Prezident İlham Əliyev
Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati
binasının açılışında iştirak
etmişdir
Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişlər.
Son illərdə Abşeron rayonunda aparılan genişmiqyaslı quruculuq işləri bu ilin 9 ayında da davam etdirilib. Rayon icra hakimiyyəti üçün inşa olunan yeni inzibati bina da bu prosesin tərkib hissəsidir.
Böyük iqtisadi və sənaye potensialına malik olan Abşeron rayonunda son illərdə aparılan abadlıq işləri Xırdalan şəhəri də daxil olmaqla qəsəbə və kəndlərin inkişafında mühüm rol oynayır. Prospekt və küçələr boyunca yerləşən binaların və parkların müasir, zövqoxşayan forma və üslubda bərpası, yenidən qurulması işi davam etdirilir.
Cari ilin rayonda "Səhiyyə ili" elan edilməsi bu sahədə mühüm tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir. Yeni məktəb binaları inşa olunmuş, sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmişdir. Bu il rayonda 1000-ə yaxın yeni iş yeri açılmışdır. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən quruculuq işləri Abşeronun da inkişafında mühüm nailiyyətlərlə müşahidə olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası isə bu prosesə əlavə impuls vermişdir.
Xırdalan şəhərində inşa olunmuş Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı icra hakimiyyətinin əməkdaşları hərarətlə qarşıladılar. Mehriban xanıma gül dəstələri təqdim olundu.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda inşa olunan yeni inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Yeni binada ulu öndərin büstü qoyulmuş, Heydər Əliyevin Abşeron rayonunun inkişafında göstərdiyi xidmətləri əks etdirən fotostend yaradılmışdır.
Prezident İlham Əliyev icra hakimiyyətindəki iş otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilmişdir. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı və digər müşavirə otaqları da vardır.
Bina ilə tanışlıqdan sonra dövlətimizin başçısı Abşeron Rayon İcra Hakimiyyətinin kollektivi ilə görüşdü, onları təbrik edərək dedi:
- Sağ olun, sizi bu gözəl binanın açılışı münasibətilə təbrik edirəm. Yaxşı işləmək üçün hər bir şərait vardır. Yaxşı işləmək və yeni ildə yeni uğurlara nail olmaq lazımdır. Sizi salamlayıram və qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Sağ olun!
AzərTAc
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 2.