Xalq sənətinə məhəbbət
mədəniyyətə xidmətdir
Bu amalla yaşayanların məqsədində həmişə əmanətə sədaqət hissləri də duyulur. Uzaq keçmişimizdən, dədə-babalarımızdan, ulu nənələrimizdən yadigar qalan nə varsa - istər maddi, istərsə mənəvi dəyərlər olsun, onları qorumaq, hifz etmək, yaşatmaq, gələcək nəsillərə çatdırmaq, dünyaya nümayiş etdirmək həm vətənpərvərlik borcumuzdur, həm də tariximizə, soykökümüzə, milli mənsubiyyətimizə dərindən bağlılıq, Vətən, millət sevgisidir.
Dünyanın çox mötəbər muzeylərində olmuşam: Amerika, Almaniya, Rusiya, Misir, Türkiyə, ərəb ölkələri və sairə. Yeddi möcüzədən bir neçəsini görmüşəm, amma heç birində belə ürəkdən içimi çəkərək heyrətlənməmişdim. Şahid Həbibullayevin kolleksiyasına baxanda özümə gələ bilmədim. Nə yox idi burada? Bir neçə ölkənin mədəniyyətini birləşdirən bu dünyada eramızdan əvvəl V əsrdən başlayaraq bizim eranın 20-ci yüzilliyinin əvvəllərinə kimi olan misgərlik məmulatlarından başlamış müxtəlif bəzək əşyalarına kimi çox qiymətli eksponatlar. Ən "cavan" eksponatın 100 yaşı var. Diqqəti çəkən maraqlı cəhətlərdən biri də budur ki, azərbaycanlı kolleksiyaçının topladığı əşyaların içində Nobelin faytonu da var.
İlk sərgisi YUNESKO-da, ikincisi İSESKO-da, üçüncüsü Bakıda, Şirvanşahlar Saray Kompleksində nümayiş olunan Şahid Həbibullayev ilk azərbaycanlı kolleksiyaçıdır ki, adı YUNESKO-nun kataloquna düşüb. Bu üç mötəbər sərgi - tanışlıqdan sonra Şahid Həbibullayevin topladığı kolleksiyanın xoş sorağı müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günlərindən gəlib. Həmin tədbirlərdə sərgilənən bu əşyalara seyrçilər heyrətlə baxıblar. Onlar inana bilməyiblər ki, bir insan təkbaşına 15 il ərzində bu qədər əşyanı bir yerə toplayıb onları hisdən, pasdan təmizləyərək ikinci ömrə calaya bilər. Xüsusilə də bu ilin payızında Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransı və TÜRKSOY Mədəniyyət Nazirləri Şurasının 26-cı toplantısı ilə əlaqədar "Gülüstan" sarayında Şahid Həbibullayevin kolleksiyasından ibarət sərgi bütün tamaşaçıları heyran içində saxlamışdır. İnsanlar nə ona baxmaqdan doyurdu, nə də sual verməkdən.
Kimdir Şahid Həbibullayev? Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit. O, ərazilərimizin ermənilərdən azad olunmasında göstərdiyi xidmətlərə görə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Azərbaycan bayrağı" ordeninə layiq görülüb.
Şərəfli keçmişimizi özündə əks etdirən misgərlik məmulatlarının toplanmasında böyük fədakarlıq göstərən Şahid Həbibullayevin kolleksiyasında çox nadir nümunələr var: şərbət qabları, parçlar, dolçalar, kasalar, nimçələr, məcməyilər, badyalar, sərniclər, kuzələr, qazanlar, teştlər, kəfkirlər, qablamalar, çıraqlar, avtaff-ləyənlər, sürmədan, xınadan, sərpuşlar, səfər qab-qacaqları, mis qolbaqlar, xəncərlər, süzgəclər, gülabdanlar, manqallar, maşalar, qəndillər, tərəzilər və sairə. Şahid Həbibullayevin dünyada analoqu olmayan şəxsi kolleksiyasında müxtəlif ölkələrdə istehsal olunmuş 999 qədim samovar var.
Onun bu işə
marağı haradan doğmuşdur? Özü bu barədə belə
söyləyir: "Ötən əsrin sonlarında vəziyyət
çox ağır idi. Ermənilərin törətdiyi
qəddarlıq nəticəsində təkcə insanlar məhv
olmur, eyni zamanda maddi mədəniyyət abidələrimiz də
talan olunur, bu talandan tökülüb qalanlar da
itib-batırdı. Fikirləşdim ki, mən
"döyüş"ümü indi də bu sahədə
davam etdirməliyəm. Bu əşyaların
toplanmasına 15 ildən çox vaxt sərf etdim. İnanırsınızmı, bütün
"metallom" yığanlar mənim "agentlərim"
idi. 1990-1991-ci illərdə mis qablar,
"metallom" adı ilə ölkədən
çıxarılanda gücüm və imkanım çatdığı
qədər bunun qarşısını almağa
çalışdım. Onların
çoxunu pulla alıb qoymadım ki, xaricə aparsınlar.
Bəzən gecə mənə zəng edirdilər
ki, filan ərazidə "metallom" yığan var,
yükünə baxmaq lazımdır. Qışın
soyuğuna, sazağına baxmazdım, dərhal ora gedərdim,
görüm əridilməyə veriləcək metal
toplantısının içində köhnə mis qab,
samovar, ləyən, misgərliklə bağlı özgə
nə var?! Bu işdə mənim ən yaxın
köməkçim ağdamlı məcburi
köçkün, məşhur misgər Şəmsəddin
Soltanov oldu. Onunla ilk dəfə
tanış olanda çox kədərli gördüm. O
da "metallom" toplayanların kisəsinə baxarkən dərin
bir xiffət keçirərək qeyzlə bərkdən dedi:
"Görəsən, bir kişi tapılmayacaq, bu əşyaları
qorusun?". Söz məni bərk
tutdu. O kişi mən - dedim. Beləliklə,
topladığım mis əşyalara ikinci ömrü məhz
Şəmsəddin verdi. 999 samovarı
gördünüz, necə alışıb yanır. Halbuki
onları mən yığıb bura gətirəndə
dost-tanışlarım təəccüblənib deyirdilər:
"Bu sınıq-salxaq, əyri-üyrü, paslı qab-qacaq
sənin nəyinə gərəkdir?"
Beş ölkədə
istehsal edilmiş samovar var onun kolleksiyasında. Söhbət
zamanı maraqlı bir məsələyə də toxundu:
"Son vaxtlara kimi belə hesab edirdilər ki, samovar ilk dəfə
Rusiyada istehsal olunub. Hətta sözün açması da var:
"özüqaynadan". Amma Azərbaycanda aparılan
qazıntılar zamanı gildən, erkən dəmir
dövrünə aid metal təbəqələrdən və
tuncdan hazırlanmış samovarlar aşkar olunmuşdur. Əslində
isə bu məişət əşyasına türk mənşəli
ifadə ilə "simavər" deyiblər. Bəzən məndən
soruşurlar ki, bu sözün açması nədir?
Cavabım belə olur: "Nehrə nədir? Badya nədir? Bu
da elə". Hətta folklorumuzda simavərlə bağlı
nə qədər bayatı var. Məsələn:
Simavər yana-yana,
Buğlanır yana-yana.
Danışırıq
kağızla,
Dil qalır yana-yana.
***
Simavər cəh-cəh
vurar,
Üstündə
nimçək durar.
Qurban olum qardaşa,
At üstə
göyçək durar.
***
Simavəri qaynadan,
Üstə
çaynik oynadan.
Əyil üzündən
öpüm,
Qaş altda
göz oynadan.
Eləcə də xalq
mahnılarımızda: "Simavərə od salmışam,
istəkana qənd salmışam" misraları var.
Azərbaycanda istehsal edilən
və çağdaş dövrümüzə gəlib
çatmış ən qədim mis samovar 1717-ci ildə usta Nəcəfqulu
tərəfindən hazırlanmışdır. Üzəri naxış və təsvirlərlə
bəzədilmiş bu nadir məişət əşyası
hazırda Azərbaycanda Lahıc tarix muzeyində qorunub
saxlanılır. Rusiyada isə samovar
1778-ci ildə kiçik bir emalatxanada istehsal olunmuşdur.
Sonralar isə Rusiyanın müxtəlif şəhərlərində,
əsasən də Tulada samovar istehsal edildi. Samovar istehsalının genişlənməsi
müxtəlif ölkələrdə də bu sahəyə
marağı artırıb. Parisdə, Çikaqoda,
Londonda, Turində və başqa Avropa şəhərlərində
keçirilən sərgilərdə samovarlar da nümayiş
etdirilib. Hətta xüsusi mükafata, xatirə
medallarına layiq görülənləri də var".
Şahid Həbibullayevin
samovarları həqiqətən bir özgə aləmdir. Onun
kolleksiyasındakı samovarlar əsasən Rusiyada, Almaniyada,
Polşada, İranda istehsal edilib. Burada üç sistemlə
işləyən samovarlar var, kömürlə və neftlə
işləyən od samovarları daha
çoxdur. Burada elə samovar nümunəsinə
rast gəlmək olur ki, ondan cəmi bir ədəd düzəldilib.
Elə samovar var ki, ondan dünyada dörd
nüsxədir. Biri Almaniyadadır, ikisi Azərbaycanda,
birinin yeri isə məlum deyil. Şahid Həbibullayevin
ən qeyri-adi samovarları isə üçayaq və iki
lülə samovarlardır. Onlar XIX əsrdə
Rusiyada istehsal olunub. Kolleksiyada tutumu 0,2
litrdən 90 litrədək olan samovarlar var.
Kolleksiyaçı söyləyir ki, hələ bərpa
olunmamış samovarların, digər mis əşyaların
həyata qaytarılması üçün mənə ən
azı beş il lazımdır. Şahid Həbibullayevin
kolleksiyasındakı əşyaların sayı dörd minə
çatmaqdadır. Özünün
söylədiyinə görə, onun kolleksiyasında
üç muzeyin eksponatı var.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi
qayğısı nəticəsində kolleksiyanın
üç yüz altmış altısı hazırda
Şirvanşahlar sarayındakı otaqlarda nümayiş
etdirilir. Kolleksiyaçı söyləyir ki, əgər
dövlətin mənə qayğısı olmasaydı, bəlkə
də bu ağır işdən bezərdim. Ölkə başçısı cənab İlham Əliyev
və YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mənim
işlərimlə maraqlanaraq nəinki ölkəmizdə,
dünya miqyasında tanınmağıma kömək etdilər.
Məhz onların sayəsində mənim min bir
əziyyətlə toplayıb yenidən həyat verdiyim bu qədim
sənət nümunələri dünyanın məşhur
salonlarında sərgiləndi, sorağı müxtəlif
ölkələrə gedib çıxdı.
Şahid Həbibbullayevin kolleksiyası kimləri məftun etməyib? YUNESKO-nun baş katibindən başlamış müxtəlif ölkələrin, diplomatik korpusun nümayəndələrinə kimi hamı bu təkrarsız sənət nümunələrinə heyrətlə tamaşa edirlər. Xüsusilə də Nobelin faytonu çoxunun diqqətini çəkir. Kolleksiyanın bu nadir eksponatı XIX əsrdə Rusiyanın Sankt-Peterburq şəhərində istehsal edilmiş, çarx oxunda "L.Nobel S.Pterburq" yazılıb. Öz unikallığı ilə seçilən bu faytonu Şahid Həbibullayev Şəkidə taparaq Bakıya gətirib. 1895-ci ildə Bakıda yaşamış neft milyonçusu Nobelin sifarişi ilə hazırlanan bu fayton sırf əl işidir. Hətta Nobelin nəticəsi Bakıda səfərdə olarkən bu faytona böyük heyrət göstərərək onun qiymətinin olmadığını söyləyib.
Kolleksiyadakı bütün eksponatlar gözəldir və hər birində xəttat və nəqqaş babalarımızın mənəviyyat dünyasından xəbər verən əl işləri yaşayır. Fərəhli haldır ki, Şahid Həbibullayev də göz bəbəyi kimi qoruyub əzizlədiyi bu yadigarlara, əmanətlərə əşya kimi deyil, canlı bir varlıq kimi yanaşır və onları sevərək əzizləyir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 19 dekabr.- S. 7.