Azərbaycan Respublikası Hesablama Palatasının yeni binası istifadəyə verilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 21-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının yeni inzibati binası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısını Hesablama Palatasının işçiləri və inşaatçılar hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verildi ki, layihəsi klassik üslubda hazırlanmış və inşa olunmuş bina beşmərtəbəlidir və bir il altı aya tikilmişdir.
Binanın Bakı şəhərinin mərkəzində yerləşməsi, memarlıq abidələri ilə əhatə olunması onun layihəsi hazırlanarkən nəzərə alınmaqla həm müasirliyə riayət olunmuş, həm də paytaxtın tarixi-memarlıq ənənələri qorunub saxlanmışdır.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu.
Dövlətimizin başçısı birinci mərtəbədə əvvəllər burada mövcud olmuş binanın görünüşünü və tikinti işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.
Hesablama Palatasının sədri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, əvvəllər burada yerləşən ikimərtəbəli inzibati bina müxtəlif dövrlərdə ayrı-ayrı məqsədlər üçün istifadə olunmuşdur. Uzunmüddətli istismar nəticəsində bina fiziki aşınmaya məruz qalmış, burada ciddi zədələr əmələ gəlmiş və yararsız hala düşmüşdü. Dövlətimizin başçısının göstərişinə əsasən Hesablama Palatası üçün inşa olunmuş yeni inzibati bina qurumun daha səmərəli fəaliyyətinə geniş imkanlar açacaqdır.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünə, ulu öndərin dövlətçiliyimizin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs edən fotostendə baxdı.
Dövlətimizin başçısı binanın həyətində yaradılmış şəraitlə də tanış oldu. Məlumat verildi ki, burada yardımçı tikililər, avtomobil qarajı inşa edilmişdir. Prezident Nizami küçəsindəki ətraf binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə də maraqlandı.
Hesablama Palatasının binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada əməkdaşların səmərəli fəaliyyəti üçün bütün zəruri tədbirlər görülmüşdür.
Hesablama Palatası dövlət maliyyə-büdcə nəzarətini həyata keçirmək üçün dövlət orqanları və təşkilatlarla sıx əlaqələr qurmuşdur, ali audit qurumlarının beynəlxalq və regional təşkilatların üzvüdür.
Hesablama Palatası bir sıra ölkələrin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlıq sahəsində kompleks işlər həyata keçirir, 2002-ci ildən isə müxtəlif beynəlxalq audit təşkilatlarının üzvüdür. Son illərdə palatanın strukturu təkmilləşdirilmiş, yeni məlumat və hesabat formaları tərtib olunmuş, zəruri məlumat bazası formalaşdırılmış, normativ-hüquqi və məlumat-metodoloji baza inkişaf etdirilmiş, beynəlxalq standartlara uyğun milli audit standartlarının hazırlanmasına və tətbiqinə, peşəkar kadr potensialının yaradılmasına xüsusi diqqət yetirilmişdir. İndi palatada büdcə prosesində daha fəal iştirak etmək və bu prosesin əsas iştirakçıları olan dövlət orqanları ilə münasibətləri çevik tənzimləmək üçün yeni təşkilati idarəetmə strukturu formalaşdırılmışdır.
Binanın sonuncu mərtəbəsindəki eyvandan ətrafı seyr edən Prezident İlham Əliyev burada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Dövlətimizin başçısı Hesablama Palatasının akt və kollegiya zalları ilə tanış oldu, ona təhsil və elm xərclərinə nəzarət sektorunun iş prinsipləri haqqında ətraflı məlumat verildi. Palatanın iş otaqlarına baxan Prezident İlham Əliyevə bildirildi ki, burada əməkdaşların müasir tələblər səviyyəsində çalışması üçün hər cür şərait yaradılmışdır.
Hesablama Palatasının üzvləri ilə görüşən dövlətimizin başçısı onları yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edərək dedi:
- Bu çox gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm.
Burada həm iş şəraiti çox yaxşıdır, müasirdir, həm də binanın xarici görünüşü ən gözəl səviyyədədir.
Hesablama Palatası çox vacib funksiyaları yerinə yetirir. Azərbaycan iqtisadiyyatının inkişafı üçün sizin də vacib rolunuz vardır. Palatanın fəaliyyəti bizim üçün çox vacibdir, çox lazımdır. Çox şadam ki, işçilərin iş şəraiti yaxşılaşır.
Həm də bu ərazi şəhərimizin mərkəzidir. Burada yerləşən bütün binalar gözəl olmalıdır. Yeni tikilən binalar da köhnə üslubda tikilməlidir. Bir neçə variant var idi, yəqin ki, siz bilirsiniz. Amma bu varianta üstünlük verildi. Ona görə ki, bu, şəhərimizə yaraşıq verir, gözəllik verir. Düzdür, burada iş həcmi bir az böyük oldu, amma nəticə etibarilə şəhərimizə yeni gözəl bina bəxş edildi. Vaxt keçəcək, binaya baxan insanlar deyəcəklər ki, yəqin bu, XVIII-XIX əsrlərdə tikilmişdir. Amma əslində, bizim memarlıq əsərimizdir. Həm daxili tərtibatı çox keyfiyyətli, gözəldir, həm də xarici görünüşü. Burada işləmək üçün hər cür şərait vardır.
Sizi bir daha bu hadisə münasibətilə təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram.
Dövlətimizin başçısı Hesablama Palatasının kollektivini bir daha təbrik etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 22 dekabr.- S. 1.