Bakının Buzovna qəsəbəsində yenidən
qurulan Cümə məscidi istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
iştirak etmişdir
Dekabrın 19-da
Bakının Buzovna qəsəbəsində Heydər Əliyev
Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan"
layihəsi çərçivəsində yenidən qurulan
Cümə məscidi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə
iştirak etmişlər.
Milli mənəvi dəyərlərin
yüksək səviyyədə qorunduğu Azərbaycanda bu
sahədə ardıcıl tədbirlərin görülməsi
dövlət siyasətinin əsas istiqamətlərindən
biridir. Son illər Bakıda və regionlarda dini ziyarətgahların,
ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən
qurulması prosesi uğurla davam etdirilir. İslam aləminin
müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscid-kompleksinin
tikilərək dindarların istifadəsinə verilməsi,
bununla yanaşı, Təzəpir məscid-kompleksində yenidənqurma
işlərinin aparılması bu siyasətin məntiqi
davamıdır.
Son illərdə Heydər
Əliyev Fondu da milli mənəvi dəyərlərin qorunması
və dini ziyarətgahların yenidən qurulması prosesinə
fəal surətdə qoşulmuşdur. Fondun təşəbbüsü
ilə Gəncədə Comərd Qəssab və Cavad xan
türbələri yüksək səviyyədə bərpa
edilmişdir. Hazırda Şamaxıda Cümə məscidinin
bərpası davam edir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində
Heydər Əliyev Fondunun "Tolerantlığın
ünvanı - Azərbaycan" layihəsi çərçivəsində
əsaslı surətdə yenidən qurulan Cümə məscidi
də xüsusi əhəmiyyət kəsb edir.
İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnmişdir. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq sona çatmışdır.
Mərasimə gələn dövlətimizin başçısı və xanımı məscidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxdılar.
Bildirildi ki, sahəsi 500 kvadratmetr olan məsciddən əlavə, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilmişdir. Məscid bütövlükdə sal daşlardan inşa olunmuş, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidində yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, burada qadınların və kişilərin ayrılıqda ibadət etmələri üçün hər cür şərait yaradılmışdır. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcəkdir.
Bu, Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi ilk belə layihə deyildir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Heydər Əliyev Fondu Buzovnadakı Cümə məscidinin yenidən qurulmasını, Bakı şəhərində Pravoslav kilsəsində əsaslı bərpa və yenidənqurma işlərini, katolik kilsəsində vitrajların və pannoların quraşdırılmasını başa çatdırmışdır. Hazırda yəhudi uşaqlar üçün təhsil mərkəzinin yaradılması ilə bağlı layihənin icrası davam edir.
Prezident İlham Əliyev Cümə məscidində
yaradılan şəraitdən
razı qaldığını
bildirərək dedi ki, son zamanlar
təmir olunan bütün məscidlər
bu səviyyədədir,
gözəl, təmiz,
səliqəli və möhtəşəm memarlıq
üslubundadır.
***
Bildirildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü ildə Buzovna qəsəbəsindəki "Əli ayağı" ziyarətgahında olarkən Cümə məscidi ilə maraqlanmış, burada tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı göstərişlərini vermişdi. Məscidin qapılarını yenidən dindarların üzünə açması ulu öndərin qurub-yaratmaq amalına Heydər Əliyev Fondunun töhfəsidir.
Məscidin axundu dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Bu gün biz çox sevinirik ki, ulu öndərin göstərişi məhz elə Sizin xeyir-duanız, böyüklüyünüzlə, Heydər Əliyev Fondunun təşəbbüsü, Mehriban xanımın dəstəyi ilə həyata keçir. Ona görə də bu "Qurani-Kərim"i Sizə hədiyyə edirik.
Axund "Qurani-Kərim"i Prezident
İlham Əliyevə
təqdim etdi.
Məscidin axundu daha sonra bildirdi:
- İcazənizlə, bu ikinci "Qurani-Kərim"i
də Mehriban xanıma təqdim edim. Mehriban xanım, Sizə
Allahdan cansağlığı
arzu edirik. Üç ildir ki, bu
məsciddə təmir-bərpa
işləri gedir.
Bu ay Məhərrəmlik ayıdır, imam Hüseyn
əleyhissəlamın şəhadət
ayıdır. Belə
bir gündə Sizin qonağımız
olmağınız bizim
üçün çox
sevindiricidir. Kərbəla
şəhidlərinin xatirinə
Allahdan arzu edirik ki, Qarabağ
azad olunsun, Sizinlə
Məscidin axundu "Qurani-Kərim"i
Mehriban xanıma təqdim etdi.
***
Prezident İlham
ƏLİYEV məscidlə tanışlıqdan sonra dindarlar və qəsəbə sakinləri
ilə görüşüb
söhbət etdi:
- Salam-əleyküm.
Sizi salamlayıram. Məscidin əsaslı
təmirdən sonra fəaliyyətə başlaması
münasibətilə sizi
təbrik edirəm.
Bu böyük hadisədir, gözəl hadisədir. Mən çox
şadam ki, Heydər Əliyev Fondunun təşəbbüsü
artıq reallaşıbdır.
Bir neçə il bundan
əvvəl Buzovna sakinləri Heydər Əliyev Fonduna müraciət etmişdilər
ki, bu qədim
məscid bərpa olunsun, amma əslində,
yenidən tikilsin. Çünki məscid kimi
tikilməsi nəzərdə
tutulmuş bu bina heç vaxt məscid kimi fəaliyyət göstərməmişdir, yarıdağılmış
vəziyyətdə idi.
Heydər Əliyev Fondu həmişə olduğu
kimi, sakinlərin bütün müraciətlərinə
müsbət baxmaqla qısa müddət ərzində gözəl
əsər yaratdı. Onu demək
istəyirəm ki, bu, Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən birinci
belə layihə deyildir. Bundan əvvəl Binə
qəsəbəsində qədim
məscid tamamilə yenidən quruldu. Pirhəsən ziyarətgahı yenidən quruldu. Bu gün biz Buzovna
qəsəbəsində gözəl
məscidin açılışında
bərabər iştirak
edirik. Bu, gözəl, xeyirxah işlərdir və bir növ onu
göstərir ki, Azərbaycanın həm dövləti, həm ictimai təşkilatlar öz iradəsini bütün sahələrdə
ortaya qoymaqla böyük nailiyyətlərə
nail olurlar.
Azərbaycanda quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bununla bərabər,
milli mənəvi dəyərlərimizin, tarixi,
dini abidələrin qorunması, bərpası
bizim üçün
əsas məsələdir.
Son illər ərzində
Bakının və Azərbaycanın müxtəlif
yerlərində tarixi,
dini abidələrimiz
bərpa olundu, yenidən quruldu və ən möhtəşəm vəziyyətə
gətirildi. Təzəpir məscidi, Bibiheybət məscidi. İndi Əjdərbəy məscidində təmir işləri gedir, sürətlənməlidir. Digər bölgələrdə, şəhər
və rayonlarımızda
bu işlər gedir.
Mən çox şadam ki, bütün ictimaiyyət də bunu alqışlayır, bu işlərdə fəal iştirak edir. İndi əgər
Buzovna sakinlərinin müraciəti olmasaydı,
yəqin ki, bu iş hələ
qalacaqdı. Siz müraciət etdiniz, özü də düzgün ünvana müraciət etdiniz və bu iş
görüldü. Həm kəndə
yaraşıq verir, eyni zamanda bizim
bacı-qardaşlarımız üçün ibadət
yeridir. Möhtəşəm və gözəldir.
Həm xarici görkəmi, həm daxili vəziyyəti ən yüksək səviyyədədir.
Bu gözəl hadisə münasibətilə
sizi bir daha təbrik edirəm. Sizə cansağlığı arzulayıram.
***
Məscidin axundu:
- Biz də
Buzovna camaatı adından, xalqımız adından Sizə təşəkkür edirik.
Yüz il
ərzində üç
dəfə bu məscidin təmirinə cəhd göstərilib, amma alınmayıb. Məscidin Sizin köməkliyinizlə,
rəhbərliyinizlə təmir
olunması bizim üçün bayramdır.
Xalqın adından hamınıza
təşəkkür edirəm.
Kənd sakini:
-
Mən bir şeyi də demək istəyirəm. Həmişə fəxr edirəm ki, bu iş Mehriban
xanımın təşəbbüsü
ilə görülüb.
Kaş Mehriban xanım kimi qadınlarımız çox
olaydı ki, bu cür gözəlliklər
yaransın. Çox sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 20 dekabr.- S. 1.