Qlobal böhran şəraitində davamlı inkişafın təminatçısı

 

Müasir dövrdə hər bir dövlətin demokratik yolla inkişafının vacib şərtlərindən biri də yeni zamanın tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər əsasında dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Xalq hakimiyyətinin ən optimal modeli sayılan demokratiya da məhz hər bir fərdin hüquq və azadlıqlarının uca tutulduğu dövlətdə özünə möhkəm dayaqlar tapır. İctimai maraqların ifadəçisi olan hakimiyyət sosial sifariş hüdudlarından bir addım da kənara çıxmır, fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanır və xalqa təmənnasız xidməti başlıca məqsədə çevirir. Bu məqsədlərin reallaşdırılması isə, ilk növbədə, monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik və demokratizm elementlərinin gətirilməsindən keçir.

Azərbaycanlı milli düşüncə sistemində hakimiyyətə münasibət tarixən məhz bu meyarlarla müəyyənləşmiş, insanlarımız əsrlər boyu ədalətli və sivil cəmiyyətə qovuşmağın yeganə yolunu məhz ölkəyə rəhbərlik edən lider və onun formalaşdırdığı komandanın fəaliyyətində axtarmış, gələcək talelərini daim inandıqları, etimad bəslədikləri rəhbərə etibar etmişlər. Respublikamıza son 6 ildə uğurla rəhbərlik edən cənab İlham Əliyev də məhz belə rəhbər olaraq ötən müddətdə milli mənafelərə əsaslanan rasional siyasət yeritmiş, xalqın inam və etimad bəslədiyi fenomen liderə çevrilmişdir. Bu zaman kəsiyində keçilmiş böyük inkişaf yolunun uğurları dövlət başçısının çoxşaxəli siyasətində xalqa layiqli xidmət məramının daim ön planda dayandığını təsdiqləmişdir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dövrlərində ardıcıl və səmərəli islahatlar hesabına formalaşdırdığı inkişaf potensialının ötən 6 ildə tam reallığa çevrilməsi, Azərbaycanın ideallardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə qədəm qoyaraq çağdaş tarixinin ən parlaq dövrünü yaşaması danılmaz faktdır.

Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır. Dövlət başçısı İlham Əliyevin fəaliyyətində islahatçılıq, liberalizm, yüksək humanizm xətti diqqəti xüsusi çəkmiş, müasir cəmiyyətlərdə demokratik inkişafın başlıca təminatçısı rolunu oynayan bu keyfiyyətlər Azərbaycana da böyük uğurlar gətirmiş, respublikada möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin olunmuşdur.

Müasir dövrdə iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Tarixən iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş dövlət başçısı İlham Əliyev də rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış, ötən 6 ildə bu sahədə həlledici uğurlara imza atmışdır. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi, məqsədyönlülüyü təmin etmişdir.

Dövlət başçısı İlham Əliyev iqtisadi sahədə qazanılan uğurları həm də hökumətin fəaliyyətinin effektivlik əmsalı kimi dəyərləndirir. Başqa sözlə, hər bir vətəndaşın yüksək maddi və sosial vəziyyətinin təmini "Əsl siyasət konkret real iş görməkdən ibarətdir" şüarını irəli sürən Azərbaycan Prezidentinin layiqli dövlət idarəçiliyi fəlsəfəsinin mahiyyətini təşkil edir. Səmərəli, məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi cənab İlham Əliyev xalq qarşısına daim yeni iqtisadi uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır.

Azərbaycan Prezidenti hələ 24 oktyabr 2008-ci ildə keçirilmiş andiçmə mərasimində demişdir: "İqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaqdır. Əgər demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tam əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir. O ölkələrin tam əksəriyyəti dünyada inkişaf etmiş ölkələr kimi tanınır. Bizim də məqsədimiz ondan ibarətdir ki, - mən bu barədə artıq demişəm, bəzən bu, təəccüb doğura bilər, amma mən inanıram, - Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olunmalıdır və daxil olacaqdır".

2009-cu ilin müvafiq dövründə əldə olunmuş uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslandığını, habelə qlobal böhrana potensial müqavimət əzmini bir daha təsdiqləyir. Hesabat dövründə ümumi daxili məhsul (ÜDM) MDB dövlətlərindən Rusiyada 14, Qazaxıstanda 1,5, Belarusda 4,6, Qırğızıstanda 12,7, Moldovada 24,6, Ermənistanda 20, Tacikistanda 11,4, Ukraynada 29,6 faiz azaldığı halda, Azərbaycanda 6,1 faiz artmışdır. Son bir ildə neftin dünya bazarındakı qiymətlərinin 3-4 dəfəyədək azalması, beynəlxalq iqtisadi əlaqələrin zəifləməsi fonunda ÜDM-in adambaşına düşən məbləğinin 4,7 faiz, orta aylıq əməkhaqqının isə 15,5 faiz artması da kifayət qədər uğurlu göstəricidir. Hesabat dövründə sənayedə 5, kənd təsərrüfatında 3 faiz çoxalma müşahidə edilmiş, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz artmışdır. Eyni zamanda əhalinin gəlirlərinin 9,8 faizlik artımı 2,1 faiz səviyyəsində müşahidə olunan inflyasiyanı 7,7 faiz üstələmişdir.

Bu və digər statistik göstəricilər deməyə əsas verir ki, cənab İlham Əliyev 2008-2009-cu illərdə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, habelə praqmatik qərarları, obyektiv reallıqdan irəli gələn addımları ilə Azərbaycanın bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv müqavimət əzmini təmin etmişdir. Dövlət başçısı İlham Əliyev hələ Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirmişdir ki, əldə olunan uğurların qorunub saxlanılması baxımından Azərbaycan 2009-cu ildə də fəal antiböhran tədbirləri həyata keçirməli, maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə hesablanmış layihələrin icrası təxirə salınmalı, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirilməli, habelə sahibkarlığın inkişafına diqqət yüksəldilməlidir.

Ötən dövrün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranının təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.

Dünya miqyasında böhranla mübarizə məqsədilə həyata keçirilmiş tədbirlərin təhlili göstərir ki, xarici və daxili borcu az olan, eyni zamanda yüksək maliyyə-valyuta ehtiyatlarına malik ölkələr böhrana daha hazırlıqlı və dayanıqlıdırlar. Bu baxımdan hələ ilin əvvəllərində həm Beynəlxalq Valyuta Fondu, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart & Poors" öz hesabatlarında Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olduğunu, dayanıqlılığını, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf edəcəyini diqqətə çəkmişlər.

Azərbaycanın qlobal böhrandan maksimum az itki ilə çıxan ölkələrdən olması, ilk növbədə, cənab İlham Əliyevin müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir. Respublikamızın maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka haqlı olaraq ehtiyatlı yanaşması maliyyə böhranının respublikamıza təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal böhrandan hifz edir.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən haqlı olaraq respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət yetirdiyini xüsusi önə çəkir: "Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq".

İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərdi ki, qlobal maliyyə böhranının zərbəsi, ilk növbədə, bank sektoruna dəyir, bankların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problemin müşahidə olunmadığını artıq tam əminliklə söyləmək olar. Mərkəzi Bankın həyata keçirdiyi preventiv tədbirlər nəticəsində cari il respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmiş, hətta ipoteka kreditləşməsi yenidən bərpa olunmuşdur. Bu fakt həm də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir. Əhalinin pul gəlirlərinin artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin 11 faiz artmasına zəmin yaratmışdır. Bu müddətdə Azərbaycan manatı məzənnəsini qoruyub saxlamış, hökumət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devolvasiyasına imkan verməmişdir.

Ötən dövrdə qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, habelə iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələnndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Dünya maliyyə böhranı ilə mübarizə məqsədilə ölkədə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu nəticələr digər beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilir. Dünyanın aparıcı reytinq agentliyi olan "Standart & Poors" bir müddət əvvəl Azərbaycanın reytinq proqnozunun sabit səviyyəsindən müsbət səviyyəyə yüksəlməsini bəyan etmişdir. Eyni zamanda, uzunmüddətli "BB+" və qısamüddətli "B" reytinqləri təsdiq edilmişdir. Bütün bunlar "Standart & Poors" agentliyinin cari il dekabrın 14-də nəşr edilmiş rəsmi məlumatında qeyd olunmuşdur. Reytinq proqnozunun artırılması Azərbaycanda ikili profisitin (həm büdcə, həm də cari hesabatda) hökm sürməsi şəraitində xarici və fiskal balansların gücləndirilməsi ilə izah olunur. Bu inkişaf qısa müddət ərzində Azərbaycanın investisiya reytinqi (BBB-) səviyyəsinə yüksəlməsinə mühüm dəstək ola bilər.

2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən iqtisadi böhran şəraitində "Standart & Poors" agentliyi tərəfindən ilk dəfə olaraq reytinqin müsbət istiqamətdə dəyişməsi məhz Azərbaycan Respublikası üçün qeydə alınmışdır. Dünyanın aparıcı reytinq agentliyi bunu Azərbaycanın dövlət sektorunun aktivlərinin artması və beynəlxalq investisiya vəziyyətinin güclənməsi, habelə ümumi dövlət borcunun hər il qeydə alınan büdcə profisitləri şəraitində aşağı səviyyədə qalması ilə izah edir. Dünyanın bir çox ölkələrində iqtisadi tənəzzülə baxmayaraq, "Standart & Poors" agentliyi Azərbaycan iqtisadiyyatının 2009-cu ildə təqribən 10 faiz və 2011-ci ildə 7 faiz artacağını proqnozlaşdırır.

Prezident İlham Əliyev praqmatik siyasətçi olaraq sahibkarlar ordusunun milli inkişaf prosesindəki müstəsna rolunu da yüksək qiymətləndirmiş, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişdir. Keçid iqtisadiyyatlı ölkədə azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən 6 ildə özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan götürülməsi, sərbəst bazar subyektlərinə plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi məsələləri icrası uğurla yekunlaşmış "Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da dolğun əksini tapmışdır.

Ötən 6 ildə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və s. tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi kömək məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi diqqət ayrılır. Proqrama nəzərən əminliklə demək olar ki, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcədə əhəmiyyətli addım olacaqdır. Fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsinin 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi üçün vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində ("Doing Business-2010") Azərbaycanın 183 ölkə arasında 38-ci yeri tutması da cari ilin uğurlu iqtisadi göstəricilərindən biridir.

2009-cu ilin uğurlu iqtisadi yekunları sırasında insan və vətəndaş amilini uca tutan sosial-liberalizm xəttinin uğurla davam etdirilməsini də xüsusi vurğulamaq olar. Azərbaycan Konstitusiyasının 38-ci maddəsində əksini tapmış sosial təminat hüququnun reallaşdırılması hökumətin prioritet məqsədlərindən biridir. Yəni, ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir.

Dövlət başçısının yeritdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərə şərait yaradılmasından ibarətdir. Azərbaycanın son illərdə sosial siyasət sahəsində əldə etdiyi zəngin təcrübə inkişaf yoluna yenicə qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu siyasətin real nəticələri isə insanların gündəlik həyatında öz təcəssümünü tapır. Son 9 ayda orta aylıq əməkhaqqının 297 manata yüksəlməsi, 800 minə yaxın vətəndaşın ünvanlı sosial yardım proqramından yararlanması, ölkədə yeni açılan iş yerlərinin sayının 840 mini ötməsi sosial siyasətin praktik nəticələri kimi diqqəti çəkir. 2010-cu il üçün yaşayış minimumunun ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən olunması da sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu göstərir.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin qlobal böhran şəraitində belə, dayandırılmaması hökumətin siyasətində insan amilinin, vətəndaşa layiqli xidmət məramının mühüm yer tutduğunu bir daha göstərir. Paytaxta Oğuz-Qəbələ zonasından su kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişini, paytaxtda yeni körpülərin, yolötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, Olimpiya idman komplekslərinin tikintisini də bu sırada xüsusi vurğulamaq olar.

Hər bir dövlətdə iqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi hər hansı dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Bu mənada, 2010-cu ilin dövlət büdcəsi Azərbaycanın qlobal böhran şəraitində qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. Gələn ilin büdcə zərfi əhalinin maddi rifahının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini və makroiqtisadi sabitliyin təmin olunmasını nəzərdə tutur. 2010-cu ilin dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcə zərfinin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi, davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.

Maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə rəğmən, Azərbaycanda artım meyillərinin nəzərəçarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaradır. Respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan büdcədə dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər də nəzərə alınmışdır. 2010-cu ilin dövlət büdcəsi dünya maliyyə bazarlarında baş verən sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib edilmişdir. Hökumətin büdcənin formalaşması ilə bağlı mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri təmkinlə nəzərə almasını və respublikamızın milli təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi hazırlamasını yüksək dəyərləndirmək olar.

2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat xərclərini 11 milyard 264 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri yenə də dövlət əsaslı vəsait qoyuluşları tutur. Belə ki, həmin təsnifat üzrə 3549 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, 2010-cu ilin dövlət büdcəsində 1276,8 milyon manat həcmində təhsil xərcləri, 1205,8 milyon manat həcmində müdafiə xərcləri, 1192,3 milyon manat həcmində sosial müdafiə və sosial təminat xərcləri, 1042,3 milyon manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 milyon manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 milyon manat həcmində səhiyyə xərcləri nəzərdə tutulmuşdur.

Hökumətin əsas siyasəti vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını təmin etməkdən ibarət olduğundan yeni büdcə zərfində də bu məsələ prioritet kimi nəzərə alınmışdır. Məsələn, 2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin çəkisi isə 34,4 faiz (3 milyard 878 milyon manat) proqnozlaşdırılır və bu, 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Digər tərəfdən, büdcədə bütün sosial layihələrə, elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilmişdir.

Azərbaycanın 2010-cu ildə də davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı təsdiqləyirlər. Belə ki, dünya ölkələrində iqtisadi artım 1-2 faizlik templə müşahidə olunduğu halda respublikamızda inkişaf indiqatoru 8 faizdən aşağı proqnozlaşdırılmır. Bunu dünyanın aparıcı maliyyə institutlarının və digər beynəlxalq təşkilatların proqnozlarından da hiss etmək olar. Belə ki, Beynəlxalq Valyuta Fondu 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım sürətinin 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı isə 6,7 faiz proqnozlaşdırır. Region ölkələrinin proqnoz göstəriciləri arasında ən yaxşı nəticə də məhz ölkəmizə aiddir.

2009-cu ilin ən yaddaqalan hadisələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 90-cı illərdən başlanmış keçid dövrünün artıq geridə qalması ilə bağlı rəsmi bəyanatı oldu. BDU-nun 90 illik yubileyində dövlət başçısı iqtisadi sahədə keçid dövrünün başa çatmasını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını diqqətə çatdırdı. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidən qurulması prosesinin başa çatmasından gedir.

Respublikamız son 15 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında ciddi vəzifələrdən biri kimi dayanır. İnanırıq ki, ölkə başçısı İlham Əliyevin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyası bu və digər vəzifələrin də uğurlu həllində öz sözünü deyəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2009.- 23 dekabr.- S. 4.