Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirmişdir

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 23-də bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı "Seçkilər" İnformasiya Mərkəzində mətbuat konfransı keçirmişdir.

M.Pənahov demişdir ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Səhər saat 8:00-da başlayan səsvermə saat 19:00-da başa çatmışdır. Məntəqələr bağlandıqdan sonra Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səslərin sayılmasına başlanmışdır.

Ümumilikdə, Azərbaycanda 1718 bələdiyyəyə 15 min 682 bələdiyyə üzvü seçilməsi üçün seçkilərdə 31 minə yaxın namizəd iştirak etmişdir. Seçici siyahılarına 4 milyon 588 min 728 seçicinin adı daxil edilmişdi. Gün ərzində bunlardan 1 milyon 462 min 74 nəfəri, yəni ümumi seçicilərin 31,86 faizi səsvermədə iştirak etmişdir.

Səslərin sayılması prosesi vaxtında başlamış indi davam edir. İndiyədək 4813 məntəqənin 34 faizindən, yəni 1637 məntəqədən nəticələr artıq "Seçkilər" İnformasiya Mərkəzinə daxil olmuş MSK-nın saytında yerləşdirilmişdir.

Bu protokollarda olan nəticələr bizə aşağıdakı məlumatları çatdırmağa imkan verir. Ümumi məlumat daxil olmuş bələdiyyələrin sayı 653-dür. 439 bələdiyyə üzrə daxil olmuş rəqəmlər artıq dəyişməyəcəkdir. Belə ki, onlardan bütün rəqəmlər MSK-ya daxil olmuşdur. İndi istənilən vətəndaş MSK-nın internet səhifəsində ümumi məntəqələrin təxminən üçdə biri barədə nəticələrə baxa bilərlər. 439 bələdiyyəyə seçilmiş namizədlərin adları artıq məlumdur.

Məntəqələrdən məlumatların "onlayn" rejimdə daxil olması davam edir. Hesab edirəm ki, dekabrın 24-də səhər tezdən bütün bələdiyyələr üzrə daxil olmuş rəqəmlər məlum olacaqdır.

Ümumilikdə, səsvermə gün ərzində bütün məntəqələrdə qanunun tələblərinə uyğun həyata keçirilmişdir. Səsvermənin gedişini 50 minə yaxın yerli beynəlxalq müşahidəçi izləmişdir. KİV nümayəndələri səsvermənin gedişi ilə bağlı məlumatları yerlərdən birbaşa ictimaiyyətə çatdırmışlar. Həmçinin KİV MSK-nın gün ərzində seçkilərin dinamikası, seçicilərin fəallığı ilə bağlı elan etdiyi rəsmi məlumatları 5 dəfə ictimaiyyətə çatdırmışdır. Səsvermə müddətində ondan sonra MSK-ya seçkilərin nəticələrinə ciddi təsir edə biləcək səviyyədə qanun pozuntusu ilə bağlı heç bir məlumat, şikayət xarakteri daşıyan rəsmi müraciət daxil olmamışdır. Komissiya üzvlərinə MSK-nın "qaynar xətti" müəyyən müraciətlər daxil olmuşdur. Bunlar əsasən informativ xarakter daşıyan müraciətlər idi. Bu müraciətlərə ətraflı aydınlıq gətirilmişdir.

Bir daha təkrar edirəm ki, müşahidəçilərin sayı kifayət qədər çox idi. Bizdə olan məlumata görə beynəlxalq müşahidəçilər 100-dən çox məntəqədə səsvermənin gedişini izləmişlər.

MSK sədri səsvermə prosesinin işıqlandırılmasında jurnalistlərin əməyini vurğulamışdır.

Sonda suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 1.