Elmin inkişaf strategiyası və yüksək ixtisaslı elmi kadrların hazırlanması

 

İctimai və humanitar elmlər: zaman kontekstində baxış

 

Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində müasir elmimizin vacib sahələri ilə yanaşı, iqtisad elminin də mövcud vəziyyətinin qənaətbəxş olmamasını vurğulamış, ölkədə həyata keçirilən iqtisadi islahatların, onların nəticələrinin təhlil edilməsini, sosial-iqtisadi inkişafın sürətləndirilməsinin nəzəri əsaslarının və müasir iqtisadi modelin işlənib hazırlanmasını bir vəzifə kimi qarşıya qoymuşdur.

 

Məqalədə iqtisadi modelin elə bir konsepsiya əsasında qurulmasından söhbət gedir ki, orada daxili bazarda qiymətlərin formalaşması problemləri, maliyyə-kredit siyasəti, əhalinin tələbatının proqnozlaşdırılması, kənd təsərrüfatı və sənaye məhsulları istehsalının səmərəliyinin artırılması mexanizmləri öz əksini tapsın. Akademikin qənaətindən də göründüyü kimi, bu gün biz iqtisadçılardan XXI əsrin tələblərinə cavab verən, postneft dövründə maksimum istehsalı, əhalinin maksimum məşğulluğunu və alıcılıq qabiliyyətini təmin edə bilən investisiya təyinatlı iqtisadi strukturun formalaşdırılması konsepsiyası və istiqamətlərini işləyib hazırlamaq tələb olunur.

Əslində, akademik Ramiz Mehdiyevin bu analitik məqaləsini Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və bu strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramının icra tezisləri kimi də qəbul etmək mümkündür. Düzdür, adıçəkilən məqalədə söhbət əsasən ictimai və humanitar elmlərdən gedir. Amma heç kimə sirr deyil ki, elmimizin digər sahələrində də az və çox dərəcədə analoji vəziyyət hökm sürür. Bu mənada, məqaləni bütünlükdə Azərbaycan elminin hazırkı durumunu əks etdirən obyektiv təhlilli əsər kimi qəbul etmək daha doğru olardı.

Məqalədə olduğu kimi, Milli Strategiyada da elmin müasir vəziyyəti obyektiv qiymətləndirilmişdir. Sənəddə vurğulanır ki, innovasiya ideyalarının istehsala tətbiqi üçün zəruri olan elmi işlər hələ də müasir dövrün tələblərinə tam cavab vermir. Cəmiyyətdə elmin və alimin nüfuzu zəifləmiş, gənc nəsildə elmə maraq azalmış və Azərbaycan elmində təhlükəli həddə çatan qocalma tendensiyası formalaşmışdır. Belə ki, 2008-ci ildə elmlər namizədlərinin 86,2 faizinin yaşı 40-dan, elmlər doktorlarının 60 faizinin yaş həddi 60-dan çox olmuşdur. Ölkə üzrə elmlər doktorlarının cəmi 0,5 faizi 31-40 yaş həddindədir. Elmlər namizədlərinin isə 2,1 faizinin yaşı 30-dan aşağıdır. Elmi nailiyyətlərin istehsala tətbiqini xarakterizə edən bir statistik göstəricini də əlavə etmək yerinə düşərdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə sənayedə innovasiya məhsulunun xüsusi çəkisi ümumi sənaye məhsullarının cəmi 0,03 faizini təşkil etmişdir. Həmin ildə sənayedə texnoloji innovasiyalara çəkilən xərclər 2005-ci ildəki 53,3 milyon manatdan 8 milyon manata qədər azalmışdır. Yaranmış vəziyyətin səbəbləri Mİlli Strategiyada ətraflı işıqlandırılmış və qarşıya qoyulan məqsədlər, vəzifələr, onların yerinə yetirilməsini təmin edən tədbirlər kompleksi müəyyənləşdirilmişdir.

Adıçəkilən məqalədən göründüyü kimi, bu gün Azərbaycan elminin, o cümlədən universitetlər və AMEA qarşısında duran əsas vəzifələrdən biri yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Elə kadrlar ki, onlar elmi yeniliklərə həssas olsunlar, nəzəri və metodoloji biliklərə fəal yiyələnsinlər, bir sözlə, tədqiqatçı-mütəxəssis kimi yetişsinlər. Ölkədə humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı ötən ay keçirilən müşavirədə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bəyan etmişdir ki, indi əsas məqsəd yaxın illərdə təhsildə, elmdə və ümumən, intellektual sahələrdə ciddi dönüş yaratmaqdır. Bəs, bu dönüşü şərtləndirən səbəblər nədir? Elə istinad etdiyimiz Milli Strategiyada göstərilir: 2008-ci ildə ölkənin 146 elmi-tədqiqat və işləmələri yerinə yetirən təşkilatlarında 18,1 min nəfər çalışmışdır ki, onların da cəmi 22,4 faizi elmlər doktoru və elmlər namizədidir. Ölkə alimlərinin yalnız 30 faizə qədəri bilavasitə elmi-tədqiqat müəssisələrində çalışırlar. Qalanları dövlət və qeyri-dövlət ali məktəblərində fəaliyyət göstərirlər. Bunun əsas səbəbi Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında alimlərin sosial müdafiəsinin zəif təşkili və əməkhaqlarının aşağı olmasıdır. Belə halda alimlər, xüsusilə, gənc alimlər elmi tədqiqat institutlarında işləməyə maraq göstərmirlər. Nəticədə elmi-tədqiqat təşkilatlarının sayı 1996-cı ildəki 108-dən 2008-ci ildə 92-yə qədər azalmışdır. İndi Azərbaycanda hər 10 min nəfərə düşən elmlər doktoru və elmlər namizədlərinin sayı MDB ölkələrindəki analoji göstərici, məsələn, Rusiya Federasiyası ilə müqayisədə 1,6 dəfə azdır. Elmə marağın azalmasını səciyyələndirən başqa fakt: 2008-ci ildə ölkə üzrə 1633 nəfər (elmi müəssisələrdə 915, ali məktəblərdə 718 nəfər) aspiranturada oxumuşdur. Amma aspirantların çox cüzi hissəsi onlar üçün ayrılmış vaxtda dissertasiya müdafiə edə bilir. Bu göstərici elmi müəssisələrdə 7,7, ali məktəblərdə 10,2 faiz təşkil edir. Bunun bir çox səbəbləri var. Ən əsası aspiranturaya əyani qəbul edilmiş şəxslərin əvvəlki iş yerlərini tərk etməməsidir. Çünki aspiranta verilən təqaüd onların ehtiyaclarını ödəmir. Beləliklə, əyani aspirantlar həm oxumağa, həm də işləməyə məcbur olurlar.

Yeri gəlmişkən qeyd edək ki, aspiranturaya qəbul üzrə say etibarı ilə ön sırada texnika, filologiya və iqtisad elmləri durur. Məsələn, son 5 ildə orta hesabla hər il iqtisad elmi üzrə 68 nəfər aspiranturaya qəbul edilmişdir. Aspirantların 75 faizə qədəri Milli Elmlər Akademiyasının tərkibinə daxil olan elmi müəssisələrdə çalışdıqları üçün Milli Strategiyada düzgün olaraq AMEA-nın yüksək ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinin yeni əsaslar üzərində qurulması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Kadr hazırlığı barədə müəyyən edilmiş vəzifələrdən bir çoxunun yerinə yetirilməsi üzrə icraçılar və icra müddəti "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda öz əksini tapmışdır. Ancaq beş bənd (əməyin stimullaşdırılmasında fərdi yanaşma metodundan istifadə edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində AMEA-nın fəaliyyətinin yeni əsaslarının hazırlanması, perspektivli gənc tədqiqatçıların AMEA-da hazırlıq keçmələri üçün xüsusi proqramın hazırlanması, elm və təhsilin qarşılıqlı əlaqələrini, elmi kadrların hazırlanmasını təsbit edən müddəaların təhsil haqqında qanunlarda əks etdirilməsi üçün təkliflərin işlənməsi, müdafiə olunan dissertasiyaların mövzusu və məzmununun müasir elmin inkişaf istiqamətlərinə uyğunluğunun təmin edilməsi mexanizminin hazırlanması) üzrə vəzifələrin yerinə yetirilməsinə cavabdeh orqanlar, həmçinin təkliflərin hazırlanma müddəti müəyyən edilməmişdir. Söz düşmüşkən bildirək ki, bu məsələyə aydınlıq gətirən normativ sənədlərin tezliklə hazırlanması qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün vacib şərtdir və bu işi sürətləndirmək lazımdır.

2003-cü ilin əvvəllərində Prezidentin imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında" fərmanda göstərilir ki, AMEA Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, respublikadakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilatdır. Bununla da, faktiki olaraq Milli Elmlər Akademiyası elmin mərkəzi icra hakimiyyəti orqanına çevrilmişdir. Elədə isə dövlət başçısının fərmanı ilə təsdiq edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi əsasnaməsinə uyğun olaraq Milli Elmlər Akademiyasının da əsasnaməsi işlənməli və təsdiq olunmalıdır. Bundan əlavə, ölkənin digər idarəetmə orqanlarının tərkibinə daxil olan elmi-tədqiqat, eləcə də dövlət və özəl ali təhsil müəssisələri ilə AMEA-nın qarşılıqlı fəaliyyətini tənzimləyən dəqiq və konkret mexanizmlər müəyyənləşdirilməlidir. Fikrimizi yüksək ixtisaslı elmi kadrların hazırlığı ilə bağlı bir məsələnin misalında şərh etmək istərdik. Milli Strategiyada ölkədə müdafiə olunan dissertasiyaların mövzusu və məzmununun müasir elmin inkişaf istiqamətlərinə uyğunluğunun təmin edilməsi vəzifə kimi qarşıya qoyulmuşdur. Bu məsələ həmçinin il yarım öncə, dəqiq desək, 2008-ci ilin avqust ayında Prezidentin fərmanı ilə təsbit edilmişdir. Orada göstərilir ki, dissertasiyaların mövzuları elmi müəssisələrin və ali məktəblərin əsas elmi-tədqiqat işlərinin istiqamətlərinə uyğun olmalıdır. Bu istiqamətlərin müəyyən olunması isə AMEA Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasına həvalə edilmişdir. Amma ötən dövr ərzində məsələnin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsi təmin olunmamışdır. Ona görə də bu məsələyə hökumət səviyyəsində 2009-cu ildə bir daha qayıdılmışdır. Ancaq ədalət naminə deyək ki, məsələnin həlli kifayət qədər mürəkkəbdir. Çünki təkcə 2008-ci ildə ölkənin 146 təşkilatında, o cümlədən 92 elmi müəssisədə elmi tədqiqatlar və işləmələr yerinə yetirilmişdir. AMEA-nın İnformatika İnstitutunun apardığı monitorinqə görə, 56 təşkilatda 84 dissertasiya şurası olmuş və 580 nəfər dissertasiya müdafiə etmişdir. Bu qədər dissertasiya işlərinin mövzusunun və məzmununun elmin inkişaf istiqamətlərinə uyğun olmasını təmin edən konkret sistem və mexanizm isə yoxdur. İstər "Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə"də, istərsə də Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda bu məsələnin adı çəkilməmiş və həlli texnologiyası öz əksini tapmamışdır. Məhz bu səbəbdən, yəni, dissertasiya mövzularının elmin inkişaf istiqamətlərinə uyğunluğunu təmin etmək üçün əlaqələndirmə şurasının və onun bürolarının fəaliyyəti ilə bağlı normativ aktlara müvafiq dəyişikliklər olunmalıdır. Konkret dissertasiya mövzusu təsdiq edilərkən əlaqələndirmə şurası bürosunun arayışını müəyyən olunmuş qaydada tədqiqatçı təqdim etməlidir. Həmin arayış dissertasiya işinin müdafiəsindən sonra Ali Attestasiya Komissiyasına (AAK) təqdim olunması məcburi hesab edilən sənədlər siyahısına salınmalıdır. AAK isə öz növbəsində dissertasiyaların ekspertizası zamanı arayışın olub-olmamasına diqqət yetirməlidir. Bununla bərabər, ilk növbədə, əlaqələndirmə şurasının 2006-cı il 19 iyun tarixli qərarı elmin istiqamətləri üzrə problem şuraları tərəfindən bütün elm sahələrində yerinə yetirilməldir. Çünki əlaqələndirmə şurası bürosunun adı çəkilən qərarı ilə tədqiqatçı tərəfindən seçilmiş dissertasiya mövzularının müzakirəsi problem şuralarına həvalə edilmişdir. Eyni zamanda, dissertasiya mövzularının qeydiyyatdan keçməsi təmin olunmalı və yalnız bundan sonra onların işlənilməsinə icazə verilməlidir. Qeydiyyatdan çıxarış isə tədqiqatçının şəxsi işinə əlavə edilməlidir.

Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Bürosunun məlum qərarı ilə elmin istiqamətləri üzrə problem şuralarına tapşırılmışdır ki, humanitar və ictimai elmlər sahəsində yaxın illər üçün doktorluq və namizədlik dissertasiyası mövzularını müəyyənləşdirsin, onları müvafiq elmi müəssisələrin və ali məktəblərin nəzərinə çatdırsın. Məsələnin bu cür qoyuluşu məqbul deyil. Çünki konkret dissertasiya mövzusunun seçilməsi tədqiqatçının nəzəri və praktiki bilik potensialından, işlədiyi sahənin iqtisadi problemlərindən, onun özünün müstəqil seçim hüququndan asılıdır. Bundan başqa, aspiranturaya qəbul edilən şəxsə dissertasiya mövzusunu seçmək və əsaslandırmaq üçün ən azı 3 ay vaxt verilməli, seçilmiş mövzu elmi təşkilatın müvafiq şöbə və laboratoriyalarında müzakirə edilməli və ondan sonra elmi şuralara baxılmaq üçün təqdim olunmalıdır. Yalnız bundan sonra dissertasiya mövzusu problem şuralarında baxıla bilər.

Dissertasiyaların məzmununun müasir elmin inkişaf istiqamətlərinə uyğunluğunun təmin edilməsi daha mürəkkəb məsələ olmaqla, bir neçə təşkilatdan və şəxsdən asılıdır. Əgər ticarətin təşkili və iqtisadiyyatı sahəsində fəaliyyət göstərən elmi müəssisədə və ya təhsil ocağında neftin hasilatından və emalından, maşınqayırma sənayesinin iqtisadiyyatından dissertasiya işi yazılırsa, bu, o deməkdir ki, dissertasiyanın mövzusu elmi müəssisənin fəaliyyət istiqamətinə uyğun deyil. Vaxtında, yəni, dissertasiya mövzusunun təsdiqi mərhələsində bunun qarşısı alınmalıdır. Bu prinsipi Prezidentin 2003-cü il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə" də tələb edir. Əsasnamədə dissertasiyaların məzmununa və mahiyyətinə aid olan tələblər müəyyənləşdirilmişdir. Əsas məsələ həmin tələblərə riayət etməkdir. Bunu dissertasiya mövzularının aktuallığına və dissertasiyaların məzmununa görə cavabdeh olan elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin rəhbərləri, dissertasiya və elmi şuraların üzvləri, dissertasiya işinin rəhbərləri və müəllifləri unutmamalıdır. Ali Attestasiya Komissiyası isə dissertasiya şuralarının işlərinə ciddi nəzarət etməli, lazım olduqda onların fəaliyyətinin yoxlanılmasını təmin etməlidir. Dissertasiyaların elmi səviyyəsini və praktiki əhəmiyyətini yüksəltmək üçün komissiyanın konfrans və seminarlar keçirmək, dissertasiya şuralarının fəaliyyəti ilə bağlı onların rəhbərlərinin hesabatlarını dinləmək, yol verdiyi nöqsanlara görə müəyyən olunmuş qaydada dissertasiya şuralarının fəaliyyətini dayandırmaq hüququ da var. Həmçinin müdafiə edilmiş dissertasiya işlərinin təhlilini aparmaq, onlarda şərh olunmuş elmi nəticələrin praktikada tətbiqi imkanlarına dair tövsiyələr hazırlamaq və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək funksiyası AAK-nın üzərinə qoyulmuşdur. Bu cür təhlillər əsasında müdafiə şuralarının fəaliyyətinin qiymətləndirilməsində əsas meyar kimi tədqiqatçının tövsiyələrinin sayı, orijinallığı, praktiki və elmi əhəmiyyəti götürülə bilər. Eləcə də AAK haqqında əsasnamə ilə təsbitlənmiş vəzifələr yerinə yetirilərsə və hüquqlardan vaxtlı-vaxtında istifadə edilərsə, dissertasiya işlərinin keyfiyyətli olması və sözün əsl mənasında, yüksək ixtisaslı elmi kadrların, tədqiqatçıların hazırlanması üçün münbit şərait yaranar.

Milli Strategiyadan irəli gələn mühüm vəzifələrdən biri də əməyin stimullaşdırılmasında fərdi yanaşma metodundan istifadə edilməsi və gənclərin elmi fəaliyyətə daha geniş cəlb olunmasıdır. Bu işdə Rusiya Federasiyasının 13 il öncə başladığı və indi də davam etdirdiyi iş təcrübəsini diqqətə çatdırmaq yerinə düşərdi. Elmi-tədqiqat işlərinə gənclərin marağını artırmaq və elmlə təhsilin inteqrasiyasını təmin etmək məqsədilə Rusiya Federasiyasında institusional strukturlar yaradılmışdır. Onlardan biri aparıcı elm məktəbləri (AEM), digəri elm-təhsil mərkəzləri (ETM) adlanır ("Voprosı ekonomiki" jurnalı, Moskva, 2009). Hər iki qurum müsabiqə qrantları ilə dövlət vəsaiti hesabına maliyyələşdirilir.

AEM-də müxtəlif ixtisasa və yaşa malik olan şəxslər birləşərək kollektiv formada fəaliyyət göstərirlər. Tanınmış alimlər kollektivə rəhbərlik edirlər. Belə məktəblərin yaradılmasında əsas məqsəd tədqiqatların ümumi istiqamətlərini müəyyənləşdirmək, onların səmərəliyini təmin etmək və əməkdaşların ixtisasını yüksəltməkdir. Beləliklə, AEM formasında birgə fəaliyyətin əsas meyarları müəyyən edilmişdir. 2008-ci ildə belə məktəblərin sayı 650 idi. Ölkədə fizika üzrə doktorluq dissertasiyalarının 80 faizi AEM-lərdə çalışanların payına düşmüşdür. 1996-cı ildə isə "İnteqrasiya" adlı Federal Dövlət Proqramına uyğun olaraq, ETM-lər formalaşdırılmağa başlanıldı. Mərkəzin əsas kadrları tələbələr və aspirantlar idi. Hazırda Rusiyanın 23 ali təhsil müəssisəsində 20 ETM fəaliyyət göstərir. Mərkəzlərdə cəmləşən kadrların 60 faizə qədərinin orta yaşı təxminən 35-dir ki, bu da belə mərkəzlərin gənclərin elmə cəlb olunmasına xidmət etdiyini təsdiqləyir.

Qeydlərimi akademik Ramiz Mehdiyevin sözügedən məqaləsindəki bir fikirlə tamamlamaq istəyirəm: "İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən, intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir". Bu həm də Prezidentin təsdiq etdiyi Milli Strategiyada qarşıya qoyulmuş vəzifələrin və dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi deməkdir.

 

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat         

İnstitutunun şöbə müdiri

 iqtisad elmləri doktoru,

əməkdar iqtisadçı

 

Azərbaycan.- 2009.- 20 dekabr.- S. 3.