Bəxtəbəxtdi ömrümüzün naxışı

 

"Şöhrət" ordenli, Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, bir sıra beynəlxalq və respublika mükafatları laueratı şair Məmməd Aslanın 70 yaşı tamam olur. Bu münasibətlə şairin yaradıcılıq yoluna nəzər saldıq. Gəldiyimiz nəticə bu oldu ki, Məmməd Aslan həqiqətən ovxarlı qələm sahibidir. Doğma dilimizin gözəlliklərindən arı kimi şirə çəkərək zərgər sığalında suyu pak, mayası halal misralar yoğurub. Oxuduqca, duyduqca sözlərin ahəngindəki mənalar, kəlmələrin şirinliyi, sözə ayıq-sayıq bələdçilik "hər biçimi möcüzə olan" misralar qolumuzdan yapışaraq bizi haralara qədər aparmır...

 

Tanıtsa bir misra tanıdar məni,

Ayrı sənədim yox, arayışım yox,

 

- deyən Məmməd Aslanın "söz sözdürsə, söz danış" kəlamına söykənərək ruhumuzu isidən, könül ocağımızı alışdıran yeni kitabını - "Seçilmiş əsərləri"ni belə bir mənəvi ehtiyacla başa vurduq. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamına uyğun olaraq nəşr olunan bu yeni toplu müəllifin ömür yoluna, yaradıcılığına bir növ güzgü tutur. Qədim torpağımızın, keşməkeşli dünyamızın zərif ovqatını özündə əks etdirir.

Məmməd Aslan yaradıcılığında bir neçə əsas xətt var ki, onların hər biri haqqında ayrılıqda danışmağa dəyər. Hər şeydən öncə Məmməd Aslan vətəndaş şairdir. Onun şeirlərində Azərbaycanın bütün gözəllikləri, əsrarəngiz təbiəti, əzəmətli dağı, dərəsi, insanları, eləcə də işğalda qalmış yurd yerlərimizin dərdi bütövlükdə əks olunub.

Əzablı taleyimizin bütün dönəmləri, müsibətləri, xalqımızın başına gələn fəlakətlər Məmməd Aslanın şeirlərində elə haray çəkir ki!.. Bəzən cavabları bəlli sualların ahəngindəki qınaq adamın ruhuna nizə kimi sancılır. "Hardasan, yurdun sahibi? Görmürsənmi yurdun getdi..."

Yüzillərlə uzanan əzablarımızın düyünləri misra-misra açıldıqca bəlalar, səhvlər yada düşür. Özümüz öz əlimizlə bəxtimizi köhlən atdan zorla yerə salırıqsa, özgələrdə nə günah? Yurdda qopan məhşərin zülmü ərşə dayandı. Və bu yerdə şairin nisgili dilə gəlir:

 

Üç-beş damla suyam, bir ovuc küləm,

Axıb Xan Araza qovuşa biləm!

Mən harda can verəm, hara kömüləm,

Əlim Dəlidağa uzalı qalar.

 

Dəlidağ Kəlbəcərin simvolu, Məmməd Aslanın qibləgahı idi. Ulu babaları, nənələri bu dağa baxaraq salavat çəkərdilər. Elə bütün bioqrafiyası, yaradıcılığı və xoşbəxtliyi bu dilbər guşəyə bağlı deyilmi?!

O, 1939-cu il dekabrın 23-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Klassik ədəbiyyata dərindən bələd olan atası Muxtar kişinin gözəl şeir demək təbi olsa da, nəfəsindən qopanları qələmə almayıb. Lakin ailədəki söz mühiti kiçik yaşlı Məmməddə şeirə, sənətə tükənməz həvəs oyadıb. Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra indiki Pedaqoji Universitetin filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə də doğma rayonun kənd məktəblərində başlayıb. Sonralar Kəlbəcərdə çıxan "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 40 ildir ki, Bakıda yaşayır. "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetləri redaksiyalarında çalışıb. "Yazıçı" nəşriyyatında böyük redaktor, sonralar bir müddət Azərbaycan Dövlət Teleradio Şirkətinin "Ekran-efir" qəzetində baş redaktor işləyib. İlk şeirlər kitabı 1969-cu idə çap edilən Məmməd Aslan həm publisistika ilə məşğul olub, həm tərcüməçilik edib, həm də bədii yazıları ilə Azərbaycan ədəbiyyatının, poeziyasının zənginləşməsində böyük zəhmət çəkib. O, kiçik yaşlı oxucuları da unutmayıb. Müəllifin "Böyürtkən, böyrü tikan", "Səhəri kim açır", "Dəvə niyə kövşəyir" adlı kitabları balacalar tərəfindən maraqla qarşılanıb. O, uzun illər televiziyada uşaqlar üçün də verilişlər aparıb. "Dərədən-təpədən" verilişinin uzun müddət aparıcısı olub.

1990-cı ilin 20 Yanvarı yaddaşımıza çəkilməz dərdlə, yasla daxil oldu. 20 Yanvar həm də milyonlarca qərənfilin şəhid balalarımızın üstündə şəhidliyi idi. O müsibətli gündən indiyədək Məmməd Aslanın "Ağla, qərənfil, ağla" ağısı ilə qəlbimizə dolan dərdi boşaltmağa çalışırıq:

 

Bu qara yazılara,

Bu körpə quzulara,

Bu ölən arzulara

Ağla, qərənfil, ağla!

 

Məmməd Aslanın 1969-cu ildə qələmə aldığı "Sümüklü dərə" şeiri də başımıza gələn fəlakətlərin əks-sədasıdır. Müəllif bildirir ki, Kəlbəcərin Göyçə gədiyinə dirənən dağ aşırımında insan sümükləri ilə dolu bir dərə var. Ötən əsrin əvvəllərində daşnakların qanlı cinayətlərinin qovluğudur bu dərə. Eləcə də kəllə sümüklərindən anlamaq olur ki, bu şəhidlər bizim babalarımız olub. Məmməd Aslan yazır ki, qar əriyəndən sonra həmişə bu dərənin üstü humay quşları ilə dolu olur. Hələ o vaxt şair yazırdı:

 

Bura şəhidlərin görsuz gorgahı,

Bura qatillərin məşhər günahı,

Uçqun dodağında saxlar min ahı -

Sümüklü dərə.

 

Məmməd Aslanın 1989-cu ildə yazılmış "Yaralı şikəstə" adlı bir şeiri də var. Gözü, könlü qan ağlayan Qarabağımıza həsr olunmuş bu poetik nümunədə dərdimiz misraların ahəngində nalə çəkir: "Cəlladlar turp əkir bu gözəl yurda..."

Şairin bacısı Xublara məktub adı ilə qələmə aldığı "Dağlar həsrətimi duyacaqdımı" şeiri yurd yerlərini tərgidib şəhərə üz tutan, bizlərdən hər birimizi yırğalayan, tərpədən, geriyə boyladan, qəlbimizi göynədən xatirə kimi içimizdən keçir. Orada - o doğma ocaqda bir evin, bir nəslin yurddaşıydıq, buradasa... təksimli səs kimi eşidilməzik! Bu kədərin etirafı düşündürücüdür. Kəndin kənd qayğılarından geri çəkilənlər üçün əsl görkdür.

Təbiətən mərd, əyilməz, çox qürurlu olan Məmməd Aslanın şeirlərində də bu məziyyətlər duyulur. "Müqəddəs yuva" şeirində məsləhəti çox ibrətamizdir. "Bir Allaha, bir də Vətənə əyil".

"Sahibin hanı" adlı şeirində də gözlərimiz qarşısında işğalda inildəyən yurdumuzun, talan olmuş, xarabalığa çevrilmiş gözəlliklərin qətlə yetirilməsi bütün dərdi ilə bizi düşündürür. Müəllif bildirir ki, Şuşanın işğalı zamanı dərədə sahibsiz bir atın atəşlər altında sağa-sola vurnuxduğu videolentə alınmışdı. Bu göz çıxardan, ürək ağrıdan "mənzərə"yə laqeyd qala bilməyən şair öz duyğularını belə ifadə edib:

 

Elin qaçqın, yurdun yağma,

Kim qaldı ki, sənə doğma?!

Sən dözməzsən, bizə baxma,

Səfil at, sahibin hanı?!

 

Məmməd Aslan həm də təbiət vurğunudur. Onun şeirlərində Azərbaycan təbiətinin gözəllikləri çiçəkləyib. Təkcə vurğunluqla kifayətlənməyən Məmməd Aslan həm də təbiətin mühafizəsi ilə bağlı haray çəkən, mübarizə aparan publisist kimi uzun illər "Azərbaycan təbiəti" jurnalında səmərəli fəaliyyət göstərib. Akademik Həsən Əliyevə məxsus fikirdir: "Bizim elmdə demək istədiklərimizi Məmməd Aslan şeirlərində çox bacarıqla ifadə edib. Bu da çox vacibdir. Çünki onun şeirlərindəki təsir yüzlərlə elmi məqalədən güclü olur".

Şairin təbiət gözəli, zərif, incə bənövşəyə onlarca şeiri var. Hər birində də bu qışa qalib gəlib yaza tələsən incə varlığın hüsnünə elə gözəl misralar qoşulub ki...

Həyatın çox əzab və qəhrləri bu şairin ömründən əskik olmayıb. Uşaqlığından üzü bəri valideyn, bacı, qardaş, övlad itkilərindən başlamış gözləmədiyi vətən dərdinə qədər çox əbədi ayrılıqlara tuş olub. Bəzən ideallaşdırdığı dostunu, bəzən də sədaqətinə inandığı kiminsə vəfasızlığı taleyindən izsiz keçməyib. Şair nə yazıbsa, Tanrının diktəsi ilə həyata keçirib. Bəlkə də buna görədir ki, onun bütün şeirləri ömrünün ayrı-ayrı közərmələrinin aynasıdır. Çəkdiyi əzabdan, keçirdiyi sarsıntıdan bir şeir yaranıb. Ustad Bəxtiyar Vahabzadə deyərdi: "Şeir hayqırtı deyil, pıçıltıdır, dərddir, kədərdir". Bütün olmuşlara rəğmən Məmməd Aslan şeirində qəribə inam var:

 

"Qəlbim daşdı, dözər" - demə,

Əriyərsən közərtimə.

Bu dilbilməz həsrətimə

Yaxanı bir tanıt görüm,

Unut məni, unut görüm.

 

Məmməd Aslan duyğular şairidir. Ürəyinə yaxın gəlməyən sözünə keçməz, könlündə olmayan dilinə gəlməz. Onun ən ağrılı, ən qəmgin şeirlərində də bir inam var. "Olan oldu, keçən keçdi" desə də, daş göyərdən bəxtin qüdrətinə əmindir. Çünki insan könlü şair demişkən, unudulmuş torpaq kimidir. Bir mehə, bir istəyə bənddir ki, çiçəklənsin. Ömrünü söz uğrunda girov qoymuş şairin yaradıcılığında nəğmələr çeşmələnir, güllər odlanır, bülbüllər zilə çıxır, buludlar kişnəyir, dağlar andlaşır, min fəryad bir axara yönəlir. Doğrudan da, müəllifin dediyi kimi, "bilməcədi bildiyimiz bu dünya". Yaxşı ki, belə təbii, ilhamlı şairlərimiz var. Yoxsa sözü urvatdan salan qafiyəbazların əlindən cana gələrdik.

Məmməd Aslan həm də tərcümə ilə məşğul olan qələm sahibi kimi səmərəli fəaliyyət göstərir. Keçmiş SSRİ xalqlar ədəbiyyatından tərcümələrə xüsusi diqqətlə yanaşan şairin özbək şairəsi Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Mirzalıyevin "Bu bağda bülbüllər ötər" şeirlər kitablarını tərcümə edib. Eləcə də türk xalqlar şeirindən seçmələri, Yunis İmrə və Aşıq Veysəl yaradıcılığından hazırladığı "İki zirvə" kitabı tərcümə ədəbiyyatımızın inciləridir.

Məmməd Aslanın şeirləri qaranlığa nur saçan işığa bənzəyir. Bütün dolu misralarının gözlərimizdən könlümüzə süzülən sehri ilə özümüz öz qəlbimizə yol axtarırıq və bir qələm sahibi kimi şairin etirafına qoşularaq təskinlik tapırıq:

 

Ömrü söz uğrunda girov qoymuşam,

Ayrı ürəyim yox, ayrı başım yox!

 

Bu niyyətlə ədəbiyyata, mətbuata gələnlər sözün qədrini bilərək onu bütün varidatlardan ucada görürlər. Amma neyləməli ki, sözə divan tutanlar, onun rəngini itirənlər də var. Belələri üçün də Məmməd Aslanın sərt təpkisi həmişə yerinə düşür: "Dil bağban olmasa, söz qalar çolaq". Nə yaxşı ki, 70 yaşınız mübarək olsun, demək istədiyimiz şair Məmməd Aslan söz sənətinin çatdığı ucalıqdadır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 12.