Elmi-intellektual inkişaf cəmiyyətdə mənəvi dəyərlərin yüksəlişinə xidmət etməlidir

 

İctimai və humanitar elmlər: zaman kontekstində baxış

 

Müasir qloballaşma dövründə elmi-intellektual sferada qazanılan yüksək nailiyyətlər hər bir dövlətin inkişaf səviyyəsindən, ümumi potensialından xəbər verən, sosial, iqtisadi, mədəni tərəqqini təmin edən, demokratikləşmə proseslərini sürətləndirən mühüm meyarlardan biri kimi çıxış edir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həllində "açar rolunu" oynayan elm və təhsil həm də xalqların dünya arenasında layiqli təmsilçiliyinə, insan kapitalının formalaşdırılması yolu ilə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsinə real təminat yaradır. Yeni dünya nizamının bu gerçəkliklərinə nəzərən milli inkişaf strategiyasını müəyyənləşdirən müstəqil Azərbaycan dövləti də öz yüksəlişini sadəcə təbii sərvətlərin gətirdiyi dividendlərlə məhdudlaşdırmır, innovativ texnologiyaların tətbiq imkanlarını genişləndirməyə, biliklərə əsaslanan elmtutumlu iqtisadiyyatın formalaşdırılmasına çalışır.

 

Respublikamızda elmin, təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin çağdaş dövrün tələbləri səviyyəsində inkişafı istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, böyük öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, ümumilikdə mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, xalqın nicatını məhz intellektual tərəqqidə görmüşdür.

Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini, leytmotivini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir.

1997-ci ilin 31 yanvarında isə Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində dərin məzmunlu nitq söyləyən böyük strateq Heydər Əliyev ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmiş, xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır. "Biz indi xalqımızın tarixinin yaradılması işini gərək diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz".

 

Mövcud elmi problemlərə modernləşmə kontekstindən yanaşma

 

Ulu öndərin elmi təmələ söykənən siyasətini keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən, Azərbaycanın bütün strateji sahələr üzrə inkişaf təmayüllərini düzgün müəyyənləşdirən dövlət başçısı İlham Əliyev son 6 ildə qloballaşma dövrünün tələblərinə cavab verən elm və təhsil strategiyasına üstünlük vermişdir. Respublika iqtisadiyyatının yüksək inkişaf tempinin, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaratmışdır. İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi önə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, qabaqcıl texnologiyaların roluna mühüm yer ayıran bu rasional siyasətin başlıca hədəfi həm də qloballaşma dövründə milli azərbaycanlı obrazının qorunub saxlanılması, milli təfəkkürün, düşüncə sisteminin, milli-mənəvi dəyərlərin total təsirlərdən qorunmasıdır.

Problemi aktuallaşdıran həm də odur ki, XXI əsrdə qarşısıalınmaz qloballaşma prosesləri tarixən özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq olmuş hər bir xalqı yad təsirlərə, yabançı "dəyərlər"in, ictimai düşüncədə həzm olunmayan "ənənələrin" hücumuna məruz qoyur. Belə bir şəraitdə xalqın milli "Mən"inin, mənəviyyatının, mədəniyyətinin, adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin, ziyalıların, ümumən cəmiyyətin intellektual təbəqəsinin qarşısında yeni vəzifələr qoyur, onları neqativ meyillərə qarşı səfərbərliyə çağırır.

Praqmatik siyasətçi kimi bu reallığı düzgün qiymətləndirən dövlət başçısı İlham Əliyev AMEA-nın 60 illik yubileyində, eləcə də Azərbaycan Ensiklopediyasını hazırlayan redaksiya heyəti ilə görüşdə çıxış edərkən elm xadimlərini qloballaşan dünyanın yeni çağırışlarına hazır olmağa, elmi tədqiqatlarda milli maraq və mənafeləri maksimum dərəcədə nəzərə almağa çağırmış, müasir dövrdə, xüsusən də humanitar-ictimai elm sahələrinin qarşısında yeni vəzifələrin dayandığını vurğulamışdır. Dövlət başçısı son 6 ildə milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına nəinki yol verməmiş, əksinə, xalqın əsrarəngiz mədəni-mənəvi irsinin dünya miqyasında təbliği istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.

Son illər sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması məhz bu və digər reallıqlarla şərtlənir. Ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı, həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət etməli, cəmiyyətdə saf ideal və dəyərlərə, ümumən mənəviyyatın yüksəlişinə sanballı töhfəsini verməlidir. Elmin inkişaf strategiyasının zamanın nəbzinə uyğun modernləşməsini, yeni iqtisadi, siyasi, mədəni reallıqların nəzərə alınmasını, xüsusən də humanitar və ictimai elm sahələrində azərbaycançılıq məfkurəsinin geniş tədqiqinə yer verilməsini Azərbaycan xalqının dövlətçilik maraqları tələb edir.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində dünyadakı qlobal proseslərə nəzərən Azərbaycanın demokratik inkişaf strategiyasının nəzəri-politoloji əsaslarını müəyyənləşdirmək, milli inkişaf modelinin özünəməxsusluğunu konrkret elmi postulatlar əsasında ortaya qoymaq humanitar və ictimai elm sahələri qarşısında duran başlıca vəzifələrdəndir. Son illər qloballaşma, demokratik inkişaf, modernləşmə, ümumən ictimaiyyətşünaslıq və ideologiya məsələləri ilə bağlı cəmiyyətə təqdim olunan elmi tədqiqatlar sırasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərləri öz elmi sanbalı, fəlsəfi məzmun yükü, aktuallığı, problemlərə açıq və rasional tənqidi yanaşması ilə diqqəti çəkir. Bu əsərləri oxuyan hər bir şəxs Azərbaycanın müasir inkişaf xüsusiyyətləri ilə yanaşı, yeni dövrdə cəmiyyət qarşısında duran əsas vəzifələrlə yaxından tanış olur. Respublikamızda tərəqqinin vahid formulu kimi qəbul edilən iqtisadi inkişaf və demokratikləşmə proseslərinin politoloji müşayiətində akademik Ramiz Mehdiyevin tədqiqatları mühüm rol oynayır və bu baxımdan görkəmli tədqiqatçı-alimin qələmə aldığı əsərlər cəmiyyət üçün olduqca dəyərlidir. Həmin əsərlərdə Azərbaycanın fəlsəfi-siyasi elmləri çərçivəsində tədqiq olunmalı bir sıra problemlər ilk olaraq diqqətə çatdırılır, onların praktik tətbiqinə dair müasir metodoloji yanaşmalar təklif olunur.

 

İnkişafın yeni paradiqmalarının konseptual elmi analizi

 

Siyasi elmlər sahəsində tədqiqatlar aparan şəxs kimi bu qənaətdəyəm ki, Azərbaycanın sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələsində inkişafın yeni paradiqmalarının dərindən analizində və öyrənilməsində, habelə nəzəri biliklərin emprik təcrübə ilə əlaqələndirilməsində ictimai elmlərin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu gün hər bir ölkənin daxili və xarici siyasətinin nəzəri-konseptual əsasları politologiya, siyasi sosiologiya, fəlsəfə kimi ictimai elmlərin vasitəsilə təhlilə cəlb olunur. Müasir politologiya və siyasi fəlsəfə cərəyan edən hadisə və proseslərin mahiyyətini, onların qarşılıqlı təsir imkanlarını araşdırmaqla yanaşı, idarəçilik üçün səmərəli futuroloji proqnozlarla da çıxış edir.

Politologiya elmi siyasi gerçəkliklərə münasibətdə təsvir, izahetmə, gələcəyi görmə, habelə idraki və idarəetmə funksiyalardan bəhrələnir. Siyasi problemlərin qeydə alınması, siyasi reallığın xarakterinin müəyyən edilməsi və bununla bağlı politoloji təhlillərin verilməsində təsvir funksiyası vacib əhəmiyyət daşıyır. Bu sahədə problemlərin yaranma səbəblərini izah etmək, onların həlli yollarını göstərmək üçün izahetmə funksiyasına istinad olunur. Elmi təhlil əsasında siyasi prosesin gələcək inkişaf təmayüllərini görmək, ayrı-ayrı siyasi qrupların və fərdlərin özünü gələcəkdə necə aparacaqlarını, siyasi fəaliyyətlərini hansı istiqamətdə quracaqlarını müəyyən etmək baxımından gələcəyi görmə (futuroloji) funksiya işə düşür. Siyasi inkişaf meyillərinin öyrənilməsində, mürəkkəb siyasi hadisələrin, proseslərin cəmiyyətə düzgün çatdırılmasında isə politologiyanın idraki funksiyası öz sözünü deyir. Nəhayət, idarəetmə funksiyası siyasi inkişafın meyillərini və istiqamətlərini göstərmək, ictimai-siyasi prosesləri idarə etmək imkanı yaradır.

Bütün bunlar bir daha təsdiqləyir ki, politologiya bütün dünyada ictimai dəyəri yüksək olan elm sahəsi, fəaliyyət növü və nəhayət, aktual peşədir. Dövlət və yerli idarəetmə orqanları ilə digər elm sahələri arasında körpü rolunu oynayan bu elm sahəsi öz əhəmiyyətini bilavasitə dövlətin problemlərinin həllində əks etdirir. Politoloji elm dövlətin icra orqanlarının işinin daha təsirli və səmərəli təşkilinə, insan resurslarının planlaşdırılmasına, həmçinin nəzarət, koordinasiya, stimullaşdırma, idarəetmə kimi vəzifələrin yerinə yetirilməsinə imkan verir. Başqa sözlə deyilsə, müasir politologiyanın məqsədi dövlət və cəmiyyət arasındakı tənzimləmə prosesinin fasiləsiz davam etməsi üçün lazım olan bilik və təcrübəni aşılamaqdır.

Politologiyanın əsas tədqiq obyekti olan siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan çoxşaxəli əlaqələr təşkil edir. Ümumilikdə siyasət dedikdə, ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Real və əməli siyasət daim elmin ən müasir nailiyyətlərinə arxalanmağı tələb edir. Siyasi fəaliyyətin strukturunda isə ümumi şəkildə aşağıdakı üç amili xüsusi qeyd etmək olar:

- birincisi, cəmiyyətin mövcud mərhələsindəki bütün imkanları və sosial qüvvələr nisbətini nəzərə almaqla yaxın və perspektiv məqsədləri işləyib hazırlamaq;

- ikincisi, qarşıya qoyulmuş məqsədlərə nail olmağın effektiv metodlarını, vasitələrini, habelə sosial qüvvələrin təşkili formalarını müəyyənləşdirmək;

- üçüncüsü, qarşıya qoyulmuş vəzifələri həll edə biləcək kadrlar seçmək, yerləşdirmək, effektiv idarəçiliyi təmin etmək.

Azərbaycanın fəlsəfi və politoloji problemlərinin dərindən öyrənilməsinə böyük töhfələr vermiş akademik Ramiz Mehdiyevin son illərdə qələmə aldığı əsərlərin elmi-fəlsəfi dəyəri onların cəmiyyətdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Uzun illər dövlət idarəetmə sistemində yüksək vəzifələrdə çalışmış görkəmli akademikin nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirərək uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq qabiliyyəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən yüksək erudisiyalı, peşəkar tədqiqatçı olmasından irəli gəlir.

Akademik Ramiz Mehdiyevin 2009-cu il 8 dekabr tarixində "Azərbaycan" qəzetində işıq üzü görmüş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərinin elmi-siyasi dairələrdə böyük rezonansa, marağa səbəb olması, razılıqla qarşılanması isə ümumən son illərdə bu sahədə hökm sürən vəziyyətlə bağlıdır. Siyasət elmində özümə müəllim saydığım Ramiz Mehdiyev yeni əsərində milli elmin problemlərinə əsl vətəndaş və ziyalı yanğısı ilə yanaşır, yol verilən qüsurların, nöqsanların aradan qaldırılması yollarını göstərir. Məqalənin ideya qayəsində yer alan ümumi fikir bundan ibarətdir ki, ictimai və humanitar elmlərin hazırkı xoşagəlməz durumu, onların dürüst inkişaf strategiyasının hələ də müəyyənləşdirilməməsi, tədqiqat işlərinin çağdaş dövrün tələblərinə cavab verməməsi, cəmiyyətin proqressiv ruhda köklənməsinə yönələn dəyərli elmi yeniliklərin yox dərəcəsində olması ölkə rəhbərliyini ciddi narahat edir. İnkişafın "Azərbaycan modeli" ilə bağlı sanballı tədqiqatların olmaması da əsərdə ciddi problemlərdən biri kimi önə çəkilir, ictimai elmlərin bu sahədə zamanın çağırışlarına cavab verməsi vacibliyi vurğulanır.

Akademik Ramiz Mehdiyev bu narahatlığı hələ bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ictimai və humanitar elmlərin problemlərinə həsr olunmuş müşavirədə açıq ifadə edərək demişdir: "İlk növbədə qeyd etmək istərdim ki, bizim toplantı cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında keçirilir. Prezident hesab edir ki, müzakirə üçün çoxlu problemlər yığılıb qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac vardır".

Həmin tədbirdə dövlət başçısının ictimai və humanitar elm sahələrinin hazırkı vəziyyəti ilə bağlı haqlı narahatlığını ifadə edən akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində özünü qabarıq göstərən problemləri peşəkarlıqla təsnifatlaşdırmış, elm xadimlərinin diqqətini onların həlli yollarına yönəltmişdir.

 

Elmi elitanın zamanla ayaqlaşması sosial tələbatdır

 

Müasir dövrdə hər bir cəmiyyətdə baş verən siyasi proseslər müəyyən nisbi müstəqilliyə malik olmaqla, ayrıca tədqiqat sahəsində - politoloji müstəvidə araşdırılır. İqtisadi həyatın qanunauyğunluqları və buradakı hadisələr, əsasən, iqtisadçı alimlərin maraq dairəsinə aiddir. Sosial gerçəkliyin, mədəni-mənəvi həyatın problemləri isə, ilk növbədə, sosioloji, kulturoloji, sosial-psixoloji tədqiqatların mövzusudur. Bütün bu hadisələrin qarşılıqlı surətdə bir-biri ilə əlaqələndirilməsi isə politologiya və fəlsəfənin predmetinə aiddir. Bu elmlər düşüncə tərzinin spesifikasını ifadə edən intellektual paradiqma ilə yanaşı, ictimai proseslərin qanunauyğunluqlarını müəyyən edən inkişaf paradiqmasının da konturlarını üzə çıxarır.

İctimai və humanitar elm sahələrinin müasirləşdirilməsi vacibliyi, əsərdə də vurğulandığı kimi, ilk növbədə Azərbaycanın bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü uğurla başa vurması, sosial-iqtisadi sahədə böyük uğurlara imza atmasıdır. İndiki şəraitdə elmin maliyyə baxımından yaranmış problemlərini həll etmək, cəmiyyətin intellektual inkişafına xidmət edən qlobal layihələri maliyyələşdirmək, tədqiqatların maddi-texniki bazasını formalaşdırmaq imkanları da xeyli genişdir. Təhsilə, elmə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması, elm xadimlərinin sosial durumunun yaxşılaşdırılması, eləcə də "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Yardım Fondunun yaradılması dövlət qayğısına ən bariz nümunə sayıla bilər.

AMEA-nın, xüsusən də ictimai və humanitar yönümlü institutlarında aparılan elmi tədqiqatların milli ideologiya və dövlət maraqları baxımından aktuallıq kəsb etməməsi, çağdaş dövrün tələblərinə cavab verməməsi akademik Ramiz Mehdiyevin son əsərində haqlı olaraq əsas problemlərdən biri kimi diqqətə çəkilir. Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmasına, modernləşmə yönümündə inamlı addımlar atmasına rəğmən, fəlsəfə, politologiya, tarix, ədəbiyyat, sosiologiya və digər elm sahələrinin sovet dövrünün neqativ stereotiplərindən, arxaikləşmiş tədqiqatçılıq metodologiyalarından qurtulmaması, Qərb mühitində elmi həllini çoxdan tapmış problemlərə "baş vurması", köhnəlmiş mövzulardan əl çəkməməsi həqiqətən də təəssüf doğuran haldır. Tranzitar proseslərin mənfi təsirlərindən tamamilə sığortalanmayan Azərbaycanda yeni nəslin milli ideologiyaya, azərbaycançılıq məfkurəsinə, mənəvi dəyərlərə bağlılığını təmin etmək, ümumən milli genefondu hifz etmək üçün ictimai və humanitar elmlərin cəmiyyətdəki yeniliklərə çevik adaptasiyası son dərəcə vacibdir. Çünki dövlətçiliyin möhkəmləndirilməsi, milli ruhun, genetik potensiyanın qorunması və qlobal təhdidlərə ictimai müqavimətin təşkili üçün hər bir vətəndaşın tarixi soy-kökünə, ənənələrinə bağlılığı son dərəcə vacib şərtlərdəndir.

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində akademik Ramiz Mehdiyev haqlı olaraq bu sahədəki geriliyi, ləngliyi, zamanla ayaqlaşmamağı özünəməxsus elmi təhlil və əsaslandırma metodu ilə sübuta yetirir. Cəmiyyətdə pozitiv meyillərin güclənməsinə, mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edən, yeni dövrün nəbzini tutan, xalqın milli psixologiyasını, mentalitetini, düşüncə sistemini tədqiq edən, ən başlıcası idarəetmə sistemində praktik tətbiq imkanları ilə seçilən elmi işlərin olmaması da əsərdə təəssüflə vurğulanır. Akademik haqlı olaraq yeni dövrdə elmi işlərin karyerist yanaşma əsasında aparılmasının əleyhinə çıxır və qlobal elm məkanına inteqrasiya baxımından alimlərimiz qarşısında bir sıra mühüm vəzifələrin dayandığını yazır: "İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə millətin düşünən beyninə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ideyalar irəli sürməyə qadir şəxslərə, kreativ düşüncəli insanlara ehtiyac vardır. Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər".

Elmi inkişafın aktual problemlərinə toxunan, yüksək ideya siqləti, aktuallığı, dərin nəzəri-ideoloji mühakimələri ilə maraq doğuran əsərdə problemlərə açıq, obyektiv və cəsarətli yanaşma da özünü göstərir. Açıq demək lazımdır ki, akademik Ramiz Mehdiyev ənənəsinə sadiq qalaraq indiyədək çoxlarımızı narahat edən, qayğılandıran problemləri, aktual məsələləri kifayət qədər obyektiv tənqid ruhunda və həm də prinsipial yanaşma ilə ortaya qoymuşdur.

 

Siyasi idarəetmədə elmi proqnozların praktik əhəmiyyəti var

 

Tarixən hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti onun praktik tətbiq imkanları, faydalılıq əmsalı ilə ölçülür. Əgər elm cəmiyyətin intellektual tərəqqisinə, dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə, iqtisadiyyatın davamlı inkişafına töhfəsini vermirsə, deməli, onun dəyərindən danışmaq da mümkün deyildir. Hazırkı mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi olduqca vacibdir. Milli iqtisadiyyatın sürətli artım tempi strateji mahiyyət kəsb edən elmi tədqiqatların maliyyəşdirilməsini, ölkənin iqtisadi, siyasi, elmi-mədəni və humanitar həyatı ilə bağlı sanballı araşdırmaların, innovativ yeniliklərin ortaya qoyulmasını şərtləndirir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, dövlət öz gələcəyi ilə bağlı fundamental tədqiqatların həyata keçirilməsi prosesini himayə edərək konkret addımlar atdıqda əldə olunan yeniliklər daha səmərəli və faydalı olur. Cəmiyyətin intellekual təbəqəsinin iştirakı ilə formalaşan, "beyin mərkəzi" qismində çıxış edən elmi-siyasi institutlarda hasil olan layihələr ictimai həyatın ən müxtəlif sahələrində mütərəqqi yenilikləri stimullaşdırır. Hazırda dünyanın bir çox ölkələrində belə "beyin mərkəzləri" mövcuddur və onların dərin elmi araşdırmaları, reallığa adekvat proqnozları bütövlükdə dünya siyasətinə təsirsiz keçinmir. Məsələn, ABŞ-ın nüfuzlu "Gellap İnternational" İnstitutunun keçirdiyi sorğuların, açıqladığı elmi qənaətlərin, ərsəyə gətirdiyi tədqiqatların mötəbərliyi sivil dünya ölkələrində ciddi qəbul olunur. Eləcə də Beynəlxalq Respublikaçılar İnstitutu, İFES kimi ixtisaslaşmış mərkəzlər bu prosesdə sözünü deyir, ABŞ-ın dövlət maraqlarının həyata keçirilməsində iştirak edirlər.

Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək yazır ki, idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasının formalaşdırılmasında alimlərin təşəbbüskarlığına və fəallığına ehtiyac var. Respublikanın dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasını, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsini, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlilini, sosioloji sorğuların keçirilməsini, respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsini tələb edir. Görkəmli dövlət xadimi siyasi qərarların dürüstlüyünün təmini prosesində üç mühüm istiqamətdə - sosial siyasi, o cümlədən politologiya, sosiologiya və iqtisadi elmlər; fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətləri; dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələrdə elmi tədqiqatların nəticələrinə arxalanmağı vacib sayır.

Əsərdə ölkədəki siyasi prosesləri elmi təhlil müstəvisindən şərh edən və obyektiv nəticələr çıxaran peşəkar politoloqların sayca azlığı da son dərəcə ağrılı problem kimi qeyd olunur: "Bizdə siyasi anlayışlardan və politologiyanın müasir problemlərindən heç olmasa, baş çıxara bilən mütəxəssislər yoxdur, yalnız bir-iki həqiqi politoloqumuz ola, ya olmaya. Bu politoloqlar da son dərəcə mürəkkəb olan müasir dünyada qloballaşmanın problemlərinə və ziddiyyətlərinə məhz başqalarının fikirlərinə əsasən şərhlər verirlər. Onların məqalələrində dünyanın aparıcı informasiya agentliklərinin, Rusiyanın, Türkiyənin, Avropanın analitik mərkəzlərinin mövqeləri səslənir. Deməli, hər şey var, yalnız müstəqil Azərbaycanın real siyasi mövqeyinin elmi əsaslarla təhlilindən başqa. Mövcud vəziyyət tələb edir ki, adıçəkilən sahələr üzrə mütəxəssislərin hazırlığı dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil mərkəzlərində aparılmalıdır. Prezident İlham Əliyevin bir neçə sərəncamı, o cümlədən azərbaycanlı tələbələrin xaricdə təhsil almağa göndərilməsi barədə qərarı yeni texnologiyaların mənimsənilməsi ilə yanaşı, həmin problemlərin də həllinə yönəlibdir".

Azərbaycan Respublikasında sosial siyasətin transformasiya prosesləri ilə elmi-praktik cəhətdən məşğul olmuş alim kimi bu fikirlərlə tam razılaşıram. Siyasi proseslərin idarə olunmasında elmi tutumluluq baxımından ciddi problemlərin mövcudluğu göz önündədir. Politologiya elmi müasir şəraitdə siyasi proseslərin idarə olunmasında, müasirləşməsində və dünyəviliyində mühüm rol oynamalıdır. Bu gün Azərbaycan dövlət quruculuğunun "İlham Əliyev modeli"ni yaradaraq dünyaya inteqrasiya edir. Düşünürəm ki, Milli Məclisin qanun yaradıcılığı prosesində də elmtutumluluq prioritet istiqamətlərdən birinə çevrilməlidir.

İctimai elmlər Azərbaycan cəmiyyətinin müasir vəziyyətini, onun sosial strukturunu, demokratik təsisatlarını, respublikada vətəndaş cəmiyyətinin təşəkkülünü, siyasi elitanın formalaşması və yeniləşməsi proseslərini öyrənməli, cəmiyyətin sosial-mədəni inkişaf proqnozlarını hazırlamalı, daxili və xarici siyasət məsələləri ətrafında konseptual nəticələr ortaya qoymalıdır.

 

İnkişafın "Azərbaycan modeli"nin politoloji-fəlsəfi tədqiqatlara daha çox ehtiyacı var

 

Bir çox Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər son illər təbii olaraq siyasi və elmi çevrələrdə geniş diskussiya mövzusuna çevrilmişdir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verdiyindən, təbii olaraq respublikanın milli inkişaf strategiyasının mahiyyətinin elmi prinsiplər əsasında açılmasına, obyektiv təhlillər çıxarılmasına geniş yer verilməlidir. AMEA-nın ictimai və humanitar yönümlü elmi-tədqiqat institutları isə respublikanın milli inkişaf modelinin səciyyəvi cəhətlərinin konkret elmi-nəzəri konsepsiya şəklində ortaya qoymağa, onu əsaslandırmağa o qədər də təşəbbüs göstərmirlər. Eyni zamanda ulu öndərin əsasını qoyduğu siyasi kursun siyasi, iqtisadi, hüquqi, ideoloji-nəzəri mahiyyətini açmaq, perspektiv nəticələrini müəyyən etmək baxımdan yeni yanaşmalara ehtiyac var.

Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı İlham Əliyev tərəfindən tərəfindən uğurla davam etdirilən sosial siyasətin, ayrılıqda sosial müdafiə tədbirlərinin elmi əsaslar üzərində aparılması, bu sahədə qanunverici bazasının təkmilləşdirilməsi dünyanın aparıcı elmi və siyasi dairələrində böyük maraqla qarşılanır. Əcnəbi alimlər qlobal böhranın Azərbaycandan yan keçməsini maraqla izləyir, bizdən bunun elmi əsaslandırılmasını istəyirlər. Bütün bunlar isə fəlsəfi-politoloji sahədə elmi tədqiqatların genişləndirilməsini, habelə onun fəlsəfi-politoloji əsaslarının işlənib hazırlanmasını tələb edir.

Müasir dünyada demokratikləşmə və modernləşmə prosesinin müəyyən universal tələb və meyarları olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınır. Bu gün Avropa dövlətlərində eyni demokratiya modelinin mövcudluğundan danışmaq mümkün deyildir. Bu baxımdan yeni müstəqil dövlətlərə eyni vaxtda həm demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək səyləri tarixi presedenti olmayan eksperiment deməkdir. Azərbaycan müstəqillik illərində məhz suveren demokratiya modeli ilə gedərək iqtisadi inkişafa paralel şəkildə siyasi islahatları genişləndirir. Məhz bu baxımdan da respublikamızın milli inkişaf modeli dünya dövlətləri tərəfindən böyük maraqla qarşılanır. Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində haqlı olaraq bu modelin dərin elmi tədqiqi ilə bağlı araşdırmaların azlığından təəssüflənir: "Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi son dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edərək gələcək inkişafın bazasını yaradırıq".

Azərbaycanın keçid dövrünü inamla başa vuraraq modernləşmə mərhələsinə qədəm qoyduğu hazırkı mərhələdə müasir düşüncəli, intellektual səviyyəli, yeni dünya nizamının reallıqlarını düzgün dəyərləndirən, informasiya texnologiyalarını dərindən mənimsəyən vətənpərvər gəncliyə daha çox ehtiyac duyulur. Kreativ ruhlu belə gəncliyin formalaşdırılması və ümumən ölkədə elmi-intellektual təmayülün gücləndirilməsi baxımından elm adamlarının qarşısında tamamilə yeni vəzifələr dayanır. Akademik Ramiz Mehdiyevin istər yüksək dövlət vəzifəsində, istərsə də elm zirvəsində olan nüfuzlu ziyalı kimi bütün bu məsələlərə geniş yer ayırması, dövlətin alimlərin daha çevik və məqsədyönlü fəaliyyəti ilə bağlı obyektiv gözləntilərini konseptual formada diqqətə çatdırması elmi ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. İlkin reaksiyalar da göstərir ki, Azərbaycanın iqtisadi və mənəvi yüksəlişini istəyən elm adamları hər bir elm sahəsində müasirləşmənin, keyfiyyət dəyişikliklərinin vacibliyini dərk edirlər.

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

komitəsinin sədri,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının professoru,

siyasi elmlər doktoru

 

Azərbaycan.- 2009.- 22 dekabr.- S. 8.