Əfsanəvi insanla görüş

 

Əfsanəvi insanla görüş. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva qeyd etmişdir ki, bu ali məktəbdə görkəmli qazax ədəbiyyatçısı, ictimai-siyasi xadim, Azərbaycan xalqının böyük dostu Oljas Süleymenovla görüş məhz bu cür yadda qalacaqdır.

MDU-nun Bakı filialının professor-müəllim heyəti və tələbələri hörmətli qonağı dərin hörmət və ehtiramla qarşılamışlar.

Universitetin rektoru, professor Nərgiz Paşayeva Böyük çölün böyük oğlu Oljas Süleymenovu tədbir iştirakçıları adından salamlayaraq demişdir:

- Hörmətli Oljas Omaroviç, Siz XX əsrin tarixində parlaq simasınız. Biz Sizin şeirlərinizi oxuyanda misralarınızın lirizminə, poetikliyinə, bədiiliyinə, sözünüzün təsirinə heyran qalırıq. Sizin elmi məqalələrinizi, elmi əsərlərinizi oxuyanda çox məsələlər barəsində baxışlarınızın miqyası, bu baxışları sözün köməyi ilə çatdırmaq bacarığınız bizi valeh edir. Eyni zamanda, həm dilçi, həm alim, həm geoloq olan bir insanın əsərlərini oxuyanda istər-istəməz Sizin elmi görüşlərinizin miqyasına valeh oluruq. Sizinlə görüşəndə görürük ki, siz qeyri-adi dərəcədə mükəmməl, parlaq, böyük və eyni zamanda, çox sakit, təmkinli bir şəxsiyyətsiniz, bir sözlə, Siz sovet tipli alimin əksər hallarda mənsub olduğu obraz deyilsiniz. Siz həmişə müstəsna olmusunuz və müstəsna olaraq qalırsınız. Sizin bir neçə il bundan əvvəl dedikləriniz də, keçən əsrin 60-cı, 70-ci illərində dedikləriniz də o dövrdə kəskin mübahisələrə səbəb olurdu, Sizin elmi baxışlarınız müəyyən dairələrin xoşuna gəlmirdi. Biz bunların hamısını bilirik. Bizim nəsil, yaşlı nəsil bunları xatırlayır. Əminəm ki, indi burada əyləşən tələbələrimiz əfsanəvi insanla bu görüşü yadda saxlayacaqlar. Siz həqiqətən əfsanəvi insan obrazını təcəssüm edə bilmisiniz. Özünüz yazdığınız kimi, cəsarətliliyin heç də təhlükəsiz və sərfəli olmadığı dövrlərdə Siz cəsarətli olmusunuz. Buna görə Sizə dərin ehtiramımızı bildiririk.

Nərgiz Paşayeva Oljas Süleymenovun fəaliyyət miqyasının təkcə böyük alim, görkəmli şair və ictimai xadim olmaqla məhdudlaşmadığını vurğulayaraq demişdir:

- Siz böyük insansınız. Bu, çox nadir hallarda olur. Biz Sizi çox sevirik və fəxr edirik ki, bizimlə görüşə gəlmisiniz. İnanın ki, Sizin adınız, əsərləriniz, obrazınız bu universitetin tələbələri üçün həmişə bir növ yolgöstərən mayak olacaqdır.

Qazax xalqının böyük oğlu Oljas Süleymenov professor Nərgiz Paşayevanın səmimi sözlərinə görə təşəkkürünü bildirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Oljas Süleymenov dekabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr edilmiş "Sərhədsiz söz" beynəlxalq forumun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu cür tədbirlər müxtəlif ölkələrdən olan yazıçıların görüşməsinə, ünsiyyət dairəsini genişləndirməyə imkan verir. Özünə qapanıb qalan ədəbiyyat sısqalaşır, inkişaf etmir. Mütləq görüşmək lazımdır, müxtəlif ölkələri, müxtəlif nəsilləri təmsil edən yazıçılar qarşılıqlı əlaqə saxlamalıdırlar.

Oljas Süleymenov demişdir ki, biz yazıçılar gənc nəsillə görüşərkən, bugünkünə oxşar görüşlər təşkil edərkən ümid edirik ki, bizim təcrübəmiz, bizim sözlərimiz gənclərin gələcəyi üçün faydalı olacaqdır.

Sonra filologiya elmləri doktoru Aida Feyzullayevanın görkəmli şair Oljas Süleymenovun fəaliyyətinə həsr edilmiş kitabının təqdimatı olmuşdur.

Aida Feyzullayeva qeyd etmişdir ki, bu kitab Oljas Süleymenovun yaradıcılığının spektral tədqiqatıdır. "Qərb-Şərq" problemləri, etnosların tarixi kökləri, onların mədəni-tarixi əlaqələri, coğrafi məskunlaşma, qarşılıqlı fəaliyyət, qarşılıqlı təsir, Şumerdən başlamış Misirə və Çinə qədər məkanların tarixi taleləri - bu və digər aktual problemlər görkəmli qazax ədibi və aliminin, Azərbaycan xalqının böyük dostunun çoxşaxəli yaradıcılığının özəyini təşkil edir. O.Süleymenovun yaradıcılığının tədqiqi onun qaldırdığı və həll etdiyi məsələlərin mahiyyətinə dərindən nüfuz etməyi tələb edir. Bu məsələlər türk dünyasının böyük oğlunun parlaq ziyasını və kükrəyib coşan səsini "spektral təhlil" süzgəcindən keçirmək cəhdinin nəticəsi kimi oxuculara təqdim edilən əsərin mövzusunu təşkil edir.

Sonra Oljas Süleymenov MDU-nun Bakı filialının tələbələrinin suallarına cavab vermişdir.

Axırda möhtərəm qonağa universitet adından xatirə hədiyyələri təqdim edilmişdir.

Oljas Süleymenov isə özünün "Yazı dili" kitabının bir neçə nüsxəsini MDU-nun Bakı filialının kitabxanasına hədiyyə etmiş, avtoqraf yazdığı kitablarını yaradıcılığının pərəstişkarlarına bağışlamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 4.