Azərbaycan Prezidenti İlham Əliyev
paytaxtın Suraxanı rayonundakı keçmiş "Binə"
ticarət mərkəzinin yerində aparılan
yaşıllaşdırma işləri ilə tanış
olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də paytaxtın Suraxanı rayonundakı keçmiş "Binə" ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olmuşlar.
Azərbaycanı yaşıl diyara çevirmək, Bakı və Abşeronda, eləcə də respublikamızın bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, xüsusilə neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, insanların təmiz suya və təmiz havaya olan ehtiyacını ödəmək baxımından dövlətimizin başçısının göstərişi ilə bir sıra ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyildir ki, ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə "Ekologiya ili" elan etmişdir.
Dövlətimizin başçısı və xanımı yaşıllaşdırma işləri ilə yaxından tanış olmaq üçün əraziyə gəldilər.
Prezidentlə xanımına gül dəstəsi təqdim olundu.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına layihə əsasında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 85 hektar ərazidə bütövlükdə 95 min müxtəlif növ ağac əkiləcəkdir. İndiyədək 22 mindən çox ağac əkilmişdir. 35 hektar sahədə isə müasir suvarma sistemi quraşdırılmışdır.
Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarının 500-dən çox əməkdaşının iştirakı ilə 5 hektar ərazidə 5 mindən çox yaşıl ting əkilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazinin yaşıllaşdırılması layihəsi ilə tanış olduqdan sonra ağac əkdilər.
Nazirliyin ekologiya və təbiətin mühafizəsi siyasəti şöbəsinin sektor müdiri Sədaqət MƏMMƏDOVA dövlətimizin başçısını və xanımını salamlayaraq dedi:
- Xoş gəlmisiniz, qədəmləriniz uğurlu olsun. Bu gün Sizin ailə üzvlərinizin ən əziz günüdür. Nəinki Sizin, bütün Azərbaycan xalqının əziz günüdür. Siz bu gün anadan olmusunuz.
Bütün dünya ekologiyadan danışır. Lakin, cənab Prezident, Siz isə bütün ekoloji problemlərin həllində yaxından iştirak edirsiniz. Məhz Sizin qayğınız, bu sahəyə diqqətiniz sayəsində bütün ekologiyamızda müsbət dönüş əmələ gəlmişdir. Biz Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə, övladlarınıza, Mehriban xanım, sizə, nəvələrinizə cansağlığı, uzun ömür, Azərbaycan xalqının gələcəyi naminə gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər arzulayırıq. Ulu Tanrı Sizi qorusun.
***
Prezident İlham ƏLİYEV dedi:
- Sağ olun. Bildiyiniz kimi, gələn il Azərbaycanda "Ekologiya ili" elan edilibdir. Bu onu göstərir ki, biz ekoloji məsələlərin həllinə çox böyük əhəmiyyət veririk. Uzun illər bundan sonra Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər görüləcəkdir. Gələn il üçün konkret proqram hazırlanıb, maliyyə resursları təşkil edilib, bütün texniki məsələlər həll olunubdur. Biz artıq bu məsələləri geniş, kütləvi şəkildə icra etməyə başlamışıq. Bu, bizim üçün çox vacibdir. Çünki Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hələ çox böyük işlər görülməlidir. Həm neftlə çirklənmiş əraziləri təmizləmək, həm də insanları təmiz içməli su ilə təmin etmək lazımdır. Məişət tullantıları zavodunun tikintisi də bu istiqamətdə atılan mühüm addımdır.
Abşeronda ağac əkilməsi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bir də ki, biz vaxtilə çirklənmiş yerləri təmizləyirik. Əfsuslar olsun ki, uzun illər ərzində bu ərazidə ticarət obyektləri antisanitariya şəraitində fəaliyyət göstərib. Onlar buradan yığışdırıldı. İş adamları üçün şərait yaradıldı. Onlar indi mədəni, sivil qaydada ticarətlə məşğuldurlar. Kömək də edildi, kreditlər də verildi, torpaq da ayrıldı və artıq yeni, müasir səviyyədə ticarət mərkəzləri yaradıldı. Bu ərazi isə tamamilə təmizləndi və ondan sonra mən qərar qəbul etdim ki, burada böyük ağac massivləri salınsın.
Abşeronda birinci mərhələdə 3 milyon ağac əkiləcəkdir. Ancaq bu, işin elə bil ki, başlanğıcıdır. Gələcəkdə biz daha da böyük sayda ağac əkməliyik. Hər yerdə ağac əkilməlidir. Bu həm yaraşıq, həm gözəllik, həm sağlamlıq verir, həm də havanı təmizləyir. Yəni, bunun böyük əhəmiyyəti vardır. Gələcək nəsillər bundan faydalanacaqdır. Bizim nəslimiz də bundan faydalanacaqdır. Çünki şəhərlərimiz abadlaşır, gözəlləşir, ekoloji vəziyyət yaxşılaşır. Mən şübhə etmirəm ki, yaxın zamanlarda görülən ekoloji tədbirlər nəticəsində Azərbaycanda, xüsusilə Bakıda və Bakının ətrafında ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşacaqdır.
Bir neçə gündən sonra Bakıda böyük ekoloji layihə icra ediləcəkdir. O da Bakının kanalizasiya sisteminin tamamilə yenidən qurulmasını nəzərdə tutur. Hövsanda çox böyük aerasiya stansiyası tikilib, hazırdır. Məişət tullantıları zavodunun tikintisi başlanıbdır. Balaxanı zibilxanasında yaranan tüstülər artıq azalıbdır. Orada artıq işlər başlanıbdır. Zavod işə düşəndən sonra tamamilə o sahə ekoloji vəziyyətə mənfi təsir göstərməyəcəkdir. Ağacların əkilməsi, əhalinin təmiz içməli su ilə təmin edilməsi və bütün başqa ekoloji tədbirlər davam etdirilir ki, yüz ilə yaxındır ki, Abşeron yarımadasında neft hasil edilir. Deyə bilərəm ki, ekoloji tədbirlərə o qədər də böyük əhəmiyyət verilməyib. Çünki Sovet İttifaqı zamanında daha çox hasilata üstünlük verilib. Ancaq biz indi neftlə çirklənmiş bütün o mədənləri təmizləməliyik. Artıq işlər başlanıb, Bibiheybətdə böyük işlər görülüb, buruqların ətrafında təmizlik işləri aparılır, parklar salınır. Hər tərəf meşəlik olmalıdır, parklar olmalıdır, gözəl təbiət olmalıdır.
Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bütün insanlara bu işlərdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan vətəndaşları bu gözəl, nəcib işə qoşulacaqlar. Bu ağacəkmə kampaniyası əslində davamlı bir prosesə çevriləcəkdir. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 1.