Xalq yazıçısı
Elçinin pyesinin tamaşası alqışlarla
qarşılanmışdır
Dekabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı Elçinin "Cəhənnəm kirayənişinləri" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, nazirlər, dövlət komitələrinin rəhbərləri və tanınmış mədəniyyət xadimləri tamaşaya baxmışlar.
Rus Dram Teatrında artıq altı əsərinin səhnələşdirildiyini deyən xalq yazıçısı Elçin vurğulamışdır ki, bugünkü tamaşa əvvəlkilərdən bir qədər fərqlənir. Əsərin quruluşçu rejissoru Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdandır. O, əsəri bəyənərək ona səhnə həyatı bəxş etmişdir.
Xalq yazıçısı demişdir ki, ilk dəfə nümayiş olunan bu əsərin mövzusu bəşəri bir problemə - insanla şeytanın, Xeyirlə Şərin mübarizəsinə həsr edilmişdir. Tamaşada əsasən üç iştirakçının - Ər, Arvad və Şeytanın mükaliməsindən, mübarizəsindən söhbət gedir.
Tamaşanın üslub və keyfiyyət baxımından olduqca yüksək səviyyədə hazırlandığını diqqətə çatdıran xalq yazıçısı Elçin bildirmişdir ki, quruluşçu rejissor müasir standartlara çavab verən, yeni bərpa edilmiş Rus Dram Teatrının imkanlarından lazımi şəkildə yararlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rəssamı Tatyana Tarakanova, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Tamaşada əsas rolları Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Yuri Balıyev, əməkdar artist Mələk Abbaszadə ifa etmişlər.
Əsərdə hadisələr şərti olaraq 37-ci ilin qanlı-qadalı, insan taleyinə qənim kəsilmiş bir dövrünə təsadüf etsə də, sonda Haqqın qələbəsi və Şeytanın pislik girdabından çıxa bilməməsi bir daha tamaşaçını xeyirxahlığa, gözəlliyə, nikbinliyə səsləyir.
Premyera
teatrsevərlər tərəfindən alqışlarla
qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 20 dekabr.- S. 2.