Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə məhdud imkanlı şəxslərə İKT-dən
istifadə imkanları
yaradır
Bu gün informasiya-kommunikasiya texnologiyaları (İKT) sürətlə inkişaf edir, sosial-iqtisadi həyatın bütün sahələrində uğurla tətbiq edilərək insanların həyat şəraitinin və yaşam tərzinin yaxşılaşdırılmasında böyük rol oynayır. Qlobal informasiya cəmiyyətinin qurulması istiqamətində beynəlxalq qurumların müzakirə etdiyi mühüm məsələlərdən biri də, irqindən, cinsindən, sosial imkanlığından asılı olmayaraq hər bir vətəndaşa İKT imkanlarından əlverişli istifadə şəraitinin yaradılması istiqamətində ölkələrin apardığı işlərdir. Minilliyin çağırışında və informasiya cəmiyyəti üzrə dünya sammitlərinin yekun sənədlərində bu problem xüsusilə qeyd olunmuşdur. Bunun nəticəsi olaraq, BMT 2008-ci ildə "Məhdud imkanlı şəxslərə İKT imkanları yaradaq" devizi ilə çıxış etmiş və bununla bağlı xüsusi bəyanat yaymışdır.
Qloballaşan dünyanın dinamik inkişaf edən bir üzvü olaraq, Azərbaycanda da informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasətinin tərkib hissəsi kimi məqsədyönlü işlər görülür. İKT-nin tətbiqi prioritet elan olunaraq, bilik iqtisadiyyatı qurulması məqsədilə yüksək texnologiyalar sektoru inkişaf etdirilir. Həmçinin, cəmiyyətin hər bir üzvünün İKT vərdişlərinin inkişafına xüsusi önəm verilir. O cümlədən də, məhdud imkanlı insanlara müasir texnologiyalardan istifadə şəraiti yaradılır. Onlar elektron informasiya resurslarından istifadə imkanları əldə edəcəklər.
Respublikamızda ilk belə təşəbbüs hələ 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair" layihə çərçivəsində Bakının Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbində model İKT sinifləri yaradılması ilə həyata keçirilmişdir. Bu işin davamı olaraq, Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə şəhərində Regional İnformasiya Mərkəzi yaradılmışdır. Yaradılmış mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcəkdir.
Analoji mərkəz Naxçıvan Muxtar Respublikasında da yaradılır. Müasir texnologiyalarla təchiz olunacaq bu mərkəzdə də oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmin olunmuş kompüter mərkəzi qurulacaq, mərkəzin internet saytı yaradılacaqdır. 50 adda kitab brayl əlifbası ilə çap olunaraq kitabxananın səsyazma studiyasının köməyi ilə audioformata çevrilməsi nəzərdə tutulur.
Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə elektron böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunlarının yaradılması nəzərdə tutulur. Buraya əlil arabası ilə gələnlərin maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq şərait yaradılacaqdır.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin
mətbuat xidməti
Azərbaycan.- 2009.- 22 dekabr.- S. 7.