"Azərbaycan"
kitabının təqdimatı
Dekabrın 18-də Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "Bakı-İslam mədəniyyətinin paytaxtı -2009" layihəsinin yekunlaşması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə "Vokruq sveta" nəşriyyatında çap olunmuş "Azərbaycan" bələdçi kitabının təqdimatı olmuşdur.
Kitabda Azərbaycanın mədəniyyət, incəsənət xadimləri, habelə tarixi, dini, mədəniyyəti, iqtisadiyyatı və s. haqqında məlumatlar yer almışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" layihəsi çərçivəsində keçirilən tədbirin Azərbaycanın dünyada tanınmasına xidmət etdiyini vurğulamışdır. Nazir bildirmişdir ki, layihə uğurla həyata keçirildiyinə görə İSESKO tərəfindən minnətdarlıq məktubu göndərilmişdir. Ə.Qarayev bunu sevindirici hal kimi qiymətləndirmiş və böyük fəxr saymışdır.
Müasir sivilizasiyaya öz mədəniyyət nümunələri ilə layiqli töhfələr verən bir xalq kimi azərbaycanlıların həmişə öyünməyə haqqı olduğunu söyləyən kitabın müəllifi Yuliya Şukina Azərbaycanı qarış-qarış gəzdiyini bildirmişdir.
"Vokruq sveta" nəşriyyatının baş redaktoru Leonid Naimov bildirmişdir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ərsəyə gələn bu kitabın materiallarının toplanmasında zəhməti olan insanların xeyirxah münasibəti onu yeni toplular üzərində işləməyə ruhlandırmışdır.
AzərTAc
Azərbaycan.- 2009.-19 dekabr.- S. 3