Cabbarlışünaslığa
dəyərli töhfə
Azərbaycan ədəbiyyatının XX əsr görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının 110 illik yubiley tədbirləri çərçivəsində tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının bəhrəsi olan "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabının təqditmat mərasimi olmuşdur.
Kitabın
elmi redaktoru akademik Bəkir Nəbiyevdir. Mərasim dramaturqun ev
muzeyində keçirilmişdir. Tədbirə alimlər,
araşdırıcılar, ali məktəb
tələbələri, müəllimlər, mügənnilər,
aktyorlar, ictimaiyyətin nümayəndələri, bir sözlə,
cabbarlısevərlər toplaşmışdılar.
Muzeyin direktoru Gülarə
Cabbarlı Cəfər Cabbarlı yubileyinin respublika
miqyasında davam etdiyini və bugünkü mərasimin həmin
silsilə tədbirlərdən olduğunu vurğuladı.
Gülarə Cabbarlı atası haqqında yazılmış
yeni kitabda ədibin ailəsinə indiyədək məlum
olmayan müxtəlif yeni faktlar və sənədlərlə
ilk dəfə tanış olduğunu bildirdi.
Məclisin
aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev tədqiqatçı-alim Asif Rüstəmlinin Cəfər
Cabbarlı yaradıcılığı ilə bağlı
qaranlıq məqamlara aydınlıq gətirərək
müəllifin "Cəfər Cabbarlı: Həyatı və
mühiti" əsərinin böyük dramaturqun müxtəlif
illərdə yazdığı
"Çırpınırdı Qara dəniz" (1992),
"Tufanlardan keçən ömür" (1995), "Susmaz
duyğuların səltənətində" (2002) və
"Ədəbi istiqlalımız" (2004) kitablarından
sonra ədəbi-ictimaiyyətlə beşinci
görüşü olduğunu bildirdi.
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Cəfər
Cabbarlının Azərbaycan ədəbiyyatında, Azərbaycan
dramaturgiyası tarixində rolundan danışaraq qeyd etdi ki, Cəfər
Cabbarlı Azərbaycan ədəbiyyatı tarixində barmaqla
sayılası sənətkarlardandır. Əsl istedad sahibi,
nadir ədəbi sima, böyük dramaturq, xalqına və vətəninə
bağlı insan olan Cəfər Cabbarlının yaradıcılığı
həyatın bütün dövrlərində aktualdır, həmişəyaşardır.
Akademik daha sonra vurğuladı ki, sovet dönəmindən
üzü bəri ədibin həyatı,
yaradıcılığı, əsərlərindəki adlar
və obrazlar qalereyası haqqında yazılan
çoxsaylı tədqiqat əsərləri sırasında
Asif Rüstəmlinin illərdən bəri üzərində
işlədiyi "Cəfər Cabbarlı: Həyatı və
mühiti" kitabı elmi yenilikləri və ədəbi
tapıntıları ilə daha zəngindir, qiymətli və
oxunaqlıdır.
Xalq artisti Məleykə Əsədova
çıxış edərək Cəfər Cabbarlı
dramaturgiyasına hələ orta məktəb illərindən
vurğunluğundan söhbət açdı, böyük səhnəyə
"Aydın" əsərindəki Gültəkin obrazı
ilə gəldiyini fəxrlə vurğuladı.
Filologiya elmləri doktoru,
professor Vaqif Arzumanlı, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin kafedra müdiri,
filologiya elmləri doktoru Gülşən Əliyeva, sənətşünaslıq
fakültəsinin dekanı Vəfa Xanoğlan, professor Əzizağa
Quliyev, "Xalq qəzeti"nin baş redaktor müavini, əməkdar
jurnalist Tahir Aydınoğlu, şair Oqtay Rza, əməkdar
artist Eyyub Yaqubov, AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun böyük elmi işçisi Xədicə
Murad, Qarabag müharibəsinin iştirakçısı, polis
mayoru Aida Şirin, Salman Mümtaz adına Azərbaycan Dövlət
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Maarif Teymur, "Zirvə" Ziyalılar İctimai Birliyinin sədri
Minayə Dəyanətqızı və başqaları
çıxış edərək kitabın məziyyətlərindən
söz açdılar.
Azərbaycan ədəbiyyatının
korifeylərindən olan Cəfər Cabbarlının anadan
olmasının 110, vəfatının 75 illiyi ilə əlaqədar
"Elm" nəşriyyatı tərəfindən nəfis
tərtibatla çap olunmuş "Cəfər Cabbarlı: Həyatı
və mühiti" kitabı əsasən ədəbiyyatşünaslar,
tədqiqatçılar və geniş oxucu auditoriyası
üçün nəzərdə tutulmuşdur.
Tədbirin sonunda tədqiqatçı-alim
Asif Rüstəmli çıxış edərək yenə
də ədibin bədii irsinin araşdırılması ilə
ciddi məşğul olacağını bildirdi.
Rəhman SALMANLI
Azərbaycan.- 2009.- 24
dekabr.- S. 12.