Böyük ədibə həsr olunmuş simpozium keçirilmişdir

 

Naxçıvan Dövlət Universitetində "Cəlil Məmmədquluzadə və demokratik ədəbi-ictimai fikir" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumu AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti birgə təşkil etmişdilər.

Simpoziumu giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli görkəmli yazıçı-publisist, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin milli ədəbiyyatın və mətbuatın inkişafındakı əvəzsiz xidmətlərindən, onun dünya ədəbiyyatının nadir inciləri sayıla biləcək bədii-publisistik nümunələrindən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında 6 fevral 2009-cu il tarixli sərəncamını görkəmli yazıçı və ictimai xadim, böyük demokrat ədibin fəaliyyətinə, ədəbi irsinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Mirzə Cəlilin böyük azərbaycançılıq ideyalarının öyrənilməsinin və təbliğinin müstəqil Azərbaycanın bugünkü inkişafı üçün əhəmiyyətli olduğunu qeyd etdi.

Misir Ərəb Respublikasının Əl Əzhər Universitetinin professoru, filologiya elmləri doktoru Həmdi Məhruz Basyuni "Cəlil Məmmədqulzadənin əsərləri ərəb dilində" adlı məruzəsində Azərbaycan-Misir tərəfdaşlığının inkişafında ədəbi əlaqələrin mühüm rolunu xatırlatdı. Cəlil Məmmədquluzadənin öz qələmi ilə bütün Şərq-müsəlman dünyasının milli oyanışı, intibahı uğrunda mücadilə etdiyini, Şərq ədəbiyyatında da böyük dəyər daşıdığını vurğuladı. Misirli filoloq Mirzə Cəlil irsinin fədakar tədqiqatçısı, akademik İsa Həbibbəylinin böyük ustadın yaradıcılığının ərəb dilində nəşri istiqamətindəki xidmətlərini diqqətə çatdırdı, məhz onun təqdimatı ilə Cəlil Məmmədquluzadənin əsərlərinin filologiya elmləri doktoru Hani Əssisi, professor Cəlal Sədi əl-Hifnəvi tərəfindən tərcümə edilərək nəşr edildiyini söylədi, nəşrlərin əhəmiyyətindən danışdı.

Naxçıvan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru Sədaqət Həsənova "Cəlil Məmmədquluzadə və ədəbi dilimiz" adlı məruzəsində ədibin əsərlərinin dil və üslub məziyyətlərinə toxunaraq Mirzə Cəlilin canlı xalq dilini, danışıq üslubunu bədii ədəbiyyata gətirməsindən bəhs etdi.

AMEA-nın Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Ramiz Qasımov məruzəsində Cəlil Məmmədquluzadənin həyat həqiqətlərini kiçik obrazlar vasitəsilə oxucuya çatdırmasından, xalq içindən seçdiyi sadə, lakin işıqlı obrazları ustalıqla yaratmasından söz açdı.

Naxçıvan Özəl Universitetinin "Pedaqogika və psixologiya" kafedrasının müdiri, pedaqoji elmlər namizədi Solmaz Həsənova milli maarifçilik tarixində də öz yeri olan Cəlil Məmmədquluzadənin pedaqoji görüşlərini, müəllim-şagird münasibətləri haqqında fikirlərini təhlil etdi.

Sonra simpozium "Filologiya" və "Mədəniyyət və pedaqogika" bölmələri üzrə işini davam etdirdi. Bölmə iclaslarından sonra simpoziuma yekun vuruldu.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 11.