Şəkidə xalq şairi Zəlimxan
Yaqubun 60 illiyi geniş qeyd olunmuşdur
Şəkidə xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Şəhər rəhbərliyinin, ziyalıların, elm və incəsənət nümayəndələrinin, poeziya həvəskarlarının qatıldıqları tədbirin əvvəlində şairin yaradıcılığına həsr olunmuş "Dədələr yurdu" filmi nümayiş etdirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov xalq şairi Zəlimxan Yaqubu anadan olmasının 60 illiyi münasibətilə təbrik etmiş, yubilyara xatirə hədiyyələri, habelə "Şəki şəhərinin fəxri vətəndaşı" diplomunu təqdim etmişdir.
Yubiley gecəsində çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, bu gün Mirzə Fətəli Axundovun, Molla Cümənin, Salman Mümtazın, Rəşid bəy Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Yaşar Qarayevin, habelə ədəbiyyatımızın inkişafında böyük xidmətləri olan digər mütəfəkkirlərin doğma yurdunda - Şəkidə sazın-sözün bayramıdır. Bu bayramın qonağı isə qüvvətli təfəkkürə, güclü yaradıcılıq ehtirasına malik olan, şeirlərini saz və muğam üstündə kökləyən, həyatı və onun gözəlliklərini yüksək sənət dilinə çevirən xalq şairi Zəlimxan Yaqubdur.
Şair Azərbaycan Respublikasının "Şöhrət" ordeni, habelə Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunmuşdur. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin sədridir.
Yubiley gecəsində filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, "Ədəbiyyat" qəzetinin redaktor müavini Azər Turan, şəhər təhsil şöbəsinin müdiri, pedaqoji elmlər doktoru Firəddun İbrahimov, şair Mayis Səlmi çıxış edərək, xalq şairi Zəlimxan Yaqubun yaradıcılığının əsas xüsusiyyətləri barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, Z.Yaqubun şeirləri xalqın ruhundadır.
Sonda xalq
şairi Zəlimxan Yaqub çıxış edərək
yubiley gecəsinin yüksək səviyyədə təşkilinə
görə şəhər rəhbərliyinə, poeziya həvəskarlarına
dərin minnətdarlığını bildirmiş, Şəkiyə
və şəkililərə olan duyğularını
şeirləri ilə ifadə etmiş, tədbir
iştitakçılarının suallarını
cavablandırmışdır
Azərbaycan.- 2009.- 20 dekabr.- S. 7.