Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilmişdir

 

 Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 24-də Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya gül dəstələri təqdim olundu.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına məlumat verdi ki, dörd hektar ərazidə inşa olunan binada 81 mənzil vardır. Onlardan 72-si ikiotaqlı, 9-u üçotaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim etdi.

Dövlətimizin başçısı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin açarlarını verdi.

Şəhid anası Raya ALIŞANOVA Prezident İlham Əliyevə müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:

- Hörmətli cənab Prezidentimiz, Azərbaycanın birinci xanımı Mehriban xanım.

Biz Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi, Mehriban xanımı, ailənizi qorusun. Bu gün ona görə sevinirəm ki, Siz dəyərli vaxtınızdan bizim üçün də ayırmısınız. Hər adam belə etmir, hər rəhbər belə olmur. Həqiqətən Siz ulu öndərimizin yolunun layiqli davamçısısınız. Xalqını, millətini, anasını, bacısını sevən rəhbərsiniz.

Ona görə ki, Siz bu gün gəlib bu gözəl, bu yaraşıqlı mənzilləri bizə verirsiniz. Şəxsən mən özüm şəhid anasıyam, əmək veteranıyam. 1994-cü ildə oğlum Ağdərə bölgəsində şəhid olub.

Yəni oğul Vətən üçündür. Ancaq mən ona sevinirəm ki, nəvələrimizin, balalarımızın gələcəyi xoşbəxtdir. Sizin - Ali Baş Komandanın rəhbərliyi altında biz evlərimizdə əsgərlər böyüdürük.

Siz bu gün ad gününüzdə gəlib bizə mənzillər verirsiniz. Şəxsən mənim evim darısqal, ailəm böyükdür. Gəlinin, nəvələrin yanında oturub-durmağa utanıram. Ancaq çox sevinirəm ki, Siz belə bir gündə bizə yeni, yaraşıqlı, gözəl mənzillər verirsiniz. Mən ona görə Sizə minnətdaram.

Allah Sizə cansağlığı versin. Siz ad gününüzdə gəlmisiniz. Biz dekabrın 24-də həmişə Sizin ad gününüzü bu gözəl mənzillərdə qeyd edəcəyik. Biz Sizinlə olacağıq, Sizi hər vaxt dəstəkləyəcək, hər vaxt sevəcəyik.

Mehriban xanım, Sizin buraya gəldiyinizə görə mən çox şadam. Biz Sizinlə fəxr edirik.

Mənim Ulu Tanrıdan bir arzum var: Siz qoşa qarıyasınız, qoşa yaşayasınız, balalarınızın xeyrini, bəhrəsini görəsiniz. Nəvələrinizin xeyrini görəsiniz. Mən Sizi öpürəm, Sizi ürəkdən salamlayıram. Öpməsəm olmaz...

Mərasim iştirakçılarını təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, əziz bacılar və qardaşlar. Mən sizin hamınızı ürəkdən salamlayıram və sizi bu gözəl evin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl evdə rahat yaşayın, yaxşı yaşayın. Siz buna layiqsiniz.

Mən bu gün sizinlə bərabər olmaq istədim. Mən bu gün bu gözəl evin açılışında iştirak etməklə bir daha göstərmək istədim ki, sizin - Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri Azərbaycan dövləti üçün ən başlıca vəzifədir. Siz buna layiqsiniz. Siz yaxşı, gözəl şəraitdə yaşamalısınız. Bunun üçün də Azərbaycan dövləti əlindən gələni edir.

Bu birinci ev deyil ki, mən açılışında iştirak edirəm. Bundan əvvəlki illərdə də açılışlar olub, bundan sonrakı illərdə də olacaqdır. Ancaq son vaxtlar daha yaraşıqlı, daha rahat, daha gözəl evlər tikilir. Nəyə görə biz bunu edirik? Ona görə ki, sizin şəraitiniz yaxşılaşsın, məişət problemləriniz həll olunsun. Eyni zamanda, bu gün Azərbaycan dövlətinin imkanları da artıb. Biz indi iqtisadi cəhətdən sürətlə inkişaf edirik. Bizim maliyyə imkanlarımız artıb. Biz ilk növbədə bu imkanları ehtiyac içində yaşayan, sağlamlığını müharibədə itirən, yaxınlarını, qohumlarını müharibədə itirən insanların şəraitinin yaxşılaşdırılmasına yönəltməliyik. Bu, Azərbaycan dövlətinin siyasətidir. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Bütün sosial məsələlər Azərbaycanda diqqət mərkəzindədir. Bu evlər bundan sonra da tikiləcəkdir. Ancaq 2009-cu ildə Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə 700-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Bundan sonrakı illərdə də bu proses davam etdiriləcəkdir.

Əminəm ki, bu gün növbədə dayanan və mənzil şəraitini yaxşılaşdırmağa layiq olan insanların problemləri tezliklə öz həllini tapacaqdır. Çünki bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bizim bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır. Mən başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Öz sağlamlığını itirmiş insanlar və onların qohumları Azərbaycan dövləti tərəfindən maksimum dərəcədə təmin olunsunlar. Əminəm ki, biz buna nail olacağıq. Gələcək illər üçün böyük planlarımız vardır. Belə gözəl evlərin sayı daha da çox olacaqdır. Hələ ki ehtiyac içində yaşayan bütün insanlar tezliklə belə gözəl şəraitlə təmin ediləcəklər.

Eyni zamanda, biz müharibədən və erməni işğalından əziyyət çəkmiş soydaşlarımızın problemlərini də həll edirik. Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. Bütün çadır şəhərcikləri ləğv edildi. Onların yerinə müasir, gözəl, rahat evlər, qəsəbələr salındı. On minlərlə soydaşlarımız - məcburi köçkünlər yeni evlərə, qəsəbələrə köçürülüblər. Həm Bakıda, həm ölkəmizin müxtəlif şəhər və rayonlarında böyük quruculuq işləri aparılır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial məsələlərin həlli istiqamətində öz siyasətini davam etdirəcək və bu yolda qarşıda duran bütün məsələlər tezliklə həllini tapacaqdır.

Bir daha demək istəyirəm ki, siz buna layiqsiniz. Biz çalışacağıq ki, sizin problemlərinizlə bundan sonra da yaxından məşğul olaq.

Azərbaycan sürətlə inkişaf edir. Hətta böhranlı 2009-cu ilə baxmayaraq, ölkəmiz inkişaf edibdir. Dünyada demək olar ki, nadir ölkələrdənik ki, iqtisadi artım təmin edilib, özü də yüksək faizlərlə. 2009-cu ildə bizim bütün sosial proqramlarımız icra edilib. Bütün infrastruktur layihələrimiz həyata keçirilib. 2009-cu ildə dünyada yaşanan böhran bir çox ölkəyə mənfi təsir göstərdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı artıb. Azərbaycanda sosial problemlərin, proqramların həllində nə bir dənə yubanma, nə geriləmə oldu, nə də ki, həllini tapmayan məsələ. Bütün məsələlər öz həllini tapdı. Bu onu göstərir ki, biz düzgün yolla inkişaf edirik. Azərbaycanın seçdiyi yol yeganə düzgün yoldur: siyası sabitlik, iqtisadi inkişaf, sosial rifah, bütün infrastruktur layihələrin icra edilməsi, ordu quruculuğu. Beləliklə, ölkəmiz bölgədə ən sürətli templərlə inkişaf edən ölkədir.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə çox çalışırıq. Biz çox istəyirik ki, məsələ tezliklə öz həllini tapsın. Ancaq məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş bütün torpaqlardan erməni işğalçıları çıxarılmalıdır. Vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Məsələnin həlli üçün əsas prinsiplər bunlardır. Azərbaycan bu prinsipial mövqeyindən bir addım geri atmayacaqdır. Biz bütün imkanlarımızı səfərbər edib məsələnin tezliklə ədalətli, Azərbaycanın maraqlarına və beynəlxalq normalara uyğun şəkildə həllinə çalışacağıq.

2009-cu il də, əfsuslar olsun ki, həlledici il olmadı. Halbuki Dağlıq Qarabağ məsələsinin həlli üçün 2009-cu ilə böyük ümidlər bəslənilirdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə biz nəticəyə gələ bilməmişik. Bununla bərabər, bu gün məsələ ilə məşğul olan bütün tərəflər problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyirlər. O cümlədən Ermənistan tərəfi də məcbur olub məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəzərdə tutan siyasi sənədə qol çəkib.

Ancaq o da həqiqətdir ki, məsələni həll etmək üçün biz güclü olmalıyıq. Biz güclü dövlət qurmalıyıq və bunu edirik. Güclü ordu qurmalıyıq. Azərbaycanda ordu quruculuğu da çox sürətlə gedir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir. Bunu biz də bilirik, bütün beynəlxalq aləm də bilir. Bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır. İnfrastruktur layihələri, sosial məsələlərin həlli, şəhərlərimizin abadlaşması, ordu quruculuğu - Azərbaycan Ermənistanı bütün istiqamətlər üzrə bir neçə dəfə qabaqlayır. Ermənistanla Azərbaycan arasında həm iqtisadi, həm bütün başqa sahələrdə yaranmış məsafə, yəni uçurum daha da böyüyür, dərinləşir. Əlbəttə ki, bu gün iqtisadi və hərbi gücümüz bizə imkan verir ki, məsələni hərbi yolla həll edək. Ancaq biz istəyirik ki, müharibə olmasın. Biz istəyirik ki, bundan sonra şəhidlər verilməsin. Biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Amma bununla bərabər, hər an Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti hazır olmalıdır ki, torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək.

Siz müharibədən əziyyət çəkmiş insanlarsınız. Siz Vətən uğrunda vuruşub sağlamlığınızı, yaxınlarınızı, övladlarınızı itirmisiniz. Bu böyük faciədir, böyük dərddir. Əgər Azərbaycan dövləti sizin dərdinizi belə işlərin görülməsi ilə heç olmasa bir balaca yüngülləşdirə bilibsə, mən hesab edirəm ki, bu, Azərbaycan dövlətinin borcudur. Azərbaycan rəhbərliyinin borcudur ki, sizin kimi insanlara daim diqqət və qayğı göstərsin. Prezident kimi, həm mən, həm bütün dövlət məmurları, bütün icra başçıları, bütün nazirlər həmişə insanlara xidmət göstərməliyik. Xüsusilə o insanlara ki, onların bu diqqətə, bu yardıma daha da böyük ehtiyacları vardır.

Mən bir daha qeyd etmək istəyirəm ki, biz bu açılışı başqa gündə də edə bilərdik. Mən istədim ki, məhz bu gün sizinlə bərabər olum. Bir daha sizi alqışlayıram, salamlayıram. Sizi qarşıdan gələn Yeni İl bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm və sizə cansağlığı arzulayıram.

 

* * *

 

Prezident İlham Əliyev ikiqat paralimpiya çempionu İlham Zəkiyev ilə də görüşdü.

Daha sonra Prezident və xanımı yeni binada yaradılmış şəraitlə tanış oldular.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 1, 2