Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs
vermişdir
Cari il dekabrın
23-ü müstəqil Azərbaycanın tarixinə növbəti
bələdiyyə seçkiləri günü kimi daxil
olacaqdır. Həmin gün seçicilər seçki məntəqələrinə
gələrək qarşıdakı beş ildə onların
yerlərdəki problemlərinin həlli ilə məşğul
olacaq özünüidarə orqanlarına üzvlüyə ən
layiqli namizədlərə səs vermişlər.
Avropa standartlarına
cavab verən yeni Seçki Məcəlləsi əsasında
vətəndaşların öz iradələrini sərbəst
ifadə etmələri üçün bütün tədbirlər
görülmüş, seçkilərin gedişini izləmək
üçün xarici ölkələrdən beynəlxalq
müşahidəçilər dəvət edilmişdir.
Təşviqat
kampaniyası azad və şəffaf şəraitdə
keçirilmiş, hər bir namizədə bərabər
şərait yaradılmışdır. Bunu hələ
seçki günündən əvvəl Azərbaycana gəlmiş
beynəlxalq müşahidəçilər də təsdiq
etmişlər.
Bakı şəhərinin
29 saylı Səbail seçki dairəsinin 6 nömrəli məktəb-liseydə
yerləşən 6 saylı seçki məntəqəsində
səhər tezdən xüsusi canlanma müşahidə
olunurdu.
6 saylı məntəqə
814 seçicini əhatə edir. Digər seçki məntəqələrində
olduğu kimi, burada da səsvermənin normal keçməsi
üçün hər şey nəzərə
alınmışdı. Yerli və xarici müşahidəçilər
səsvermənin gedişini izləyirdilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri
ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev
səsvermə otağında seçki bülletenini alaraq
kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Azərbaycan Prezidentinin
xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar
da səs verdilər.
Bu anı respublikamızın
və xarici ölkələrin çoxsaylı mətbuat
orqanlarının, televiziya kanallarının nümayəndələri
izləyirdilər.
***
Seçki məntəqəsində
səsvermə isə davam edir, müşahidəçilər
səsvermənin gedişini izləyirdilər.
Azərbaycanın hər
yerində olduğu kimi, 29 saylı Səbail seçki dairəsinin
6 saylı seçki məntəqəsinə də
seçicilər dəstə-dəstə gəlir, bəyəndikləri
namizədlərə səs verirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 24 dekabr.- S. 1.