Dünya azərbaycanlılarına
Əziz həmvətənlər!
Hörmətli
soydaşlar!
Milli birliyimizin rəmzinə
çevrilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününü hər il bütün
soydaşlarımız ən əziz bayramlarından biri kimi
qeyd edirlər. 1991-ci ilin dekabrında ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis
edilmiş və az sonra bütün ölkə miqyasında qəbul
olunmuş bu bayram hər bir azərbaycanlıda öz ana Vətəninə
məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə
hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən
mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə
ötürülməsinə xidmət edir.
Azərbaycan dövləti
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin
möhkəmləndirilməsini, onların mütəşəkkil,
çevik və təsirli qüvvəyə çevrilməsini
vacib vəzifə olaraq daim diqqətdə saxlayır, bu
mühüm prosesə hərtərəfli dəstək verir.
Diaspor quruculuğu sahəsində aparılan işlər
artıq öz müsbət nəticələrini verməkdədir.
Bu gün soydaşlarımız yaşadıqları dövlətlərin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına hərtərəfli
inteqrasiya olunur, ölkəmizin beynəlxalq əlaqələrinin
genişlənməsinə fəal yardım göstərirlər.
Azərbaycan reallıqlarının dünyaya təqdim
olunmasında, zəngin və çoxşaxəli mədəni
irsimizin təbliğində, erməni millətçilərinin
qərəzli ideoloji fəaliyyətinin
qarşısının alınmasında diaspor təşkilatlarımızın
rolu danılmazdır. Biz xaricdəki həmvətənlərimizin
dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının
qurulmasına da ciddi önəm verir, bu sahədə irəli
sürülən təşəbbüsləri, atılan
addımları həmişə birmənalı şəkildə
müdafiə edirik.
Müstəqil Azərbaycan
Respublikası bütün dünya azərbaycanlılarının
doğma yurdu və etibarlı dayağıdır. Onu göz bəbəyi
kimi qorumaq və gücləndirmək hər birimizin ümdə
vəzifəsidir. Hazırda ölkəmiz öz
inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoymuşdur. Ötən illər ərzində həyata
keçirilən islahatlar sabit və dayanıqlı
hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın
yaranmasına gətirib çıxarmışdır. Bu il Azərbaycan
iqtisadiyyatı dövrün çətin sınağından
uğurla çıxmış, bütün dünyanı
bürüyən ağır böhrana baxmayaraq, yüksələn
xətlə irəliləməkdə davam etmişdir. İndi
biz cəsarətlə bəyan edirik ki, ölkəmizdə
sosialist iqtisadiyyatından bazar münasibətləri sisteminə
keçid dövrü başa çatmış, həmin mərhələyə
xas olan problemlər həll olunmuşdur. Bütün bunlar
xalqımızın rifah halının yüksəldilməsinə,
sosial tələbatlarının ödənilməsinə, elm
və mədəniyyətimizin tərəqqisinə, vətəndaşlarımızın
hüquq və azadlıqlarının davamlı təmin
olunmasına münbit şərait yaradır.
Azərbaycan dövləti
qarşısına çıxan bütün çətinlikləri
uğurla dəf edə bilir. Bu gün bizi narahat edən yeganə
problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin aradan qaldırılmaması, ölkəmizin
ərazi bütövlüyünün bərpa
olunmamasıdır. Biz bu mürəkkəb, ağrılı
məsələnin sülh yolu ilə ədalətli həllinə
nail olmaq üçün bütün zəruri tədbirləri
görürük. Düşünürəm ki, gənc
respublikamızın inkişafı yolunda əsas maneə olan
bu problemin tezliklə həlli Azərbaycan dövləti ilə
yanaşı bütün həmvətənlərimizin də
qarşısında mühüm vəzifə kimi durur. Buna
görə də ürəyi vətən sevgisi ilə
döyünən dünya azərbaycanlıları bu istiqamətdə
öz səylərini gücləndirməli, problemin mahiyyətini
xarici ölkələrin hökumət və ictimaiyyətinə,
beynəlxalq təşkilatlara çatdırmaq
üçün daha məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Diaspor təşkilatlarımız
dünyadakı proseslərin nəbzini tutaraq öz
çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri
ilə səmərəli əməkdaşlığın
yeni formalarını tapmalı, ölkəmiz əleyhinə
yönəlmiş təxribatlara qarşı operativ və
adekvat addımlar atmalıdırlar.
Əziz soydaşlar!
Hörmətli həmvətənlər!
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ərəfəsində Sizi milli mənafelərimizin
qorunması, müstəqil dövlətimizin tərəqqisi və
beynəlxalq nüfuzunun artırılması naminə sıx
birləşərək daha səmərəli fəaliyyət
göstərməyə dəvət edirəm.
Bu əziz bayram
münasibətilə hamınızı səmimi qəlbdən
təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq
və bütün işlərinizdə uğurlar
arzulayıram!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 23 dekabr.- S. 1