İstedadlı alim,
bacarıqlı elm təşkilatçısı
Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Məcid oğlu Fərzəliyev neft kimyası və üzvi kimya sahələrində görkəmli alimlərdən biridir. Onun aşqarların kimyası və texnologiyası, aşqarların təsir mexanizminin öyrənilməsi sahəsindəki uğurları kimya elminə dəyərli töhfədir.
Vaqif Fərzəliyevin sıravi aspirantlıqdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamət üzrə ixtisaslaşmış institut direktoru və AMEA-nın akademik-katibi vəzifələrinədək keçdiyi həyat yolu bütün ziyalılar üçün səciyyəvidir.
O, 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinə (o zaman Azərbaycan Dövlət Universiteti adlanırdı) daxil olmuş, yaxşı oxumaqla yanaşı, elmi-tədqiqat işlərinə böyük həvəs göstərmişdir. Tələbə elmi cəmiyyətinin üzvü, daha sonra sədri olarkən bir sıra mövzularda elmi araşdırmalar aparmışdır. İlk elmi əsərlərini də 1962-ci ildə BDU-nun elmi məcmuəsində dərc etdirmişdir. O, 1963-cü ildə universiteti qırmızı diplomla (Lenin təqaüdçüsü olmuşdur) bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş və həmin il aspiranturaya daxil olmuşdur.
Vaqif Fərzəliyevin nüfuzlu alim kimi yetişməsində 1965-ci ildə təşkil edilmiş, keçmiş SSRİ məkanında yeganə olan və hazırda dünya miqyasında çox az sayda ixtisaslaşmış elm mərkəzlərindən olan AMEA-nın Aşqarlar Kimyası İnstitutu (AKİ) böyük rol oynamışdır. O, neft kimyasında prinsipcə yeni istiqamətin - sürtkü yağlarına aşqarların yaradılması və tədqiqi sahəsində tanınmış alimlərdən birinin, Aşqarlar Kimyası İnstitutunu təşkil etmiş və 1987-ci ilədək direktoru vəzifəsini daşımış, iki dəfə SSRİ və bir dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatları olmuş akademik Əli Quliyevin layiqli yetirməsidir.
Dərin biliyi, çalışqanlığı, məsuliyyəti, xoş rəftarı və təşkilatçılıq bacarığı ilə fərqlənən gənc alim 1966-1970-ci illərdə Azərbaycan EA-nın Komsomol Komitəsinin katibi, respublika LKGİ Mərkəzi Komitəsi yanında Gənc Alimlər Şurasının sədri, başqa sözlə desək, respublikada gənc tədqiqatçıların lideri olmuşdur.
V.Fərzəliyev 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Dissertasiya işinin elmi rəhbəri, aşqarlar sahəsində dünya şöhrətli alim, akademik Ə.Quliyev həm buradakı elmi nəticələr, həm də tədqiqatçının özü haqqında yüksək fikir söyləmişdi. Dissertasiyada polimer aşqarlar sahəsində bir sıra nəticələrlə yanaşı, o zaman SSRİ-də ilk dəfə olaraq tiofosfinat tipli polimer çoxfunksional aşqar "İXP-388"in yaradılması sahəsindəki tədqiqatların nəticələri verilirdi. Sonralar həmin aşqarın təcrübi-sənaye miqyasında istehsalı təşkil edildi. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə o, elə həmin il kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1974-cü ildə ona neft kimyası ixtisası üzrə baş elmi işçi adı verilmişdir.
V.Fərzəliyev elmi işdə fərqləndiyi kimi, çalışdığı institutda tutduğu vəzifələrdə də məsuliyyətli olmuş və pillə-pillə irəliləmişdir. 1967-1987-ci illər ərzində Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, "Sürtkü yağlarına polimer aşqarlar" laboratoriyası müdirinin müavini, "Aşqarların sintezi və təsir mexanizminin elmi əsasları" laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
1973-1974-cü illərdə Vaqif Fərzəliyev SSRİ Elmlər Akademiyasının sürtkü yağları və aşqarlar sahəsində məsləhətçisi kimi Bağdaddakı İraq Neft İnstitutunda işləmişdir. Vətənə qayıtdıqdan sonra alim doğma institutda elmi axtarışlarını davam etdirmişdir. Reaksiyalar aparmış, yeni maddələr sintez etməyə müvəffəq olmuş və həmin maddələri sürtkü yağlarına aşqarlar kimi sınaqdan keçirmişdir.
V.Fərzəliyev 1977-1978-ci illərdə İngiltərədə elmi ezamiyyətdə olarkən Birminhem şəhərinin Aston Universitetində oksidləşmənin polifunksional inhibitorlarının sintezi və təsir mexanizminin tədqiqi sahəsində müəyyən elmi işlər aparmış, Sanbari-Temz şəhərində "Britiş Petroleum" firmasının aşqarlar şöbəsində məruzə ilə çıxış etmiş və oradakı işlərlə bilavasitə tanış olmuşdur. Aston Universitetində professor Cerold Skott ilə birgə aparılmış tədqiqatın nəticəsindən yazılmış məqalə "Europium Polymer Journal" jurnalında dərc olunmuşdur. Məqalə fenolun kükürdlü törəmələrinin atioksidləşdirici təsirinin mexanizminə həsr edilmişdir.
V.Fərzəliyev 17 noyabr 1979-cu il tarixindən 3 ay ərzində YUNESKO-nun (BMT İşlər Proqramı) məsləhətçisi kimi Hindistan Neft İnstitutunda çalışmışdır. Bu müddət ərzində o, aşqarlar və tribologiya ilə məşğul olan qruplarla işləmişdir. Onun proqramına aşqarlar üzrə bir sıra mühazirələr, istehsal texnologiyalarının işlənib hazırlanması və səciyyəvi sahələrdə çalışan alimlərlə müzakirələr və layihələrdə praktiki iştirak daxil edilmişdi. Görkəmli alimin səmərəli fəaliyyətinin nəticəsi olaraq Hindistan Neft İnstitutunun xahişinə əsasən YUNESKO-nun rəhbərliyi onun daha 3 ay qalmasına icazə vermişdi. V.Fərzəliyev Vətənə qayıtdıqda yeni aşqarlar sahəsində elmi-tədqiqat işlərini geniş miqyasda davam etdirdi. Yeni olan, daha yüksək təsirə malik, tərkibində kükürd saxlayan aşqarların sintezi, təsir mexanizminin araşdırılması və tətbiqi sahəsində uğurlar əldə etdi.
Alim elmi-tədqiqat işlərinin nəticəsi olaraq 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. SSRİ AAK-ı həmin il ona kimya elmləri doktoru elmi dərəcəsi, növbəti ildə isə neft kimyası ixtisası üzrə professor elmi adı vermişdir.
V.Fərzəliyev 1987-ci ildə Aşqarlar Kimyası İnstitutuna direktor əvəzi təyin edilmiş, növbəti ildə isə institutun kollektivi tərəfindən direktor seçilmişdir. Aşqarlar Kimyası İnstitutunun 2001, 2002 və 2003-cü illərdə Biznesdə Təşəbbüs İstiqamətləri Beynəlxalq Təşkilatının ardıcıl olaraq "Qızıl kateqoriya", "Platin kateqoriya" və "Briliyant kateqoriya" mükafatlarına layiq görülməsi onun uğurlu rəhbərliyinin bariz göstəricisidir.
Görkəmli alimin elmi fəaliyyəti bilavasitə aşqarlarla bağlı olsa da, əslində, kifayət qədər çoxşaxəlidir. Professor ilk dəfə olaraq kombinə təsirə malik oksidləşmənin inhibitorları olan fenolların, naftolların və aromatik aminlərin kükürdlü törəmələrinin antioksidləşdirici təsirinin mexanizmini müəyyənləşdirmişdir.
Alimin tədqiqatlarının bir bölümü yeyilməyə və siyrilməyə qarşı kükürdlü aşqarların sintezi və təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, ilk dəfə olaraq tiiran birləşmələrin yeyilməyə və siyrilməyə qarşı yüksək təsirli aşqarlar olmasını elmi surətdə əsaslandırmaqla irəlicədən söyləmiş və praktiki olaraq üzə çıxarmış, onların funksional təsirinin mexanizmini öyrənmişdir. V.Fərzəliyev sürtkü yağlarına özlülük, dispersedici və çoxfunksional polimer aşqarların sintezi, tədqiqi, texnologiyasının işlənib hazırlanması və tətbiqi sahəsində böyük həcmli elmi-tədqiqat işləri aparmışdır. Bunlardan dispersedici və çoxfunksional aşqarların işlənib hazırlanması sahəsindəki tədqiqatlar xüsusilə diqqətəlayiqdir.
Professor və əməkdaşları tərəfindən ölkənin ilk çoxfunksional təsirə malik polimer aşqarları (İXP-388, İXP-361, İXP-476 və s.) işlənib hazırlanmışdır. Alimin sintetik yağlara aşqarların, eləcə də xüsusi texnikada istifadə edilən sintetik sürtkü kompozisiyaların işlənib hazırlanmasına dair tədqiqatları da praktiki əhəmiyyətə malikdir.
Professor nəzəri tədqiqatlarının nəticələrini müxtəlif funksional təsirə malik səmərəli aşqarların məqsədyönlü sintezi və onlar əsasında sürtkü kompozisiyaların işlənib hazırlanması üçün istifadə etmişdir.
Alimin işləyib hazırladığı İXP-388 çoxfunksional polimer aşqar və onun əsasında yaradılmış bir sıra motor yağları dövlət komissiyası tərəfindən istehsala və tətbiqə buraxılmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra AKİ-də Vaqif Fərzəliyevin rəhbərliyi ilə qısa müddətdə Bakı baza yağları əsasında müxtəlif təyinatlı (o cümlədən, xüsusi təyinatlı) sürtkü yağları yaradılmış və onların istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir.
Görkəmli alim 500-dək elmi əsərin, o cümlədən 80-dən artıq müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Həmin əsərlər Azərbaycanın, Rusiyanın, Böyük Britaniyanın, Almaniyanın, Rumıniyanın, Türkiyənin, Hindistanın nüfuzlu nəşrlərində dərc olunmuşdur. Onun həmmüəllifi olduğu "Yağlara polimer aşqarlar" (2000-ci il) və "Sürtkü yağlarına aşqarlar" monoqrafiyaları (2009-cu il) sahə mütəxəssislərinin və tədqiqatçıların istifadəsinə verilmişdir. O, 70-dən artıq beynəlxalq, keçmiş İttifaq və respublika elmi konfranslarında, simpoziumlarında və konqreslərində məruzələrlə çıxış etmişdir.
Professorun təşkilatçılıq fəaliyyətinin səciyyəvi məziyyətlərindən biri də illər ərzində neft kimyası sahəsindəki bir sıra xarici mərkəzlərlə sıx elmi əlaqələr yaratması və indiyədək qoruyub saxlaması, bütün tərəflər üçün qarşılıqlı faydalı işlərə dəstək verə bilməsidir. Onun bir neçə xarici (ingilis, rus və türk) dili lazımi səviyyədə bilməsi əcnəbi həmkarları ilə qarşılıqlı anlaşmanı əhəmiyyətli dərəcədə asanlaşdırır.
YUNESKO-nun məsləhətçisi kimi Vaqif Fərzəliyev,
təbii ki, Hindistan, İraq və Yaxın Şərq ölkələrinin
neft institutlarında aşqarların sintezi və tədqiqi,
sürtkü yağlarının yaradılması sahəsində
yeni elmi istiqamətin inkişafında müəyyən xidmətlər
göstərmişdir. O, Hindistan Texnoloji İnstitutunun və Türkiyənin
Firat Universitetinin xatirə medalları ilə təltif
olunmuşdur.
AMEA-nın akademik Ə.Quliyev
adına Aşqarlar Kimyası İnstitutuna uzun müddət -
21 il ərzində rəhbərlik etməsi
akademik V.Fərzəliyevin istedadının daha bir dəyərli
cəhətini, yəni, geniş miqyasda elmi-təşkilatçılıq
bacarığını üzə
çıxarmışdır. Ölkəmiz
üçün yeni olan bazar iqtisadiyyatına keçid
dövründə - 1990-cı illərdə o, institutun elmi
potensialını və ənənələrini qoruyub saxlaya
bilmişdir.
Vaqif Fərzəliyevin rəhbərliyi
altında AKİ-nin alimləri tərəfindən son illərdə
səmərəli aşqarlar və motor yağları,
müxtəlif transmissiya, hidravlik və konservasiya
yağları, yağlayıcı-soyuducu və digər
xüsusi mayelər yaradılmış və sənayedə tətbiq
olunmuşdur. Fundamental tədqiqatlar əsasında
çoxsaylı yeni üzvi maddələr sintez və tədqiq
edilmiş, müxtəlif siniflərin üzvi maddələrinin
tərkibi, quruluşu və funksional xassələri
arasındakı qarşılıqlı əlaqə, habelə
bəzi aşqarların təsir mexanizmi öyrənilmişdir.
V.Fərzəliyevin
elmi yeniliklərinin böyük əksəriyyətinə
(120-dək) SSRİ müəlliflik şəhadətnaməsi
və Azərbaycanın patenti verilmiş, tədqiqatlarının
nəticələri daim nüfuzlu yerli və xarici elmi
jurnallarda dərc olunmuşdur.
Akademik V.Fərzəliyev
milli kimyaçı kadrların və alimlərin
hazırlanmasına da böyük önəm vermişdir. O, 1987-ci ildən
başlayaraq Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə
məşğul olmaqdadır. O, pedaqoq kimi dərs dediyi tələbələrə
dərin bilik verməklə yanaşı, onlarda elmə maraq
oyatmağa, yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə
və vətənpərvərlik hissi aşılamağa
çalışmışdır. Alimin dərs
dediyi yüzlərlə tələbə sonrakı illərdə
müxtəlif sahələrdə kimyaçı, mühəndis,
elmi işçi kimi Vətənə layiqincə xidmət
göstərmişdir. O, xarici ölkələr
üçün də alim kadrlar yetişdirmişdir. V.Fərzəliyev, Bakı Dövlət Universitetinin
kimya fakültəsində üzvi kimya kafedrasında
"Element-üzvi birləşmələr" xüsusi kursu
üzrə mühazirələr oxumuş, Dövlət imtahan
komissiyasının sədri olmuşdur. Hazırda
neft kimyası kafedrasının əməkdaşı kimi
"Neft və qaz məhsulları və onların keyfiyyətinin
yaxşılaşdırılması" xüsusi kursu
üzrə mühazirələr oxuyur. Onun
elmi rəhbərliyi ilə 4 elmlər doktoru və 16 elmlər
namizədi hazırlanmışdır. Çoxlu
sayda namizədlik və doktorluq dissertasiyalarının
müdafiəsində rəsmi opponent olmuşdur.
Ölkə və
əcnəbi alimlər arasında böyük nüfuza malik
olan professor V.Fərzəliyev hazırda aşqarlar və
yağlar sahəsində elmi axtarışlarını
müasir tələblər səviyyəsində, müstəqil
Azərbaycanın maraqlarını nəzərə almaqla
perspektivli istiqamətlərdə davam etdirir.
Vaqif Fərzəliyev
aşqarlar kimyası elminin inkişafı sahəsindəki
böyük uğurlarına görə 2001-ci ildə
AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə
Azərbaycan elminin inkişafındakı xidmətlərinə
görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə "Şöhrət" ordeni ilə təltif
edilmişdir.
2007-ci ildə
V.Fərzəliyev AMEA-nın həqiqi üzvü və AMEA
kimya elmləri bölməsinin akademik-katibi
seçilmişdir. O, 2008-ci ildə AMEA-nın akademik-katibi seçilmiş
və hazırda həmin vəzifədə uğurla
çalışır. Akademik Amerika Bioqrafiya
İnstitutu tərəfindən 2006-cı və 2009-cu illərdə
"İlin adamı" seçilmişdir.
V.Fərzəliyev Aşqarlar
Kimyası İnstitutunda doktorluq dissertasiyalarının
müdafiəsi üzrə ixtisaslaşmış
şuranın sədri, AMEA-nın "Neft kimyası və
neft emalı" elmi şurasının, AMEA Rəyasət Heyətində
"Tətbiqi problemlər" elmi şurasının
üzvü, AMEA Y.Məmmədəliyev adına Neft-Kimya
Prosesləri İnstitutundakı doktorluq
dissertasiyalarının müdafiəsi üzrə dissertasiya
şurasının üzvü, Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri
üzrə ekspert şurası sədrinin müavini, Azərbaycan
Dövlət Neft Akademiyasındakı doktorluq
dissertasiyaları müdafiəsi üzrə
ixtisaslaşmış şuranın üzvü vəzifələrinin
icrasına xeyli vaxt və əmək sərf etmişdir.
Akademik V.Fərzəliyevin
elmi-pedaqoji fəaliyyəti hökumət və AMEA rəhbərliyi
tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.
Azərbaycanın
tanınmış kimyaçı-alimi və bacarıqlı
elm təşkilatçısı akademik Vaqif Fərzəliyevi
70 illik yubiley münasibətilə təbrik edir və ona daha
böyük elmi uğurlar diləyirik.
İstedadlı alim, bacarıqlı elm təşkilatçısı
Azərbaycan Milli Elmlər
Akademiyasının akademik-katibi, Aşqarlar Kimyası
İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, kimya
elmləri doktoru, professor Vaqif Məcid oğlu Fərzəliyev
neft kimyası və üzvi kimya sahələrində görkəmli
alimlərdən biridir. Onun aşqarların
kimyası və texnologiyası, aşqarların təsir
mexanizminin öyrənilməsi sahəsindəki
uğurları kimya elminə dəyərli töhfədir.

Mahmud KƏRİMOV,
Azərbaycan Milli Elmlər
Akademiyasının
prezidenti, akademik
Azərbaycan.- 2009.- 20 dekabr.- S. 7.