Dövlətə və xalqa xidmət missiyası

 

Yeni Azərbaycan Partiyasının cəmiyyətin sosial sifarişi olaraq yaradılması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Məqsədi, məramı ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas etmək, Azərbaycan dövlətçiliyini yaşatmaq, beynəlxalq birlikdə yerini möhkəmləndirmək, milli maraqları qorumaq, xalqı işıqlı gələcəyə aparmaq olan YAP tezliklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. YAP-ın yaranması və Heydər Əliyevin partiyanın sədri seçilməsi Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn Heydər Əliyevin Prezident seçilməsindən sonra YAP-ın statusu yeni şəraitə uyğun dəyişdi, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başladı. Həmin vaxtdan etibarən YAP Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Ölkənin milli maraqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi, vətəndaş sülhünün bərqərar olması, problemlərin aradan qaldırılması, dövlət quruculuğu, bir sözlə bütün sahələrdə islahatların aparılması Heydər Əliyevin yürütdüyü siyasi kursun ana xəttini təşkil edirdi. Öz parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycanı dağılıb məhv olmaq təhlükəsindən qoruyub saxlayan və bu dövlətin bütün atributlarını yaşadan Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyev Azərbaycan tarixinə həm də demokratik cəmiyyət qurucusu kimi yeni bir imza ataraq müstəqillik yoluna yenicə qədəm qoymuş dövlətimizi məqsədyönlü şəkildə addım-addım irəli apardı.

Bütün bunların nəticəsi olaraq 1995-ci ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə seçilən deputatların əksəriyyətinin YAP üzvləri olması xalqın partiyaya etimadını nümayiş etdirdi, YAP-ın xalqın partiyası olduğunu göstərdi. Həmçinin 1998-ci ildə keçirilən prezident seçkilərində Heydər Əliyevin, 1999-cu il bələdiyyə və 2000-ci il parlament seçkilərinin YAP-ın qələbəsi ilə başa çatması partiyanın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq YAP-a böyük etimad göstərildiyini təsdiq etdi.

Bu gün Yeni Azərbaycan Partiyasının I qurultayının keçirilməsinin 10 ili tamam olur. YAP I qurultayının işində Azərbaycanın bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 2228 nümayəndə, xarici ölkələrdən 30-dan artıq qonaq iştirak edirdi. Ulu öndər Heydər Əliyev I qurultayda yenidən partiyanın sədri seçildi. Qurutlay, həmçinin cənab İlham Əliyevi YAP sədrinin müavini seçdi.

I qurultayın qəbul etdiyi qətnamə təlatümlü 1988-1993-cü illərə, YAP-ın yaranmasına və Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə verilən qiymət baxımından diqqəti cəlb edir. "Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini, milli təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc və firavan həyatına, ölkənin tərəqqisinə xidmət edən işlər olmuşdur. Qurultay həm bütün görülən işləri, həm də hakimiyyət orqanlarının, partiyanın bu işlərin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir".

YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi də I qurultayda geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Qurultayda YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edildi, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi.

Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II qurultayı da təşkilatın həyatında taleyüklü qərarlar qəbul etməsi ilə yadda qaldı. Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edildi, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi.

2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin ölkə başçısı seçilməsi xalqın YAP-a etimadının növbəti dəfə əyani təcəssümü idi. Azərbaycan xalqı Heydər Əliyev missiyasını layiqincə davam etdirən cənab İlham Əliyevi Prezident seçməklə ulu öndərin ideyalarına səs verdi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev YAP-ın III qurultayındakı çıxışında bu barədə belə demişdir: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk".

Elə bu qurultayda partiya üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi. YAP sıralarında birləşən yüz minlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi.

2004-cü ildə keçirilən bələdiyyə, 2005-ci ildə keçirilən parlament seçkilərində də YAP-ın namizədlərinin böyük üstünlük qazanması Heydər Əliyev partiyasının cəmiyyətdəki nüfuzunu bir daha nümayiş etdirdi.

Ümumiyyətlə, YAP yaranandan bəri demokratik və sosial-iqtisadi inkişafa, xalqın bütün imkanlarını səfərbər etdiyi uçün keçirilən bütün seçkilərdə qələbə qazanmış və hakim partiya statusunu saxlamışdır. Ona görə də özündə 500 min nəfərə yaxın insanı birləşdirən YAP ölkəmizin əsas aparıcı siyasi qüvvəsidir. Partiya üzvləri ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edir, dövlətimizin inkişafına xidmət göstərirlər. Xalq möhkəm əmindir ki, YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 20 dekabr.- S. 1.