Hər bir azərbaycanlının Prezidenti

 

 Liderlik institutu bəşər tarixinin mövcudluq tarixində uzun təkamül və inkişaf yolu keçərək müasir mərhələyə gəlib çatmış, heç bir zaman aktuallığını itirməmişdir. Tarix sübut edir ki, hər bir xalqın davamlı və sabit inkişafını hansısa taleyüklü mərhələdə ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. Ötən əsrdə xalqımızın yetirdiyi böyük şəxsiyyət - ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olaraq Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar, əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli varisi də yetişdirmişdir. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlət başçısı cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.

 

 Müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 6 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Dövlət başçısı İlham Əliyevin ötən müddətdə əldə etdiyi böyük siyasi nailiyyətlər onun liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb.

Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Cənab İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi" sualına cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

 Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bugününə və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar. Cənab İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdir.

 Müstəqil Azərbaycanın son 6 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişafı ilə dünyada lider mövqeyini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün oldu. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirdi. Prezident özünü azərbaycanlı sayan və bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi. Hər bir azərbaycanlı dərk etdi ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ çox uğurlar gözləyir.

Müasir dövrdə dövlətin tərəqqisi "insan meyarı", yəni həyatın keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin ön mövqeyə çəkilməsi ilə ölçülür. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünki kimi sürətli pozitiv dəyişikliklərə uğramayıb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb. Hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiəsi kimi ülvi məqsədlərin reallaşması Azərbaycanda həyata keçirilən islahatların əsas mahiyyətini təşkil edir. Dövlətçilik sütunlarının kifayət qədər möhkəmlənməsinin, iqtisadi inkişaf və demokratikləşmə prosesinin geniş vüsət almasının məntiqi nəticəsi olaraq Prezident İlham Əliyevin siyasətində insan amili parlaq şəkildə önə çıxıb.

Dövlət başçısı eynilə ulu öndər Heydər Əliyev kimi son 6 ildə ən çətin, ekstremal vəziyyətlərdə yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirib, eyni zamanda, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlayıb. Cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırıb.

Prezident İlham Əliyev daim vurğulayır ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadır. Lakin demokratiya davamlı və sərhədləri görünməyən prosesdir. Əgər demokratiya tarixi təkamül və mübarizə nəticəsində təbii olaraq reallaşmırsa, ona kənar təsirlər, modellər və diktələr hesabına siyasi rejimlər, ideologiyalar sırınırsa, əldə olunan "uğurlar" da keçici mahiyyət daşıyır. Dövlət başçısının ötən 6 ildə yeritdiyi siyasət deməyə əsas verir ki, Azərbaycan inkişafın Qərb modelini müəyyənləşdirərək demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verir.

Bu gün Azərbaycanda zaman islahatların və demokratik inkişafın xeyrinə işləyir. Ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar cənab İlham Əliyevin ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunub adı qondarma "siyasi məhbus" siyahısından çıxmayan cinayətkarların əfv edilməsi böyük qəlbin və humanizmin nişanəsi, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlət və dövlətçilik əleyhinə müharibəyə çevirən insanlara milli barış mesajıdır. Kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin olunması, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi də milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış addımlardır.

 Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən 6 illik fəaliyyətində tam sübuta yetirdi. Dövlət başçısı vəzifəli şəxslərə etimad prinsipini onların xalqa xidmətinə nəzərən müəyyənləşdirdi. Hökumətin xalq qarşısında hesabat verməsi idarəçilikdə dəyərli ənənə kimi formalaşdı. Dövlət rəhbəri öz komandasında təmsil olunan şəxslərlə səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarın tərəfdarıdır. Amma bütün bunlar nöqsanlarla müşahidə olunursa, Azərbaycan Prezidentinin yetərincə sərt qərarlarını, qəti addımlarını da inkar etmir. Cənab İlham Əliyevin fəaliyyətində nəzərə çarpan ciddi nizam-intizamı, məsuliyyət hissini hər an görmək mümkündür.

Azərbaycan Prezidenti xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla daim görüşür, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Cənab İlham Əliyevin xarakter etibarilə səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxır. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacarır. Bu isə ötən 6 ildə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırdı, ona böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı verdi. Ulu öndərin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəldi.

Hələ 2003-cü ildə andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deyən cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə necə sadiq olduğunu ötən müddətdə tam təsdiqlədi. Dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ilk gündən dəqiq müəyyənləşdirdi. Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Eyni zamanda rayonlarla paytaxt arasındakı kəskin fərqi aradan qaldırmağa, yoxsulluq, işsizlik kimi problemlərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə nail oldu. İnsanların güzəranı, həyat səviyyəsi yaxşılaşdı, vətəndaşın dövlətinə, işıqlı gələcəyinə inamı artdı. Azərbaycan kəndinə şəhər siması gətirildi. Bölgələrdə yaşayan insanların dövlətə inamı daha da artdı.

Bütün bunlar qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Dövlət başçısı yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşil edir. Bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

 

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 2.