İçərişəhərlə tanışlıq
həştərxanlı qonaqlarda
xoş təəssürat
doğurmuşdur
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin hökumət və işgüzar dairələrinin təmsil olunduğu nümayəndə heyəti dekabrın 19-da Bakının görməli yerləri ilə tanış olmuşlar.
Bakının rəmzi əzəmətli Qız qalasından başlanan gəzinti İçərişəhərlə tanışlıqla davam etmişdir.
Gəzinti zamanı qonaqlara dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun Dünya mədəni irs siyahısına daxil edilmiş bu mədəni abidə, habelə burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir.
Bazar meydanı, karvansara ilə tanışlıqla gəzinti davam etmişdir.
Dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, tikintisi XII əsrdən başlayan və XV əsrdə başa çatdırılan Şirvanşahlar Sarayı Ansamblı müxtəlif səviyyələrdə yerləşən üç daxili həyətdən ibarətdir. Şamaxıda XII əsrdə baş vermiş zəlzələ səbəbindən Şirvanşahlar dövlətinin paytaxtı Bakıya köçürülmüş və burada sarayın inşasına başlanılmışdır.
Qonaqlar İçərişəhərdə
gördüklərindən məmnun qaldıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 20 dekabr.- S. 2.