Cavidi olduğu kimi təqdim edək

 

Böyük Azərbaycan şairi və mütəfəkkiri, dahi dramaturq Hüseyn Cavidin repressiyaya uğradığı və buzlu Sibir cəhənnəminə sürgün edildiyi 1937-ci ildə Azərbaycan radiosunun cəmi 11 yaşı var idi. Böyük sənətkarın bəraət aldığı 1956-cı ildə isə Azərbaycan televiziyası efir məkanına çıxdı. Deməli, Cavid irsi üzərindən qadağaların götürülməsi ilə bir sırada televiziyanın da fəaliyyətə başlaması, bütün ömrünü, yaradıcılığını xalqının, Vətəninin səadəti uğrunda sərf etmiş bir sənətkarın əsərlərini nəsillərə örnək olacaq ömür yolunun daha geniş auditoriyada təbliği üçün o zamana qədər görünməmiş texniki-informativ imkanlar meydana çıxmış oldu.

 

Başqa bir tərəfdən, böyük sənətkarların, xalqın dahi oğullarının, o sıradan Hüseyn Cavidin də qarşıya qoyduqları müqəddəs məqsəd və məramlarla Azərbaycanın teleradio məkanının ideoloji-estetik funksiyaları bir çox cəhətdən üst-üstə düşməklə eyni müqəddəs amala - müstəqil Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqımızın rifah halının və mədəni səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir.

Cavid irsinin televiziya vasitəsilə təbliğinin də başlıca məqsədini məhz maarifləndirmə, xalqın estetik ideallara daha yaxından qovuşması təşkil edir. Azərbaycanda dövlət televiziyası yeganə efir məkanını təmsil etdiyi dövrlərdə Cavid irsinin təbliğinə ciddi münasibətin olduğunu qeyd etməklə müstəqillik dövründə yaranmış alternativ televiziyaların da ümumilikdə bu irsə ciddi münasibət bəsləməsini söyləmək mümkündür. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yerləşən Hüseyn Cavidin Ev-Muzeyinin səmərəli fəaliyyətini də heç cür nəzərdən qaçırmaq olmaz.

Hələ 1998-ci ildə böyük şairin qızı Turan Cavidin ədəbi ictimaiyyətə və cavidsevərlərə ünvanlanmış müraciəti "Azərbaycan" qəzetində dərc olunmuşdur. Müraciətdə deyilirdi: "Son illərdə Hüseyn Cavid irsinin öyrənilməsi, təbliği, şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər qəlbimdə dərin minnətdarlıq duyğuları oyadır. Övlad kimi məni ən çox sevindirən cəhətlərdən biri budur ki, artıq Bakıda şairin adı ilə bağlı mərkəz var. Cavid xatirəsinə hər kəsdən daha artıq diqqət və qayğı göstərən Heydər Əliyevin qətiyyəti sayəsində uzun illərdən bəri gözlənilən məqsəd həyata keçib - Elmlər Akademiyasında Hüseyn Cavidin Ev-Muzeyi yaradılıb. Burada yalnız Cavidlə bağlı yadigar nümayiş etdirilmir, həm də onun həyat və yaradıcılığının ayrı-ayrı problemləri ətrafında elmi tədqiqat işləri aparılır.

Məni respublika ədəbi və elmi ictimayyətinə - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin rəhbərliyinə, nəşriyyatımıza, elmi tədqiqat istitutlarına, təhsil ocaqlarına, qəzet, jurnal redaksiyalarına, mədəniyyət müəssisələrinin başçılarına müraciət etməyə bir nigarançılıq vadar eləyir. Caviddə özü haqqında işıq üzü görən yazılara da, nəşr edilən əsərlərə də, pyeslərinin səhnələrdəki ifasına da çox vasvası münasibət vardı. O, şəxsiyyəti ilə bağlı buraxılan səhvlərə, təhriflərə, ciddi yaradıcılıq işinə qeyri-ciddi münasibətə görə çox narahat olurdu, belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə qarşılayırdı.

İndi vaxtaşırı mən eyni hissləri yaşamalı oluram. Sanki bir çoxları Cavid barədə yazmağa dəbdə olan mövzu kimi yanaşmağa başlayıb. Hətta Cavid mövzusu ətrafında ədəbi möhtəkirlik cəhdləri müşahidə edilir. Dərindən öyrənmədən, Cavid ruhunu duymadan, onun düşüncələr aləminə lazımınca daxil olmadan, ömründə roman yazmayan birisi Cavid haqqında roman ortaya qoyur, hələ bərkiməmiş, klassiklərdən yaza biləcək siqlət qazanmamış naşı qələmlərdən povestlər, hekayələr, məqalələr çıxır, dramaturgiyanın qayda-qanunlarından, əlifbasından bixəbərlər debütlərini Cavid haqqında pyeslərlə edirlər. Acınacaqlı cəhət isə budur ki, belə "əsərlər" efirə, mətbuata, səhnələrə, nəşriyyatlara çox asanlıqla yol tapa bilir...

Elmlər Akademiyasının Hüseyn Cavidi peşəkarcasına araşdırıb təbliğ edən Cavid muzeyi var. Cavidlə əlaqədar iş görürlər, bizə xəbər vermirlər. Ola bilsin, hətta görülən iş uğurludur, amma bizə də irəlicədən göstərilsəydi, hansısa məsləhətlərimizlə, təqdim etdiyimiz mənbələrlə, sənədlərlə bəlkə də onun daha yaxşı alınmasına yardımçı olardıq.

Artıq dərəcədə rica edirəm ki, Hüseyn Cavidin həyat və yaradıcılığı ilə əlaqədar yazılan əsərləri xalqa çatdırmazdan əvvəl - əgər belə demək mümkündürsə - ilkin ekspertizadan keçmək üçün Cavidin Ev-Muzeyinə rəyə göndərin. Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru, yanlışsız, təhrifsiz yazılmış əsərlər işıq üzü görsün".

Mərhum Turan Cavidin çox haqlı olaraq narahatlığına səbəb olan məsələlər bu gün bizi də narahat edir. Təəssüf ki, bu gün Turan Cavid yoxdur, amma Cavidin Ev-Muzeyi var və Turan Cavidin ideyaları, iş prinsipi, arzuları, ənənələri davam edir, yaşayır. Biz müraciətdə deyilənləri Turan Cavidin tələbi kimi bir daha kütləvi informasiya vasitələrinə və ictimaiyyətin nəzərinə çatdırırıq. Bir də eşidirsən ki, kimsə bir zəif şeir tapıb deyir ki, bu H.Cavidin şeiridir, kimsə kimdənsə nəsə eşidib onu Cavidin və yaxud Cavidlər ailəsinin ünvanına yamayır. Belə qeyri-dəqiq, qeyri-ciddi məlumatların kütləvi informasiya vasitələrində yer alması yolverilməzdir.

Böyük Cavidlə bağlı nə varsa, bütün həqiqətləri Turan Cavid ömrü boyu toplayıb, dəqiqləşdirib və H.Cavidin Ev-Muzeyində yerləşdirib. Bu muzey bütün cavidşünaslar, cavidsevərlər və kütləvi informasiya vasitələrinin əməkdaşlarına xidmət etməyə hazırdır.

Hüseyn Cavidin sevimli övladı Turan Cavidin uzun illər boyu apardığı gərgin fəaliyyət və xalqımızın ümummilli lideri Heydər Əliyevin yaxından dəstəyi və iştirakı ilə təşkil olunmuş Hüseyn Cavidin Ev-Muzeyi istər Turan xanımın sağlığında, istərsə də indi Cavid irsinin layiqincə təbliği, tədqiqi və qorunması ilə bağlı üzərinə düşən məsul vəzifələri şərəflə yerinə yetirir. Müxtəlif telekanallarda vaxtaşırı təşkil olunan verilişlərdə muzeyin fəaliyyəti ilə bağlı təqdim olunan hesabatlar bunun əyani göstəricisidir.

Hörmətli akademik Ramiz Mehdiyevin təqdir etdiyi verilişlər içərisində AzTV-də hazırlanan "Ədəbi düşüncələr", "Məclisi-üns" verilişlərində H.Cavidə, Cavidlərin hər birinə həsr olunmuş ayrıca verilişlərdə, müxtəlif xəbərlər proqramlarında Cavid irsinin təbliğinə, onun musiqi dünyasının açıqlanmasına, Hüseyn Cavidin sözlərinə yazılmış mahnıların səsləndirilməsinə, qəzəlləri əsasında muğamların ifasına yer verilmişdir. Belə verilişlər xalq tərəfindən yüksək səviyyədə qarşılanır və alqışlanır. Deyilənləri tamaşaçı məktubları və telefon zəngləri bir daha təsdiq edir.

Hörmətli akademikin tövsiyələrindən sonra Azərbaycan efir məkanının köklü dəyişikliklərə uğrayacağını nəzərə alaraq Cavid irsinə münasibət və yanaşmada da bir sıra dəyişikliklərin olmasını arzu edərdik.

Ancaq təəssüf ki, bu sahədə də telejurnalistlərin səriştəsizliyi və milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişaf tarixindən xəbərsizliyi müəyyən xoşagəlməz hadisələrin efir məkanına yol tapmasına şərait yaradır. Məsələn, bu yaxınlarda ANS televiziyasının əməkdaşı veriliş hazırlamaq məqsədilə muzeyə müraciət etmişdi. Muzey tərəfindən hər cür şərait yaradılmış, muzeyin əməkdaşları tərəfindən burada saxlanılan eksponatlar haqqında müsahibə verilimiş və maraqlı məlumatlar qeyd olunmuşdur. Sonda isə aparıcı, öz dili ilə desək "ssenari müəllifi", əməkdaşların zəhmətlərini mənimsəyərək əldə olunan məlumatları öz tədqiqatı kimi, sanki heç kimə məlum olmayan faktları tapmış kimi təqdim etmişdir. Bunu yalnız plagiat adlandırmaq olar.

Hər şeydən öncə, Cavidlə bağlı verilişlərin hazırlanması zamanı telejurnalistlərin və aparıcıların təkcə muzey deyil, həm də tədqiqat mərkəzi olan Hüseyn Cavidin Ev-Muzeyi ilə məsləhətləşmələrini, populist çıxışlara yol verməmək üçün böyük sənətkarın həyat və yaradıcılığı ilə bağlı faktların dönə-dönə yoxlanılıb dəqiqləşdirilməsini arzu edərdik. Bu məqsədlə son illərdə Hüseyn Cavidin Ev-Muzeyində hazırlanmış Cavid külliyyatından, Cavidşünaslıq seriyasından nəşr edilmiş tədqiqatlardan, Hüseyn Cavidin biblioqrafiyasından yararlanmaq mümkündür.

Hüseyn Cavidin əsərləri, xüsusən onun ölməz dramaturgiyası əsasında teletamaşaların hazırlanması da Azərbaycanda fəaliyyət göstərən telekanalların yaradıcı kollektivlərinin qarşısında duran vacib problemlərdəndir. Əlbəttə, bu zaman Cavid bədii dilinin spesifikasını, onun unikallığını nəzərdən qaçırmamaq və yol verilə biləcək arzuolunmaz təhriflər nəticəsində Cavid əsərlərinin estetik təsir gücünə xələl gətirməmək üçün mütləq ev-muzeyinin əməkdaşları ilə məsləhətləşmək, onların tövsiyələrinə ciddi yanaşmaq lazımdır. Xüsusən belə bir cəhəti nəzərə almaq lazımdır ki, Hüseyn Cavid sağlığında əsərlərinin nəşri və oynanılması zamanı ədəbi dilinin təhrifinə çox həssas yanaşır, "imlasına dokunmamalı!" xəbərdarlığını təkidlə qeyd edirdi ki, eyni münasibət Turan xanımın tərtib etdiyi Cavidin son külliyyatında da özünü göstərməkdədir. Cavid dilinin bütün gözəlliyini xalqa çatdırmaq üçün bu cəhətə çox ciddi münasibət bəslənilməsi vacibdir.

Hüseyn Cavidin əsərlərini Azərbaycan xalqının milli sərvəti adlandıran ulu öndərimiz Heydər Əliyev deyirdi ki: "Hüseyn Cavidin əsərləri xalqa hava, su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcəkdir".

Ümummilli liderin uzaqgörənliklə dediyi bu müdrik sözlər Hüseyn Cavidin Ev-Muzeyinin fəaliyyətində rəhbər tutulur, muzeyin işini həmin sözlərə layiq səviyyədə qurmağa çalışırıq. Ancaq eyni işi Cavid irsinin təbliğ olunduğu başqa vasitələrdə də gerçəkləşdirmək lazımdır ki, bunlardan biri də Azərbaycanın efir məkanıdır. Xalqımıza "hava, su kimi lazım" olan Cavid əsərlərinin tamaşaçılara lazımsız qarışıqlarla çatdırılmasına yol verməmək üçün muzeyimiz əlindən gələni etməyə hazırdır və bu yöndə bütün televiziya və radio kanallarına özünün yaxından əməkdaşlığını təklif edir.

Yalnız bu halda biz Cavidi layiq olduğu səviyyədə xalqımıza, xüsusən gənc nəslə təqdim edə bilər və onun əsərlərinin yeni siyasi-mədəni şəraitdə, ictimai-ədəbi kontekstdə Vətənimizin rifahı naminə iştirakını təmin etməyə nail olarıq.

 

 

Gülbəniz BABAXANLI,

Hüseyn Cavidin

Ev-Muzeyinin direktoru

 

Azərbaycan.- 2009.- 22 dekabr.- S. 10.