa köklənməsini, vətəndaşların intellektual tələblərinin ödənilməsinə maksimum səy göstərilməsini tələb edir. Belə olarsa, meydan diletantların və belə deyək, muzdlu qələm sahiblərinin əlindən çıxar.

Məqalədə dissertasiya şuralarının işi, o cümlədən, elmi fəaliyyəti biznesə çevirən bəzi üzdəniraq alimlər barədə də haqlı tənqidlər səslənmişdir. Düşünürəm ki, qeyd olunan neqativ halların aradan qaldırılması üçün dissertanturaya və doktoranturaya qəbul mexanizmi təkmilləşdirilməli, birmənalı olaraq müdafiələrə yalnız elmi və pedaqoji fəaliyyətlə məşğul olan insanlar buraxılmalıdır. Tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq "Elm haqqında" qanunun qəbulu isə buna lazımi hüquqi baza hazırlamalıdır.

Əlbəttə, ötən dövr ərzində AMEA-da, konkret olaraq, onun humanitar və ictimai elmlər bölməsinə daxil olan institutlarda bir sıra islahatlar aparılmış, zamanın tələbinə cavab verən yeni elmi istiqamətlər, yeni şöbə və qruplar yaradılmışdır. Lakin hazırkı mərhələ daha əsaslı dəyişiklikləri zəruri etmişdir və bu zərurət akademik Ramiz Mehdiyevin məqaləsində üç aspektdə əsaslandırılmışdır:

1) idarəçilikdə qəbul olunan siyasi qərarların elmi təhlilə söykənməsi;

2) ölkənin daxili və xarici siyasətinin elmi araşdırılması və şərhi;

3) Azərbaycan cəmiyyətində baş verən mental və sosial-psixoloji proseslərin tədqiqi.

Bu istiqamətlər işığında otuz ildən çox bir müddətdə çalışdığım AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında nə deyə bilərəm?

Hər şeydən əvvəl, onu xüsusi vurğulamalıyam ki, şərqşünaslıq kompleks bir elm sahəsidir. Şərqşünas öz tədqiqat predmetinə tarixi-coğrafi, mədəni-ədəbi və sosial-siyasi aspektlərin qarşılıqlı əlaqəsi və bağlılığı zəminində yanaşır və öyrəndiyi problemin dolğun mənzərəsini yaradır. Bu mənada şərqşünaslıq unikal elm sahəsidir, üstəlik bir çox ölkələrdə (o cümlədən qonşu Rusiyada) həm də strateji bir elm sahəsi kimi dəyərləndirilir. Azərbaycan şərqşünaslığı eyni zamanda elmi məktəbləri olan bir elm sahəsidir - bunu digər sahələrdən olan həmkarlarımız da bilir və etiraf edirlər. Yarım əsr əvvəl Yaxın və Orta Şərq xalqları institutu kimi kiçik bir kollektivlə fəaliyyətə başlayan Şərqşünaslıq İnstitutu tezliklə öz simasını formalaşdırmış və burada akademik Ə.Əlizadənin mətnşünaslıq, akademik Z.Bünyadovun mediyevistika, akademik H.Araslının türkologiya, professor R.Əliyevin iranşünaslıq, professor A.İmanquliyevanın ərəbşünaslıq məktəbləri yaranmışdır. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. Son illərdə institutun kollektivi nəinki mövcud çətinliklərə sinə gərmiş, həm də yeni elmi araşdırma sahələri və mövzuları müəyyənləşdirmiş, dünyanın müxtəlif şərqşünaslıq mərkəzləri ilə əlaqələr qurmuş, beynəlxalq əməkdaşlığı genişləndirmişdir. Təkcə başa vurmaqda olduğumuz 2009-cu ildə əməkdaşlarımız 50-dən çox xarici ölkədə təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak edib, elmimizi ləyaqətlə təmsil etmişlər. Bu, həm də Azərbaycan şərqşünaslıq elminin beynəlxalq miqyasda etiraf olunması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, sovet dönəmində, "dəmir pərdə"nin mövcud olduğu şəraitdə alimlərimizin birbaşa beynəlxalq əlaqələr qurmaq imkanı məhdud idi.

Unutmamalıyıq ki, Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti, ədəbiyyatı məhz Yaxın və Orta Şərq ölkələrində gedən proseslərlə üzvi sintezdə inkişaf edərək təşəkkül tapmışdır. Böyük alim və mütəfəkkirlərimiz öz qiymətli əsərləri ilə daim Şərq xalqlarının elm və mədəniyyətini zənginləşdirmiş, həmin xəzinəyə qiymətli töhfələr vermişlər. Bu gün demokratik dünyaya inteqrasiya olunan ölkəmiz yeni sistemə məhz tarixən formalaşmış həmin milli-mənəvi dəyərlərlə daxil olur. Belə bir vəziyyətdə, yəni çoxəsrlik mədəniyyətinin təməlində ümumşərq faktoru aparıcı yer tutan müstəqil dövlətimizin dünyanın maraq dairəsində olan regiona diqqətinin artması çox təbiidir. Bunu Prezident İlham Əliyevin Şərq ölkələrinə ardıcıl səfərləri, İslam Konfransı Təşkilatı və EKO-da Azərbaycanın fəal iştirakı da təsdiqləyir. Amma bir həqiqət də var ki, Şərqin tarixini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-siyasi fikrini, filologiyasının aktual problemlərini kompleks şəkildə öyrənmədən, proseslərin mahiyyətini təhlil etmədən regionda baş verən hadisələri diqqətdə saxlamaq və onlardan bəhrələnmək mümkün deyil.

Azərbaycanda Şərqin öyrənilməsinin böyük tarixi ənənəsi olsa da, oraya hələ XIX yüzildə A.Baxıxanov, M.F.Axundov, Mirzə Kazım Bəy, M.S.Topçubaşov kimi böyük alim və mütəffəkkirlərimiz imzalarını qoysalar da, onun sistemli şəkildə tədqiqinə ötən əsrin 50-ci illərindən başlanıb. Lakin ölkəmiz müstəqillik əldə edənə qədər bu elm bütövlükdə keçmiş sovet şərqşünaslığının tərkib hissəsi kimi inkişaf edib. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Şərq ölkələrinin müasir ictimai-siyasi və ideoloji problemləri ilə bağlı bir sıra mövzular hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilərək, Sovet İttifaqının Şərq siyasətinin həyata keçirilməsinə xidmət edib.

Ümumiyyətlə isə, Azərbaycan şərqşünaslıq elmi həmişə Yaxın və Orta Şərqin siyasətini, iqtisadiyyatını, mədəniyyətini, tarixini, ədəbiyyatını əlahiddə və yaxud ümumdünya proseslərindən təcrid olunmuş şəkildə deyil, Şərq-Qərb sivilizasiyalarının müqayisəsində və ənənələrinin sintezində tədqiq edərək, bu gün bütün siyasi güclərin vurğuladığı qütblərarası dialoqun yaranmasına zəmin hazırlamağa çalışmışdır.

Respublikamızın müstəqillik qazanması institutun önündə yeni üfüqlər açmaqla bərabər, həm də ciddi vəzifələr qoyub. Belə ki, xarici siyasət xəttini bu gün müstəqil surətdə müəyyən edən Azərbaycan Respublikası üçün həm Şərq ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi və həm də regionda gedən proseslərdə dövlət maraqlarının qorunması institutun elmi fəaliyyəti dairəsinin daha da tutumlu olmasını, bir sıra yeni istiqamətlərin yaradılması və ciddi keyfiyyət dəyişikliklərinin həyata keçirilməsini vacib edib. İnstitutun kollektivi bu yeni şəraiti qiymətləndirərək qeyd edilən problemlərin həlli istiqamətində addımlar atıb və atmaqdadır. Bu gün institutda elmi tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə aparılır: Şərq ölkələrinin tarixi, bu ölkələrdə cərəyan edən ictimai-siyasi, iqtisadi və etno-konfessional proseslər, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolu, Şərq xalqlarının tarixi və filoloji irsi, yazılı abidələrin tədqiqi, tərcüməsi və nəşri, islam mədəniyyətinin təşəkkül tapmasında Azərbaycan xalqının iştirakı, Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi həyatında İslam amili və sair.

İnstitutumuzda aparılan tədqiqat işlərinin bir çoxu Azərbaycan Respublikasının Yaxın və Orta Şərq siyasətində aktuallıq kəsb edən məsələlərin araşdırılmasına həsr edilib. Bunlar Azərbaycan və Şərq xalqlarının tarixi-mədəni əlaqələri, müstəqil Azərbaycan Respublikası ilə Şərq ölkələri arasında siyasi, iqtisadi, diplomatik və mədəni münasibətləri, Şərq-Qərb sivilizasiyalararası dialoq, Azərbaycanın Şərq-Qərb münasibətlərində yeri və rolu, Şərq-Qərb dialoqunun geopolitik və kulturoloji aspektləri və sairdir. Göründüyü kimi, elmi tədqiqat işlərinin istiqaməti klassik şərqşünaslıqla (qədim mənbələrin tədqiqi) bahəm müasir şərqşünaslığın da inkişafını təmin edir, Şərq ölkələrinin yeni ictimai-siyasi, iqtisadi münasibətlər sisteminə keçmiş Azərbaycan üçün faydalı ola biləcək təcrübəsinin, həmin təcrübənin müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasını, Türkiyə, İran, Ərəb və digər Şərq ölkələri ilə iqtisadi, mədəni əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsini əhatə edir. İnstitut əməkdaşlarının monoqrafiyaları, kitabları, elmi məqalələri və müxtəlif elmi məclislərdə oxuduqları məruzələr bu sahədə xüsusi önəm daşıyır və ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün stimul ola biləcək faktlardandır.

Elmi istiqamətlər çərçivəsində işlər əsasən iki yolla aparılır. Bunlardan birincisi, şərqşünaslıq elminin əsasını təşkil edən Şərq tarixinin, mədəniyyətinin, bədii təfəkkür tərzinin, ictimai və fəlsəfi fikirlərinin ən vacib və aktual aspektlərini öyrənən fundamental tədqiqatların aparılmasıdır. İkincisi isə, elmi dəyəri ilə yanaşı, geniş oxucu kütləsini maraqlandıran elmi-populyar əsərlərin, eləcə də cari dövr üçün siyasi və ictimai əhəmiyyəti olan və elmi proqnozlar verən təhlili - informatik məlumatların hazırlanmasıdır.

Əməkdaşlarımız müasir Qərb sivilizasiyasına tarixi təkamül prosesində çoxəsrlik Şərq mədəniyyətinin təsiri, Qərbin sürətli iqtisadi-texniki və mədəni tərəqqi təcrübəsinin Şərq ölkələrində məqsədyönlü şəkildə tətbiqi imkanlarını, qloballaşma şəraitində Şərq-Qərb münasibətlərinin ziddiyyətli məqamlarını, onların mahiyyətini və aradan qaldırılma yollarını araşdırırlar. Alimlərimiz Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşən ölkəmiz üçün müstəqillik şəraitində Qərb mədəniyyətinə yiyələnməklə milli mədəniyyətin fundamental dəyərlərini və mütərəqqi cəhətlərini qoruyub saxlamaq yollarını arayırlar. Ötən dövrdə yeni şəraitin tələbləri nəzərə alınmaqla institutda yeni "Şərq-Qərb" şöbəsi, "Mərkəzi Asiya və Uzaq Şərq" elmi qrupu yaradılmış, bir vaxtlar əsassız olaraq ləğv edilən "Cənubi Azərbaycan" şöbəsi bərpa edilmişdir. 90-cı illərin ikinci yarısından etibarən institutun elmi planlarında Azərbaycanşünaslıq istiqamətində mühüm dəyişikliklər edilmişdir. Əməkdaşlarımız ilk növbədə ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparır, Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə, ictimai-fəlsəfi fikrinə dair ərəb və fars dilində olan qaynaqların tapılıb araşdırılması üçün səmərəli fəaliyyət göstərirlər.

Bütün bunlar, əlbəttə, bizi arxayınlaşdırmır və biz istər dövlətçiliyimizin tələbləri, istərsə də dünya şərqşünaslığının inkişaf meyilləri baxımından öz işimizdə dəyişikliklər edilməsi zərurətini yaxşı başa düşürük. Bu mənada hörmətli akademik Ramiz Mehdiyevin məqaləsində institutumuzun ünvanına səslənmiş fikirlər kollektivimiz tərəfindən anlaşıqla qarşılanmışdır.

Məqalədə institutumuz qarşısında konkret vəzifə qoyulub: yeni tarixi şəraitdə müasir Azərbaycanın gerçəkliklərinə uyğun öz yeni simasını formalaşdırmaq. İnstitutumuza dair qoyulan vəzifəni kollektivimiz xeyli vaxtdır ki, dərk edib və bütün potensialını öz işini yeni tarixi şəraitdə müstəqil Azərbaycanın mənafeyinə və tələbatına uyğun qurmağa çalışıb. Tədqiqat planlarımıza ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə yönəlmiş, xalqımızın tarixinə və mədəni inkişaf məsələlərinə töhfələr verə biləcək əsərlər salınıb. Təəssüf ki, bir məqalədə bu istiqamətdə apardığımız tədqiqatlar, gördüyümüz işlər barədə konkret məlumat vermək imkan xaricindədir.

Bununla belə institutumuzun elmi şurası məqalədə səslənən fikir və mülahizələrin doğru və əsaslı olduğunu nəzərə alaraq növbəti illər üçün elmi-tədqiqat planlarında konkret dəyişikliklər etdi. Son 6 ildə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik və tarazlaşmış xarici siyasəti və bu siyasətdə Şərq ölkələrinin mühüm yer tutduğunu nəzərə alaraq "Prezident İlham Əliyevin Şərq siyasəti" adlı irihəcmli monoqrafiya tədqiqat planlarımıza salınıb. Azərbaycanda "dövlət-din-cəmiyyət" münasibətlərində görülən böyük işləri, hökm sürən sabitliyi və bunların bir çox Şərq ölkələri üçün örnək ola biləcəyini nəzərə alaraq, bu istiqamətdə də geniş araşdırma aparmağı planlaşdırmışıq. Türkdilli xalqların inteqrasiyası sahəsində müstəqil Azərbaycanda dövlət səviyyəsində görülən işlər də tədqiqat obyektinə çevrilməlidir. Məqalədə inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillərin zərurətindən danışılır. Kollektivimiz hesab edir ki, Azərbaycanın müasir sosial-iqtisadi və mədəni inkişafı, qazandığı uğurlar təbliğ olunmalı və tədqiq edilərək Şərq cəmiyyətlərinə bir model kimi təqdim olunmalıdır. Bunun Şərq xalqları üçün böyük əhəmiyyəti və faydası olacaq. Bu baxımdan, ilk addım kimi, 2010-cu il mart ayının 17-18 tarixlərində "Müasir Şərq ölkələrinin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli" adlı beynəlxalq konfrans təşkil etmək fikrindəyik. Onu da əlavə edim ki, yuxarıda adıçəkilən tədqiqatların nəticələri və konfransın materialları qısa zamanda ərəb, fars və türk dillərinə çevrilərək yayımlanacaq.

Müasir dünyada şərqşünaslıq elminə maraq son dərəcə artmışdır. Təkcə böyük dövlətlərdə deyil, Malta kimi kiçik ölkələrdə də yeni şərqşünaslıq mərkəzləri yaradılır, mövcud araşdırma qurumları genişləndirilir. Bu da beynəlxalq proseslərdə Şərq dövlətlərinin rolu və yerinin güclənməsi ilə birbaşa bağlıdır. Hazırda dünyanın diqqət mərkəzində regional münaqişələr və terrorizm problemləri, etnokonfessional münasibətlər və demoqrafiya məsələləri, islam fundamentalizmi və radikal islami qruplaşmalar kimi mövzular dayanır ki, bunların da əsas meydanı Şərqdir. Azərbaycan bir tərəfdən Yaxın və Orta Şərq regionuna yaxındır, digər tərəfdən Avrasiya geosiyasi məkanına daxildir. Belə olan halda aparıcı Şərq ölkələrində gedən proseslərin elmi araşdırılmasının ölkəmiz üçün əhəmiyyətini sübut etməyə ehtiyac varmı?

Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti müsəlman Şərqinə qırılmaz tellərlə bağlıdır, cəmiyyətimizdəki bir sıra mental xüsusiyyətlər, sosial-psixoloji faktlar islam dinindən qaynaqlanır. Bütün bunlar Azərbaycan şərqşünaslığının öyrənməli olduğu məsələlərdir.

Müasir mərhələdə Şərqşünaslıq İnstitutu ənənəvi İran-Türkiyə-Ərəb ölkələri üçbücağından çıxmalıdır. Bunu həm müstəqil dövlətimizin beynəlxalq mövqeyi və əlaqələri, həm də bu elmin inkişaf perspektivləri tələb edir. Belə ki, biz artıq Şərq anlayışına qonşu müsəlman dövlətləri çərçivəsində yanaşa bilmərik. Ölkəmizin Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Pakistan, Mərkəzi Asiya dövlətləri ilə günbəgün genişlənən əlaqələri bu regionun öyrənilməsini də zəruriləşdirir. İnkişafın özünəməxsus modelini tapmış Malayziya , Cənub-Şərqi Asiya ölkələrinin tədqiqi də bizim üçün önəmlidir. Həm də bütün dünyada şərqşünaslıq elmi Şərq araşdırmalarından ("Oriental studies") Asiya tədqiqatlarına doğru ("Asian studies") istiqamət götürmüşdür.

Tədqiqat coğrafiyasının genişləndirilməsi istiqamətində biz artıq bəzi addımlar atmışıq. "Çin Xalq Respublikası" adlı məlumat kitabı hazırlanaraq nəşr olunub, "Şərq ölkələri" adlı 50 çap vərəqi həcmində məlumat kitabı çapa təqdim edilib. Əsərdə bütün Şərq ölkələrinin tarixi, coğrafiyası, əhalisi, iqtisadiyyatı, etnik və dini tərkibi, təbii sərvətləri, mədəniyyəti və müxtəlif sahələrdəki inkişaf göstəriciləri haqqında müfəssəl məlumat verilir. Hazırda institutda İslam ensiklopediyası üzərində iş gedir. Mütəmadi olaraq üç dövri nəşr - "Elmi araşdırmalar", "Orta əsrlər Şərqi" və "Şərq filologiyası" topluları nəşr edilir. Bununla belə, geniş ictimaiyyəti institutumuzun fəaliyyəti və ümumən Şərq haqqında ən mühüm məlumatlarla daha yaxından tanış etmək üçün "Azərbaycan şərqşünaslığı" adlı elmi-kütləvi jurnalın nəşrinə başlamışıq.

Daha bir məsələ. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dövlətidir. Bunu cənab İlham Əliyevin "Mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm" sözləri də təsdiq edir. Bu xalqın böyük bir hissəsi Arazın o tayında - İran İslam Respublikasında yaşayır. Düşünürəm ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ictimai-siyasi və mədəni inkişafının öyrənilməsi də bizim institutumuzun prioritet istiqamətindən biri olmalıdır. Nəzərə alaq ki, cənubi azərbaycanşünaslıq elmi istiqamət kimi məhz Şərqşünaslıq İnstitutunda yaranıb və bugün də uğurla inkişaf edir. Bir sözlə, Şərqşünaslıq İnstitutu bu gün müstəqil Azərbaycanın milli və dövlət maraqlarına xidmət edən zəruri bir elmi tədqiqat mərkəzi olmaqla yeni dövrün tələblərilə ayaqlaşan inkişaf mərhələsinə qədəm qoyub.

Beləliklə, Şərqşünaslıq İnstitutunun öyrənəcəyi məsələlər dairəsi kifayət qədər genişdir və onun perspektiv inkişafı üçün obyektiv şərtlər yetərincədir. Həllini tapmalı olan məsələlərdən biri institutun müvafiq dövlət orqanları (Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Diaspora Komitəsi və s.) ilə sıx əməkdaşlığının forma və mexanizmlərinin işlənməsi, həmin qurumların analitik informasiya təminatında alimlərimizin potensialından səmərəli istifadə olunmasıdır. Hərçənd, ötən dövr ərzində ayrı-ayrı məsələlərə dair belə əməkdaşlığın nümunələri kifayət qədər olub.

Şübhə doğurmayan məsələ budur ki, elmdə islahatlar günün tələbidir. Həm də bu islahatlar, məqalədə qeyd olunduğu kimi, varisliklə novatorluğun vəhdəti əsasında həyata keçirilməlidir. Belə olarsa, biz azərbaycanlı olaraq, dünyanın hər yerində təkcə təbii sərvətlərimizlə deyil, həm də elmi-intellektual sərvətlərimizlə öyünə bilərik.

 

İslahatlar zamanı xüsusi diqqət elmin təşkilində çevikliyin təmin olunmasına yetirilməlidir. Bu sahədə kök salmış bürokratik metodlardan imtina edilməli, elmi fəaliyyətin maliyyələşdirilməsində daha müasir və mütərəqqi formalardan istifadəyə üstünlük verilməlidir. Akademik Ramiz Mehdiyevin dəyərli məqaləsində qeyd etdiyi ən başlıca məqsəd - Azərbaycan elmini daha çevik, dövlətin və cəmiyyətin real tələbatına cavab verən və gələcək inkişafına xidmət edən səviyyəyə yüksəltmək məramı bu gün biz alimlərin, tədqiqatçıların əsas elmi amalına çevrilməli, fəaliyyətimizdə istinadgah olmalıdır.

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı,         

AMEA akademik Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun direktoru, professor

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 2.