"Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin rəsmi bağlanış mərasimi keçirilmişdir

 

Dekabrın 18-də Heydər Əliyev Sarayında "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin rəsmi bağlanış mərasimi keçirilmişdir.

Sarayın foyesində Mədəniyyət ili çərçivəsində keçirilmiş tədbirləri əks etdirən fotosərgi təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri, tanınmış elm adamları, mədəniyyət xadimləri iştirak etmişlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində "İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması" mövzusunda keçirilmiş V konfransının qərarı ilə Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.

Nazir vurğulamışdır ki, bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibətilə seçilməlidir. Bundan əlavə, İslam mədəniyyətinin paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi-mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır. Azərbaycanın paytaxtı Bakı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verdiyindən İslam mədəniyyətinin növbəti paytaxtı elan edilmişdir.

Mədəniyyət və turizm naziri demişdir ki, paytaxtımızın belə yüksək adı daşımasına Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə göstərdiyi qayğı və diqqət sayəsində nail olmuşuq.

"Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimində Avropa və islam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və digər şəxslər qatılmışlar. Mədəniyyət ili çərçivəsində ölkəmizdə ümumilikdə 500-dən çox tədbir keçirilmişdir. Bu tədbirlər sırasında Azərbaycana həsr olunmuş sənədli filmin nümayişi, "Qədim Bakı" kitabının təqdimatı, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertlər, Beynəlxalq Muğam Festivalı və digər tədbirlər mühüm yer tutur.

Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələr həyata keçirilmişdir. "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" internet saytının açılışı isə bu möhtəşəm tədbirlərin bütün dünyaya çatdırılmasına xidmət etmişdir. Hazırda Bakı şəhərinə "Dialoq paytaxtı" statusu verilməsi üzərində işləyirik.

Tədbirdə çıxış edən İSESKO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Hadi Azizzadeh demişdir ki, "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıtmışdır. Bu tədbirlər yüksək səviyyədə təşkil olunmuşdur və İSESKO bunu yüksək qiymətləndirir. Bu tədbirlərdə, demək olar, bütün islam ölkələri yaxından iştirak etmişdir.

Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının əhəmiyyətindən danışan qonaq bildirmişdir ki, bu tədbir müsəlman ölkələri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə, gələcək inkişafına xüsusi təkan verəcəkdir.

Azərbaycanda mədəniyyət ocaqlarının müasir üslubda yenidən qurulmasını xüsusi qeyd edən Hadi Azizzadeh demişdir ki, bütün bunlar Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqətin göstəricisidir.

Tədbir geniş musiqi proqramı ilə davam etmişdir.

Gecədə "Bakı - 2009" filmi nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 3.